Gəncə: Azərbaycanın
ən böyük parkının dünəni
və bu günü
Martın 3-də şəhərdəki Heydər Əliyev Park-Kompleksində ilk ağacların əkilməsindən 35 il ötür
3 mart 1979-cu il. Sanki bütün şəhər bir istiqamətə - Gəncənin Qərb tərəfindəki girişinə - “Quru Qobu” deyilən boş düzənliyə axışır. Göydən yerə lopa-lopa qar ələnir. Havada baharın ətri duyulsa da, qar ara vermir. Hər yer ağ örpəyə bürünüb. Gəncəlilər isə deyə-gülə, əllərində bel, külüng, vedrə, ağac tingləri, gül kolları aparırlar. Deyirdilər ki, indiyədək bu yerlərə insan ayağı dəyməyib, boş düzəngahda gözə dəyən bir kol da yoxdur. Bəziləri də söyləyirdi ki, Gəncənin qəhrəman oğlu Cavad xan məhz elə bu “Quru Qobu”da ruslara qan uddurub, Sisyanovun saysız-hesabsız qoşununu burada pərən-pərən salıb.
Həmin günün mənzərəsi gözlərim önündən getmir. Adamların əhval-ruhiyyəsi, sevinc dolu baxışları, hətta danışıqları indi də yadımdan Park salınır, özü də 300 hektardan çox bir sahədə. Gəncəlilərdə bir ruh yüksəkliyi yaranmışdı. Əvvəla, çoxdan idi bu qədər adam bir yerə toplaşmamışdı. İkincisi, park ölkə rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə salınırdı.
Bu parkın bir özəlliyi də onda idi ki, park müəssisə və təşkilat kollektivləri arasında bölünmüşdü. Yəni hər kollektivin qulluq edəcəyi öz sahəsi vardı. Lövhələr də vurulmuşdu. Parkın ərazisini gəzən hər kəs bilirdi ki, kimin sahəsində vəziyyət necədir, ağaclara necə qulluq olunur və sair. Bu həm də bir növ nəzarətə imkan yaratmışdı. Axı kim istəyərdi ki, onun sahəsində ağaclar qurusun, qonşu sahədə gül-çiçək açsın?!
Bax beləcə illər keçdikcə park böyüməyə başladı. Hər həftə iməciliklər keçirilərdi, ən müxtəlif şəhər tədbirləri təşkil olunardı. Abidələr, heykəllər, büstlər parkın müxtəlif yerlərinə səpələnmişdi. 1980-ci il dekabrın 16-da Heydər Əliyev öz təşəbbüsü ilə yaradılmış parka gəldi və “Mənə çinar tingi gətirin”– deyib ağac əkdi. Əslində, ölkə rəhbərinin bu hərəkəti bütün gəncəlilərə daha bir çağırış idi: yaşıllıq salmaqdan yorulmayın, ondan həzz alın!
İndi bu çinar əzəmətli, qollu-budaqlıdır. Gəncəlilər gələn qonaqlara iftixarla: “Bu parkı Heydər Əliyev saldırıb, çinarı da o əkib”–deyirlər.
Maraqlıdır ki, təxminən 33 il sonra eyni parkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çinar əkdi, dibinə su tökdü, “qollu-budaqlı” olsun dedi.
Ata-oğul, iki çinar və 33 illik bir zaman kəsiyi.
...Təbii ki, park indiki görkəmdə deyildi. İndi sanki başqa
bir aləmdəsən.
Onun ərazisi genişləndirilib,
450 hektara çatdırılıb.
Burada əsas işlər cəmi iki il bundan əvvəl başlayıb. Tam səmimi deyirəm, hər dəfə yoldan keçəndə, torpaq-qazıntı işlərinə
baxanda və digər işlərin gedişini izləyəndə
bədənimdən sanki
bir gizilti keçirdi. Görəsən, belə nəhəng bir işin altından
çıxmaq olacaqmı?
O qədər möhtəşəm
bir işə başlanılmışdı ki,
indi də onu yada salanda
adamı təşviş
bürüyür. Mən burada
çalışanlarla - adi
daşdüzən fəhlədən
tutmuş icra hakimiyyətinin başçısına
kimi hamı ilə tez-tez rastlaşırdım. Sifətləri mis rənginə
çalırdı. Səhərin
gözü açılmamış
hamı iş başında idi. Bir də qaranlıq düşəndən xeyli
sonra evə dağılışırdılar. Amma bir nəfər də olsun “yoruldum”deyən görmədim.
İşlər yekunlaşdıqca adamların sifəti işıqlanırdı. Zarafat deyil,
iki ilə böyük bir kompleks ərsəyə gəlmişdi. Bir də
bu işdə diqqətimi daha çox təşkilatçılıq
və təbii ki, mütəşəkkillik
cəlb etmişdi.
Şəhər icra hakimiyyətinin
başçısı Elmar
Vəliyevin bütün
keyfiyyətləri - təşkilatçılığı,
sadəliyi, zövqlülüyü,
rəhbəri olduğu
şəhərə hədsiz
məhəbbəti və
bağlılığı, bəzən yeri gələndə sərtliyi,
tələbkarlığı, qayğıkeşliyi, bir sözlə, hamısı
üzə çıxmışdı.
Elə bir əhval-ruhiyyə yaradılmışdı
ki, az
qala bütün Gəncə buraya axışırdı. İdarə,
müəssisə və
təşkilatların nümayəndələri
xeyirxah bir işin iştirakçılarına
çevrilmişdilər...
Cəmi iki ilə burada möhtəşəm park kompleksinin salınması və Heydər Əliyev Mərkəzinin yaradılması görünməyən bir işdir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu il yanvarın 21-də (maraqlıdır ki, dövlət başçısı düz iki il əvvəl həmin gün bu kompleksin təməlqoyma mərasimində iştirak edib-H.Q) burada olarkən görülən işləri bir möcüzə adlandırdı: “Yəni, bu, doğrudan da, bir möcüzədir. Əminəm ki, gəncəlilər və şəhərin qonaqları buraya gələrkən buradan ən xoş təəssüratlarla ayrılacaqlar. Belə möhtəşəm layihənin icra edilməsi üçün gəncəlilər çox böyük səylər göstərmişlər, xüsusilə, yerli icra hakimiyyəti və fəallar, Gəncə sakinləri. Bu, doğrudan da, gözəl hadisədir. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm”.
Bəli, ilk ağacların, gül kollarının əkildiyi vaxtdan 35 il ötən keçmiş “Xatirə”, indi isə Heydər Əliyev Park-Kompleksi hazırda öz böyüklüyünə görə dünyadakı 5 parkdan biridir. Azərbaycanda isə yeganədir. Ərazisi 450 hektara çatdırılan parkda daha nələr yoxdur?! Parkın girişində ucaldılan möhtəşəm “Zəfər tağı” bir neçə kilometrdən diqqəti cəlb edir. “Zəfər tağı”nın gözəl bir açıq seyrangahı var. Bura gələn qonaqlar nəinki Heydər Əliyev parkını, həm də bütövlükdə Gəncəni seyr edə bilirlər. Tezliklə burada muzey və kafe də fəaliyyət göstərəcək. Göz işlədikcə uzanan geniş xiyabanda əkilən ağacların, gül kollarının sayı-hesabı yoxdur. Qısa vaxt ərzində yaradılan yaraşıqlı göl, şəlalə parka xüsusi gözəllik gətirib. Bundan başqa park kompleksində müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran “Disneyland” əyləncə mərkəzi də nəzərdə tutulub.
Parkda işlər bu gün də dayanmır. Hazırda gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir. Lakin bu da son hədd deyil.
İndi burada yaxınlıqda Gəncə Olimpiya Parkının tikintisinə başlanıb. Onun təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib, xeyir-dua verib.
Təsadüfi deyildir ki, Bakı Bulvar İdarəsi kimi Gəncədəki park kompleksində 200 nəfərədək işçisi olacaq xüsusi bir idarənin yaradılması nəzərdə tutulub və yaxın günlərdə o, öz həllini tapacaqdır.
Heydər Əliyev Mərkəzi haqqında isə ayrıca danışmağa dəyər. Cəsarətlə deyək ki, bu mərkəz qeyri-adi bir abidədir. Əzəmətinə, orijinallığına, zənginliyinə görə. Bakıda bütün xarici qonaqların, hətta məşhur memarların özlərinin heyran qaldıqları möhtəşəm Heydər Əliyev Mərkəzindən sonra ikinci sırada Gəncədəki mərkəz dayanır. Mərkəzin tikintisinə 2012-ci ildə başlanıldı və bu ilin yanvarında istifadəyə verildi. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli-memarlıq elementləri diqqəti cəlb edir. Mərkəzin səkkizbucaqlı sütunlarla əhatə olunması ona xüsusi əzəmət və orijinallıq gətirir. Burada həmçinin şüşədən müasir günbəz quraşdırılıb və Azərbaycanın xəritəsi əks olunub. Mərkəzdəki Heydər Əliyev muzeyinə gələnlər ulu öndərin keçdiyi şanlı həyat yolu ilə yaxından tanış ola bilirlər. Burada elə nadir sənədlər, fotolar, kitablar, qəzetlər toplanıb ki, əlavə məlumat almaq üçün başqa muzeylərə, arxivlərə müraciət etməyə ehtiyac yoxdur.
İnformasiya-kommunikasiya texnologiyalarının son imkanlarından burada geniş şəkildə, həm də ustalıqla istifadə olunub. Oxu zalı, elektron kitabxana, xarici dil kursları, “İDEA” İctimai Birliyi Resurs Mərkəzi, videokonfrans salonu, digər iclas və konfrans zalları vardır. Akt zalında şəhərin ictimai-siyasi həyatı ilə bağlı yüksək səviyyəli tədbirlər keçirilir. Müxtəlif sahələri əhatə edən dərnəklərin təşkili də göstərir ki, mərkəz daim canlanacaq və hamının diqqəti buraya yönələcəkdir. Ölkə başçısı burada olarkən demişdir: “Möhtəşəm mərkəz ulu öndərin xatirəsinə gözəl abidədir. Burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır”.
...35 il qabaq salınan park özünün yeni bir həyatını yaşayır. Heç kim inana bilməzdi ki, cəmi iki il ərzində bu qədər nəhəng işlər görüləcək, milli-memarlıq üslubuna uyğun binalar, abidələr ucaldılacaq, göllər, şəlalələr, istirahət guşələri, idman-əyləncə meydançaları salınacaq, on minlərlə ağac, gül-çiçək kolları əkiləcək, yollar, səkilər çəkiləcək. Bir sözlə, 30-35 il əvvəlki parkdan əsər-əlamət qalmayıb. İndi haqlı olaraq hər bir gəncəli öz parkları ilə fəxr edərək deyir: “Azərbaycanda yeganə, dünyada isə 5 ən böyük parkdan biri Gəncəmizdədir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bu sözlər onları daha da ruhlandırıb və hədsiz sevindirib: “Mən dəfələrlə demişəm ki, Bakıda və bütün başqa şəhərlərdə ictimai yerlər yaradılmalıdır - parklar, bağçalar, ictimai zonalar ki, insanlar burada öz asudə vaxtlarını keçirsinlər: Bu ictimai yerlərin arasında ən böyüyünü siz yaratmışınız. Ən böyük park, ictimai mərkəz Gəncədədir”.
...Bu günlərdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev böyük iclas salonunda ölkə başçısının sərəncamı ilə mükafatlara, adlara layiq görülmüş bir qrup Gəncə fəalına həmin mükafatları təqdim edirdi. Bir anlıq mənə elə gəldi ki, mükafat alanlardan daha çox Elmar Vəliyev özü sevinir. Çünki Gəncədə işlədiyi 3 il ərzində həmin şəxslərin əsl iş keyfiyyətlərini bir daha üzə çıxardığını, qarşıya qoyulan işlərin, o cümlədən, haqqında söhbət açdığımız parkın ərsəyə gəlməsində çəkilən zəhmətin bəhrəsini görüb sevinirdi.
Amma çıxışını bu sözlərlə yekunlaşdırdı: Təbrik edirəm hamınızı. Lakin ən böyük təbrik, ən böyük minnətdarlıq ölkə başçısı cənab İlham Əliyevə düşür. Onun Gəncə və gəncəlilərə diqqəti, qayğısı içi mən qarışıq hamımızı cəsarətli edib. Gərək bunu unutmayaq.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2014.- 2 mart.- S. 5.