“Xalq
Bank”ın yeni layihəsi
Xalq rəssamı Mikayıl
Abdullayevin əsərlərindən ibarət kitabın təqdimatı
oldu
“Xalq Bank”ın həyata keçirdiyi “Xalq əmanəti” layihəsinin sayca onuncu–yubiley buraxılışı Azərbaycan SSR Dövlət Mükafatı laureatı, SSRİ xalq rəssamı, Beynəlxalq Cəvahirləl Nehru Mükafatı laureatı, böyük Azərbaycan rəssamı Mikayıl Abdullayevin (1921-2002) həyat və yaradıcılığına həsr olunmuş nəşri ötən gün ictimaiyyətə təqdim edildi.
Təsviri sənətimizin inkişafında mühüm xidmətləri olan böyük sənətkarın rəngkarlıq və qrafika janrında yaratdığı əsərlər incəsənətimizin çox qiymətli səhifələrini təşkil edir. Mikayıl Abdullayev yaradıcılığının dünyanın bir çox ölkələrinin muzeylərində dəyərli eksponat kimi saxlanılan nümunələri milli mədəniyyətimizin ən gözəl örnəklərindən hesab edilə bilər. Onun əsərlərində Azərbaycanımızın əsrarəngiz təbiəti, şanlı tarixi, milli-mənəvi dəyərləri böyük məharətlə təsvir olunub. Sevindirici haldır ki, Mikayıl Abdullayevin yaratdığı məktəbin yetirmələri olan onlarca sənətkar bu gün milli rəssamlıq sənətimizin inkişafına layiqincə xidmət edir.
“Xalq bank”ın baş ofisində keçirilən tədbirdə tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə əvvəlcə rəssamın əsərlərindən ibarət sərgiyə baxış oldu. Tədbirin aparıcısı Yusif Günaydın görkəmli rəssamın həyat və yaradıcılığı barədə qısa məlumat verdi. Bildirdi ki, onun yaradıcılığında müxtəlif mövzular əhatə edilsə də, hər biri özünəməxsusluğu ilə seçilir.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov rəssamın təbiət lövhələrini böyük məhəbbətlə işlədiyini dilə gətirdi. Onun sözlərinə görə, bu əsərlər həm də Azərbaycan təbiətinin ecazkar təsviridir.
Azərbaycan Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli bildirdi ki, Azərbaycanın ən böyük silahı məhz onun mədəniyyətidir. Bu baxımdan görkəmli rəssamın əsərləri ön yerdə dayanır. Mikayıl Abdullayevin əsərlərindən ibarət kitabın nəşrini yüksək qiymətləndirən natiq buna görə “Xalq Bank”ın rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Xalq rəssamı Arif İbrahimov, AMEA-nın müxbir üzvü Teymur Kərimli, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu və digər çıxışçılar Mikayıl Abdullayevin əsərlərinin təsviri sənətimizdə qoyduğu izlərdən danışaraq və “Xalq Bank”ın təşəbbüsü və layihəsi ilə reallaşan kitabı yüksək qiymətləndirdilər.
Qeyd edək ki,
rəssamın əsərlərindən ibarət kitab layihəsinin müəllifi Rafiq Həşimov, tərtibçisi Emin Məmmədov, mətnin müəllifi Şirin Məlikova, redaktoru
isə Səlim Babullaoğludur. Kitab iki variantda–Azərbaycan- rus və Azərbaycan-ingilis
dillərində nəşr
olunub.
Rəssamın yaradıcılığında “Mingəçevir işıqları”, Hindistan
mövzusunda silsilə
əsərlər, “İstanbul.
Sahil”, “Rəqqasə Əminə Dilbazinin portreti”, “Səməd Vurğunun portreti”, “Dramaturq Cəfər Cabbarlının portreti”,
“Mirzə Fətəli
Axundovun portreti”, “Natəvanın portreti”, “Nəsiminin məhkəməsi”
və s. əsərlər
önəmli yer tutur.
Metronun Nizami stansiyasının tərtibatında istifadə
edilən “Xəmsə”
mövzusunda işlənmiş silsilə mozaik əsərlər Mikayıl
Abdullayevin istedadının
başqa bir tərəfini də tamaşaçıya təqdim
edir.
Kitabda rəssamın çəkdiyi
portretlər, xarici ölkələrə səfərlərindən
təsirlənərək yaratdığı
əsərlər, təbiət
lövhələri və
s. mövzularda əsərləri
yer alır.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2014.- 2 mart.- S. 6.