Ordum varsa, yurdum
var...
26 İyun Silahlı Qüvvələr Günüdür
“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu—respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün
Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”.
Heydər ƏLİYEV
Ümummilli lider
...Toran düşür, arabir atəş səsləri eşidilir, kənd camaatı daha çox uşaqları güllə yağışından qorumağa çalışır. Bir azdan atışma səngiyir, kənd yenə sakit həyatına qayıdır. Bütün bu çətinliklərə baxmayaraq, cəbhəyanı ərazilərdə əhali sabaha inamla yaşayır, çünki onların güvənc yeri cəbhədə Vətəni qoruyan Azərbaycan əsgəridir. Gənclərimizin xidmət etdiyi ordumuzun yaranması və formalaşması tariximizin qürurverici səhifələrindəndir.
1918-ci il
mayın 28-də Azərbaycan xalqı öz
istiqlaliyyətini dünyaya elan etməklə, suveren,
müstəqil və demokratik hökumət
qurmağa nail oldu. Müstəqil dövlətin-Azərbaycan
Xalq Cümhuriyyətinin ordusunun
formalaşması, hərbi
kadrların hazırlanması, eləcə də ölkəyə
qarşı təhlükələrin qarşısının
alınması əsas prioritet məsələ kimi
qoyulurdu. Doğrudur, çar hakimiyyəti
dövründə müsəlman-türk kişiləri hərbi
xidmətə çağırılmır, bununla
da xalqımızın uzun
illərdən bəri formalaşmış genetik
və hərbi ruhunu öldürmə
siyasəti yürüdülürdü. Ancaq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq
Cümhuriyyətinin qərarı ilə ilk
nizami hərbi hissə – əlahiddə korpus yaradıldı. Bu qərar
Şərqin müsəlman aləmində ilk
demokratik hökumətin öz
ordusunu yaratmasına hüquqi
əsas verdi. Az bir vaxt ərzində Azərbaycanda
Milli Ordu quruculuğunda müsbət irəliləyişlər
hiss edildi. Cümhuriyyət ordusunun formalaşmasında çar
Rusiyası ordusunda hərbi təhsil
almış və xidmət keçmiş bəy, xan nəslinə
mənsub peşəkar zabitlərimiz – xüsusilə də generallar Səməd bəy Mehmandarov,
Əliağa Şıxlinski, Xosrov bəy
Sultanov və başqalarının rolu böyük oldu.
1918-ci ilin martında müxtəlif şəhər
və bölgələrdə erməni daşnak-bolşevik
qüvvələrinin azərbaycanlı əhaliyə
qarşı törətdiyi kütləvi soyqırımı, şəhər
və kəndlərin viranə edilməsi xalqı və
dövlətin təhlükəsizliyini qoruyacaq
Milli Ordunun
qurulmasını zəruri
edirdi. Bakının bolşevik-daşnak
qüvvələrinin əlində olması və ölkənin
şərq hissəsinə nəzarətin zəifliyi vəziyyəti
çətinləşdirirdi. Osmanlı hərbiyyə
naziri Ənvər paşanın göstərişi
ilə Nuru paşa başda olmaqla bir qrup
Osmanlı əsgər və zabitinin qardaş Azərbaycan xalqının köməyinə
yetişməsi və onu erməni-daşnak
zülmündən xilas etməsi isə hərb
tariximizdə dönüş nöqtəsi
oldu. Məhz Qafqaz İslam Ordusu və könüllü azərbaycanlı
döyüşçülərin birgə mübarizəsi
sayəsində Bakı daşnak-bolşevik
töküntülərindən xilas edildi. Bununla da dövlətin paytaxtı Gəncədən
Bakıya köçürüldü. Qafqaz İslam Ordusu həm də
Milli Ordunun
qurulmasına öz töhfələrini verdi.
Cümhuriyyət dövründə hərbi məktəblər
Hökümət
hərbi məktəblər açmağa,
əsgərliyə yararlı vəntəndaşların hərbi
xidmətə cəlb edilməsi işinə başladı. İlk olaraq, 1918-ci il iyun ayında Gəncədə gizir məktəbi
yaradıldı. Gəncə gizir məktəbindən əvvəl 1918-ci ilin
martında Tiflisdə unter-zabit məktəbi-müsəlman
praporşiklər məktəbi fəaliyyətdə idi. Həmin məktəbə bir
müddət Cahangir Nəsirbəyov rəhbərlik
etdi. Azərbaycan Xalq
Cümhuriyyətinin elan edilməsindən
sonra məktəb Gəncəyə köçdü. Məktəbin statusu yüksəldildi və ona Qafqaz İslam Ordusunun hərbçisi
Atıf bəy rəhbər təyin edildi.
Nuru paşanın komandanlığı ilə
Qafqaz İslam Ordusunun zabitlərinin köməyi sayəsində
qurulan gizir məktəbi
azərbaycanlı zabit kadrlarının
hazırlanmasında mühüm addım oldu. Məktəb ibtidai təhsildən
yuxarı təhsili olan vətəndaşlar
üçün nəzərdə tutulmuşdu. 1918-ci ilin oktyabr ayında məktəbdə sürətləndirilmiş
təlim kursunun ilk
buraxılışı tarixə düşdü.
1919-cu ilin noyabr
ayında isə gizir məktəbi hərbi
məktəbə çevrildi. Məktəbdə ümumqoşun, artilleriya
və mühəndis sahələri üzrə kadrlar hazırlanmalı idi.
İlk iki sahə
üzrə kadrlar hazırlansa da, mühəndis bölməsini açmaq mümkün
olmadı. Gəncə gizir məktəbinin
təşkili əhali arasında böyük
maraqla qarşılandı. Digər
bölgələrdə də bu cür hərbi
məktəbin yaradılması təklifləri səsləndirildi.
Şəki (Nuxa) şəhərinin nümayəndələri
hərbi nazirə müraciət edərək, Gəncədə
olduğu kimi, şəhər
xəzinəsi hesabına gənclər üçün
hərbi məktəb açmağı xahiş
etmişlər. Müraciətdə deyilirdi:
“Vətəni müdafiə etməyin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu nəzərə
alaraq istəyirik ki, məktəbyaşlı
uşaqlarımızın əksəriyyəti hərbi məktəb
kursu keçərək Vətənin
müdafiəçiləri sıralarında dursunlar”.
Bu
müraciəti, sözsüz ki, insanların milli şüuru və əqidəsi ilə
yanaşı, Vətənə sədaqətin, dövlətçiliyə
olan ehtiramın yüksək göstəricisi
kimi dəyərləndirmək olar. 1919-cu il mayın 2-də
Gəncə gizir məktəbinin rəisi Ə.Şıxlinski “Azərbaycan”
qəzeti redaksiyasının rəhbəri
Rüstəmbəyova hərbi məktəbə qəbulla
bağlı teleqram ünvanlamışdı.
Gəncədən vurulan teleqramda
qəzetin növbəti sayında beş
dəfə elan verilməsi və ödənişin
nə qədər olacağının bildirilməsi xahiş edilirdi: “ Gəncə
praporşik məktəbinə qəbul prosesi mayın 20-nə kimi
uzadılıb. Praporşik məktəbinin
dəftərxanası.” Mudros sazişinin şərtlərinə əsasən
türk ordusu Azərbaycanı
tərk etdikdən sonra məktəbə
rəhbər Şirin bəy Kəsəmənski
təyin edilmişdir. Gələcəkdə
Gəncə gizir məktəbində təhsil
almaq üçün
müdavimlər hazırlamaq məqsədilə Bakıda yunker məktəbi də
açılmışdı. 1919-cu ilin
sonlarında - 1920-ci ilin əvvəllərində
digər profilli hərbi təhsil
ocaqları—süvari, artilleriya və snayper, aviasiya (keçmiş dəniz aviasiyası məktəbinin bazası əsasında), pulemyot-qrenad, hərbi dəmir yolu
və hərbi-feldşer məktəbləri
açıldı. Azərbaycan Ordusunun
ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə
digər işlər də görülürdü. Kadr
hazırlığı uzun çəkdiyinə
görə, bir
qrup rus və gürcü zabitləri hələlik orduya cəlb edilmiş,
onların təcrübəsindən istifadə edilmişdir. Bütün bunlara baxmayaraq, ordunun kadr
hazırlığında milli
düşüncə və əqidəli, peşəkar hərbçilərdən
istifadə edilməsi əsas məsələ idi.
Uzun illərdir, çar
Rusiyasında türk-müsəlman əhalinin hərbi xidmətə
çağırılmaması, hərb peşəsindən qəsdən
uzaqlaşdırılması bir xalqın döyüş ruhunu, mübarizlik əzmini qırmaq məqsədindən
irəli gəlirdi. Odur ki,
sadəcə bəy və əsilzadə nəslinə mənsub
oğullarımız hərbi təhsil ala
bilir, öz
bacarıqlarını nümayiş etdirir, müxtəlif mükafat
və ordenlərə layiq
görülürdülər.
Arxiv sənədləri onu deməyə
əsas verir ki, nizam-intizama önəm verən Milli Ordumuz
xalqımızın əziz bayramlarını, eləcə də
Novruz bayramını qeyd
etməyi unutmamışdır.
1919-cu ilin Novruz
bayramı— martın 22-də Gəncənin Artilleriya
Meydanında Milli Ordumuzun
hərbi nümayişi keçirilmiş,
müdafiə naziri general S. Mehmandarov Azərbaycan parlamenti
adından gənc ordu heyətini təbrik
etmişdir. Bu bayram nümayişi Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradılmasının bir illiyinə həsr
edilmişdi.
Ulu öndərin uzaqgörənliyi
Qırmızı
ordunun işğalçılıq siyasəti
nəticəsində ADR-in süqutu
hərbi sahəyə də öz təsirini
göstərdi. İşğal faktı
ilə barışmayan Milli Ordunun sərkərdələri müxtəlif
bölgələrdə xalq
üsyanlarına rəhbərlik etdilər. Milli Ordunun bir
çox ali rütbəli
zabiti Nargin adasında
güllələndi, bir qrup
ziyalı və zabit mühacirət etdi. Yeni yaranan imperiya-SSRİ
“beynəlmiləlçilik” “birlik və bərabərlik”
şüarlarını bayraq etməklə,
digər sahələrdə olduğu kimi, orduda da
“islahatlar” aparırdı. İndi
azərbaycanlı gənclər Milli Orduda deyil,
qırmızı ordunun
“qırmızı əsgərlər”inə çevrilmişdi.
Sovet dövründə azərbaycanlı
gənclərin hərb sənətinə olan
marağı və orduda hərbi
ixtisaslı kadr kimi
yüksəlməsi o qədər də asan deyildi. Bunun obyektiv
və subyektiv səbəbləri
vardı. Bu baxımdan ömrünün
çox hissəsini dövlət təhlükəsizliyi
orqanlarında xidmətə həsr etmiş,
müxtəlif ali dövlət vəzifələrində
çalışmış ulu öndər
Heydər Əliyev hər zaman azərbaycanlı
zabit və əsgərlərin hərbi
hazırlığına diqqətlə yanaşaraq,
ordu quruculuğuna xüsusi fikir vermişdir. Məhz onun bu diqqəti sayəsində hələ sovet dövründə respublikamızda hərbi
kadrların peşəkarlığının
artırılmasında ciddi irəliləyiş
əldə edilmişdi. Azərbaycan
hərb tarixini,
hərbi salnaməmizin sovet dövrünə kimi
keçdiyi kəşməkəşli,
şərəfli yola dərindən bələd
olan müdrik şəxsiyyət Azərbaycan
xalqının müdafiəsində məhz azərbaycanlı
zabit və əsgərlərin
dayanmalı olduğunu gözəl
anlayırdı. Çünki
dar gündə məhz millətin öz
qəhrəman oğulları xalqı hər cür
bəladan qoruya bilər, yeri
gələndə canlarını fəda edərlər. Bu səbəbdən
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə hərbi kadr
hazırlığı məqsədilə bir
çox azərbaycanlı gənc SSRİ-nin
müxtəlif şəhərlərindəki nüfuzlu hərbi məktəblərə
göndərilmiş, məzun olduqdan sonra ordu sıralarında
xidmətlərini uğurla
davam etdirmişlər. Əgər o vaxta qədər ölkədə milli zabit kadrlarının
sayı çox az
idisə, görülən işlərdən sonra
bu göstəricilər artdı. Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin 21 iyun 1967-ci il
tarixli qərarı ilə Heydər
Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi
Komitəsinin sədri vəzifəsinə təyin edildi. 14 iyul 1969-cu il tarixinə qədər bu
vəzifəni tutan Heydər Əliyev Azərbaycan
təhlükəsizlik orqanlarının milliləşməsinə,
peşəkar, vətənpərvər kadrların
hazırlanmasına və bu işə cəlb
edilməsinə xüsusi önəm verirdi. SSRİ dövründə
əksər strateji əhəmiyyətli vəzifələrin
ruslar və digər millətlər tərəfindən
icra edilməsinə baxmayaraq,
Heydər Əliyevin öz ağlı, qətiyyəti,
fitri istedadı sayəsində dövlət
təhlükəsizliyi orqanlarında qüsursuz
fəaliyyətinə görə həm respublika,
həm də İttifaq səviyyəsində
DTK rəhbərliyi tərəfindən dəfələrlə
təltif edilməsi, ictimai-siyasi fəaliyyətindəki yüksəliş
və nailiyyətləri həm də xalqımızın uğuru
idi. Heydər Əliyev Azərbaycan KP
MK-nın 1969-cu il iyul
plenumunda
MK-nın birinci katibi seçilməsi ilə
respublikamızın ictimai-siyasi həyatı
yeni mərhələyə qədəm qoydu. Bu illərdə hərbi sahəyə marağı olan azərbaycanlı gənclərin zabit kimi yetişdirilməsi
də diqqət mərkəzində idi. Ulu öndər respublikamızda SSRİ-nin hər yerində mövcud
olan hərbi təmayüllü orta məktəblər—Suvorov məktəbləri
tipli yeni təhsil
ocağı yaratmaq qərarına gəldi.
Lakin onun fikrincə,
Bakıda yaradılacaq məktəb milli xarakterli olmalı idi. Mərkəz
isə bunu istəmirdi. Heydər Əliyev
öz qətiyyəti və iradəsi ilə
Moskvanın müqavimətini qıra bildi. Beləliklə 1971-ci ildə C.Naxçıvanski
adına hərbi məktəbin
açılması Azərbaycan hərb tarixində
önəmli bir hadisə kimi
yadda qaldı. Bu təntənəli
açılış o dövrdə Kremlin digər xalqlara
qısqanclıqla yanaşdığı illərdə məhz
Heydər Əliyev kimi Vətənini,
xalqını sevən rəhbərin qətiyyəti sayəsində
baş tutmuşdu. Bu məktəbin
yaradılması o zaman
çox böyük
cəsarət tələb edirdi. Belə ki, Azərbaycanda milli hərbi
kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin
açılması o vaxtkı SSRİ rəhbərliyini
narahat edirdi. Bu səbəbdən bir-birinin
ardınca Moskvadan Bakıya göndərilən
komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə “ehtiyac”
olmadığını əsaslandırmağa
çalışırdılar. Lakin Heydər
Əliyevin mahir diplomatiyası, qətiyyəti
və uzaqgörən siyasəti bu cəhdlərin
qarşısını almağı bacardı.
Ulu öndər həmçinin azərbaycanlı gənclərin
Bakı Ümumqoşun Komandirləri və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə,
eləcə də SSRİ-nin digər hərbi
məktəblərinə güzəştli şərtlərlə
qəbul edilməsinə də nail olmuşdu.
Təsadüfi deyildir ki,
müstəqillik illərində C.Naxçıvanski adına
hərbi məktəb Azərbaycanın ordu
quruculuğunda əsas bazalardan
birinə çevrilmişdir.
Müharibənin od-alovunda yaranan ordumuz
Müstəqilliyin ilk illərində erməni
silahlılarının Dağlıq Qarabağa
və həmsərhəd ərazilərə hücumu,
işğalçılıq siyasəti vəziyyəti daha da gərginləşdirdi.
Azərbaycan Ordusu, demək olar ki, Ermənistanla
müharibənin gedişində formalaşdı. Ordunun qurulmasında, ondan əvvəl
isə özünümüdafiə
batalyonlarının yaradılmasında və kəndlərin
qorunmasında məhz Sovet dövründə
SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinin məzunları
olmuş zabitlər əvəzsiz rol oynadılar. Qarabağda erməni
işğalçılarının kənd və rayonları
viranə qoyması, paytaxta köçkün
axını, mürəkkəb
ictimai-siyasi və hərbi şəraitdə
ölkəyə olan təhdidlər Azərbaycanın
müstəqilliyini də təhlükə altına qoyurdu. Xalqı bu qan-qadadan xilas edə biləcək güclü
bir liderə ehtiyac duyulurdu. Odur ki, 1993-cü il
iyunun 15-də ümummilli
lider Heydər Əliyev xalqın təkidli
tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ayrı-ayrı
siyasi qüvvələrə xidmət edən
hərbi birləşmələr əvəzinə, vahid komandanlığa tabe
olan nizami ordu formalaşdırıldı. Onun ölkə
rəhbərliyinə qayıdışı Azərbaycanın
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq
əlaqələrində əsl dönüş
yaratdı. Milli Ordunun
formalaşdırılması, Azərbaycanın milli maraqlarını qorumağa
qadir olan nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın müdafiə olunması
ilə bağlı mühüm
addımlar atıldı. Bütün siyasi və diplomatik vasitələrin işə
salınması nəticəsində 1994-cü ilin
mayın 12-də atəşkəs
əldə edildi. Atəşkəsin elan edilməsi Azərbaycanın dövlət olaraq, iqtisadi, sosial, siyasi və hərbi
baxımdan dirçəlməsi, qüdrətlənməsi, ordusunu dünya
standartlarına uyğun
formalaşdırması baxımından çox
önəmli idi. Məhz
ölkədə nisbi sakitlik
bərpa edildikdən sonra ordu
quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara
başlanıldı. Tezliklə hərbi hissələrin,
ayrı-ayrı qoşun növlərinin
sistemləşdirilməsi başa çatdırıldı. Orduya çağırışla bağlı
bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi
andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf
bilən zabitlər hərbi hissələrin rəhbərliyinə
cəlb olundu. Ordunun mərkəzləşdirilmiş
maddi-texniki təminatı əhəmiyyətli
dərəcədə yaxşılaşdırıldı.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına,
döyüş ruhunun
yüksəldilməsinə diqqət artırıldı, gənclər
arasında hərbi vətənpərvərlik
duyğularının artırılması istiqamətində
işlər görüldü. Ordu quruculuğunun müxtəlif
sahələri ilə bağlı zəruri olan
qanunlar qəbul edildi.
Ölkədə hərbi kadr
hazırlığı və beynəlxalq standartlara
cavab verən hərbi təhsil sistemi formalaşdırıldı.
Ulu öndərin 1998-ci il
mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə
Əlahiddə Azərbaycan Korpusunun
yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələr Günü elan edildi. Bu
addım həm də dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi
olaraq, yarımçıq qalmış milli dövlətçilik ideyalarına sahib çıxmaq məqsədini nümayiş etdırirdi. Azərbaycanın
müxtəlif xarici ölkələrlə
hərbi sahədə əməkdaşlığı, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq”
Proqramına qoşulması hərbi strukturumuzun
beynəlxalq hərbi qurumlarla əlaqələrinin
daha da güclənməsi,
ölkəmizin bu sahədə təcrübə
qazanmasına hesablanmışdı. Əsgərlərimizin Kosovo, İraq, Əfqanıstan kimi
münaqişəli və təhlükəli bölgələrdə
sülhməramlı qüvvələrin tərkibində uğurla xidmət etməsi hərbçilərimizin
təcrübə və uğurlarının artmasına təsir
göstərir. Kursant və zabit heyətinin
dünyanın ən qabaqcıl hərbi təhsil
ocaqlarında oxuması, hərb
sənətinin sirlərinə yiyələnməsi savadlı, qabaqcıl hərbi
kadrlarımızın hərtərəfli inkişafında əsaslı
dönüş yaratdı. Beynəlxalq və
regional hərbi təlimlərdə
ölkəmizin fəallıq göstərməsi də bu işə öz
töhfəsini verdi. Qardaş
Türkiyə ilə hərbi sahədə əməkdaşlıq,
gənclərimizin Türkiyənin nüfuzlu
hərbi məktəblərində təhsil alması da bu qəbildən olan fəaliyyətlərdəndir.
Güclü ordu – güclü dövlət
2001-ci il iyunun 26-da Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 83-cü ildönümünə həsr
edilmiş təntənəli mərasimdə
ulu öndər dövlət
başçısı və Ali Baş Komandan kimi tarixi
çıxışında ordunun
missiyasını və üzərinə düşən vəzifələri
bir daha xatırlatmışdı: “Ordu yaratmaq, qurmaq asan bir
iş deyildir. Əgər
nəzərə alsaq ki,
sovet hakimiyyəti dövründə bizdə
bunun əsası olmayıbdır, bu, asan iş
deyildir. Ona görə
də ordunun, Silahlı Qüvvələrin
yaranmasına, ordu quruculuğuna
dövlətin, bütün hakimiyyət
orqanlarının xüsusi
qayğısı olmalıdır. Azərbaycan Prezidenti,
Ali Baş Komandan bu
qayğını göstərir və bundan
sonra da göstərəcəkdir.
Ancaq bu təkcə məndən
asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik,
ya böyük hissəsi,
hər bir vətəndaş gərək
hər bir sahədə ordu
quruculuğuna öz
töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu,
Silahlı Qüvvələr xalqın təhlükəsizliyini
və müstəqil dövlətin suverenliyini
qorumaq üçün
lazımdır”.
Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin ordu quruculuğu
ilə bağlı həyata keçirdiyi
tədbirlər bu gün
onun siyasi kursunun layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bunun nəticəsidir
ki, ölkəmiz nüfuzlu
beynəlxalq tədbirlərin, yarış, forum
və konfransların keçirildiyi mühüm məkana çevrilməklə,
dövlətimizin iqtisadi qüdrətini,
mədəni irsini dünyaya
təqdim edir. Artıq Azərbaycan
istənilən zəruri anda dövlətə
olan təhdidlərin vaxtında
qarşısını almaqla bərabər,
düşmənə istər diplomatik,
istərsə də hərbi arenada layiqli cavab vermək
iqtidarına malikdir. İşğal
altında olan torpaqlarımızın azad edilməsi təkcə ordumuzun
deyil, hər bir
vətəndaşın şərəf məsələsidir
və hər kəsin üzərinə müəyyən vəzifələr
qoyur. Bu gün dünya Azərbaycan
Ordusunu ciddi
nizam-intizamlı, peşəkar, hazırlıqlı, müasir standartlara cavab verən, eləcə də hər an işğal altında olan torpaqları azad etmək
qüdrətinə malik hərbi qüvvə
kimi görür. Bu da təbiidir. Mütəmadi olaraq,
Bakının küçələrində Silahlı Qüvvələr
Günü münasibətilə təşkil
edilən paradlar dövlətimizin hərbi
qüdrətini dünyaya bəyan edir. Əsgər və zabit
heyətinin çıxışları, hava
şahinlərimizin səmada
bacarıqları, ən əsası, ordumuzu
dəstəkləmək üçün
küçə və meydanlara
axışan vətəndaşların sevgisi
ordumuzun qüdrətinin və ona olan inamın göstəricisidir.
2013-cü ildə cənab
Prezident, Ali Baş Komandan İlham Əliyev
paradda çıxışında ordumuzun vəzifələrinə və döyüş potensialına toxunması yəqin
ki, hər kəsin yandındadır: “...Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş
qabiliyyətinə, təchizatına görə nəinki
bölgədə, dünya miqyasında güclü ordular
sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək.
Artıq ordumuz istənilən vəzifəni
həll etməyə hazırdır”.
Ali Baş Komandanın Qarabağ
münaqişəsi ilə bağlı yürütdüyü
uzaqgörən və uğurlu diplomatik siyasət artıq münaqişə ilə
bağlı həqiqətlərin beynəlxalq qurumlara
çatdırılmasında mühüm
təsir göstərir, bir sıra ölkələr
yeri gəldikcə, nüfuzlu mötəbər tədbirlərdə
Ermənistanın işğalçılıq siyasətini
pisləyir, işğal altında olan torpaqların azad edilməsini
səsləndirirlər.
Prezidentin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması dövlətin ordunu hərbi məhsullarla təminatında əsaslı
dönüş oldu. Məqsəd ordumuzu
zəruri silah, sursat və
texnika ilə təchizatına yüksək
səviyyədə nail olmaqdır.
Artıq Azərbaycanın istehsal etdiyi hərbi məhsulların
dünya sərgilərində nümayişi və marağa
səbəb olması ölkəmizin düzgün
hərb siyasəti yeritdiyini bir daha sübut
edir. Azərbaycanla Cənubi
Afrika Respublikasının birgə
istehsalı olan “Matador”
və “Marauder” tipli zirehli maşınlar, 12,7 və 14,5 mm-lik “İstiqlal” snayper tüfəngləri beynəlxalq sərgilərdə
ən çox diqqət çəkməsi
dövlətimizin hərbi sənayedə uğurlarının
perspektivlərinin göstəricisidir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun mütəmadi olaraq, cəbhəyanı ərazilərə səfərləri,
orduda aparılan islahatlar
dövlətin ordu siyasətinin reallaşmasına
yardım edir.
Qloballaşan dünyada, informasiya müharibəsinin mövcud
olduğu dövrdə Azərbaycanın ordu və təhlükəsizlik siyasətində
təkcə dövlətin deyil, vətəndaş
cəmiyyətinin, eləcə də medianın üzərinə
də vəzifələr düşür.
Çünki bu gün media Azərbaycanın
iqtisadi,
siyasi uğurlarını, hərbi sahədə
nailiyyətlərini dünyaya bəyan etmək,
Qarabağ münaqişəsinin həqiqətlərini
çatdırmaq baxımından ən güclü
vasitədir. Təsadüfi deyil
ki, cənab Prezident İlham Əliyevin
“Mən bütün jurnalistləri vətənpərvərliyə
çağırıram, ” – deməsi və Milli
Mətbuat Günündə jurnalistlər üçün
tikilmiş binanın
açılışında “Bizim gənclərimiz
vətənpərvərlik ruhunda
böyüməlidir, tərbiyə almalıdır və
jurnalistikanın bu sahədə çox böyük rolu vardır.”-söyləməsi ilə bütün qələm sahibləri vahid dövlətçiliyə, milli maraqlara xidmət etməyə
çağırılır.
Bu gün istər
mediadakı “söz əsgərləri”,
istərsə də ön cəbhədəki
əsgərlər Azərbaycan dövlətçiliyinin, ərazi
bütövlüyünün
qorunmasında ayıq-sayıqdırlar. Təmas xəttində
əllərində silah gecə-gündüz
Vətənə keşik çəkən
igid əsgər və zabitlərimiz var. Cəbhənin o
tayında əsgərlərimizə boylanan
el-obamız, cəbhənin bu tayında isə
Ali Baş
Komandanın əmri ilə o yurd yerlərini qaytaracaqları günü
gözləyən oğullarımız var.
Bu gün onların
bayramıdır və sözümüz də
onlaradır: Tezliklə Qələbə sorağı ilə
bizləri sevindirin, Azərbaycan igidləri!
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2014.- 26 iyun.- S.7.