Tarixin daş yaddaşı - İçərişəhər

 

Hər bir azərbaycanlının qürur mənbəyi, milli-mədəni sərvətimiz olan İçərişəhər açıq səma altında  muzeydir. Yüzlərlə tarixi abidəni özündə cəmləşdirən bu qədim məkan, eyni zamanda, dünya sivilizasiyasının mərkəzlərindən biri, Azərbaycan xalqının dərin ənənələrə söykənən dövlətçilik quruluşunun simvolu, keçmişdə qüdrətli Şirvanşahlar dövlətinin paytaxtıdır. İçərişəhər müasir Bakının mərkəzində qala divarları ilə əhatələnmiş qədim şəhər, yaşayış massivləri və özünəməxsus infrastrukturu ilə canlı tarixdir. Qədim  şəhər bu  gün hansı  qayğılarla yaşayır, bu tarixi məkanın  qorunub gələcək nəsillərə çatdırılması üçün hansı  işlər görülür? İçərişəhərlə bağlı bu və digər suallarımızı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi  Samir Nuriyev cavablandırır.

Samir müəllim, İçərişəhər qədim tarixə malik olsa da, qoruq idarəsi bir neçə ildir yaranıb. Onun  hansı zərurətdən yaranmasından söz açmanızı xahiş edirik.

– 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə İçərişəhər qoruq elan olunmuşdur. Ümummilli liderimizin artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtda isə 2000-ci ildə İçərişəhər YUNESKO-nun Dünya Maddi İrs Siyahısına salınmışdır.

2000-ci ildə Bakıda baş vermiş zəlzələnin, habelə İçərişəhərin qorunması və idarə olunması üzrə vahid idarəetmə sisteminin təkmil olmaması səbəbindən irəli gələn urbanistik inkişafın mənfi təsirinin nəticələri əsas gətirilərək 2003-cü ildə İçərişəhər YUNESKO-nun təhlükədə olan dünya irsi abidələrinin sırasına daxil edilmişdir.

Məhz bu qədim tarixi abidə kompleksinin qarşısında duran təhlükənin tezliklə aradan qaldırılması və onun yüksək səviyyədə qorunub saxlanması məqsədilə 2003-cü ilin fevralın 17-də ulu öndər Heydər Əliyev lBakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalamışdı. O vaxtdan burada bütün yeni tikinti işləri dayandırılmış, qədim şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməsinə başlanılmışdı.

İki il sonra, 10 fevral 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılması haqqında” sərəncam və 2007-ci il 16 may tarixdə idarənin aktiv fəaliyyətə başlaması üçün əsas olan “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatın işçilərinin say həddinin müəyyən edilməsi barədə" fərman imzalamışdır. Bununla cənab Prezident mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə əks etdirən İçərişəhərin idarə edilməsinin unikal sistemini yaratdı. Dövlət başçısının bu prinsipial yeni baxışı - analoqu olmayan idarəetmə modeli  - İçərişəhərin qorunması üçün yeni stimul verdi. Eyni zamanda, bu model YUNESKO-nun Dünya İrs Mərkəzinin ekspertləri tərəfindən də uğurlu bir nümunə kimi qəbul edilmişdir.  Bu gün idarə öz fəaliyyətini məhz İçərişəhərin canlı tarixi şəhər formasında qorunub saxlanması və inkişaf etdirilməsi strategiyasına uyğun istiqamətdə həyata keçirir.

Qoruğun mühafizəsi, bərpası, arxeoloji işlərin aparılması məsələləri müvafiq normativ-hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, qoruq ərazisində yerləşən mədəni, tarixi abidələr dövlət tərəfindən qorunur - onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağandır.

Qürurla qeyd edəcəyimiz başqa bir məqam isə 2013-cü ilin oktyabr ayında Azərbaycan Respublikası - “İçərişəhər” DTMQİ “Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması” nominasiyasında “Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə - ”Italian Heritage Award" nüfuzlu beynəlxalq mükafata layiq görülməsidir. Ölkə rəhbərliyinin qayğı və diqqəti sayəsində İçərişəhərin 2009-cu ildə YUNESKO-nun “Təhlükədə olan Dünya İrsi” siyahısından çıxarılması xüsusi olaraq vurğulanmışdır.

Bu gün idarənin strukturu təkmil, funksiyaları çoxşaxəlidir. “İçərişəhər” DTMQ İdarəsi mərkəzi Aparatından əlavə  mənzil-kommunal və təmir xidmətini,  elmi-istehsalat bərpa emalatxanasını, elmi-mədəni mərkəzi, “İçərişəhər” Tarixi Muzeyini, “Şirvanşahlar Sarayı” Kompleksinibir sıra digər struktur qurumları özündə birləşdirir. Eyni zamanda, Abşeronun ən qədim və tarixi məkanlarından olan Qala kəndinin ərazisində yerləşən"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu da idarəmiz tərəfindən idarə edilir.

Qeyd etdiyiniz kimi, İçərişəhər açıq səma altında muzey olmaqla yanaşı, canlı bir şəhərdir. Yəqin ki, qoruq ərazisində yaşayanlar, çalışanlar və onu ziyarət edənlər üçün hər hansı xüsusiyyətlər və tələblər də mövcuddur? Qoruğun sakin və ziyarətçilər üçün rahat və cəlbedici olması məqsədilə idarə tərəfindən nə kimi işlər görülür?

   Sözsüz ki, İçərişəhərin canlı şəhər olması və burada insanların yaşaması qədim şəhəri unikal bir məkana cevirir. İçərişəhərin özünəməxsusluğunın artırılması, onun dəyərinə dəyər qatılması təkcə ərazidə yerləşən tarix-memarlıq abidələri ilə ölçülmür. Əgər belə olsaydı o zaman İçərişəhər sadəcə tarixi abidələrin yerləşdiyi qoruq-muzey olar, dünyanın bir çox şəhərlərində olduğu kimi, yalnız ziyarətçilərin gəlişi ilə canlanardı. Bu dəyər eyni zamanda, burada yaşayıb qədim şəhərin ruhunu, milli adətnənələrimizi nəsildən-nəslə ötürən insanlarla ölçülür. İçərişəhər ərazisində həm də onlarla yaradıcı insanın – rəssam, heykəltəraş və digər sənət sahiblərinin emalatxanaları da yerləşir, bu insanlar tarixi məkanda yaşayır və işləyirlər. Yaradıcı insanlar bu məkandan ilhamlanır, öz növbəsində də özləri ona xüsusi ruh verirlər.

Bu gün İçərişəhərdə 3500-dən artıq daimi sakin var ki, onların çoxu yerli əhəmiyyətli abidə statusuna malik evlərdə yaşayırlar. Təbiidir ki, bu, sakinlərin üzərinə də yaşadıqları binaların qorunması məsuliyyətini qoyur. İnsanların daim öz yaşayış şəraitinin yaxşılaşdırılmasına çalışdığı aydındır, lakin belə hallarda onlar tarixi abidələrdə yaşamaqlarının məsuliyyətini anlayaraq tarixi abidələrə zərər yetirə biləcək addımlara yol verməməlidirlər. İdarə tərəfindən bu istiqamətdə sakinlər arasında daimi olaraq maarifləndirmə işləri aparılır. Qeyd olunmalıdır ki, sakinlərlə əlaqələrin qurulmasında böyük rol tərəfimizdən yaradılmış Ağsaqqallar Şurasına məxsusdur.

Təbii olaraq, idarə canlı şəhər olan İçərişəhərdə sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə abadlaşdırma işləri aparır. Son illərdə İçərişəhərin konservasiyası üzrə master plana uyğun olaraq bu qədim məkanda gedən restavrasiyakonservasiya işləri ilə bərabər qədim bağ kompleksində (konservasiya olunmuş arxeoloji qazıntı sahəsi) arxeoparkın yaradılması tarixi-memarlıq şəhər landşaft mühitinin formalaşmasına, həmçinin turizm infrastrukturunun təkmilləşməsi yolunda atılmış daha bir addımdır. İçərişəhərdə rekreasiya-yaşıllıq zonalarının yaradılması həm də sakinlərin mədəni istirahətlərinin yaxşılaşdırılması deməkdir.

İçərişəhərdə tarixi şəhər landşaftının qorunmasına xüsusi diqqət yetirilməsi də şəhər mühitinin sağlamlaşdırılmasına, torpaq ehtiyatlarının səmərəli istifadəsinə, kompleks abadlaşmanın funksionaliqtisadi səmərəliliyinin artmasına, layihə həllərinin əsaslandırılmasına, bu qədim məkanın fərdiliyinin qorunub saxlanılmasına yönəlir.

– Ötən il İçərişəhərin həyatı tədbirlərlə zəngin olmuşdur. Hansıları qeyd edərdiniz?

– Haqlısınız, 2013-cü il İçərişəhərin mədəni həyatı tədbirlərlə çox zəngin olmuşdur. İçərişəhərdə keçən illərdə olduğu kimi, bir sıra tədbirlər keçirilmişdir ki, bütün bu möhtəşəm tədbirlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuşdur. İçərişəhər on minlərlə turisti, eləcə də şəhərimizin sakinlərini ilboyu yalnız maddi-mədəni abidələrlə deyil, eyni zamanda, Azərbaycan xalqının gözəl adət-ənənələri, ədəbiyyatı, folkloru, incəsənəti, musiqisi, milli mətbəxi ilə zəngin olan bayramfestivallar, həmçinin beynəlxalq tədbirlərlə qarşılayır. Keçirilən bütün bu tədbirlər Azərbaycanın milli mədəniyyəti və turizm potensialını, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasını təmin edir.

Ötən il xalqımızın çoxəsrlik tarixi ənənələrini və əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı təntənəli qeyd edilmiş, onunla bağlı silsilə tədbirlər təşkil olunmuşdur. Hər il olduğu kimi, Novruz bayramı festivalı 19 mart tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ziyarət edilərək açıq elan olunmuşdur. Rəsmi açılışdan sonra İçərişəhərdə Qoşa Qala Qapısı meydanında dörd gün ərzində davam etmiş Novruz bayramı şənliklərini paytaxt sakinləri və çoxlu sayda yerlixarici qonaqlar, o cümlədən xarici dövlətlərin rəsmi nümayəndə heyətləri və tanınmış ictimaiyyət xadimləri ziyarət etmişdilər.

Azərbaycan xalqının ümummilli lideri, xalqın yaddaşında və tarixində daimi olaraq qalacaq ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilmişdir. Qeyd olunan tədbirlərdən “Azərbaycan tarixinin araşdırılmasına Heydər Əliyevin verdiyi töhfələr” mövzusunda dəyirmi masa, Memarlar İttifaqı ilə birlikdə “Heydər Əliyevin İçərişəhərin qorunmasında rolumövzusunda konfrans, Qoşa Qala Qapısı meydanında ədəbi-musiqili tədbirlər keçirilmişdir. 20-dən artıq xarici ölkə nümayəndəsinin iştirakı ilə “18 May Beynəlxalq Muzeylər Günü” münasibətilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Canlı tarixadlanan I beynəlxalq festival keçirilmişdir.

YUNESKO ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində daimi olaraq tərəfimizdən məqsədyönlü işlər həyata keçirilir. İdarə hər il YUNESKO ilə birgə layihələrin iştirakçısına çevrilir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biriqurumun təşəbbüsü ilə artıq ənənə halını almış və bir neçə ildir ki, idarəmizin də iştirak etdiyi beynəlxalq təşəbbüsdür. Hər il olduğu kimi 2013-cü ildə də YUNESKO təşkilatı Dünya Vəhşi Həyat Fondu (World Wild life Fund - WWF) ilə birgə Yer saatı layihəsində iştirak etmişdir.

Bütün bunlarla yanaşı, 2013-cü il müxtəlif sərgilər, xeyriyyə tədbirləri ilə zəngin olmuşdur. İçərişəhərdə əsasən uzunmüddətli və davamlı tədbirləri və festivalları keçirməyə üstünlük veririk. Fikrimizcə, bu tip tədbirlər bir dəfə keçirilən sərgilərdən və s. tədbirlərdən daha effektivdir. Məsələn, hər il Novruz bayramında keçirilən meydan bazarı ilə yanaşı, konsertlərin keçirilməsi turistlərin bir çoxunun növbəti ildə bir də məhz bu tədbir üçün qayıtmasını təmin edir. Bu cür tədbirlər və festivallar vasitəsi ilə İçərişəhərə turist axını təmin etməklə yanaşı, abidələrimizi və ümumiyyətlə zəngin tariximizi təbliğ etmək mümkün olur. Bu səbəbdən gələcəkdə də belə festivalların keçirilməsinə xüsusi diqqət yetirəcəyik.

– İçərişəhər YUNESKO-nun maddi-mədəni irs siyahısına salınmışdır. Bu yaxınlarda YUNESKO tərəfindən İçərişəhərə gücləndirilmiş mühafizə statusu verilib. Bu əlaqələr barədə nə deyərdiniz?

– İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu YUNESKO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Belə ki, həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də YUNESKO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Fəxr etməli fakt ondan ibarətdir ki, Azərbaycan memarlığının, Azərbaycan tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr YUNESKO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir.  Qeyd etmək istərdim ki, 2013-cü il YUNESKO ilə münasibətlərdə idarəmizin daha bir uğuru İçərişəhərə Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi olmuşdur. Bu statusa malik mədəni obyektlər Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblem ilə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur. İçərişəhərin YUNESKO-nun gücləndirilmiş mühafizə rejimli abidələrin siyahısına daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin bu incisinin qorunması səviyyəsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.

Sözsüz ki, 2014-cü ildə də YUNESKO ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə layihələrin təşkili idarənin prioritet  istiqamətlərindən biri olaraq qalacaqdır.

  – İdarə 2013-cü ildə qarşıya qoyulmuş hədəflərə çata bilmişdirmi? Gələcəkdə qarşınızda hansı məqsədlər durur?

– 2013-cü ilə nəzər yetirdikdə və ümumiyyətlə, bu vaxta qədər görülmüş işləri təhlil etsək inamla deyə bilərik ki, qarşıya qoyduğumuz hədəflərə çata bilmişik. İdarənin ümumi fəaliyyəti onun əsasnaməsində müəyyənləşdirilmiş istiqamətlər üzrə davam etdirilmişdir. Tarix-memarlıq abidələrinin qorunması, konservasiya, restavrasiya, ərazidə abadlaşdırma və eyni zamanda, qoruğun yüksək beynəlxalq səviyyəli turizm məkanına çevrilməsi istiqamətində çoxlu sayda əsaslı işlər görülmüşdür.

Bunlardan yalnız bir neçəsini xüsusilə qeyd etmək istərdim. 2013-cü ildə YUNESKO-nun dünya irs siyahısına daxil olan Qız qalası dünya əhəmiyyətli abidəsində ölçmə, elmi tədqiqat, layihələndirmə və konservasiya işləri tamamlanmışdır. Konservasiya işlərinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plana uyğun olaraq 2009-cu ildə başlanılmışdır. Avstriyalı bərpaçı mütəxəssis, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçərişəhərdə yerləşən Məhəmməd məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi altında xariciyerli mütəxəssislər tərəfindən həyata keçirilmişdir.  Sözsüz ki, belə genişmiqyaslı konservasiya işləri ilə yanaşı abidənin daxilində beynəlxalq standartlara cavab verən yeni muzey ekspozisiyası yaradılması vacib bir məsələ idi. Muzey ekspozisiyasının yaradılması bir neçə ay ərzində təcrübəli Avropa mütəxəssisləri tərəfindən həyata keçirilmiş və əminliklə söyləyə bilərəm ki, Qız qalasını Azərbaycanın ən maraqlı muzeylərdən birinə çevirmişdir. Qalada işlər tam olaraq 2013-cü ilin sonunda yekunlaşmış və 30 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva onu ziyarət edərək aparılmış işlərlə yaxından tanış olmuş, dəyərli tövsiyələrini vermişlər. Cari ilin yanvarın 2-də isə abidə ziyarətçilər üçün öz qapılarını açmışdır. Keçən müddət ərzində abidəyə və burada yaradılmış muzey ekspozisiyasına maraq böyük olmuş,  minlərlə yerlixarici qonaq Qız qalasını artıq ziyarət etmişdir.

Bununla yanaşı, Dördbucaqlı qala adlı ölkə əhəmiyyətli abidənin bərpası layihəsi həyata keçirilmişdir. İçərişəhərdə yerləşən tarixi abidələrin qorunub saxlanılması və bərpası sahəsində həyata keçirilən genişmiqyaslı işlər ölkə başçısı cənab İlham Əliyevin milli-mədəni irsimizə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olur. Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunmasında və dünyada təbliğ edilməsində Azərbaycanın birinci xanımı, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu vardır.

Təbiidir ki, ildən-ilə hədəflərimiz də böyüyür, məqsədlərimiz genişlənir, fəaliyyət istiqamətlərimizin çoxşaxəliliyi ilə birlikdə məsuliyyətimiz də artır. Bu gün qarşımızda duran başlıca vəzifələr – İçərişəhərin Azərbaycan xalqının zəngin tarixinin ən gözəl və canlı bir sübutu kimi dünya miqyasında tanıdılması, onun tarixi memarlığının, etnoqrafiyasının milli xüsusiyyətləri saxlanılmaqla bərpa və konservasiya layihələrinin uğurla davam etdirilməsi, dünya şöhrətli bir məkana çevrilməsidir. Eyni zamanda, İçərişəhərdə olan abidələrin qorunub saxlanılması, burada yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılması, bu məkanda fəaliyyət göstərən turizm infrastrukturunun - otellərin, restoranların, muzeylərin, qalereyaların, digər elmi, mədəni mərkəzlərin fəaliyyətlərinin ən yüksək səviyyədə təşkil edilməsi, mövcud olanların isə daha da təkmilləşdirilməsidir. İçərişəhər öz tarixi simasını qorumalı, eyni zamanda, sakinlər üçün rahat, yerlixarici qonaqlar üçün də hər zaman bir daha dönmək istədikləri təkrarolunmaz və gözəl bir məkan olmalıdır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 5 mart.- S. 5.