Sumqayıt hadisələrinin yeni gizlinləri üzə çıxır

 

İyirmi altı il bundan əvvəl ermənilərin torpaq iddialarının dalğasında törədilmiş Sumqayıt hadisələri bu gün də millətimizə qarşı aparılan məkrli ideoloji təbliğatda dəstəvuz kimi istifadə edilir. Həmin hadisələrin əsl günahkarlarının məhz ermənilərin özlərinin olduğu təkzibedilməz dəlillərlə sübuta yetirilsə də, onlar şər və böhtan kampaniyasından əl çəkmir, Sumqayıt hadisələrini “zavallı” xalqa qarşı qondarma soyqırımı aktı kimi qabartmaqda davam edirlər. Amma ataların bir sözü var ki, haqq nazilsə də, üzülməz.

Zaman 1988-ci ilin soyuq fevral günlərində Sumqayıtda baş verən olayların müəyyən detallarını unutdursa da, təxribatın əsl mahiyyəti, törədilmə şəraiti dəyişməz qalır. Həmin amillərə dönə-dönə diqqət yetirmək, lazımi nəticələr çıxarmaq lazım gəlir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirilib, qanlı aksiyaların səbəbləri ətraflı araşdırılıb.

 Hadisələr ərəfəsində ölkədə “yenidənqurma” siyasəti elan edən Mixail Qorbaçovun “islahat”larının tərkib hissələrindən biri də ölkədə millətlərarası ədavəti qızışdırmaq, xaos yaratmaq idi. Qorbaçovu ermənilər və ermənipərəst qüvvələr əhatə edirdi. Onlar milli məsələlərdə xallı Mişaya müxtəlif məsləhətlər verir, Ermənistanın xeyrinə ola biləcək problemlərin həllini önə çəkirdilər. Dağlıq Qarabağ məsələsi qaldırılan zaman Qorbaçov ermənilərə hər cür köməklik göstərəcəyini vəd eləmişdi. Elə Aqanbekyanın Parisdəki məlum çıxışı da hadisələrin ilk qığılcımı oldu...

Yaxın tarixi keçmişimizi araşdıran, Sumqayıt hadisələrini cəfakeşliklə tədqiq edən qələm dostumuz, əməkdar jurnalist Eyruz Məmmədov bu günlərdə işıq üzü görən növbəti kitabında - professor Ramazan Məmmədovla birgə ərsəyə gətirdiyi, tutarlı faktlarla zəngin olan “Sumqayıt, 1988" adlı sənədli publisistik əsərində bir daha əsaslandırır ki, SSRİ-nin dağıdılması məhz Dağlıq Qarabağdan başlanıb. Süni yolla yaradılan bu təxribat ocağı bilərəkdən vaxtında söndürülməyib. Sumqayıt olayları isə Qarabağın Azərbaycandan qoparılmasına güclü təkan verəcək ilkin vasitələrdən biri kimi düşünülmüşdü.

Dağlıq Qarabağ hadisələrinin başlandığı vaxtlar ölkədə belə bir söhbət gəzirdi ki, Mixail Qorbaçov və xanımı Raisa Qorbaçova ermənilərdən çoxlu sovqat və rüşvət aldıqları üçün muxtar vilayət onlara peşkəş veriləcək. Burada “od olmasa, tüstü çıxmaz” sözləri yada düşür. Təsadüfi deyil ki, SSRİ vaxtında Baş prokurorun müavini işləmiş, sonra RF Dumasının üzvü, Hüquq komitəsinin sədri olmuş Viktor İlyuxin sumqayıtlı çəkiliş qrupuna müsahibəsində Qorbaçovun rüşvət hərisi olduğunu vurğulayıb və ortaya bəzi faktları qoyub. Onun dediyinə görə, 1987-ci ilin dekabrında Qorbaçov ABŞ-da olarkən erməni elitası onu əməlli-başlı ələ almışdır. Amerikadakı erməni icması Raisa Qorbaçovaya çox qiymətli rəsm əsərləri və XVII əsr rus əlyazmaları kitabını, bundan əlavə, brilyantla bəzədilmiş qolbağ da hədiyyə etmişdir. Bir il sonra, 1988-ci ilin dekabrında Ermənistanda baş vermiş zəlzələ ilə əlaqədar Yerevana gələn Qorbaçov və xanımı əhali tərəfindən heç də isti qarşılanmadılar. Şüarların birində belə sözlər yazılmışdı: “Raisa, qolbağı qaytar!”. Moskvaya qayıdan Qorbaçovlar ailəsi ertəsi gün (başqa sözlə desək, sovqatı ABŞ-dan gətirəndən bir il sonra) mətbuatda ifşa olunacağından qorxaraq həmin qolbağı “Qosoxran”a təhvil verdi. Təbii ki, qolbağın geri istənilməsinə səbəb iyulda SSRİ Ali Soveti sessiyasının müttəfiq respublika sərhədlərinin və Konstitusiya əsasında müəyyənləşdirilmiş milli ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə qərar qəbul edilməsi idi. Həmin qərar ermənilərin iddialarını təmin etmirdi. Eyruz Məmmədov Vladimir Jirinovskinin fikirlərinə əsasən yazır: “Azərbaycan torpaqlarının işğal edilməsi heç də erməni vətənpərvərliyindən irəli gəlmir, rus hərbi qüvvələrinin maddi və mənəvi dayaqlarından ”su içir" və bunu dünya ictimaiyyəti də başa düşür. Azərbaycan da öz toxunulmazlığını tələb edir və hər bir torpaq iddiasını rədd edir. Üç milyon əhalinin doqquz milyon əhaliyə qarşı vuruşması cəfəngiyyatdır. Bunu hamı başa düşür, məhz buna görə də rus qoşunları ermənilərə kömək edir".

Bu fikirlərsə Fransa Erməni İnstitutunun və Erməni Veteranları Assosiasiyasının təşkil etdiyi qəbulda akademik A.Aqanbekyanın çıxışından götürülmüşdür: “Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır”. Bu parça Parisdə şıxan “Humanite” qəzetinin 18 noyabr 1987-ci il tarixli nömrəsində dərc ediləndən dərhal sonra qəzəblənən Azərbaycanı etiraz dalğası, ruhlanan Ermənistanı isə milli ədavət və türkləri deportasiya meylləri bürüdü. İşi-peşəsi nifrət toxumu əkib fəlakət biçmək olan ermənilərin bədnam “Qarabağ Komitəsi” və “Krunk” cəmiyyəti tezliklə açıq fəaliyyətə başladılar. Ermənistanda yaşayan azərbaycanlılara hədə-qorxu gəlir, onları təhqir edir, mal-qara və əmlaklarını əllərindən alır, dədə-baba yurdlarından qovurdular. 1988-ci il fevralın 22-də Əsgəranda iki ağdamlı gənc düşmən gülləsinin qurbanı oldu: ilk qan töküldü. Masis və Qafan rayonlarında vəziyyət daha da gərginləşdi, ilk qaçqınlar axını Azərbaycana üz tutdu. Növbəti hadisələri çox gözləmək lazım gəlmədi. Fevralın 27-də Sumqayıta daxil olan cinayətkar “Nalyotçik”qrupunun üzvləri əhali arasında ekstremist əhval-ruhiyyəli iş aparmağa başladılar. Şəxsən şahidiyəm ki, Sumqayıtın Lenin meydanında, bazar və univermaq ətrafında camaatı başına toplayan, əsasən meşin gödəkçələr geyinmiş bu naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından “yana-yana” danışırdılar.

Qızışdırıcı, təxribat ruhlu söhbətlər təsirsiz qalmadı. Təhrikçilər şəhərdəki qeyri-sağlam qüvvələri, xüsusən də yetkinləşməmiş gəncləri inandırıb cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhərin bəzi başbilənləri əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi, düşmən öz işini görmüşdü. Elə həmin andan qanunazidd hərəkətlər baş alıb getdi. Fevralın 28-29-da təhrikçi dəstə şəhərin azyaşlı, emosiyalara uymuş gənclərinin kortəbii axını ilə faciəli hadisələrə yol açdı və aradan çıxdı. Ondan sonra meşin gödəkçəliləri şəhərdə “gördüm” deyən olmadı.

Qəribədir ki, həmin günlər Sumqayıt şəhərinin rəhbərliyi məzuniyyətə çıxarılmış, milis rəisi işdən azad edilmiş, DTK şəhər şöbəsinin rəisi isə başqa işə keçirilmişdi. Şəhəri sanki bilərəkdən başsız qoymuşdular.

Fevralın 28-də Sumqayıtda iğtişaşlar daha geniş miqyas aldı. İtaətsizlik baş alıb gedirdi. Hüquq-mühafizə orqanları iflic vəziyyətə salınmışdı. Mədəni-məişət obyektləri dağıdıldı, onlarca avtomaşın sındırıldı və ya yandırıldı, 200-dən artıq mənzil talan edildi, 400-dən çox adam bədən xəsarəti aldı. Planlı təxribatın icraçısı olan, “Paşa” ləqəbi ilə meydana atılan Sumqayıt ermənisi Eduard Qriqoryan “komandası” ilə qanlı aksiyalarda 26-sı erməni olmaqla 32 nəfər sakini qətlə yetirdi. Buna qədər o, iki dəfə cinayət törətdiyinə görə məhkum olunmuşdu. Gözünü qan örtmüş ədabaz Paşa gizlində özünü millətinin qəhrəmanı sayırdı. Onun özü qanlı aksiyalarda “nümunə” göstərməkdən çəkinmədi: altı ermənini öldürdü, neçə erməni qızını zorladı. Sən demə, o “Krunk” cəmiyyətinin fəal üzvlərindən imiş. Hadisələrdən qabaq təlimat almaq üçün dəfələrlə Xankəndinə gedib-gəlibmiş. Beli bağlı olduğuna görə heç nədən çəkinmirdi. Paşanın cəza qruplarını talan və qətllər üçün yönəltdiyi ünvanlar isə “Krunk”a haqq ödəməyən ermənilərin mənzilləri idi.

Məlum olub ki, Yerevandan bir qrup emissar da Sumqayıta gələrək Paşanı təlimatlandırmış, ona pul və narkotik vasitələr vermişdir. Ertəsi gün isə Qriqoryan tapşırıq üzrə fəaliyyətə başlayaraq ətrafına xeyli səbatsız gənci toplayıb və bəzi əməliyyatlarda iştirak etsələr, onlara çoxlu pul verəcəyini bildirməklə talanlara, qətllərə təhrik edib.

Üç gün ərzində şəhərdə sabitliyi bərpa etmək naminə heç bir tədbir görməyən hakimiyyət dairələri yalnız dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan etdilər. Bundan sonra komendant saatı və pasport rejiminin heç bir mənası yox idi.Amma, görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat işləməsi üçün lazım imiş. Hadisələrə görə minə yaxın adam şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verildi. Əhməd Əhmədov erməni lobbisinin hay-küyü ilə güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asdı.

Qriqoryanın arxasında dayanan qüvvələr onu hər vasitə ilə cəzadan qurtarmağa çalışırdılar.Təşkilatçılar istintaqın gedişində həqiqətin yayındırılmasına çalışır, Paşanın əməllərini gizlədir, kimisə başçı kimi qələmə verirdilər. Çox çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə cəlb edilən Paşa erməni lobbisinin və Moskvadakı havadarların köməkliyi ilə Azərbaycandan alınıb Stavropol diyarına göndərildi. Onu müdafiə edən erməni kütləvi informasiya vasitələri Qriqoryanın yanlış tutulduğunu yazırdı. İstintaq materialları onun qatı cinayətkar olduğunu sübuta yetirsə də, sonradan cəzası 9 ilə endirildi.

Xatırladım ki, “Sumqayıtın əks-sədası” filminin çəkiliş qrupu bütün maneələrə rəğmən Paşa ilə görüşmək üçün Stavropol vilayətinə getmiş və hansı yollasa məqsədinə də çatmışdı. O, iğtişaşlara qoşulduğunu boynuna alsa da, cinayətkarlara rəhbərlik etdiyini danmış, adam öldürdüyünü, erməni qızlarını zorladığını etiraf etməmişdi. Paşa bir şeyi anlamaq istəmirdi ki, qətlə yetirdiyi adamların qohumları və zorladığı qızların özləri istintaq üzləşdirməsi zamanı cinayətlərin başında məhz onun durduğunu təsdiq etmişdilər. Sonda çəkiliş qrupunun hansısa “Ostankino”dan deyil, məhz Azərbaycandan gəldiyini öyrənən Qriqoryan aldadıldığına görə bərk əsəbləşərək həmkarlarımızı hədələməkdən də çəkinməmişdi.

“Nə üçün Sumqayıt?” Yəqin ki, mərhum akademik Ziya Bünyadovun bu başlıq altında “Elm” qəzetinin 13 may 1989-cu il tarixli nömrəsində dərc etdirdiyi məqaləni xatırlayanlar olar. O, yazısında erməni daşnaklarının tarix boyu eyni ssenari üzrə türklərə qarşı törətdikləri alçaq əməlləri təkzibedilməz faktlarla oxuculara çatdırmış, A.Hovanesyanın Yerevanda çıxan “Kommunist” qəzetindəki “Suayrıcı” məqaləsinə tutarlı cavab vermişdir. Mərhum akademik yazırdı ki, “Qarabağ komitəsi”nin Sumqayıtda yaşayan üzvləri hadisələrdən bir qədər əvvəl əmanət kassalarında olan pullarını kütləvi surətdə çıxarmağa başlayıblar. Mindən yuxarı erməni dekabr-fevral aylarında 8 milyon 343 min 691 rubl pul çıxarıb Sumqayıtı tərk edib. Bu, bir daha sübut edir ki, Sumqayıt olayları qabaqcadan düşünülmüş, planlı bir aksiya idi.Daha sonra məqalədə cinayəti törətməkdən ötrü nə üçün məhz Sumqayıtın seçilməsinə aydınlıq gətirilir.Bizim də bildiyimizə görə, o zaman 260 min əhalisi olan Sumqayıtda yaşayanların əksəriyyəti gənclər idi. Onlar əsasən rayonlardan axışıb gəlmişdilər və valideyn nəzarətindən uzaq idilər. Məhz belə gəncləri ələ almaq asan olardı. Bundan başqa, Sumqayıtın ekoloji durumu da gərgin idi. Gecəqondularda 20 min adam yaşayırdı. İcbari iş almış 20 min dustaq da burada yerləşdirilmişdi. Cinayət üçün münbit şəraiti olan bu şəhərdə bir qığılcım bəs edirdi ki, aləm bir-birinə qarışsın. Bunu nəzərə alan erməni millətçiləri və onların Moskvadakı havadarları Sumqayıtda qan tökməklə bütün dünyaya car çəkmək istəyirdilər ki, azərbaycanlılar erməniləri dinc yaşamağa qoymur, onları fiziki və mənəvi cəhətdən məhv etmək istəyirlər. Dünya ictimaiyyətinin buna inanması asan olacaqdı.

...Talanlar ərəfəsində İsveçdən Artaşes Qabrielyan adlı bir erməni öz videokamerası ilə Sumqayıta gələrək qabaqcadan planlaşdırılmış hadisələri lentə almaq üçün rahat mövqe seçmişdi. O, lentə aldığı hadisələrə belə bir ad qoymuşdu: “Bizi başkəsənlərdən xilas edin”. Həmin film xarici ölkələrdə fəaliyyət göstərən erməni mərkəzləri üçün nəzərdə tutulmuşdu və dərhal 22 ölkədə ekranlara çıxarıldı.

Bədnam qonşular onlara qarşı yönəldilən yeni “genosid”i xarici mətbuat səhifələrində işıqlandırır, xislətlərinə uyğun şəkildə ağlayıb qan-yaş tökürdülər."Azadlıq" radiostansiyasının erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan həmin günlərdə dəridən-qabıqdan çıxır, Sumqayıt hadisələrini bəşər tarixində görünməmiş bir aksiya adlandırırdı. Ermənilər ölənlərin sayının 32 deyil, 500 nəfərdən çox olduğunu iddia edirdilər. Yerevanda təcili olaraq “Sumqait, genosid, qlasnost” adlı kitab nəşr olunub bütün ölkəyə yayılmışdı. Martın 1-də Sumqayıtda komendant saatı tətbiq olunandan sonra DİN general-leytenantı V.Krayev şəhərə komendant təyin edildi. Krayevin əmri ilə bütün erməni ailələri evlərindən çıxarılaraq şəhər partiya komitəsinin akt zalına, mədəniyyət evlərinə, sanatoriyalara yerləşdirilirdi. O zaman yüzlərlə adam tutulub milis şöbəsinə aparıldı, dindirildi. Yersiz şayiələr də baş alıb gedirdi. Məsələn, Babayan familiyalı bir erməni Moskvadan gəlmiş nümayəndələri görüb qışqıra-qışqıra danışmışdı ki, guya martın 3-də mədəniyyət evinin arxasında iki erməni uşağının başını kəsib atıblar. İstintaq qrupunun rəhbəri, SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi B.Qalkin təcili olaraq faktı yoxlamaq üçün hadisə yerinə adam göndərmiş və şayiə yalan çıxmışdı. Sonralar Babayan kimilər qeyd elədilər ki, 15 erməni qadını öldürülüb. Bu da yalan oldu. Beləcə, ermənilər öz çirkin əməllərindən əl çəkmirdilər. Əslində isə azərbaycanlı ailələr bir çox ermənini öz evlərində gizlətməklə Paşanın cinayətkar dəstəsindən qorumuşdu. Şəhərin komendantı Krayev Moskvada çap olunan “Pravda” qəzetinin 21 mart 1988-ci il tarixli sayındakı müsahibəsində bu barədə demişdi: “Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsə idi. Bir avtobus sürücüsü elə həmin gün 10 erməni ailəsini öz doğma rayonu Şəkiyə aparıb...”

İxtisasca mühəndis olan mərhum həmyerlimiz, Ramiq Süleymanoğlu da Sumqayıt hadisələrini dərindən araşdıran və ayrı-ayrı mətbuat orqanlarında bu mövzuda maraqlı analitik məqalələrlə çıxış edən ziyalılardan idi. Həmkarım Eyruz Məmmədov kitabında Ramiq Süleymanoğlunun xidmətini xüsusi qeyd edib və onun yazılarından bəzi nümunələri misal gətirib. Məsələn, Ramiq yazırdı ki, Sumqayıtın hədəf seçilməsi Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlıları kütləvi şəkildə, vəhşicəsinə öz yurd-yuvalarından didərgin salmaq və bu işğalçılıq aktlarını məhz əks-tədbir kimi qələmə vermək məqsədi güdürdü. Sumqayıt hadisələrindən sonra bu şəhərdən və Bakıdan qaçqın düşmüş ermənilərin hesabına Dağlıq Qarabağda əhalinin tərkibini ermənilərin xeyrinə dəyişmək və bununla da vilayətdə gərginliyi daha da artırmaq, bədnam “Krunk” cəmiyyəti və “Qarabağ Komitəsi”nin planlarından xəbərsiz olan və ya bu təşkilatların mənfur niyyətləri haqqında az təsəvvürə malik olan erməni xalqının gözündə vəhşi türk obrazını təzələmək istəyi də mübahisəedilməzdir.

...Sumqayıtda “uğur”la icra edilən erməni qırğınından vur-tut ikicə gün sonra Stepanakertdə “Sumqayıt genosidi”nə abidə ucaldılması planlı təxribatı onların özlərinin törətməsini sübut edən aşkar faktdır. Axı, uşaq da bilir ki, iki günə abidə düzəltmək və yerinə qoymaq mümkün deyil.

Bax, belə. Qaranlıq mətləblərə nə qədər çox aydınlıq gətirsək, ermənilərin şər və böhtan üçün faktları bir o qədər azalar. Dünya ictimaiyyəti də kimin haqlı, kimin haqsız olduğuna bir daha əmin olar.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 1 mart.- S. 4.