Xalqın məhəbbətini qazanmış görkəmli bəstəkar

 

Süleyman Ələsgərov - 90

 

 Azərbaycan Milli Konservatoriyası  görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun anadan olmasının 90 illiyi münasibətilə elmi-nəzəri konfrans keçirmişdir.

Azərbaycan musiqi mədəniyyətinin korifeyləri cərgəsində yaradıclıq dəsti-xətti ilə seçilən bəstəkar ömrü boyu yüksək vətənpərvərlik və milli qürur hissi ilə yazıb-yaratmış, əbədi olaraq dəyərli sənət əsərləri ilə xalqın məhəbbətini qazanmışdır. Konfransda Süleyman Ələsgərovun həyat və yaradıcılığı, musiqinin bütün janrlarını əhatə edən çoxcəhətli fəaliyyəti, musiqili komediyaları, operettaları, simfoniyaları, simfonik poemaları, müxtəlif alətlər üçün konsertləri, fantaziyaları, dillər əzbəri olmuş mahnıları haqqında Tələbə Elmi Cəmiyyəti üzvlərinin məruzələri dinlənilmiş, bəstəkarın əsərləri səslənmişdir.

  Azərbaycan Milli Konservatoriyasının (AMK) tarix-nəzəriyyə fakültəsinin musiqişünaslıq ixtisası üzrə tələbəsi Xədicə Ağayeva “Həmişəyaşar sənətkar”, fakültənin magistri Aygül Səfixanova “Süleyman Ələsgərov və xalq musiqisi”, musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi Səmray Əliyeva “Süleyman Ələsgərov: Sözsüz mahnılar”, xalq çalğı alətləri şöbəsinin ifaçılıq ixtisası üzrə magistri Ülviyyə Məmmədova “Süleyman Ələsgərovun qanunxalq çalğı alətləri orkestri üçünPoema", muğamşünaslıq ixtisası üzrə magistr İlahə Hüseynzadə “Süleyman Ələsgərovun səhnə əsərləri”, musiqişünaslıq ixtisası üzrə  I kurs tələbəsi Nərmin PrimovaSüleyman Ələsgərovun mahnı yaradıcılığı”, musiqişünaslıq ixtisası üzrə II kurs tələbəsi Lalə İsmayılovanın “Süleyman Ələsgərovun pedaqoji fəaliyyəti” mövzularında çıxışları böyük maraqla qarşılanmışdır.Eyni zamanda, tələbə və magistrlər məruzələrə aid bəstəkarın musiqi əsərlərini ifa etmişlər. Xalq Çalğı Alətləri (XÇA) şöbəsinin III kurs tələbəsi Yusif Bayramov tarda bəstəkarın “Daimi hərəkət”, XÇA şöbəsinin I kurs tələbəsi Məqsəd Əzizov balabanda  xalq rəqsi “Şalaxo” (S.Ələsgərovun işləməsi), AMK-nın müəllimi Naibə Şahməmmədova fortepianoda Süleyman Ələsgərovun 5 saylı “Sözsüz mahnı”, ifaçılıq ixtisası üzrə magistr Ülviyyə Məmmədova qanunda “S.Ələsgərovun qanunxalq çalğı alətləri orkestri üçünPoema", “Ulduz” operettasından parça (videoçarx), vokal şöbəsinin tələbəsi Emin Zeynallı bəstəkarın “Vətənimdir”, AMK-nın baş müəllimi Mehri Əsədullayeva kamançada bəstəkarın “Tarantella” əsərlərini  məharətlə, ustalıqla  ifa etmiş, çıxışlar hərarətli alqışlarla qarşılanmışdır.

 AMK-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Vaqif Əbdülqasımov, dosent, fəlsəfə doktoru Yaqut Şıxseyidqızı, müəllim Hicran Hacızadə konfransın əhəmiyyəti, S.Ələsgərovun yaradıcılq yolu, gözəl insani keyfiyyətləri, qayğıkeşliyi, əsl vətəndaş şəxsiyyəti barədə söz açmış, xatirələrini söyləmiş, bəstəkarın doğma Şuşadan nigaran gedən ruhu qarşısında  böyük  minnətdarlıq hissi ilə baş əymiş,  bəstəkarın  xatirəsini böyük məhəbbətlə yad etmişlər.

 

A.SADIQOĞLU

 

Xalq qəzeti.- 2014.- 5 mart.- S. 5.