Azərbaycan diasporu – Vətənin xaricdə layiqli təmsilçiləri
Qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor quruculuğu sahəsində daha genişmiqyaslı fəaliyyət göstərilməsini zərurətə çevirir. Dünya azərbaycanlılarının yalnız beşdə birinin Azərbaycanda yaşadığını nəzərə alsaq, onda inamla deyə bilərik ki, diasporumuz böyük potensiala malikdir. Vətəndən xaricdə yaşayan azərbaycanlıların sayı on milyonlarla ölçüldüyü kimi, onların sərmayəsi də on milyardlarla ölçülür. Bu, həm iqtisadi, həm də siyasi cəhətdən böyük qüvvədir. Ona görə də bu qüvvənin cəmləşdirilməsi, onların Azərbaycan Respublikası ətrafında birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyada 450-dək Azərbaycan diaspor təşkilatlarının olması da göstərir ki, bu istiqamətdə çox əhəmiyyətli addımlar atılmışdır.
Ekspertlərin də qeyd etdiyi kimi, diaspor hərfi mənada “dağılma”, “səpələnmə” demək olsa da, hər millətin, xalqın Vətəndən ayrılması, dünyaya səpələnməsi diaspor yaratmır. Məsələn, dünyaya ən çox səpələnən xalqları çinlilər və ərəblərdir, ancaq heç bir ölkədə ərəb, ya da çin diasporu yoxdur. Diasporun meydana gəlməsi, yaranması üçün birinci əsas şərt Vətəndən kənarda yaşayanların doğma yurda bağlı olması, onun problemləri ilə yaşamasıdır. Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideya var — bu, azərbaycançılıqdır. Əgər biz ulu öndər Heydər Əliyevin yaratdığı bu ideologiyanı daim yaşatsaq, inkişaf etdirsək, onun əsasında birləşsək böyük uğurlar qazana bilərik.
Azərbaycançılıq öz milli mənsubiyyətini, adət-ənənələrini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Biz dünyaya inteqrasiya ediriksə, deməli, bizim mənəvi dəyərlərimiz də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Doğrudur, insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarsın. Amma dünyada eyni zamanda, assimlyasiya – millətlərin qaynayıb-qarışması prosesi də gedir. Odur ki, ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə edirdi: “Azərbaycanlılar gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.
Respublikamızın müstəqilliyini bərpa etdikdən sonrakı dövrə nəzər salanda görürük ki, diaspor təşkilatları daha da güclənmiş, mütəşəkkil bir qüvvəyə çevrilmiş, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənmiş, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra uğurlar əldə olunmuşdur. Bundan başqa, xaricdəki soydaşlarımıza və cəmiyyətlərimizə hər mənada dayaq olan Azərbaycan Respublikasında aparılan davamlı və ardıcıl sosial-iqtisadi islahatlar nəticəsində qeyd olunan sahələrdə ciddi nailiyyətlər qazanılmış, demokratik cəmiyyət formalaşmış, siyasi münasibətlər sistemi təkmilləşmiş, dövlət idarəçiliyində müasir metodların tədbiqi müsbət nəticələrini vermiş və bütün bunların fonunda beynəlxalq aləmdəki nüfuzumuz xeyli artmışdır. Bu da Azərbaycan diasporunun daha səmərəli fəaliyyət göstərməsi üçün münbit şəraitin yaranmasına zəmin hazırlayır.
Ölkəmizdə keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edən diaspor təşkilatlarımızın nümayəndələrinin sayındakı davamlı artım Azərbaycan diasporunun sıralarının durmadan genişlənməsindən xəbər verir. Əgər 2001-ci il mayın 23-də Dünya Azərbaycanlılarının I Qurultayında 36 ölkədən 406 nümayəndə iştirak edirdisə, 2006-cı il martın 16-da keçirilən qurultaya 49 ölkədən 593 nümayəndə və 388 nəfər qonaq qatılmışdı. 2011-ci il iyulun 5-də baş tutan III qurultaya isə 1272 nümayəndə gəlmişdi. Bu mötəbər mərasimdə 42 ölkədən 579 nümayəndə iştirak etmişdi. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç Krallığı, Niderland, İsrail, Özbəkistan, Fransa, Böyük Britaniya, Kanada daha çox nümayəndə ilə təmsil olunurdu. Bundan əlavə, qurultaya xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin 182 rəhbəri də qatılmışdı.
Xaricdəki Azərbaycan cəmiyyətlərinin say çoxluğu sevindirici hal olsa da, bəzi reallıqları da diqqətdən qaçırmamalıyıq. Reallıq isə bundan ibarətdir ki, hər hansı bir ölkədə diaspor təşkilatlarının sayının çoxluğu, heç də onların ictimai rəyə təsir imkanlarının kifayət qədər çox olmasından xəbər vermir. Belə hallarda gücü birləşdirmək, birlikdə hərəkət etmək və pərakəndəliyə son qoymaq lazımdır. Yəni az, ancaq güclü təşkilatların olması dövrün tələbidir. Bunun üçün əgər bəzi cəmiyyətlər arasında ziddiyyətlər, anlaşılmazlıqlar, problemlər varsa, onlar qısa zamanda aradan qaldırılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulamışdır ki, bizim gücümüz birliyimizdədir. Ölkəmizin rəhbəri bəzi xarici ölkələrdəki cəmiyyətlərimizin səfirliklərimiz və konsulluqlarımız ilə əlaqələrinin zəif olmasının yolverilməzliyini də bildirmiş və tövsiyə etmişdir ki, belə hallarda məsələ dərhal həll olunmalı, həmrəylik təmin edilməlidir.
Xaricdəki soydaşlarımızın yaşadıqları ölkənin ictimai-siyasi proseslərində fəallıq göstərməsi də respublikamız üçün önəm kəsb edir. Çünki bununla onlar həmin ölkələrdə nüfuz qazanmış, mövqelərini möhkəmləndirmiş olurlar. Sevindirici haldır ki, Azərbaycan ziyalıları yaşadıqları dövlətlərdə bu sahədə bir sıra uğurlara imza atmışlar. Hazırda Türkiyə, Gürcüstan, Estoniya və digər ölkələrin parlamentlərində azərbaycanlı millət vəkilləri var. Lakin, təbii ki, bu, bizi tam qane edə bilməz. Diasporumuzun ictimai-siyasi proseslərə təsir etmək imkanına malik amilə çevrilməsi üçün görüləcək işlər hələ çoxdur. Azərbaycanlılar ilk növbədə yaşadıqları cəmiyyətlərdə təkcə fərdi şəkildə deyil, təşkilatlanmış qurum, ictimai institut olaraq ciddi etimad qazanmağa müvəffəq olmalıdırlar. Buna nail olduqdan sonra biz xarici ölkələrin parlamentlərində, dövlət təşkilatlarında, siyasi partiyaların rəhbərliyində daha çox soydaşımızı görə biləcəyik. Eyni zamanda, azərbaycanlılar siyasi proseslərdə, xüsusilə, seçkilərdə fəal rol oynamalıdırlar ki, siyasi partiyalar onların səsini qazanmaq üçün müəyyən addımlar atsınlar, sözün yaxşı mənasında bu səs uğrunda mübarizə aparsınlar. Bəzi ölkələrdə biz bunun ilkin simptomlarını görürük. Lakin daha çox işləmək, cəmiyyətə daha sıx inteqrasiya etmək ehtiyacı duyulur. Belə hesab edirik ki, xaricdəki soydaşlarımız zamanla bu vəzifənin də öhdəsindən gələ biləcəklər.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkəmizin milli maraqlarının müdafiəsi işində nisbətən fəal iştirak edirlər. Bu məsələdə Azərbaycan dövlətinin dəstəyi də xüsusi rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, keçən il xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların cəmiyyətə inteqrasiyası və milli maraqlarımızın müdafiəsinə cəlb olunması, respublikamız ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətində 472 tədbir həyata keçirilmişdir. Ölkəmizdə baş tutan tədbirlər də bu baxımdan önəmlidir. Keçən il may ayının 7-8-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq əhəmiyyət daşıyan Cənubi Qafqaz Forumu keçirilmişdir. Forumda Madrid Klubunun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın müxtəlif ölkələrindən olan 300-dən çox ekspert, yüksək səviyyəli rəsmilər, sabiq dövlət və hökumət başçıları, alimlər, Azərbaycan diasporunun aparıcı nümayəndələri iştirak etmişdir. Keçən il iyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumu keçirilmişdir. Forumun işində dünyanın 44 ölkəsindən 446 nümayəndə iştirak etmişdir. Tədbirdə türkdilli xalqların xaricdəki cəmiyyətləri arasında əlaqəli fəaliyyətinin əhəmiyyəti vurğulanmışdır. Bütün bunlar Azərbaycan diasporunun daha genişmiqyaslı fəaliyyəti üçün şərait yaradır.
Bu gün Azərbaycan diasporu Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktları barədə beynəlxalq təbliğat kampaniyalarını yüksək səviyyədə təşkil edir. Bu mənada diasporumuzun əsas fəaliyyət istiqamətlərindən biri də Xocalı soyqırımının dünya ölkələri tərəfindən rəsmi şəkildə tanınmasına nail olmaqdır. Bu səpkidə fəaliyyətin nəticəsidir ki, keçən il ABŞ-ın Nyu-Meksiko, Arkanzas, Oklahoma, Tennensi, Pensilvaniya və digər ştatları Xocalı soyqırımını rəsmən tanımışdır. Bu ilin fevral ayında isə Honduras Azərbaycan ərazilərinin işğalını və Xocalı soyqırımını tanıyan 333-2013 saylı qərar qəbul etdi. Keçən il yanvarın 26-da Amerika Azərbaycanlılarının Şəbəkəsi (USAN) və ABŞ-da yaşayan azərbaycanlılar Prezident Barak Obama Administrasiyasının Xocalı qətliamını və müharibə cinayətlərini, eləcə də faciə qurbanlarını tanıması məqsədilə Ağ evin rəsmi veb-səhifəsində petisiya yerləşdirmişdilər. Ümumiyyətlə, Xocalı soyqırımının 22-ci ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində başlanmış “Xocalıya ədalət!” kampaniyasının uğurla getməsi və faciə qurbanlarının anım mərasimlərinin yüksək səviyyədə baş tutması, lazımi məqamlarda erməni lobbisinə qarşı ciddi mübarizə aparılması bir daha onu göstərdi ki, xaricdəki Azərbaycan cəmiyyətləri artıq mütəşəkkil qüvvəyə çevrilməkdədirlər.
Rauf
KƏNGƏRLİ
Xalq qəzeti.- 2014.- 5 mart.- S. 4.