Xocalı dəhşətləri
yeniyetmə rəssamların gözü
ilə
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “ Abşeron” rəsm qalereyasında Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirilmişdir.
Məlumat üçün bildirək ki, sözugedən sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak etmişdir. Nümayiş olunan 70 əsər əsasən qrafik janrda, muxtəlif texnikalarla işlənmişdir.
Tədbirdə çıxış edən “Abşeron” rəsm qalereyasının direktoru Eldəniz İbrahimov bu tarixi faciənin acı nəticələrindən danışmış və bildirmişdir ki, bir sənətşunas kimi kiçik yaşlı uşaqların bu mövzuya müraciəti onda qürur hissi yaradır. Tədbirdə çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəis muavini Aydın Yusifov gənc istedadların bu sahədə daha da inkişaf etmələri üçün belə sərgilərin keçirilməsinin əhəmiyyətini qeyd etmişdir. A.Yusifov vurğulamışdır ki, burada iştirak edən hər bir yeniyetmə rəssam çalışmışdır ki, Xocalı dəhşətlərini tam dolğunluğu ilə əks etdirsin. Münsiflər yeniyetmə rəssamların əməyini layiqincə qiymətləndirərək istedadlara müvafiq dərəcəli diplom və hədiyyələr təqdim etmişlər.
Qeyd edək ki, Yasamal rayonundan Fidan Novruzova (60 saylı tam orta məktəb), Nəsimi rayonundan Əliağa Qarayev (1 saylı tam orta məktəb), Nərimanov rayonundan Aytən Nəsirova (93 saylı tam orta məktəb) ilk üç yerə layiq görülmüşlər.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2014.- 1 mart.- S. 5.