İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması

 

Bu gün Azərbaycanda  insan kapitalının inkişafı, uşaqların  müasir bilik və bacarıqlara yiyələnməsinin reallaşdırılması prioritet istiqamətlər sırasında mühüm yer tutur. Çünki insan kapitalının inkişafı ölkə iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası prosesində ən mühüm şərtlərdən biri kimi  təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Respublikamızda son 10 ildə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Sözügedən sahənin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Göstərilən dövrdə  şəhər və rayonlarda  2700 məktəb inşa olunmuşya əsaslı təmir edilmişdir. Bununla da 1 milyondan çox şagirdin təhsil almaq şəraiti yaxşılaşdırılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.

Lakin bütün bunlarla yanaşı, Azərbaycan  təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi ehtiyac vardır. Başqa sözlə, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi zəruridir.

Təhsil sistemində mühüm önəm daşıyan məsələlərdən biri istedadlı uşaqlara qayğı və  diqqətin daha da artırılmasıdır. Mütəxəssislərin fikrincə, bununla bağlı  xüsusi inkişaf proqramlarının hazırlanması diqqət mərkəzində saxlanılmalı, müvafiq tədbirlər həyata keçirilməlidir. Problemin həllinin aktuallığını əsaslandırmaq üçün diqqəti bəzi məqamlara yönəldək. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki,  təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir şagirdin cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyietik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Elə buna görə də dahi rəhbərin hələ 1999-cu il iyulun 29-da imzaladığı fərmanla  təsdiq olunan “Azərbaycan Respublikasında Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nda təhsil, gənclər, idmanturizm nazirlikləri qarşısında istedadlı uşaqların  üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması mühüm vəzifə kimi qarşıya  qoyulmuşdur.

Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələyə xüsusi önəm verilmişdir. Konsepsiyada qeyd edilmişdir ki, 2013-2020-ci illərdə ölkədə dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatının yaxşılaşdırılması ilə yanaşı, müxtəlif mülkiyyət formasına (bələdiyyə, icma, özəl, ailə bağçaları) aid olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcəkdir. Adı çəkilən sənəddə təhsil proqramları və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsi, şagirdlərin idrak fəallığını ləngidən “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin gerçəkləşdirilməsi məqsədilə sistemli tədbirlər görülməsi də  nəzərdə tutulmuşdur. Eyni zamanda, konsepsiyada  tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunması, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılması da öz aydın ifadəsini tapmışdır.

Şagirdlərin uğurlarının  obyektiv qiymətləndirilməsinə imkan verən sistemin formalaşdırılması üçün məktəbdaxili qiymətləndirmə sahəsində aparılan islahat tədbirlərinin davam etdirilməsi də şübhəsiz ki, istedadlı uşaqların üzə çıxarılmasına, inkişafına, gələcəkdə mühüm uğurlar qazanmalarına müsbət təsir göstərəcəkdir.

Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiqlənən  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  isə bildirilir ki,   təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişafı diqqət mərkəzində saxlanılmalıdır.

Yuxarıda qeyd edilənlər istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması zərurətini qarşıya mühüm vəzifə kimi qoyur. Mütəxəssislər bildirirlər ki, sözügedən inkişaf proqramlarında  təhsilin məzmunu məsələsi diqqət mərkəzində saxlanılmalıdır. Bu məqam sözügedən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da öz aydın ifadəsini tapmışdır. Həmin sənəddə göstərilir ki, beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır. Çünki inkişaf etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının yüksəldilməsi xüsusi vurğulanır.

Pedaqoji elmlər doktoru Firudin İbrahimovun sözlərinə görə, belə proqramlarda ilk növbədə istedadlı uşaqların özünəməxsus psixoloji xüsusiyyətləri və cəmiyyətin onlara sosial sifarişi nəzərə alınmalı, uşaqların istedadının növü əsas götürülməli, müəyyən sahələrdə zəruri bilik, bacarıq və vərdişlərin formalaşdırılması, təfəkkür və şəxsiyyət keyfiyyətlərinin inkişaf etdirilməsi  mühüm amil sayılmalıdır.

İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanarkən bir neçə digər cəhətə də xüsusi önəm verilməlidir. Birincisi, istedadlı uşaqların orta təhsil çərçivəsində bütün fənlərə dair bilikləri mənimsəmək zəruriliyi nəzərə alınmalıdır. Lakin onların istedadlı olduqları sahə və konkret təhsil məqsədlərilə bağlı  bu biliklərin həcmi, məzmunu və s. fərqli ola bilər. Burada bir məqam da diqqət çəkməlidir. Bu, təhsilin əsas məqsədlərindən biri kimi istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkarlanmasının, inkişaf etdirilməsinin və peşə fəaliyyətində reallaşdırılmasının təmin edilməsidir. Çünki  cəmiyyət müasir problemlərin həllini əsasən məhz belə  uşaqlardan gözləyir. Ona görə də onların   vaxtında aşkarlanaraq inkişafının təmin edilməsinə istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarında təlimin prioritet məqsədlərindən biri kimi yanaşılmalıdır.

F. İbrahimovun qənaətincə,  istedadlı uşaqların maraq dairələri daha geniş olduğundan onların heç də hamısı ilkin dövrlərdə konkret fəaliyyət sahəsinə xüsusi diqqət yetirmir. Ona görə də onların bu mərhələdə ayrı-ayrı fənləri dərinləşdirilmiş formada öyrənmələri erkən və “məcburi” ixtisaslaşmaya səbəb ola bilirümumi inkişafa xələl gətirir. Ümumiyyətlə, daim çətinləşməyə və həcmin genişlənməsinə yönəlmiş proqramlar uşaqların gərginliyinə, psixifiziki halsızlığına təsir göstərir. İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanarkən bu cəhət nəzərə alınmaqla belə halların qarşısını almaq mümkündür.

Sözügedən  proqramlar hazırlanarkən, eyni zamanda, məzmunu zənginləşdirilmiş təlim yanaşması da önə çəkilməlidir. Başqa sözlə, ənənəvi mövzulardan kənara çıxmaya, digər mövzularla, problemlərlə və fənlərlə əlaqələndirməyə xüsusi yer verilməlidir. Bu zaman təlim elə qurulmalıdır ki, uşaqların istedadlarına uyğun xoşladıqları fəaliyyətlə sərbəst  məşğul olmağa xeyli vaxtları qalsın. Ümumiyyətlə, zənginləşdirilmiş yanaşma uşaqlara əqli fəaliyyətin müxtəlif metodlarının öyrədilməsini və təşəbbüskarlıq, özünənəzarət, tənqidçilik, geniş elmi dünyagörüşü kimi keyfiyyətlərin formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşmada həm də təlimin fərdiləşdirilməsi və differensiallaşdırılması metodları uğurla tətbiq edilə bilər.

F. İbrahimov bildirir ki,  sözügedən  proqramda problemləşdirilməyə əsaslanan təlim prinsipinə də   üstünlük verilməlidir. Yalnız belə halda şagirdlərdə  şəxsiyyətin inkişafının stimullaşdırılması, təlimin orijinal izahlardan istifadə edilməsi, məlumatların yenidən nəzərdən keçirilməsi, yeni mənaların, fərqli şərhlərin axtarılması mümkündür. Başqa sözlə, bu, şagirdlərin öyrənilən məsələlərə fərdi yanaşmalarını və şüurlarının refleksiv planda formalaşmasını asanlaşdırır.

Sözügedən inkişaf proqramları hazırlanarkən paralellərin qruplaşdırılması forması kimi mühüm bir məqam da diqqət mərkəzində saxlanılmalıdır. Bu, o deməkdir ki,  eyni yaşda olan məktəblilər hər bir fənn üzrə imkanları baxımından müxtəlif şəkildə qruplaşırlar. Yəni, bir şagird müəyyən bir fənn üzrə qabaqcıl qrupda, digər bir fənn üzrə isə adi sinifdə məşğul ola bilər. Bu zaman bütün paralellər üzrə eyni bir fənnin dərsləri eyni vaxtda keçirilir və hər bir fənn üçün şagirdlər yenidən qruplaşdırılır. Belə təlim formasının bütün səviyyədən olan uşaqlar üçün səmərəliliyi onun əsas üstünlüyüdür. Uşaqların çoxsaylı müxtəlif qruplara qoşulmaları onların sosiallaşması prosesinə müsbət təsir göstərir.

Pedaqoq alimin fikrincə, proqramda nəzərə alınmasına zəruri  ehtiyac duyulan məsələlərdən biri paralellərdən istedadlı uşaqlar qrupunun seçilməsidir. Bu halda hər paraleldən daha qabiliyyətli 4-8 uşaq seçilərək əlavə 15-20 şagird olan bir sinfə yerləşdirilir və istedadlı uşaqlarla digər uşaqların təlimi belə siniflərdə paralel aparılır. Burada xüsusi hazırlığa malik olan müəllim tərəfindən istedadlı uşaqlara çətinləşdirilmiş və zənginləşdirilmiş proqram təklif edilir. Belə təlim forması hər iki şagird qrupunun, xüsusilə də istedadlı uşaqların akademik uğurlarının yüksəlməsinə təsir göstərir.

Sözügedən formaya daha bir nümunə növbəli təlimdir. Belə təlim forması müxtəlif yaş qruplarına aid olan istedadlı uşaqların təlim prosesində dövri olaraq müəyyən müddətə qruplaşdırılmasını nəzərdə tutur. Bu, istedadlı uşaqların öz yaşıdları və yaşca onlardan fərqlənən digər istedadlarla ünsiyyətdə olmalarına, eyni sahədə istedadı olan uşaqlarla özlərini müqayisə etməyə, öz  vəziyyətlərini qiymətləndirməyə və s. imkan verir.

İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarında ümumi təhsilin son mərhələlərində istedadlı uşaqların seçdikləri peşəyə uyğun universitet səviyyəsində məşğul olmaq imkanı yaradılmasını nəzərdə tutan  məqamlar da öz ifadəsini tapmalıdır. Bunun son nəticədə akademik uğurlara, sosial vərdişlərə, özünüqiymətləndirməyə müsbət təsir göstərəcəyi şübhəsizdir.

Sabirabad rayonundakı M.Daşdiyev adına Muradbəyli kənd tam orta məktəbin təcrübəli müəllimi, pedaqoji elmlər namizədi Abdulla Mahmudovun sözlərinə görə, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanarkən, ilk növbədə,  uşaqların erkən yaş dövründə inkişafını sürətləndirmək üçün  səmərəli təhsil modeli əsas götürülməlidir. Bundan başqa, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan məqamlar diqqət mərkəzində saxlanılmalıdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 4 mart.- S. 5.