Basqal kəlağayı muzeyi

 

İsmayıllı rayonunun Basqal qəsəbəsi Böyük Qafqaz sıra dağlarının cənub yamacında - Niyaldağ silsiləsinin ətəyində yerləşir. Baş-başa verib, çiyin-çiyinə dayanaraq sanki Basqala keşik çəkən və hündürlüyü 2100 metrə çatan dağlar bu yerlərin əzəmətinin, qüdrətinin rəmzidir.

Təbiət vurğunu olan alimlər Basqalı coğrafi landşaftı, təmiz ab-havası, bumbuz, büllur kimi bulaqları, müalicə və şəfa qaynaqları, yamyaşıl bağları sıx meşələri və səfalı seyrangahlarına görə təbiət muzeyi, gözəlliklər çələngi adlandırmışlar.

Basqal qədim və zəngin tarixə, mədəniyyət və çoxəsrlik ənənəyə malik abidələrimizdən biridir. Bunlar xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi mədəniyyət abidələri - orta əsrlərə aid qalalar, qala divarları, səngərlər, tarixi-memarlıq tikililəri, yazılı daşlar, kürəbənd su və kürəbənd kanalizasiya şəbəkələri, sənətkarlıq məhəllələri, məscid və pirlər, bulaqlar, qədim yol izləri, qəbiristanlıq, hamam, bazar meydanı və başqalarıdır. Bu abidələr xalqımızın mədəniyyətinin, tarixinin bir parçasıdır, neçə-neçə memar və ustanın əməyinin, ağlının tarixə çevrilmiş yadigarıdır. Basqal Azərbaycanın qədim şəhərsalma mədəniyyətinin öyrənilməsi baxımından da çox maraqlı və qiymətli bir abidədir.

Tarix elmləri doktoru, professor Qafar Cəbiyev doğma Azərbaycanımızın zəngin tarixə malik dilbər guşələrindən biri kimi tanınan İsmayıllı rayonu ərazisindəki çoxsaylı abidələrdən, Girdiman dövlətindən, dünya şöhrətli sərkərdə və müdrik hökmdar Cavanşirin hünərindən, bir sıra qədim yaşayış məntəqələrinin uzaq keçmişindən söhbət açaraq yazır ki, Basqalın yerləşdiyi coğrafi ərazinin özü onun erkən çağları barədə istər-istəməz müəyyən təsəvvürlər yaradır. Şamaxı ilə Qəbələni birləşdirən qədim karvan yolunun üstündə olması, ətraf ərazinin 2000-2400 illik, bəzi yerlərdə isə daha qədim tarixə malik abidələrlə (Gürdüvan, Uzunboylar, Nüydü, Lahıc, Qırlartəpə və s.) zənginliyi, bilavasitə ona bitişik ərazidə Xankəndi, FitNiyaldağ abidələrinin mövcudluğu özü-özlüyündə Basqalın da bir yaşayış məntəqəsi olmaq etibarı ilə qədimliyi barədə düşünməyə məntiqi əsas verir. Basqal ətrafı ərazilərdə aparılmış arxeoloji axtarışların nəticələri də alimin bu mülahizələrini təsdiqləyir.

Basqalı məşhur və zəngin edən, hər şeydən əvvəl, onun ipəyi və kəlağayısı olmuşdur. XVIII-XIX əsrlərə aid mənbələrdən məlum olur ki, Basqal bu dövrdə ipək kəlağayı istehsalında nəinki Azərbaycanda, eləcə də bütöv Cənubi Qafqazda mərkəzi mövqe tutmuşdur.

Vaxtilə Azərbaycanı gəzib-dolaşmış Şərqin və Qərbin bütün səyyahları, tacirləri, alimləri öz əsərlərində Basqalın zövqlə işlənmiş ipək parçalarından, zərif kəlağayılarından da bəhs etmişlər.

Basqalda xalq sənətkarlığının, xüsusilə toxuculuğun, ipəkçiliyin, boyaqçılığın keçmiş olduğu tarixi inkişaf yolu barədə ətraflı məlumat toplamaq, eyni zamanda, zəngin kəlağayı istehsalı ənənələrinin təbliği, qorunması və öyrənilməsi məqsədilə kəlağayı muzeyi təşkil edildi. Bu, maraqlı və ibrətamiz bir muzeydir. Burada nümayiş olunan eksponatlar içərisində kəlağayılar üçün əsas bəzək elementləri olan neçə-neçə incə naxışlardan xəbər verən ağac qəlib nümunələri mühüm yer tutur. 

Kiçik stol arxasında orta yaşlı bir kişi ilə tanış olduq. Abbasəli Talıbov idi. Tələsmədən kağız üzərində nəsə çəkirdi. Onun stolunun üstündə cürbəcür alətlər, müxtəlif biçimli ağac parçaları, rəngbərəng karton əlindən yer yox idi. Heç bir xüsusi tədris məktəbini bitirməyən bu adam maraqlı və çətin bir sənətlə məşğuldur. O, Basqal kəlağayılarının naxışlarını yaxşı bilən ustalardan biridir.

Abbasəli Talıb bildirir ki, işlənəcək təsvir və bəzəklər ağacdan hazırlanır. Ancaq işə başlamazdan əvvəl gərək onun eskizini hazırlayasan. Çünki işlədiyin bəzəyin, naxışın hazır eskizi olmasa, bəzəyi adicə təsəvvürlə canlandırmaq çətindir. Bu təsvirlər xüsusi qəliblərə köçürülür. Onlar qəlib ustaları tərəfindən armud ağacından hazırlanır. Həmin qəlibləri hazırlamaq üçünqazacaq” adlı bıçaqla onları yonur və istənilən təsvirləri alırlar. Hər bir kəlağayı istehsalı mərkəzinin də özünəməxsus bəzək çeşniləri və buna müvafiq qəliblər var. Bu təsvirlərin neçə-neçə yüzillik tarixi var və nəsildən-nəsilə keçib bu günümüzədək gəlmişdir. Özündə hələ də çoxlu sayda yozumları gizlədən kəlağayılardakı incə rənglər düzümünü və ilmələrin sirrini bizə usta Abbasəli Talıbov izah edir. O, nəsildən-nəslə keçən bu sənətin incəliklərindən həvəslə söhbət açmaqla, hazırladığı kəlağayı nümunələrinin naxışlarını az qala həzin bir bayatı kimi zümzümə edir: Bu zərif, yaraşıqlı, qırmızı yelənli kəlağayıdır, bu da səkkiz qanadlı ulduz-qızıl gül-çiçək, onların arasında - tən ortada xonçadır, gəlin köçən qızlara şirni aparılan xonça...

Bu basmanaxış sənəti Abbasəli Talıbov üçün ata-babadan yadigardır. O, atası Əlişahdan, o öz atası Talıbdan, o da babası Nağıdan eyni rəngi, təcviri və naxışı görüb-götürüb. Lakin çox hallarda bu təsvirlər olduğu kimi köçürülmür. Bu gün usta Abbasəli xoşa gələsi hansısa rəngi, bəzəyi yeniləşdirir, özünəxas əlavələr edir.

Muzeydə çoxlu zərif saplar, ayrı-ayrı bitkilərdən alınmış qırmızı, qara, sarı, yaşıl, bənövşəyi və s. rəng nümunələri, eyni zamanda, onların müxtəlif çalarları üçün ayrıca rəngab küpləri, boyaqxanada istifadə olunan yardımçı istehsal ləvazimatı nümayiş olunur.

Vaxtilə rəngi solmayan ən yüksək keyfiyyətli boyağı yerli boyaq bitkilərindən alırdılar. Ərazinin boyaq bitkiləri ilə zənginliyi və toxuculuğun yüksək dərəcədə inkişafı Basqalda boyaqçılıq sənətinin geniş yayılması üçün əlverişli şərait yaratmış və o, müstəqil sənət sahəsi kimi inkişaf etmişdir.

Muzeydə al-qırmızı, qızılı, gümüşü, yaşıl və başqa könül oxşayan saplarla, xırda zərif muncuqlarla, daş-qaşla işlənmiş bədii tikmələr, ipək parçalar, geyimlər, bəzək nümunələri, qədim dəzgahların hissələri, bir çox istehsal ləvazimatı və nəhayət, bərli-bəzəkli kəlağayılar nümayiş olunur.

Bu kəlağayılar çeşidli naxışları, tərtibatının gözəl və zənginliyi ilə diqqəti cəlb edir. Kəlağayıların ən gözəl örnəklərinin tarixini özündə yaşadan muzeydə onlarca nəfis kəlağayı nümunələri asılmış, müxtəlif kəlağayı növlərinin adları həkk olunmuşdur. “Heyratı”, “Bəstə-nigar”, “Gəlinlik”, “Qızılı”, “Mixəyi”, “Noxudu”, “Yaşıl-qara”, “Zeytun”, “Bənövşəyi”, “Ağzəmin-zanbağı”, “Ağzəmin-qızılı” və s. muzeyin ən qiymətli eksponatlarıdır. Bu kəlağayı nümunələri bir-birindən fərqlənir, seçilir. Kompozisiyası ilə, əlvanlığı, boyalarının rəngarəngliyi, naxışlarının, bəzəklərinin müxtəlifliyi ilə muzeydəki eksponatlar yalnız XIX əsr və XX əsrin əvvəllərinin məhsuludur. Bu kəlağayıların hər birinin adının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olub.

Hər bir kəlağayının özünəməxsus çeşidləri və buna müvafiq məna daşıyan elementləri vardı. Bolluq və cəsarət rəmzi olan qoç buynuzlu, suyu təmsil edən bəzəklər, sünbül, çinar, gül yarpaq şəkilləri, cürbəcür əlvan butalar (şahbuta, saya buta, xırda buta), həndəsi elementlər və s. həmin kəlağayılara xüsusi gözəllik, yaraşıq verir. Zərif, yaraşıqlı, könül doyuran, göz oxşayan bu rəngləri, bəzəkləri yaradan kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur.

Muzeyin şərəf lövhəsini zaman-zaman bu incə sənətin şöhrətini bütün dünyaya yayan, bununla da Azərbaycana şərəf və başucalığı gətirən el sənətkarlarının şəkilləri bəzəyir: Əliabbas Cəbrayıl oğlu, Kərbəlayı Nəsir Əbdül Əziz oğlu, Məşədi Həbibulla Hacı Abbas oğlu, Hacıbağır Mirzə oğlu, Hacı Ələkbər, Hacıseyid Məhəmməd oğlu və başqaları bu qəbildəndir. Bunlar Basqal kəlağayıçılıq sənətinin mahir biliciləri olublar. Onların əməyi sayəsində basmaqəlib üsulu ilə al-əlvan naxışlanmış Basqal kəlağayılarının zəngin çeşidləri hazırlanıb. Bu kəlağayıların ən gözəl nümunələri XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tiflis və digər beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüblər.

Öz bədii gözəlliyi ilə məşhur olan Basqal kəlağayıları bir sıra sərgilərdə, o cümlədən 1862-ci ildə Londonda təşkil edilmiş beynəlxalq sərgidə də diqqəti cəlb etmişdi. Həmin sərgidə basqallı toxucu Kərbəlayı Nəsir Əbdüləziz oğlunun nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parça gümüş medaladiploma layiq görülmüşdür. Basqalın yaşlı nəslinin nümayəndələri söyləyirlər ki, kəlağayı ustası Londondan qayıdanda demişdir: “İngilis xanımları macal vermədilər ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir anın içində yarmarkada keçirilən satış sərgisində hamısını aldılar. Qaldım mat-məttəl baxa-baxa. Gərək çox aparaydım. Allah qoysa, bu səfər çox apararam”.

 

XIX - XX əsrin əvvəllərində bəzəklərinin, naxışlarının misli-bərabəri olmayan qədim kəlağayı sənətinin mahir ustalarının adları  indi də hörmətlə yad edilir.

Qanovuz, taftas. kimi saya və sadə klassik naxışa malik parça toxunuşunda tanınmış Basqal ustaları olmuşdur. Onlardan Əliabbas Cəbrayıl oğlunu, Hacı Seyid Məhəmməd oğlunu misal göstərmək olar. Əliabbas Cəbrayıl oğluna mənsub olan kəlağayı toxucu karxanası 1886-cı ildən fəaliyyətə başlamışdır. O, bir çox sərgilərdə özünün təqdim etdiyi orijinal toxumaları ilə həmişə fərqlənmiş və mükafatlara layiq görülmüşdür.

Haşiyə. Bir neçə kəlmə də kəlağayı sənəti, onun tarixi, habelə bu sənətin müasir vəziyyəti haqqında.

Yurdumuzu, xalqımızı ucaldan, ona həm şöhrət, həm də qazanc gətirən Azərbaycan ipəyinə dünya bazarında həmişə tələbat olub. Vaxtilə Azərbaycanı gəzib dolaşmış, Şərqin və Qərbin bir çox səyyahları, tacirləri, alimləri öz əsərlərində Bərdə, Şirvan, Şəki, Təbriz və digər şəhərlərin  əla keyfiyyətli ipək parçalarından, Gəncənin zərif ipək baş örtüklərindən bəhs etmişlər. Orta əsrlərdə inkişafının ən yüksək mərhələsinə çatmış ipəkçiliyin, kəlağayı sənətinin əsas mərkəzləri Gəncə, Şamaxı və Şəki olub.

Tədqiqatlardan aydın olur ki, Şamaxıda ipək o qədər çox olmuşdur ki, onun artıq hissəsinin ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən fabriklər tərəfindən alınmasına baxmayaraq, hər il 2000 puddan çoxu Rusiyaya ixrac olunurdu. Azərbaycanda olmuş ingilis səyyahı G.G.Forsterin 1784-cü illərə aid məlumatından məlum olur ki, Şirvandan ildə 400 tona qədər ipək Həştərxana göndərilirdi. Topladığımız ədəbiyyat və etnoqrafik materiallar bizə belə deməyə əsas verir ki, Şirvandan, və konkret olaraq Şamaxıdan göndərilən ipəyin bir hissəsi Basqalın payına düşürdü. Tarixi ədəbiyyata istinadən demək olar ki, XVIII əsrdə Şamaxıda 1500 toxucu dəzgahı olmuşdur və Şamaxının BasqalMücü kəndləri ipək parça istehsalının mərkəzi idi. İpək toxuculuğu ilə  Basqal kəndi xüsusilə fərqlənirdi. Faktlar göstərir ki, XVIII-XIX əsrlərdən başlayaraq ipəkçilik-kəlağayıçılıq sənəti Basqalın iqtisadi həyatının  əsasını təşkil edirdi. Basqal bu dövrdə toxuculuq üzrə Cənubi Qafqazda mərkəzi mövqe tutmuşdur. Basqalın ipəyi, kəlağayısı özünün keyfiyyətinə görə digər xanlıqlarda istehsal olunan ipəkdən üstün tutulurdu.

Basqalda ipəkçiliyin, xüsusilə kəlağayı istehsalının daha yüksək inkişaf səviyyəsinə çatması ilə ticarət də inkişaf etməkdə idi. Burada hazırlanan növbənöv ipək parçaların, xüsusilə qanovuz parçaların, kəlağayıların şöhrəti uzaq ölkələrə də yayılmışdı. Kəlağayıya başqa yerlərdə tələbat get-gedə artdığından hər bir basqallı bütün ili işləyib yığdığı  kəlağayını götürüb üz tuturdu Tiflisə, oradan Batuma, Krıma, Tatarıstana, Rusiyaya, Orta Asiyaya (Aşqabada, Daşkəndə, Buxarayas.), İranabaşqa ölkələrə. Sənətkarların bir çoxu öz mallarını bilavasitə özləri satırdı. Basqal ipəyini, kəlağayısını almaq üçün Avropa ölkələrindən, Rusiyadan tacirlər axışıb gəlirdi. Azərbaycanın ipəyi, ipək parçaları, kəlağayıları buradan alınıb, xaricə beynəlxalq bazara çıxarılırdı.

Onu da xatırladaq ki, kəlağayı (çarçat adlanır) milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlamışdır. Bər-bəzək və naxışla zinətləndirilən, məharətlə hazırlanan kəlağayılar qızlarımızın, gəlinlərimizin, nənələrimizin nurlu simalarını yaraşığa gətirirdi, daha da cazibəli göstərirdi. Xalqımızın şifahi xalq ədəbiyyatı nümunəılərində, dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı, çalma, çarqat haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapmışdır. Onların bəzilərini təqdim edirik:

 

Kəlağayının ucu sarı,

 

Açılır könlüm qubarı,

 

Söylə görüm kimin yarı,

 

Yaxan düymələ-düymələ.

 

                             (Əsli və Kərəm)

 

 

 

Başında herat kəlağayı

 

Hər paltarı darayıdı.

 

Bəşərə bənzətmək olmaz,

 

Göydə mələklər tayıdır.

 

                                 (Aşıq Ələsgər)

 

Hər bir parça və kəlağayı növü basqallıların mənəvi simasını, həyat tərzini, iqtisadi, eləcə də sosial-mədəni yaşamını, bədii təxəyyülünü və estetik zövqünü gözlərimiz önünə gətirir.

Sözarası. Bəs hanı uzun əslərdən bəri təkcə elimizin, obamızın deyil, habelə dünya sərgilərinin də bəzəyi olan, mükafatlara layiq  görülən Basqal kəlağayıları? Onları biz yalnız muzeylərdəmi görməliyik? Muzeydə nümayiş olunan eksponatlar və onların yüksək keyfiyyəti və sənətkarlığı bizi heyrətə gətirdi və xalq bədii sənətimizin bu sahəsinin artıq muzey inventarına çevrilməsinə, yaddaşlardan az qala silinməsinə təəssüfləndim.

İlləri, nəsilləri yola salan ulularımızın bu ulu sənətinin müasir vəziyyəti bizi düşünməyə məcbur etdi. Bunun nəticəsidir ki, kələğayı və bədii tikmə sənətinin, boyaqçılığın və digər xalq sənəti sahələrinin  bir sıra gözəl ənənələri aradan çıxır, onlarla məşğul olan adamlar isə öz peşələrini dəyişməli olurlar. Buna görə də yaşlı nəslin nümayəndələri haqlı olaraq kəlağayıların yoxa çıxmasını ürək ağrısı ilə qarşıladı. Basqalın qocaman sakini, ziyalısı Miryavər Hüseynovun söhbətindən məlum olur ki, Basqalda əhalinin güzəranının  əsas mənbəyi olan  3 toxucu sexi tamamilə dayanmışdır. İşıqlı, abad, geniş zallarda müasir texnikanın son sözü ilə qurulmuş 100-dən çox toxucu dəzgahı, maşınlar, boyaqxanalar ölüm sükutuna qərq olmuşlar. Bunun nəticəsidir ki, respublikamızın mağazalarında kələğayını “gördüm” deyən yoxdur.

Vaxtilə məşhur olan, böyük şöhrət qazanan Basqal kəlağayısı, ipəyi, qanovuz parçaları, allı-güllü yorğan üzləri, bədii tikmələri yaxşı olardı ki, bu gün də məişətimizdə geniş yayılaydı.

 

Tofiq BABAYEV,

 

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2014.- 2 mart.- S. 6.