ZƏKANIN
ZƏFƏRİ
Sizin – üz tutduğum milyonlarla soydaşımın arasında məndən yaşlısı da, məqamına, ömür təcrübəsinə görə “Siz” deyə müraciət etməli olduqlarım da az deyil. Amma Vətənimin hər övladı mənim üçün doğmadır və bu yazı əzizlərimlə, doğmalarımla, bütün yurddaşlarımla müasir dünya içərisindəki yerimiz, nüfuzumuz, sabaha səmt götürmüş heç də həmişə sadə olmayan yolumuz haqqında fikir bölüşməkdir, dərdləşmədir, səsləşmədir və o səbəbdən hamınıza “sən”lə müraciət edirəm.
Bu elə yazı deyil
ki, onu kiminsə oxuyub, kiminsə oxumamasının fərqində
olmayım. Bu, böyükdən-kiçiyə hər bir azərbaycanlıya
ünvanlanan şəxsi məktubum, hər nəfərin
tanış olmasını arzuladığım müşahidələrim,
düşüncələrim və ürək sözümdür.
Hamıya səslənmək
istəyimə təkan verən zahirən vaxtaşırı
baş verən, xüsusi qeyri-adiliyi ilə seçilməyən
bir hadisədir. Lakin həm də bütün
ayrıntılarıyla tam qeyri-adi olan bir hadisə.
Hər yeni qədəmi
bir imtahan olan istiqlalın çətindən-çətin və
şanlı yolu ilə gələcəyə doğru getməkdəyik.
Daha bir sınaq arxada qalıb və mən onu ən yaxın məsafədən,
içəridən izləmişəm. Xəbər
bülletenlərinin soraqları, hətta haqqında söz demək
istədiyim tarixi 1 saatın bütöv stenoqramı belə əsl
mahiyyəti açmaq, həmin 1 saatın içərisindəki
Həyatı, Mübarizəni bilinməsi gərək olan səviyyədə
təqdim etmək iqtidarında deyil. Bu isə elə
tarixçədir ki, gərək ən xırda
ayrıntıları ilə örtülü qalmaya.
Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi
başlanıb və adətən, belə hallarda qəbul
edilmiş qaydalara görə, həmin ölkənin rəhbəri
Parlament Assambleyasının sessiyasında yarım saatlıq
çıxış edir və yarım saat ərzində də
müxtəlif deputatların ona ünvanladığı
sualları cavablandırır.
2014-cü il iyun ayının 24-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Strasburqda, Avropa Şurası Parlament Assambleyasının
kürsüsündə idi, suallara cavab verirdi. Üzdən
baxanda ənənəvi olan bu hadisə heç vəchlə
adilik çərçivələrinə
sığmırdı və niyə görə məhz belə
olmasının isə mütləq izaha
ehtiyacı var. İzaha ona görə ehtiyac duyulur ki, gərək
hər bir vətəndaşımız öz Prezidentini
yaxından tanısın, gərək millətin hər
sıra nəfəri əvvəlcə həqiqətləri
bilsin və sonra da qürurlansın, iftixar etsin ki,
qüdrət sahibi olan üstün bir lideri var.
Bu,
müasir Azərbaycan və Avropa siyasi həyatının son
dərəcə əlamətdar, taleyüklü hadisəsi
idi və işin axarında olan, təfərrüatlara bələd
insan kimi mən müəyyən məqamları xırdalamaq
istəyirəm ki, bir çox gizlinlər hər kəsə
aydınlaşsın.
Prezident İlham
Əliyev də, digər ölkələrin
başçıları da vaxtaşırı beynəlxalq məclislərdə
çıxış edirlər. Bəzən bu qəbildən
olan toplantılarda gərginliklər də yaşana,
köntöy suallar da verilə, fikir qarşıdurmaları da
yarana bilir.
Elə
Avropa Şurasının özündə son 14 il ərzində
bizə dəfələrlə müxtəlif ölkələrin
rəhbərlərinin, baş nazirlərinin
çıxışlarını, onlarla sual-cavabları
bilavasitə dinləmək nəsib olub. 2014-cü il iyun
ayının 24-də Strasburqda Avropa Şurası Parlament
Assambleyasının iclas zalında baş verənlər isə onların hamısından
fərqlənirdi. Zənnimcə, bu, həm də Azərbaycan
və Avropa Şurası arasında əlaqələrin, Azərbaycana
qarşı xeyirxah və bədxah münasibətdə
olanların ən yüksək və açıq səviyyədə
saf-çürük edilməsinin zirvə nöqtəsi idi.
Siyasi diskussiya qaynama
nöqtəsində idi və Prezident İlham Əliyev meydanda
idi. Təkbaşına. Bu, əsl döyüş idi! Nə
gizlətmək! Biləsiniz, Avropa Şurasında lap əvvəldən
Azərbaycana qarşı düşmənlərimizin və
bizi istəməyənlərin yürütdüyü bir xətt
olub. Dəfələrlə demişəm və
yazmışam, bir daha təkrar edirəm. Biz heç vəchlə
bunu Avropa Şurasının, nüfuzlu bir beynəlxalq təşkilatın
Azərbaycana qarşı mövqeyi kimi qəbul etməmişik.
Belə hesab etsəydik, çoxdan orada olmazdıq.
Bu, Azərbaycan
əleyhinə ardıcıl iş aparan, ölkəmizi siyasi
təsir dairəsinə salmağa çalışan, iqtisadi
və digər maraqlar güdən ayrı-ayrı xarici
qüvvə və mərkəzlərin əli və yönəltməsi
ilə baş verən əməllərdir.
2014-cü il iyunun 24-də
baş verənlər uzun müddət alt qatda davam etmiş həmlələrin,
ikili standartlarla yanaşmaların, nəhayət ki,
açıq müstəviyə çıxması idi.
Bu, bir mövqe, təfəkkür savaşı idi. Bu mübarizədən Azərbaycanın siyasət və dövlət həyatındakı bir para mətləblərin gələcəyi, sabah necə olacağı asılı idi. Nabələdlər üzdən sezə bilməsələr də, bu, Azərbaycanın gələcəyi uğrunda növbəti siyasi nüfuz qarşıdurmalarından biri idi. Onlar çox, Prezident İlham Əliyev tək idi. Lakin əks-tərəf sayca çox olsa da, qüvvələr onların xeyrinə olmayaraq,qeyri-bərabər idi. Çünki Prezident İlham Əliyev bu meydanda ona qarşı, onun ölkəsinə, dövlətinin apardığı siyasətə qarşı çıxanların hamısından güclü idi. Ağlı ilə, məntiqi ilə, sərrast, səlis, hər cümləsi, hər sözü tam yerində olan parlaq nitqi ilə və nəhayət, həmişə insana arxa olan həqiqətləri ilə! Buna görə də bu çox vacib siyasət meydanında Prezident İlham Əliyevi təkləmiş kimi görünənlər məğlub idilər, hər verilən təxribatçı, iynəli, irinli suala qarşı elə sərt, şapalaq kimi gurlayan cavab gəlirdi ki,davam edən hər yeni dəqiqə ilə bu məğlubiyyət dərinləşirdi.
Onlar
hazırlaşmışdılar, həm də ciddi,
bütün detalları düşünərək
hazırlaşmışdılar. Bu hazırlığın
arxasında dayanan qüvvələr həmin hadisələrin
baş verdiyi Avropa Evindən – Strasburqdan kənarlarda işlərini
görmüşdülər. İndi yekun mərhələ
idi.
Müəyyən
qüvvələr hayıf almaq, öz aləmlərində Prezident
İlham Əliyevə yerini göstərmək, hamının
gözü qarşısında onu çətin vəziyyətə
salaraq öz təsir dairələrində saxladıqları
(və əslində, özlərinin təsir dairələrində
olduqları) qruplara, çevrələrə mesaj vermək, Azərbaycandakı əks-elementlərə
də “gördünüzmü!” siqnalı yetirərək “fəallaşın!”
tapşırığı çatdırmaq idi.
Arxada
buna gətirən enişli-yoxuşlu yol vardı.Digər
yaxın və uzaq qonşu ölkələrdəki kimi,Azərbaycanda
da ictimai-siyasi sabitliyə xələl gətirmək
üçün çoxlu vəsaitlər sərf olunsa, son
illərin bütün seçkilərində nəyəsə
nail olmağa, bu, baş tutmasa, qarışıqlıqlar yaratmağa, alabəzək
inqilablar törətməyə çox cəhdlər edilsə
də,bu məkrli niyyətlərin heç biri baş
tutmamışdı.
Avropa
Şurası ilə Azərbaycan arasında isə lap elə
son dövrlərdə bəzi gərginlik nöqtələri
meydana çıxmışdı. Azərbaycan hökuməti
Avropa Şurasında yüksək vəzifə sahibi olan,
qurumun vitse-prezidentlərindən biri, fransalı deputat Rene
Ruqeyə Azərbaycanın işğal altındakı ərazilərinə
qanunsuz səfər etdiyinə görə ölkəyə daxil
olmaq üçün viza açmamışdı. Bundan daha əvvəlsə
Azərbaycan Avropa Şurasının ardıcıl təkidlərinə,
təzyiqlərinə, sərt davranışlarına
baxmayaraq, ölkəmizə qarşı ikili standartlarla
yanaşmanın bariz nümunəsi olan qondarma siyasi məhbuslar
məsələsi üzrə məruzəçi
Kristofer Ştrasserin Azərbaycana səfər etməsinə
icazə verməmişdi.
Azərbaycan
dövləti başçısının apardığı
müstəqil siyasət, əyilməzlik, xalqın və
dövlətin maraqlarını hər an qorumaq cəhdi və
bacarığı çoxlarını
qıcıqlandırır və söz yox, onların bir
çoxunun görünməyən uzun əlləri Avropa
Şurasına da gəlib
yetişir.
Amma bir erməni lobbisi amili də var.
İndi xeyli uzaqda qalmış 2001-ci ilin yanvarında Avropa
Şurası qarşısında unudulmaz Heydər Əliyev
milli bayrağımızı ucaldandan, bu təşkilatda
tamhüquqlu üzv olaraq fəaliyyətə
başladığımız ilk saatlardan etibarən bizə
qarşı tələlər hazırlanmışdı və
müəllifi, ilhamvericisi də həmin bədnam lobbi idi.
Aydın idi ki, bu quruma üzv qəbul edilmiş və təşkilata
Ermənistanla eyni vaxtda daxil olmuşduqsa, ən birinci və
ümdə vəzifəmiz Ermənistanın Azərbaycana təcavüzü,
Dağlıq Qarabağ məsələsini
qaldırmağımız olacaqdı. Həmin səbəbdən
də elə ilk addımdaca bizi, guya, Azərbaycanda siyasi məhbuslar
olması problemi ilə üz-üzə qoyacaq qondarma bir sənəd
hazırlamışdılar ki, haçan təcavüz
problemini qaldırsaq, dərhal onlar da bu mövzunu önə
çəksinlər. Yəni əvvəl
gedin özünüzün bu daxili probleminizi həll edin, sonra
təcavüz məsələsinə baxarıq. Aydındır ki, bütün bunların arxasında
birbaşa erməni barmağı gizlənirdi.
Məşhur Mark Tven vaxtilə
özünəxas müdriklik və məzə ilə
yazıb ki, tarix təkrarlanmır, qafiyələnir. Doğrudan da belədir. Heç
vaxt dünənki hadisələr olduğu kimi, yenidən həyatda
görünmür. Ancaq dünənki
olmuşlarla həmqafiyə olanlar mütəmadi baş verir.
Azərbaycan da Avropa Şurası içərisində
və müasir dünya siyasəti arenasında irəlilədikcə
bunun yaxşı və pis nümunələrini az görməyib.
Bütün müqavimətlərə baxmayaraq, məhz
elə Avropa Şurasında o zamanlar Azərbaycanın bu
qurumdakı nümayəndə heyətinin rəhbəri olan
İlham Əliyevin təşəbbüsü ilə
Dağlıq Qarabağ məsələsi ayrıca məruzə
hazırlanması səviyyəsində qaldırıldı,
dünya beynəlxalq təşkilatları içərisində
ilk dəfə mücərrəd erməni silahlı birləşmələrinin
deyil, məhz Ermənistanın işğalçı
olması, Dağlıq Qarabağda separatçı rejimin
mövcudluğu, ermənilərin azərbaycanlılara
qarşı etnik təmizləmələr aparması
haqqında 2005-ci ilin yanvarında ayrıca qətnamə qəbul
edildi.
Prezident
İlham Əliyevi onun Parlament Assambleyasında olduğu
dövrlərdən tanıyanlardan bir qismi indi də
deputatdır və onlar yaxşı bilirdilər ki, Azərbaycan
rəhbəri hansı polemika istedadına, diplomatik səriştəyə,
siyasi bəsirətliyə malikdir. Bilənlər vardı, amma
buna yetərincə agah olmayanlar da az
deyildi.
Bizimlə
dost münasibətlərdə olan bir neçə nəfər
həmin toplantıdan əvvəl nigaranlığını
bölüşmüşdü ki, birdən aranı qatmaq,
yöndəmsiz suallar vermək cəhdləri olar, pərtlik
yaranar. Söyləmişdim ki, ayıq olmağına
hamımız ayıq olaq, ancaq bilin ki, ekstremal vəziyyətlərdə
bizim Prezident daha iti fikirləşə, ən optimal
çıxış yollarını və cavabları daha tez
tapa bilir. Əks getmək təşəbbüsündə
olanlar özləri uduzacaqlar.
Hər
şey arxada qalandan sonra dostlarımız etiraf edirdilər:
“Haqlısınızmış!”
Beləliklə, 2014-cü il iyunun
24-də saat 12-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Avropa Şurası Parlament
Assambleyasının zalına daxil oldu.
Təşkilatçılar tərəfindən
ssenari xırda detallarınacan işlənib
hazırlanmışdı. Amma istənilən
halda bu tədarükçülər kiminlə üzbəüz
olduqlarını yaxşı bilmirdilər. Onlar İlham
Əliyevin KİM olduğunu az sonra
bütünlüyü ilə anlayacaqdılar.
Adətən, ölkə
başçıları assambleyaya gələrkən təhlükəsizlik
tədbirləri gücləndirilir,
giriş-çıxışda müəyyən məhdudiyyətlər
olur və iclas zalında hər hansı arzulanmaz hadisələrin
baş verməməsi üçün zəruri tədbirlər
görülür.
Parlament Assambleyasının binasına
daxil olmaq üçün xüsusi icazə lazımdır. Dəvətli kənar şəxslər də
gedişata müdaxilə etməmək şərti ilə
assambleyanın açıq eyvanından iclasları seyr edə
bilərlər. Amma kim zəmanət
verə bilər ki, orada əyləşmiş hansısa şəxs
hansısa anda çığırmayacaq, kobud şəkildə
zalda gedən diskussiyalara hansısa replikası ilə mane
olmayacaq? Belələrinin – mümkün
pozucuların orada əyləşməsinə imkan verilirsə,
artıq bunun özü psixoloji təzyiq vasitəsidir, əlavə
gərginlik mənbəyidir.
Yəqin ki, müvafiq təşkilati
işlərin aparılmasının nəticəsi idi ki, Azərbaycan
Prezidenti çıxışa başlayanda ölkədən
gəlmiş bir dəstə müxalifətçi cavan
seçilsinlər, deyə xüsusi geyimdə artıq
assambleyanın üst qatındakı açıq balkonda əyləşmişdi.
İrəlicədən onu da diqqətə
yetirim ki, Avropa Şurası Parlament Assambleyasının indiki
sədri Ann Brasörlə mən xeyli müddət mədəniyyət,
elm, təhsil, media, eləcə də hüquqi işlər və
İnsan haqları komitələrində
çalışmışam. Həm
də, eyni zamanda, Avropa Naminə Liberal Demokratların
Alyansı partiya qrupunda onunla yanaşı işləmişik.
Bu müddətdə lüksemburqlu xanımı
yaxından müşahidə etmiş, ölkəmizə
qarşı qərəzli münasibətinin dəfələrlə
şahidi olmuşdum.
Assambleya sədri Ann Brasör sözü Azərbaycan
Prezidentinə verməzdən əvvəl ənənəvi
salamlama ilə başlasa da, manevr edərək dərhal irada
keçdi: “Sizin nümayəndə heyətində yalnız
kişiləri görürəm”.
Söhbət AŞPA-dakı Azərbaycan nümayəndə
heyətindən getmirdi. Bizim heyətin 12
üzvünün 4-ü qadındır və həm də
assambleyada kifayət qədər fəaldırlar. Prezidentləri müşayiət edən dəstədə,
adətən, xarici işlər naziri, Prezident
Administrasiyasının məsulları olur. Çox vaxt da həmin komandalar elə sırf
kişilərdən ibarət olur və qətiyyən bu o
anlama gəlmir ki, həmin administrasiyada qadınlar
çalışmır. Konkret səfər
üçün kim lazımdırsa,
onları gətirirlər. Bir dəfə dəstədə
qadın ola bilər, digər dəfə
yox. Ona görə də indiyədək belə
bir iradın dilə gətirilməsini assambleyada eşitdiyim
olmayıb. İndi isə məqsəd
başqa idi. Çıxışdan,
suallara cavabdan öncə müvazinəti pozmaq
üçün cəhdlər edilirdi və qarşı tərəf
iddia edə bilər ki, belə deyil. Amma
sonrakı olmuşları da sıralayanda məntiq mən deyəni
təsdiqləyir.Assambleya sədri qısa nitqinə tənqid
qatmağı və qarşıda çətin suallar
olacağını vurğulamağı da unutmadı.
Sədr Prezident İlham Əliyevin
assambleyada 2004-cü ildəki çıxışına
istinad edərək söylədi ki, o vaxt iqtisadi inkişaf və
demokratikləşmənin siyasətinizin iki əsas elementi
olmasını bəyan etmişdiniz. Lakin bunlar bir-birindən
ayrı mövcud ola bilməz. Siz iqtisadi
baxımdan güclü ola bilərsiniz,
ancaq demokratiya və şəffaflıq təmin edilməsə,
insan haqları qorunmasa, ölkə heç vaxt uğur qazana
bilməz. Başqa sözlə, ona işarə
vurdu ki, bu sahədə axsayırsınız. Daha sonra o,
Azərbaycan Prezidenti ilə may ayında Bakıda olan
görüşündən bəzi məqamları
xatırlatdı.
Prezident İlham Əliyev
çıxışına başladı.
Və növbəti gözlənilməz,
hələ-hələ rast gəlinməyən, rəsmi
protokola yad, etik ölçülərə uyuşmayan
narahatlıq yaşandı.
Bir qayda olaraq, prezidentlər nitqini
başlayır, sona qədər davam etdirir və onların
assambleyada sözünün yarımçıq kəsilməsi
hallarına təsadüf edilmir.
Ann Brasör üzr istədi: “Cənab Prezident,
sözünüzü kəsməli oluram. Mətbuatdan
xahiş edirəm zalı tərk etsinlər, kameralar da
deputatlara Prezidenti görməyə mane olmasın”... Və sair belə sözlər. Əlbəttə,bu, elementar mədəniyyət
qaydalarının pozulması idi və assambleya sədri
lazım bilərsə, Prezidentin çıxışına
mane olmadan bunu yaxınlığında olan katiblik nümayəndələrinə
çatdıra bilərdi. Amma, görünür,
onlara belə kobudluq etmək lazım idi. Çünki
bu da ümumi ssenarinin tərkib hissəsi kimi təsir
bağışlayırdı.
Unudulmaz Heydər Əliyevi illər boyu
beynəlxalq danışıqlarda çox seyr etmişəm. Qarşı tərəfdən söz deyənlərin
hamısını sonacan səbirlə dinlədikdən sonra
cavab nitqini başlardı və ondan əvvəl
çıxış etmişlərin söylədiklərinin
içərisindən keçmiş, cavab vermək lazım gələn
bircə məqamı da qətiyyən boş buraxmazdı.
Və İlham Əliyev Heydər
Əliyevin oğludur. Təmkinini zərrə qədər
pozmadan, mədəni şəkildə, lakin qanan adamın
kinayəsini də aşkar duyacağı bir tərzdə
xanım Ann Brasörün qaba hərəkətinə
münasibətini gizlətmədi: “Siz bu gün iki dəfə
mənim sözlərimə istinad etdiniz. Deməli,
bu gün ən azı iki dəfə sözümü kəsə
bilərsiniz. Beləliklə, mən buna
hazıram!”
Bu, əslində, “mən mübarizəyə,
qarşıdurmaya hazıram!”, – demək
idi və çox keçmədən də nümayiş
etdirdi ki, necə, hansı səviyyədə hazırdır!
Amma əvvəlcə Prezidentin giriş nitqi haqqında. İlk
növbədə assambleya üzvlərini Prezident İlham
Əliyev bu yarım saatlıq
çıxışındakı dərinlik, miqyas, bilik əhatəsi
ilə valeh etdi.
Onların
qarşısında rəhbərlik etdiyi xalqın və yurdun
bütün problemlərinə incəliklərinə qədər
vaqif olan, dövlətinin dünya ailəsində yerini
dürüst görüb dəyərləndirən, ölkəsinin
sürətli inkişafını uğurla təmin edən,
baxışları müasir, davranışları ləyaqətli
güclü bir lider dayanmışdı. Bu, o qədər
aydın idi və dəqiqələr ötdükcə də
elə dolğunlaşırdı ki, bunu görməmək,
etiraf etməmək mümkün deyildi!
Prezident
İlham Əliyev meydanda idi və həm də
haqsızlığa, ədalətsizliyə, təhrifə,
riyakarlığa, dünyada dəb olan fərqli subyektiv
yanaşmalara meydan oxuyurdu. Bu, yalnız şəxsən
onun, artıq dünyada kifayət qədər tanınan və
etiraf edilən güclü bir siyasət və dövlət
xadiminin deyil, həm də bütövlükdə Azərbaycanın
dövlət və millət olaraq ən məsul şərəf
imtahanlarından idi.
Mən
tam qətiyyətlə, bu sözün bu gün və gələcək
içərisində məsuliyyətini anlayaraq bəyan edirəm:
Azərbaycan gerçəkliyində bizi bu səviyyədə,
bu intellektdə, bu qətiyyətdə təmsil edə biləcək
ikinci şəxs yoxdur.
Tək Azərbaycandamı?
Avropa, Asiya, Amerika...və digər səmtlərə
sarı boylanın, gözləriniz önündə
tanıdığınız, bildiyiniz əcnəbi dövlət
başçılarını sıralayın və vicdanla,
insafla tutuşdurun.
Assambleyadakı
həmin toplantıdan sonra – o gün və sabahısı – ən
müxtəlif ölkələrdən olan deputatlar – nisbətən
yaxın olduqlarım və sadəcə, elə üzdən
tanıdıqlarım – yaxınlaşırdılar və
Prezident İlham Əliyevə heyranlıqlarını ifadə
edirdilər: “Superdir!”, “Xoşbəxtsiniz!”, “Kaş bizim də!..”.
Bunu çox təbii qəbul edirdim. Çünki parlaqlığın hərdən-hərdən
elə səviyyəsi ilə tuş düşürsən ki,
həsəd, qibtə səni yenə bilmir, heyrətini, məftunluğunu
ifadə etməyə daxili bir ehtiyac duyursan.
Həminki gün Azərbaycan və Avropa
Şurası arasında büsbütün yeni bir mərhələnin
başlanğıcı demək idi.
Həminki gün tarix üçün elə
belə olmalıymış kimi sakitcə ötüb
keçməməli, Prezident İlham Əliyevin özü
üçün də siyasi bioqrafiyasının əlamətdar
lövhələrindən biri kimi hökmən yadda
saxlanmalıdır.
Bu, bizə fərqli münasibətləri
olanların hamısının Prezident İlham Əliyevi
bütün ucalığı ilə birmənalı şəkildə
misilsiz bir dövlət rəhbəri və siyasətçi
kimi qəbul etməsi məqamı idi. Kiminin
açıqca, kiminin ürəyində!
Dost da, qeyri-dost da aydınlığı ilə
görüb agah oldu ki, kiminlə qarşı-qarşıyadır.
Hər kəsə aydın oldu ki, Prezident
İlham Əliyev bugünədək (hər halda, bizim orada
olduğumuz 2001-ci ildən bəri) Avropa Şurası
kürsüsünə qalxmış dövlət
başçılarının hamısından şəxsiyyətində
qovuşan universal dövlətçi məziyyətləri ilə
üstündür.
Mən hələ situasiyanın
özünün dramatizmini, ifadə tərzinin emosional
qatını bir kənara qoyuram. Bütün
illərin stenoqramları sözbəsöz yazıya
alınıb və ortadadır. Dil bilənlər
açsın Avropa Şurasının saytını, oxusun,
tutuşdursun.
Prezident
İlham Əliyev səlis ingiliscəsində, hansısa
kağıza, irəlicədən edilmiş qeydlərə
baxmadan, sinədən bir möhtəşəm Azərbaycan
hekayəti danışırdı. Azərbaycanın müstəqillik
içərisində keçdiyi yolun, Avropa Şurasına
üzv olduğu müddətdə ölkədə demokratik təsisatların
bərqərar olması səmtində görülən
işlərin, beynəlxalq müstəvidə
özünütəsdiq səmtindəki nailiyyətlərimizin
ümumi mənzərəsini cızdıqdan sonra o, iqtisadi sahədəki
sıçrayışlı yüksəlişimiz haqqında
konkret rəqəmlər və dəlillərlə bəhs
etdi. Və mülahizələrini belə bir vacib müddəa
ilə yekunlaşdırdı ki, əgər Azərbaycan bunca
möhkəm, sağlam, davamlı demokratik bünövrə
yaratmasaydı, belə tərəqqi və rifaha da yetişə
bilməz, dünyanın iqtisadi böhran içərisində
çırpındığı mürəkkəb dövrdən
də itkisiz, büdrəmədən çıxa bilməzdi.
Başqa sözlə, Prezident İlham
Əliyevim bu qənaətləri həm assambleya sədrinin əvvəldə
söylədiyi iqtisadi inkişaf və demokratiya mütənasibliyi
iradına tutarlı cavab, həm də Azərbaycanın tərəqqisinin
bütün səmtlər üzrə ahəngdar şəkildə
getdiyinin parlamentarilərə və qonaqlara məntiqli,
sübutlu şəkildə çatdırılması idi.
Təbii ki, Prezident İlham Əliyev
nitqində Dağlıq Qarabağ, Ermənistanın Azərbaycana
təcavüzü məsələsindən də ətraflı
şəkildə bəhs etdi. Ermənilər və
ermənipərəstlər cınqırlarını
çıxarmadan dinləyirdilər və Prezident İlham
Əliyev onlara üz tutmuşdu: “Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz parçasıdır. Oradakı
bütün toponimlər Azərbaycan mənşəlidir.
Ermənilərin tarixən Azərbaycanın
olmuş torpaqlarda artıq bir dövləti vardır.
Bəlkə də burada assambleyanın bir çox
üzvləri xəbərsizdir, amma erməni nümayəndə
heyəti, əlbəttə, bunu yaxşı bilir ki, 1918-ci ildə
yaradılmış Azərbaycan Demokratik Respublikasının
ilk fərmanlarından biri Azərbaycana məxsus İrəvanın
paytaxt kimi Ermənistana verilməsi oldu. Bir
sözlə, onların artıq öz dövləti vardır.
Onlar bununla neçə erməni dövlətinə nail olmaq
istəyirlər? Məgər onlar yaşadıqları hər
bir yerdə öz dövlətini yaratmaq istəyirlər?”.
Həmin gün AŞPA tribunasından səslənən
və son illərdə Azərbaycan Prezidentinin dəfələrlə
dilə gətirdiyi bu fikirlər – Azərbaycanın yalnız
hazırda zəbt edilmiş torpaqlarının deyil, həm də
tarixi ərazilərinin qaytarılacağı bəyanatları
ermənilərin canına həmişə olduğu kimi, yenə
təşviş salmışdı.
Amma Prezident bütün bu bəlaların
səbəbkarının erməni hakimiyyəti və siyasəti
olduğunu da vurğuladı. Və erməni
xalqının tamam yox olmaqdan xilasının da Ermənistandakı
mövcud rejimdən qurtulmağa bağlı olduğunu
bildirdi: “Azərbaycan ərazilərinin qəsb edilməsi məsələsi
Ermənistanın tam məhvinə aparan bugünkü hökumətdən
əziyyət çəkən erməni xalqının xeyri
üçün də mümkün qədər tez həll
olunmalıdır”.
Ümumiyyətlə, Prezident İlham
Əliyev yalnız indi, son illərdə deyil, hətta dövlət
başçısı olmadığı vaxtlarda da
işğal problemini həmin qətiyyətlə, cəsarətlə,
bütün kəskinliyi ilə qaldırıb. Xatirimdədir, hətta Avropa Şurasında fəaliyyətə
təzə başladığımız çağlarda bir dəfə
assambleya sədri növbəti kəskin
çıxışından sonra ona irad tutdu ki, çox sərt
tənqid edirsiniz. Cənab İlham Əliyev anındaca
irada etirazını bildirdi: “Biz tənqid etmirik, ifşa edirik,
söylədiklərimizin də hamısı inkarolunmaz həqiqətlərdir”.
Prezidentin nitqində səslənən ən
əsas iradlardan biri ildən-ilə acı bağırsaq kimi
uzanan münaqişənin həllinə beynəlxalq təşkilatların
və beynəlxalq birliyin lazımi reaksiya verməməsi,
ikili standartların burada da mövcud olması, bir situasiyada
saatlar içərisində qərar qəbul edildiyi halda,
burada illərlə gözləmə mövqeyi tutulması məsələsi
idi.
Səbəbsiz deyil ki, Avropa
Şurasının vebsaytında da Prezident İlham Əliyevin
“beynəlxalq müstəvidə ikili standartlara qarşı
mübarizə aparacağıq” sözləri ana səhifədə
yer almışdı.
Şübhə yox, Parlament
Assambleyasına Prezident İlham Əliyevin gəlişinin ən
cəlbedici hissəsi onun suallara cavab verdiyi dəqiqələr
idi. Suallardan öncəki yarımsaatlıq
çıxışı ilə Prezident bu zalda artıq
özünə tam rəğbət ab-havası oyada
bilmişdi və irəlicədən həmləyə
hazırlaşanlar suallar verərkən artıq yetərincə
inamlı görünmürdülər. Onların
ilk suallarından sonra Prezident İlham Əliyevdən gələn
fikir zərbələri onları əvvəlcə nokdauna,
sonra isə nokauta saldı. Amma
sual-cavabı cızmış olduqları ssenari üzrə
başlamışdılar.
Siyahı elə tərtib olunmuşdu ki,
birinci sual verən irlandiyalı Maykl Maknamara oldu. O, iyunun
23-nün – AŞPA yay sessiyasının birinci iş
gününün qalibi sayılırdı.
Çünki bazar ertəsi əvvəlcə AŞPA
Bürosu onun təklifi üzrə Azərbaycanda siyasi məhbuslar
problemi, insan haqlarının vəziyyətini
araşdıracaq ayrıca məruzənin hazırlanması
haqda tövsiyə üçün qətnaməni səsə
qoyaraq sənədin sonrakı irəliləyişini
dayandırmaq, həmin məsələnin elə Azərbaycan
üzrə monitorinq aparan məruzəçilərin
hesabatı çərçivəsində
araşdırılması barədə qərar
çıxarmışdısa da, sonra vəziyyət qəflətən
dəyişmişdi.
Təbii ki, irəlicədən öz aralarında xəlvəti
aparılmış danışığa əsasən, saat
13.04-də artıq assambleyada plenar iclas fasiləyə dayanarkən
M.Maknamara söz istəmiş, iclası aparan xanım
Brasör ona danışmaq fürsəti vermiş və o da
büronun qərarı ilə razı
olmadığını, təklif etdiyi problem üzrə məsələnin
assambleyada səsə qoyulmasını xahiş etmişdi.
Yazılmamış bir qayda ilə plenar
iclaslarda, adətən, büronun, komitələrin rəyi əsas
götürülür və bu, hamıya başlıca
yolgöstəriciyə çevrilir. Onlar “hə”
deyibsə, hə olur, “yox” deyibsə, yox. Bu dəfə
isə sanki möcüzə baş verdi. Maknamaranın təklifi səsə qoyuldu,
keçdi, çünki artıq fasilə başlananda
aparılan müzakirədə qalibiyyəti təmin etmək
üçün o tərəfin zalda lazım olan sayda
adamı vardı.
Və Maykl Maknamara özünü lap
yaxın zamanlarda Azərbaycanda siyasi məhbus
axtarışlarına başlayacaq qorxunc qüvvə kimi təsəvvür
edərək uçurdu. Görəydiniz ermənilər
onun sağına-soluna necə keçirdilər, hər dəqiqəbaşı
əyləşdiyi masaya yaxınlaşıb cürbəcür
kağızları ona necə canfəşanlıqla təqdim
edirdilər.
İyunun 24-də Prezident İlham
Əliyevə onun ilk sual verən kimi qabağa
buraxılması da, ehtimal ki, əvvəldən
ölçülüb-biçilmişdi.
Cavab verilməsi çətin olacağını
düşündüyü sualında M.Maknamara “Amnesty
International” təşkilatının Azərbaycanda siyasi məhbuslar
olması iddiasını, Azərbaycanın bu məsələ
üzrə məruzəçini ölkəyə
buraxmaması epizodunu səsləndirir, guya dinc aksiyalar
keçirdiklərinə görə həbs edilmiş
“Nida”çıların adını çəkirdi. O,
bunları deyəndə ssenari üzrə üst mərtəbədə
oturmuş, sən demə, “Nida”çıları təmsil edən
və aydındır ki, Bakıdan buraya gəlişlərini
Azərbaycana zidd müəyyən dairələrin təşkil
etdiyi, səfər xərclərinin də elə həmin
“xeyirxahları” tərəfindən ödənmiş
müxalifətçi cavanlar başladılar çəpik
çalmağa və guya, umduqları şok effekti
alınır.
Amma
unudurdular ki, qarşılarında ASLAN dayanıb! Yaddan
çıxarırdılar ki, kürsüdə İlham
Əliyevdir!
Maykl Maknamara əlindəki vərəqdən sualı
oxuyub qurtarınca Prezident İlham Əliyevin cavabından daha əvvəl
ifşaedici zərbə gəldi: “İlk növbədə onu
qeyd etmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus
yoxdur və sizin xatırladıqlarınızın
hamısı yanlış məlumatlar əsasındadır,
ya da ümumiyyətlə, Azərbaycana qarşı qərəzli
mövqeyinizdən irəli gəlir. Birinci dəfə
deyil ki, siz Azərbaycanı təhqir etməyə
çalışırsınız. Lakin
burada hər hansı nəzərəçarpacaq uğur əldə
etməmisiniz. Əminəm ki, sizin dünənki
təşəbbüsünüzün nəticəsi də
eyni cür olacaqdır. Bu cəhdin də
axırı 2013-cü ilin yanvarında cənab Ştrasserin
burada fiaskoya uğraması kimi bitəcəkdir. Əfsuslar olsun ki, Azərbaycan məqsədyönlü
təxribatlara məruz qalıb. Biz
bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç
bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir.
Bir kağız parçasından üzündən
oxuduğunuz sualı çox güman ki, sizə Azərbaycana
hücum etmək marağı olan tərəflər veriblər”.
Bundan açıq, bundan tikanlı, bundan
öldürücü demək mümkün deyildi və son
sözləri eşidəndə Maknamara özünü lap
itirdi, dili dolaşa-dolaşa cəld inkar etməyə,
özünə bəraət qazandırmağa
çalışdı: “Çıxışlarımı mən
özüm yazıram”, – dedi. Prezidentsə, istehza
qarışıq bir tonla ilə dilləndi: “Anlayıram,
başa düşürəm”.
Prezident İlham Əliyevin hamının
qarşısında mərd-mərdanə elan etdiyi mövqe tək
Maknamaraya aid olan məsələ deyildi, bu sözlərdən
çoxları payını götürməliydi. Və həmin proqnozunun həyata keçməsi,
Maknamaranın və onabənzərlərin heç məruzəni
hazırlamağa başlamazdan iflasa uğramaları vur-tut bircə
gün çəkdi.
Qəsdləri bu imiş ki,
M.Maknamaranın məruzəçi təyin edilməsini gələn
sessiyada, bunun üçün münasib gün seçərək
çoxlu tərəfdarlar yığandan sonra gerçəkləşdirsinlər. Amma Hüquqi
İşlər və İnsan Haqları Komitəsinin ertəsi
gün baş tutan toplantısında bu məsələ
üzrə məruzəçi təyin edilməsinin gündəliyə
salınmasına nail olduq və 51 nəfərin iştirak
etdiyi həmin toplantıda mövzu üzrə Maknamaranın
deyil, Pedro Aqramuntun məruzəçi olmasını 32 nəfər
intixab etdi. Fiasko reallaşdı.
Bu, sabah olacaqdı, hələliksə
iyunun 24-ü idi, Azərbaycan Prezidentinə suallar davam edirdi.
Əlbəttə, sualların
hamısı heç də bu qəbildən deyildi. Azərbaycanın
inkişafını maraqla izləyən, beynəlxalq enerji
layihələrində ölkəmizin uğurlarını
görüb dəyərləndirən, respublikamızla əməkdaşlığın
hansı sərfəli perspektivlər vəd etdiyini öyrənmək
istəyənlər də az deyildi. Di gəl,
öyrədilmişlər, əllərindəki ermənilərin
ötürdüyü “şparqalka”lardan “üfunətli”
sualları səsləndirən buyruq qulları da ara-sıra
pırtlayıb üzə çıxırdı.
Avropa Şurasındakı Böyük
Britaniya nümayəndə heyəti arasında səviyyəli
şəxslər, sanballı siyasətçilər
çoxdur və onların əksəriyyəti də Azərbaycana
rəğbətlə yanaşır, dostlarımızdır. Avropa
Şurasında 2005-ci ilin yanvarında qəbul edilmiş və
Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini
ifşa edən 1416 saylı tarixi əhəmiyyətli qətnamənin
də əsas müəllifi ingilislər Terri Devis və o,
Baş katib seçildikdən sonra mətni tamamlamış
Devid Ətkinson idi.
İndi ermənilər də
axtarıb-axtarıb Böyük Britaniya nümayəndə
heyətində hər səmtə əyilməyi bacaran 80
yaşlı bir qocanı qarmaqlarına keçiriblər. Hər sessiyada onu bir bəhanə ilə əleyhimizə
danışdırırlar. Qocanın heyi və
nəfəsi tam kəsilməmiş ondan bu dəfə də
istifadə etdilər. Suallardan birini həmin o ipi ermənilərin
əlində olan Pol Filin verdi. Dedi ki, sizdə
jurnalistləri həbs edirlər, ölkənizdə
seçkilər saxta olub. Bir az da
üstünə qoydu ki, Azərbaycanın insan haqları
üzrə standartları pisləşdirməkdə örnək
ölkə olacağını gözləyə bilərikmi?
Erməni əlaltısı Azərbaycana həqarət
edirdi, onu qocalığına bağışlamaq məqamı
deyildi və Prezident İlham Əliyev də bu siyasət buqələmununa
rəhm etmədi: “Qısa çıxışınızda
siz iki dəfə yalan danışdınız və mən bu
dəqiqə yalanlar danışdığınızı
sübut edəcəyəm”,–dedi.
Prezident bəyan etdi ki, Azərbaycanda
peşə fəaliyyətinə görə heç bir
jurnalist həbs edilməyib, bu, sizin birinci
yalanınızdır. İkinci yalanınız da
seçkilərlə bağlıdır. Azərbaycanda
prezident seçkilərinin ədalətli, obyektiv keçirilməsini
dünyanın müxtəlif ölkələrindən mindən
çox müşahidəçi izləyib. Avropa
Şurasının, Avropa Parlamentinin, ATƏT-in müşahidə
missiyaları gəliblər, araşdırıblar, müsbət
rəylər yazıblar və AŞPA-nın rəyindən xəbəriniz
yoxdursa, onda bunu həmkarlarınızdan xəbər alın.
Prezident ingilis deputatın ümumilikdə ölkəmiz
haqqında mənfi danışmasını da ona
bağışlamadı: “Görünür, sizin dedikləriniz
elə öz ölkənizdə baş verir”.
Ya faktları təhrif edərək, guya Azərbaycanda gender
bərabərliyi olmamasını bildirən, ölkəmiz barəsində
çaşdırıcı yanlış təsəvvür
yaratmağa səy edən polşalı deputat Robert Biedronu da
hərzə sualına görə Prezident İlham Əliyev
yerində oturtdu: “Azərbaycanda gender bərabərliyinin guya
olmaması haqqında söylədikləriniz çox təəccüblüdür.
Hələ 1918-ci ildə Azərbaycan Demokratik
Respublikası qurularkən onun qəbul etdiyi ilk qərarlardan
biri qadınlara seçkilərdə iştirak etmək
hüququnu vermək olmuşdur. Bəlkə
də bu, Azərbaycanda sizin ölkənizdən daha əvvəl
baş verib”.
Elə maraq üçün
açdım tarix kitablarını və gördüm ki,
Prezidentimiz haqlıymış. Qadınların
kişilərlə bərabər seçki hüququ alması
Polşada bizdən 1 il sonra
başlanıb.
Azərbaycana qərəzli baxışları əks
etdirən hər yeni suala Prezident İlham Əliyev hər dəfə
elə əsaslandırılmış, şübhəyə,
tərəddüdə yer qoymayacaq inandırıcılıq
və dəqiqliklə, həm də yetərincə elə sərt
cavab verirdi ki, qarşı tərəf də, o cür
düşünənlər də dərk edirdilər ki, bu
Prezidentlə və bu ölkə ilə ağıl və
güc mövqeyindən danışmaq, ona üstdən
aşağı baxmaq mümkün deyil.
Prezidentin çıxışı boyu xüsusi önəm
verdiyi, ən çeşidli problemlərdən bəhs edə-edə
yenə qayıtdığı iki başılca mövzu Ermənistanın
Azərbaycana təcavüzü, Dağlıq Qarabağ
düyünü, bir də Azərbaycan hakimiyyətinin ölkədə
demokratik fəzanı daha da genişləndirməyə, bu
istiqamətdə nailiyyətlərin çevrəsini durmadan
böyütməyə səmimiyyətlə
çalışmaq bəyanatları idi.
Birinci məsələ, söz yox, ilk
növbədə bizim özümüzün həyati
maraqlarımızla bağlıdırsa, ikinci məsələ
artıq çoxlarının diqqətini çəkirdi. Elə ona görə də bu qəbildən olan
suallar çoxluq təşkil edirdi.
Parlament Assambleyasında prinsipial və
obyektiv yanaşmaları ilə seçilən deputatlardan olan
hollandiyalı Tini Koksun bu barədəki sualı və
Prezident İlham Əliyevin həmin suala yerli-yataqlı
cavabı əksəriyyətin ürəyincə idi.
Ölkəmizi yaxşı tanıyan, müxtəlif
Avropa Şurası heyətləri tərkiblərində bir
neçə dəfə Bakıda olmuş,
insanlarımızla bilavasitə ünsiyyətə girmiş cənab
Koks sualının başlanğıcında yetərincə
incə bir çaları qabartdı ki, bəzən sizin
demokratiya çağırışlarınızı,
demokratik inkişafla bağlı müfəssəl təhlillərinizi
ölkənizdəki gerçək durumdan tam hali olmayanlar
dürüstlüyü ilə qavraya bilmirlər, bu fikirləri
qəbul etməyənlər də olur. Və soruşdu: “Siz
Azərbaycanda insan haqları ilə bağlı “dəyirmi
masa” keçirməyə, ölkənizdə insan
hüquqları sahəsinin təkmilləşdirilməsini zəruri
sayan tərəflərlə şəffaf dialoq aparmağa
hazırsınızmı?”.
Prezident Əliyevin siyasi nitq mədəniyyətinin
bir seçilən özəlliyi də odur ki, o, hər
sualı məmnuniyyətlə qarşılayır. Çünki qoyuluşundan asılı olmayaraq, hər
bir sorğudan mühüm hesab etdiyi düşüncələri
ifadə etməkdən ötrü körpü kimi
yararlanmağı bacarır. T.Koksun
sualı da, əslində, mövzu ətrafında yeni gəzişmələr
etməkçün girəvəyə çevrildi.
Prezident: “Nəinki hazırıq, daha artıq, biz bunu ürəkdən
istəyirik”, - dedi. Və əlavə etdi ki, demirik demokratik
islahatlar səmtində bizdə hər iş
görülüb və problemlər yoxdur: “Lakin böyük
bir irəliləyiş də var və biz konstruktiv tənqidə
reaksiya göstərməyə hazırıq. Mən
öz ölkəmizdə aparılan islahatların müsbət
nümunəsinə diqqət yetirdim. Belə
etdim ki, balans düzəlsin. Çünki,
adətən, bu zalda diqqət əsasən mənfi məqamlara
yönəldilir. Bəzən bu fikirlər
Azərbaycanın nüfuzuna xələl gətirmək
üçün süni olaraq yaradılır”.
Bu, həm
etiraf idi - nöqsanlarımız da var; bu, həm giley idi - bizə
qarşı ədalətli olun; bu, həm dəvət idi -istənilən
dialoqa, müzakirələrə, öyrənməyə, yeni
təcrübələr əxz etməyə
açığıq.
Bu, Avropa Şurasının dilidir və Prezident İlham
Əliyevin bir ümdə gücü də ondan ibarətdir
ki, o, yalnız bir sıra əcnəbi dilləri deyil,
bugünün dünyada anlaşılan ortaq demokratiya dilini və
üslubunu da kamilcə mənimsəmişdir.
Prezident İlham Əliyev insan haqları, demokratiya məsələləri
ilə bağlı Azərbaycan paytaxtında “dəyirmi masa”nın yalnız təşkilinə hazır
olduğunu söyləmədi, həm də dəvət etdi:
“Buyurun gəlin, danışaq, müzakirə edək, yeni
yollar, təzə həll üsulları arayaq”.
Parlament Assambleyasının son iş günündə,
adətən, büronun iclası keçirilir, sessiya dəyərləndirilir,
həftənin ən diqqətəlayiq uğurları üzərində
dayanılır.
İyunun 27-dəki büro iclasında
Prezident İlham Əliyevin assambleyadakı
çıxışı, suallara verdiyi cavablar, mülahizələri,
vədləri yekdil təqdirlərlə yada salındı.
Büro üzvü, Birləşmiş Avropa Solları
partiya qrupunun rəhbəri Tini Koks orada da söz aldı:
“Prezident İlham Əliyevin təklif etdiyim “dəyirmi masa” ilə
bağlı bu qədər həssas, ani müsbət
reaksiyasının özü çox sevindiricidir. Deməli, bu ölkə cəmiyyətin bütün
təbəqələrinə demokratiya dalğalarının
yetişməsində, insan haqları məsələlərinin
ən geniş spektrinin müzakirəsi və problemlərin həllində
səmim-qəlbdən maraqlıdır”.
Azərbaycan
Prezidentinin Parlament Assambleyasındakı ogünkü qələbəsi
sübut etdi ki, Azərbaycan yalnız neft ölkəsi deyil, həm
də İLHAM ƏLİYEV ÖLKƏSİdir.
Ağlın,
istedadın, qətiyyətin, iradənin ogünkü təntənəsi
isbat etdi ki, Azərbaycanın əsas sərvəti heç də
neft yox, “qara qızıl”dan qat-qat dəyərli olan
ZƏKAdır. İlham Əliyev Zəkasının Zəfəri
o gün Azərbaycanın gücünə güc artırdı,
boyunu bir az da uca elədi!
Avropa
Şurasında da çoxları özünü
yığışdırdı və inanıram ki, orada
işlərimiz sabah dünənə qədər
olandan daha yaxşı, daha rəvan davam edəcək.
Mən Vətənimin
belə bir parlaq oğlunun olması ilə növbəti dəfə
və bir daha qəlbən fərəhləndim, ölkəmə
belə bir ötkəm, üstün düşünən
şəxsiyyətin Prezident olmasından iftixar duydum. Kim,
haçan, harada millətimi və dövlətimi bu cür
parlaqlıqla təmsil etməyi bacaracaqsa, ona baş əyməyə
hazır olacağam!
...Qədim
Strasburqda, Avropa Evində, söz açdığım hadisələrin
cərəyan etdiyi o anlarda düşünürdüm ki,
kaş bütün bunları unudulmaz Heydər Əliyev də
görəydi! Bunları görə bilsəydi, belə bir ləyaqətli
oğlunun,yadigar qoyub getdiyi yolun belə bir
etibarlı davamçısının varlığına,
sevimli Vətəninin taleyinin bunca yenilməz əllərdə
olmasına hədsiz sevinərdi, qürrələnərdi,
ürəyi dağa dönərdi.
Görə
bilsəydi!.. Amma kim
bilir, bəlkə də, görür?!
Rafael
HÜSEYNOV,
Azərbaycan
Milli Məclisinin deputatı,
AMEA-nın
müxbir üzvü,
filologiya
elmləri doktoru, professor
Xalq qəzeti.- 2014.- 28 iyun.- S.6-7.