Azərbaycanın
BMT-yə qəbul olunmasından 22 il ötür
1992-ci il martın 2-si Azərbaycanın diplomatiya tarixində yeni bir səhifə açmışdır. Məhz bu tarixdə müstəqil dövlətimiz beynəlxalq birliyin tamhüquqlu üzvü olmuşdur. Həmin gündən başlayaraq 22 ildir ki, Azərbaycan Respublikası dünyanın ən universel dövlətlərarası təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının üzvüdür.
Təsadüfi deyildir ki, bu beynəlxalq qurum yaranan gündən bəri dünya birliyinin üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə daxil olmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyur. BMT-yə üzv olmaq suverenliyini əldə etmiş ölkənin dövlət müstəqilliyinin beynəlxalq aləmdə rəsmiləşdirilməsi kimi qəbul edilir.
1991-ci ilin 18 oktyabrında Sovet İttifaqından ayrılaraq, “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edən Azərbaycan Respublikası 11 gün sonra – 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə üzvlük haqqında müraciət etdi. Müraciətdə Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsindən sonra demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmində olması əsas götürülərək, dünya birliyində layiqli yer tutmaq, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərmək niyyəti ifadə olunurdu. 1992-ci il fevral ayının 14-də Azərbaycan Respublikasının müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul edilməsini tövsiyə etdi.
BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi. Həmin gün Nyu-Yorkda, BMT-nin mənzil qərargahında Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırıldı. 4 gün sonra isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başladı.
Lakin naşı və başabəla siyasi qüvvələrin hakimiyyət davası, ölkədə yaranmış mürəkkəb hərbi-siyasi durum 1993-cü ilin ortalarına qədər Azərbaycan-BMT əməkdaşlığının birinci mərhələsində qarşılıqlı münasibətlərin qurulması ilə bağlı ciddi tədbirlər görülməsinə mane olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin böhranlı yayında xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra başlayan və 2003-cü ilə qədər davam edən ikinci mərhələdə isə ölkəmizin BMT ilə əlaqələri sahmana salınmış, sistemli xarakter daşımış, ciddi prinsiplərinə əsaslanmışdır. Ulu öndər Heydər Əliyevin titanik səyləri ilə milli dövlətçilik maraqları üzərində qurulmuş xarici siyasət konsepsiyasının işlənilib hazırlanması, çoxistiqamətli diplomatiyanın reallaşdırılması BMT ilə əlaqələri yeni səviyyəyə yüksəltmişdir.
Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz Prezident Heydər Əliyev 1994-cü ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 49-cu sessiyasında çıxış etmişdir. Dünya şöhrətli siyasət və dövlət xadimi Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır. Ümummilli liderin dünyanın ən ali tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdırması BMT-nin Baş katibi Butros Butros Qalinin 1994-cü ilin oktyabrında Azərbaycana səfəri ilə nəticələnmişdir. Məhz bu səfər zamanı Baş katib Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə tanış olmuşdur.
1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş
Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan rəhbəri Heydər
Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə
müraciət etmiş,
mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamışdır. Dövlətimizin başçısı, xüsusilə,
Ermənistanın təcavüzünün
aradan qaldırılması
ilə bağlı beynəlxalq səylərin
artırılması üçün
çağırış etmişdir.
2000-ci ilin sentyabr
ayında isə BMT-də minilliyin sammitində çıxış
edən ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin aradan
qaldırılmasına dair
ölkəmizin mövqeyini
bir daha açıqlamışdır. O zaman dünyamiqyaslı siyasətçi
BMT-nin gələcək
fəaliyyətini daha
da gücləndirmək
məqsədi ilə təşkilatda islahatların
aparılması ideyasını
irəli sürmüş,
bunun zəruri olduğunu əsaslandırmışdır.
Bu müddətdə Azərbaycan həm də BMT-nin müxtəlif orqanları
ilə səmərəli
əməkdaşlıq qurmuşdur.
BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığı,
YUNESKO, YUNİSEF, BVF və digər qurumlarla sıx əməkdaşlıq
edən Azərbaycan dövləti BMT Təhlükəsizlik
Şurası üzvü
olan ölkələrlə
də əlaqələrini
gücləndirmişdir.
Azərbaycanın elə cəsarətli mövqe ortaya qoyması, münasibətlərin
kəmiyyət və keyfiyyət baxımından
yüksəlməsi Azərbaycan-BMT
əməkdaşlığını yeni – üçüncü
mərhələyə qaldırmışdır. 2003-cü ildən başlayaraq bu günə qədər davam edən bu mərhələ
özündən əvvəlki
dövrdə Azərbaycanın
beynəlxalq birlikdə
qazandığı nüfuza
və imicə əsaslanır. Bu mərhələnin əsas
xüsusiyyəti Azərbaycanın,
sadəcə, BMT üzvü
olan ölkədən
BMT-də söz sahibi olan dövlətə
çevrilməsidir. İlk
dəfə Azərbaycan
Respublikasının Baş
naziri kimi 2003-cü ilin sentyabrında BMT Baş Assambleyasının
58-ci sessiyasında çıxış
edən cənab İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin
cərəyan etdiyi dövrdə üzvlər
arasında qarşılıqlı
anlaşılmazlıqların meydana çıxmasına
görə BMT Təhlükəsizlik
Şurasının şəraitə
uyğun çevik və adekvat münasibət göstərə
bilməməsini söyləmiş,
BMT-də islahatların
vaciliyini bəyan etmişdir.
BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini vurğulamış və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür. Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında işğal edilmiş ərazilərdəki vəziyyətlə bağlı qətnamələrin müzakirəsi ilə yaddaqalan olmuşdur.
Azərbaycan Respublikası 2011-ci ildə BMT Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürmüşdür. Azərbaycan seçkilərdə əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şəksiz üstünlük qazanaraq qələbə üçün tələb olunan 129 səsdən də çox – 155 səs toplamışdır. Beləliklə, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə inamlı qələbə qazanmışdır. Bir zaman Şərqdə ilk cümhuriyyət quran Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə kimi də tarixə düşmüşdür.
Beləliklə, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmuşdur. Bu, həm də ölkəmizin beynəlxalq aləmdə çəkisinin artması, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, dövlətimizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsindən xəbər verirdi.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il yanvarın 1-dən başlamış və 2013-cü il dekabrın 31-ə qədər davam etmişdir. Bununla yanaşı, iki il müddətində Azərbaycan növbəyə uyğun olaraq, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması tarixi hadisədir və bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir.
Bununla əlaqədar olaraq ölkə başçısı İlham Əliyev demişdir: “Müstəqilliyimiz dövründə – 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində, ümumilikdə, qurumun 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmişdir.
Ötən 22 ildə Azərbaycan-BMT münasibətləri yüksələn xətt üzrə inkişaf etmiş, ölkəmiz dünyanın ən mötəbər beynəlxalq qurumunun ali kürsüsündən xalqımızın haqq səsini kifayət qədər ucadan səsləndirməyə nail olmuşdur.
Elnur KƏLBİZADƏ
Xalq qəzeti.- 2014.- 2 mart.- S. 3.