Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avstraliyada təşkil olunan silsilə aksiyalar davam edir

 

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Avstraliyadakı Azərbaycan diasporu tərərfindən təşkil olunan silsilə etiraz-məlumatlandırma aksiyaları fevralın 28-də də davam etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, Azərbaycan-Türk Dostluq Cəmiyyətinin prezidenti, Türk Quruluşları Federasiyasının vitse-prezidenti İmametdin Qasımovun təşəbbüsü ilə ölkədəki ən böyük məscid olan Gelibolu Camisində 3500-dək insanın iştirak etdiyi cümə namazından öncə soyqırımı barədə ətraflı məlumat verilmiş, Xocalı qurbanlarının ruhunaYasinoxunmuşdualar edilmişdir. Daha sonra Avstraliya qanunverici orqanlarına ünvanlanması nəzərdə tutulan və soyqırımı aktına hüquqi-siyasi qiymətin verilməsinə çağırışın yer aldığı müraciət üçün imza toplama mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən İ.Qasımov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını, erməni silahlı qüvvələri və 366 - cı alayın hərbçiləri tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsini və Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyətinin zəruriliyini qeyd edərək, artıq dünyanın bir sıra ölkələrinin bu qətliamı soyqırımı kimi tanıdığını vurğulamışdır.  Tədbir iştirakçılarına soyqırımı aktına dair faktları əks etdirən kitablar və broşürlər paylanılmışdır. Ginnesin Rekordlar Kitabına hazırda həyatda olan ən uca boylu (251sm) insan kimi düşmüş Sultan Kösen də sənədə imza atmışdır.

Qeyd edək ki, aksiyalar Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin dəstəyi ilə keçirilir.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2014.- 1 mart.- S. 4.