AMEA-da akademik
Tofiq Köçərlinin 85 illik yubileyinə həsr
olunmuş elmi konfrans və alimin kitablarının təqdimatı
keçirilmişdir
Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli tarixçi alim, akademik Tofiq Köçərlinin 85 illik yubileyinə həsr olunmuş elmi konfrans və kitablarının təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbiri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova açaraq Tofiq Köçərlini görkəmli tarixçi alim, akademik, ictimai-siyasi xadim, pedaqoq, parlaq şəxsiyyət, gözəl insan kimi xarakterizə etmişdir.
Konfransda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev “Akademik Tofiq Köçərlinin ”Qarabağ" monoqrafiyası" mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, XX əsrin ikinci yarısı - XXI əsrin əvvəllərində Cənubi Qafqazın, o cümlədən Azərbaycanın, xüsusilə Qarabağın tarixi, siyasi, fəlsəfi, hüquqi, iqtisadi və mədəni aspektlərinə dair istər dünyada, istərsə də respublikamızda çoxsaylı əsərlər yazılmışdır. Bunların sırasında öz layiqli yerini tutan əsərlərdən biri də akademik Tofiq Köçərlinin “Qarabağ” monoqrafiyasıdır. Əsər Azərbaycanın müstəqilliyini gözü götürməyənlərə, əyalətçilik xülyasından ayılmaq istəməyən tarixi saxtalaşdıranlara qarşı akademikin ittihamları ilə başlanır.
Tədbirdə Tofiq Köçərlinin “Naxçıvan: uydurmalar və tarixi həqiqətlər” adlı əsərinə bir baxış" mövzusunda məruzə ilə çıxış edən tarix elmləri doktoru Əliağa Məmmədli alimin böyük elmi axtarışlarından geniş söhbət açmışdır.
Məruzədə vurğulanmışdır ki, akademik Tofiq Köçərli məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyəti dövründə hər hansı problemlə bağlı təkcə tövsiyə, məsləhət verməklə kifayətlənməmiş, onun həlli üçün böyük işlər görmüşdür. Azərbaycan ictimaiyyəti görkəmli alimin Qarabağ probleminə dair çoxsaylı məqalələrini və dəyərli monoqrafiyalarını yüksək qiymətləndirir. Eyni zamanda, unutmaq olmaz ki, Tofiq Köçərli Azərbaycan tarixçiləri arasında Naxçıvan probleminə, bu əraziyə erməni iddialarına daim diqqəti cəlb edən birinci alimlərdəndir. Akademikin 1993-cü ildən başlayaraq bu məsələlərə dair çoxlu məqalələri çap olunmuşdur. Nəhayət, bütün bu işlərin məntiqi yekunu kimi, 2005-ci ildə onun “Naxçıvan: uydurmalar və tarixi həqiqətlər” adlı əsəri işıq üzü görmüşdür.
Məruzələr ətrafında akademik Teymur Bünyadov, professor İzzət Rüstəmov, dinşünas alim Rafiq Əliyev, tarix elmləri doktoru Xəlil Köçərli və başqaları çıxış edərək Tofiq Köçərlinin böyük elmi axtarışlarından, Azərbaycan elminə verdiyi əvəzsiz töhfələrdən, onun yüksək insani keyfiyyətlərindən və vətəndaşlıq mövqeyindən geniş söhbət açmışlar.
Tədbirin təşkilatçılarına və iştirakçılarına ailələri adından minnətdarlığını bildirən Qabil Köçərli atasının yenidən nəşr olunan əsərlərini tariximizin öyrənilməsi, Azərbaycanın haqq işinin dünyaya çatdırılması baxımından əvəzsiz mənbə hesab etmişdir.
Sonda akademikə həsr edilmiş “Ailə albomu” filmi nümayiş olunmuşdur.
Bu ekran əsərində böyük alimin həyat
yolu fotoşəkillərin dili ilə bir daha
tamaşaçılara çatdırılmışdır.
Xalq qəzeti.- 2014.- 5 mart.- S. 4.