Sumqayıtda ötən ilin sosial-iqtisadi yekunları müzakirə edilmişdir

 

İlbəil böyüyən və gözəlləşən Sumqayıt 65 ildir ki, onu yaradanların və məskən seçənlərin doğma ünvanına, sevimliisti yuvasına çevrilmişdir. Ölkəmizin ikinci böyük sənaye şəhərinin tərəqqisi son illərdə dinamikliyi ilə diqqət çəkir. Elə şəhər icra hakimiyyətində 2013-cü ilin yekunlarına həsr olunan müzakirələrdə bu barədə ətraflı danışılıb və qarşıda duran vəzifələr göstərilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  bildirib ki, ötən ili uğurla yola salan sumqayıtlılar gələcəyə nikbin yanaşırlar.  Qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün hər cür şərait var və dövlətimizin başçısı növbəti sərəncamı ilə Sumqayıtın inkişafına daha beş milyon manat vəsait ayırıb ki, bu da tərəqqiyə əsaslı stimul verir.

E.Əzizov iştirakçıların nəzərinə çatdırdı ki, dinamik inkişaf dövrünü yaşayan respublikamızda qazanılan müvəffəqiyyətlər davamlı şəkildə genişlənməkdədir. Dünyada Azərbaycanın iqtisadi inkişafının fenomenal xarakter daşıdığı qəbul olunmaqda, onun səciyyəvi xüsusiyyətləri geniş rakursdan öyrənilməkdədir. Sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan qazandığı nailiyyətlərlə öyünməklə yanaşı, Cənubi Qafqazın ən öncül ölkəsi kimi tanınmaqda, bütün prinsipial regional məsələlərdə söz sahibi olmaqdadır. Ölkə həyatında qeyri-neft sektorunun inkişafına diqqətin artması isə Sumqayıtın əhəmiyyətini daha qabarıq göstərir.

Natiq vurğulayıb ki, Azərbaycan üçün xarakterik cəhətlərdən birinail olunan sürətli tərəqqinin hər bir ölkə vətəndaşının həyatında özünü bariz formada əks etdirməsi, insanların sosial rifah halının yüksələn xətt üzrə getməsidir. Ölkə miqyaslı tərəqqi sosial-iqtisadi həyatda özünəməxsus yeri olan Sumqayıt şəhərinin simasında xüsusilə aydın nəzərə çarpır. Bir neçə gün öncə Sumqayıta səfər edən ölkə başçısı İlham Əliyev “Azərsun Sənaye Parkı”nda yaradılmış yağ fabrikinin istifadəyə verilməsində iştirak etmişdir.  Cənab İlham Əliyev Sumqayıtın önəmini xüsusi dəyərləndirmişdir: “Sumqayıt şəhəri Azərbaycanın sənaye mərkəzidir. Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir... Burada onlarla zavod, fabrik fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkı neçə ildir ki, fəaliyyət göstərir. Texnologiyalar parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl daşı qoyulmuşdur. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılacaqdır... Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi bu gün ölkəmizin sənaye potensialının inkişafında mühüm rol oynayır. Demək olar ki, işsizlik aradan qaldırılmışdır. Sumqayıtda sosial infrastrukturun yaradılmasına diqqət göstərilir”.

E.Əzizov bildirib ki, ölkə başçısının tapşırıq və tövsiyələri şəhərdə həyata keçirilən bütün iri layihələrin mənbəyidir. Əldə edilən nailiyyətlərin hamısı əhalinin rifah halının yüksəlməsinə, maddi vəziyyətinin yaxşılaşmasına yönəldilmişdir. Bu gün Sumqayıt həsəd aparılacaq tərzdə inkişaf edir. Artıq soydaşlarımızın şəhərə axını başlanıb. Bu da yeni fəaliyyətə başlayan müəssisə və zavodların perspektivi ilə bağlıdır.

Sonra hesabat məruzəsini özündə əks etdirən, son bir il ərzində həllini tapan məsələlərə həsr olunan film göstərilib. Video görüntülərin nümayişindən sonra şəhər icra aparatının məsul nümayəndəsi Sahib Quliyev 2013-cü ildə Sumqayıt şəhərində əldə olunan uğurların bəzi xarakterik məqamlarını müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Şəhərin dinamik inkişafı ilə bağlı konkret faktlar sərf-nəzər edilib. İlk baxışda quru, sxolastik təsir bağışlayan rəqəmlərin əsl həqiqətdə gözəlləşən həyatın göstəriciləri olduğu hər kəsdə bir daha təbii qürur hissi yaradıb.

Daha sonra Sumqayıtın əlaqədar təşkilat rəhbərləri çıxış ediblər. Bir neçə həftə öncə yağan qarın törətdiyi fəsadlarla bağlı bəzi təsərrüfat rəhbərlərinin yarıtmaz işi diqqətə çatdırılıb və onlara vəziyyəti tezliklə yaxşılaşdırmaq barədə konkret  tapşırıqlar verilib.

Tədbirdə iştirak edən şəhər sakinləri Ellada Həsənova, Zaur Əsgərov, İradə Quliyeva, Musa Behbudov, Əşrəf Şəfiyev, Adil Ələsgərov və digərləri müxtəlif mikrorayon və məhəllələrdə qarşılaşdıqları problemlərlə bağlı müraciət ediblər. Zalda quraşdırılan mikrofonlarda sakinlərin problemləri ilə əlaqədar yaranan bütün suallar müəssisə və təşkilat rəhbərləri tərəfindən elə yerindəcə cavablandırılıb və müsbət həll ediləcəyi söylənlib.

Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak etmişdir.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 1 mart.- S. 4.