ZAQATALA: İnsan
amili hər zaman diqqət mərkəzindədir
Onu bölgədə demək olar ki, hamı tanıyır. Az ailə tapılar ki, əlinin şəfasını görməmiş olsun. Müxtəlif məclislərdə, tədbirlərdə çox görüşmüşəm, çox söhbət etmişəm. Hər görüşümüzdə də nədənsə yadıma Hippokratın məşhur sözləri düşüb: “Xəstə sağalanadək həkimin ürəyi ilə yaşayır”. Yəqin ki, tanıyanlar söhbətin kimdən getdiyini bildilər. Qoy tanımayanlara tanışlıq verək. Nəriman Əfəndiyevi deyirəm. O insanı ki, hamı qapısını ümidlə döyür, ona pənah aparır.
Otaqda ikimiz oturmuşuq. Sadəliyi və təvazökarlığı haqqında oxuculara danışmaq fikrim yoxdur. Sadəcə soruşuram:
- İndiyədək neçə adamın üzərində cərrahi əməliyyat aparmısınız?
Deyəsən, gözləmir, sualımdan
duruxur. Gözünü
uzaqlara dikir.
Handan-hana dillənir:
- Dəqiq
bilmirəm, - deyir, - Bəlkə də 30 mini keçmiş
olar. Amma onu bilirəm ki, hər əməliyyatdan sonra xəstənin
və əməliyyat
olunan şəxsin qohumlarının
üz-gözündə sevinci, işığı
görəndə sanki dünyanı mənə
bağışlayırlar.
Nəriman həkim 1974-cü ildə Azərbaycan Dövlət
Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika
fakültəsini bitirib. Ali təhsildən sonra Oğuz rayon xəstəxanasında
çalışıb, Zəngilanda insanların
sağlamlığının keşiyində dayanıb.
Doğulub boya-başa çatdığı
Qaxda işləyib. İndi isə
Zaqataladakı Diaqnostika Mərkəzinin baş həkimidir.
1992-ci ildə Moskvada uğurla dissertasiya
müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi
alıb. Regionda lapkoskopik cərrahiyyəni
həyata keçirən ilk həkimdir. Təkcə
əməli- praktik həkim deyil. Həm də müasir
səhiyyəmizin təəssübünü çəkən, müstəqil
dövlətimizin daha da qüdrətli olması
üçün öz töhfələrini verməyə
hazır olan ziyalılarımızdandır. Təəssüflə
danışır. Bildirir ki, indi bölgələrdə
yetişən cərrahlar azdır. Hamı mərkəzə
üz tutur... Bu isə o deməkdir ki, hamı
ayrılıqda özünü düşünür. Əslində isə biz bütövlükdə millətimizi,
təmsil etdiyimiz səhiyyə sistemini düşünməliyik.
Əks təqdirdə - hərəmiz
özümüzü fikirləşsək, itirən
xalqımız və səhiyyəmiz olacaq.
Elə buradaca söhbəti saxlayıb hörmətli
oxuculara söz verirəm ki, cərrah dostumuz Nəriman Əfəndiyev
haqqında ayrıca bir qəzet materialı hazırlayacaq, onun
cərrahiyyədəki uğurları barədə
bütün soydaşlarımıza söz açacağam.
İnandırıram sizi, çox
maraqlı olacaq. Çünki ən ağır əməliyyatdan
sonra belə üzündən təbəssüm əskik
olmayan Nəriman həkim haqqında deyilməli,
yazılmalı məqamlar sadalamaqla qurtaran deyil. Bu qısa yazını bilavasitə onun haqqında
olan cümlələrlə başlamağım da təsadüfi
deyildi. Belə ki, mən onu bir təəssübkeşlik
nümunəsi kimi tanıyıram. Təəssübkeşlik
isə Zaqatala camaatının bir nömrəli keyfiyyətidir.
Fikrimcə,
Zaqatalanın mənim üçün hansı önəmi kəsb
etdiyini söyləməyə o qədər də ehtiyac
yoxdur. Çünki hörmətli oxucular
yaxşı bilirlər ki, son on ildə mən bu rayondan nə
qədər yazmışam, hansı sevgi-məhəbbətlə
söz açmışam.
Elə bir yeni tikinti, obyekt olmayıb ki, ya
təməlqoymasında, ya da açılışında
iştirak etməyim. Elə bir bayram və ya əlamətdar gün
xatırlamıram ki, iştirakçılarının
sırasında mən də olmayım. Rayon
icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə
ilə elə ucqar kəndlərə - sakinlərin
görüşünə getmişik ki, bəlkə də həmin
yerlərə indiyədək jurnalist ayağı dəyməyib.
İki il əvvəl baş vermiş
dağıdıcı zəlzələ isə məni də
artıq zaqatalalı etmişdi. Təbii fəlakətin nəticələrini
aradan qaldıran rayon rəhbərləri də, Fövqəladə
Hallar Nazirliyinin məsul əməkdaşları da gecəli-gündüzlü
camaatın yanında olanda az qala məni də
həmkarları kimi qəbul edirdilər.
Görürsünüzmü, Zaqatala mənim
üçün sıradan bir rayon deyil...
Mübariz Əhmədzadə stolun üstündən bir
bloknot götürüb vərəqləyir. 2009-cu ilin sentyabrından,
Zaqatalaya icra hakimiyyəti başçısı təyin
olunduğu gündən bəri ağsaqqallarla
görüşlərdə qaldırılan məsələlər,
irəli sürülən təkliflər və rayon rəhbərinin
sakinlərə verdiyi vədlər burada səliqə ilə
qeyd olunub. Hərdən götürüb bu qeydləri
oxuyuram, - deyir, - Dörd il qabaqkı təkliflər
indi nəyinizə gərəkdir? - deyə,
- soruşuram. - Təklif gərək olmasa da, tutaq ki,
hansısa kənddəki dörd il qabaqkı vəziyyətlə
indiki vəziyyətin müqayisəsi çox gərəklidir
- deyir. Məsələn, başçı kimi Zaqataladakı
ilk görüşündən bir qeydi oxuyur: “Veteranların
verdiyi təkliflər”. Baxıram hamısı
icra olunub. Hərdən öz həllini
tapmış məsələlərin arasında müqayisə
də aparıram. Çünki hər təklifi bir
ünvandan almışıqsa və hansısa təklifin
icrasına bir az soyuq münasibət bildirilibsə,
onda biz insanlar arasında ayrı-seçkilik etmiş
olarıq və rayon rəhbərliyinə inam azalar.
Bax belə,
Mübariz Əhmədzadə ulu öndər Heydər
Əliyevin insanlarla işləmək təcrübəsini ən
kiçik detallarına qədər öyrənmiş rəhbər
şəxslərdən biridir.
Ona görə də Zaqatala son illər ölkənin ən
sürətlə inkişaf edən rayonlarının
sırasındadır. Həmin
inkişafı dilə gətirmək üçün isə
mütləq faktlara və rəqəmlərə müraciət
etməli oluruq. Məsələn, faktlar və rəqəmlər
göstərir ki, geridə qalan digər illər kmi, 2013-cü
il də
Zaqatala üçün
yaddaqalan hadisələrlə zəngin olub. Avqustun 17-də
rayona səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala şəhərinin
tarixi mərkəzinin yenidənqurma və bərpadan
sonrakı vəziyyəti ilə tanış olub, şəhərə
və ətraf kəndlərə içməli suyun verilməsi
mərasimində iştirak edib, Heydər Əliyev Fondu
hesabına inşa edilmiş 600 şagird yerlik Bəhmətli
kənd tam orta məktəbinin yeni binasının və
“Tumurcuq” uşaq bağçasının
açılışlarında iştirak edib. Ötən il Yaponiyanın,
İsrailin, Gürcüstan və Polşa
Respublikalarının Azərbaycan Respublikasındakı
Fövqəladə və Səlahiyyətli səfirləri,
ABŞ, Türkiyə və digər xarici ölkələrin
onlarla nümayəndələri
Zaqatalaya qonaq gəliblər.
Respublikada
aparılan uğurlu iqtisadi siyasətin nəticəsi
olaraq Zaqatalada da iqtisadiyyatın
dinamik inkişafına nail olunub, məhsul istehsalı əvvəlki illə müqayisədə sənayedə
18, kənd təsərrüfatında 6,8, rabitədə 6,4,
ticarətdə 3,8, pərakəndə əmtəə
dövriyyəsi 3,8, pullu xidmətlərin həcmi isə 7,1
faiz artıb.
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramlarında Zaqatala rayonu üzrə nəzərdə
tutulan tədbirlərin icra olunması nəticəsində
yeni emal və istehsal müəssisələri, o cümlədən
beton məmulatları, gül, süd və tütün
emalı zavodları, quş əti istehsalı fabriki, 8
findıq emalı, süfrə suları, 1 meyvə-tərəvəz
istehsalı müəssisələri və digər sosial
obyektylər tikilərək istifadəyə verilib.
Son illər
rayonda əkin
sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə
əhalinin içməli suya olan tələbatının
ödənilməsi sahəsində irimiqyaslı layihələr
həyata keçirilməkdədir.
Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
ASC tərəfindən təkcə
ötən il 6 subartezian quyusu qazılıb, 2 subartezian quyusu təmir-bərpa
edilib, 27 subartezian quyusu təmir olunub, 2100 hektar əkin sahəsinin
suvarılmasına xidmət edən iki pilləli Alazan nasos
stansiyasında təmir-bərpa işləri davam etdirilib. Onun gördüyü işləri sadalasaq, bir qəzet
səhifəsi bəs etməz. Cəmiyyətin
sədri Əhməd Əhmədzadə həmişə
zaqatalalıların yanında olub. Uğurları
sadalayıb bunları qeyd etməmək ən azı
insafsızlıq olardı.
Zaqatalada tez-tez olan bir mətbuat təmsilçisi kimi qətiyyətlə
deyə bilərəm ki, burada
tikinti-quruculuq məsələləri daim diqqət mərkəzində
saxlanılır. “Zaqatala şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması və
tikintisi” layihəsinin 2-ci mərhələsi icra olunaraq xarici
su təchizatı obyektlərinin, şəhərdaxili su və
kanalizasiya xətlərinin tikintisi işləri başa
çatdırılıb. Keçid obyektləri
olan rayon Polis şöbəsinin, Qaz İstismar Sahəsinin, Hərbi
Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyi rayon
şöbəsinin yeni inzibati binaları istifadəyə
verilib. Zaqatala şəhərində Heydər Əliyev
Mərkəzi üçün yeni binanın, rayon Maliyyə
İdarəsinin inzibati binasının, Azərbaycan Müəllimlər
İnstitutunun Zaqatala filialınının, “Araz”
hazırlıq kurslarının binalarının, çirkab
su təmizləyici qurğular kompleksinin, Yeni Suvagil və
Göyəm kəndində sahə baytarlıq məntəqələrinin
tikintisi davam etdirilib. Zaqatala şəhərində Dövlət
Yanğın Xidmətinin rayon şöbəsinin depo
binasının, Əliabad qəsəbəsində və
Çobankol kəndində yeni Yanğından Mühafizə
bölmələrinin, Qandax kəndində Yaponiya səfirliyinin
maliyyə dəstəyi ilə yeni tibb məntəqəsinin
tikintisinə başlanılıb.
Rayon ərazisində yaşayış məntəqələrinin
qazlaşdırılması sürətlə davam etdirilir. Əliabad qəsəbəsinə,
Mosul, Yengiyan, Maqov, Danaçı, Aşağı
Çardaxlar, Car və Mazıx kəndləri istiqamətində
təxminən 87 kilometr uzunluğunda daşıyıcı
qaz xətləri çəkilib, Danaçı və
Mazıx kəndlərinə artıq təbii qaz verilib. Rayonun
yaşayış məntəqələrində enerji təminatı
sahəsində görülmüş işlər nəticəsində
təxminən 16 kilometr
uzunluğunda olan hava
elektrik verilişi xətləri, 59 transformator məntəqəsi
əsaslı və cari təmir edilib, 1824 yeni elektrik sayğacı
quraşdırılıb, 10 kilometr
uzunluğunda SİP kabel xətti çəkilib.
Avtomobil
yollarının yenidən qurulması və əsaslı təmiri
işləri aparılır. Zaqatala-Car avtomobil yoluna 1,6 kilometr, Yevlax-Zaqatala-Gürcüstan sərhədi
magistral avtomobil yoluna 1,0 kilometr
asfalt beton örtük salınıb. Şəhərin
küçələrində 62 min kvadratmetr sahəyə
asfalt örtüyü döşənib.
Ötən
yazılarımızda da qeyd etdiyimiz kimi, Azərbaycan
Respublikası Prezidentinin ehtiyat
fondundan ayırmış 5,5 milyon manat vəsait hesabına 28
kilometr uzunluğunda
Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil
yolunun artıq 14 kilometri tikilib,
qalan hissəsində tikinti işləri davam etdirilir.
Ümumtəhsil
məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində
bir sıra işlər görülüb, müəllim və
şagirdlər respublika müsabiqələrində uğurla
iştirak ediblər. Humanitar Fənnlər Gimnaziyasının
riyaziyyat-informatika müəllimi Bahar İsmayılova “Əməkdar”
müəllim adına, şəhər 1 saylı tam orta məktəbin
fizika müəllimi Südabə Abdullayeva “Tərəqqi” medalına layiq görülüb,
Əli Bayramlı kənd tam
orta məktəbin coğrafiya müəllimi Nəzakət Məmmədova
“İlin müəllimi” müsabiqəsinin qalibi olub. Rayonun orta məktəblərinin
məzunlarından 547 nəfəri
ali məktəblərə qəbul
üçün sənəd verib, onlardan 315 nəfəri tələbə
adını qazanıb. Rayon
üzrə 11 nəfər 600-dən
yuxarı, 32 nəfər 500-dən yuxarı bal toplayıb,
Z.Murtuzəliyev adına şəhər
1 saylı tam orta məktəbin məzunu Allahverdiyev Mahmud
Şahin oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
“Qızıl” medala və Prezident təqaüdünə layiq
görülüb.
Bu gün Azərbaycanın
bütün ərazisi kimi Zaqatala da öz turizm
potensialını zənginləşdirir və turizm sektoru bölgənin ümumi
inkişafı fonunda
özünəməxsus
bir tərəqqi yolu keçir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkil
etdiyi XII Beynəlxalq
Turizm və Səyahətlər sərgisində Zaqatalanın turizm obyektləri, folkloru və mətbəxi
geniş təbliğ olunub.
Ötən il Azərbaycanın
Folklor Paytaxtı elan edilən Zaqatalada xüsusi tədbirlər
planına əsasən təntənəli mərasimlər,
respublika səviyyəli konfranslar, konsertlər, festivallar
keçirilib, Masallı şəhərində
keçirilən II Beynəlxalq Folklor Festivalında rayonun
“Hudulki” xalq kollektivi iştirak
edib. Həmin kollektiv Belarusiyanın Babruysk şəhərində
keçirilən festivalda da uğur qazanıb.
Zaqatalada “Azərbaycan folkloru milli sərvətimizdir” mövzusunda dəyirmi masa, “Azərbaycanın folklor
Paytaxtı-2013” çərçivəsində “Avropa İrs
günləri” keçirilib, Dədə
Qorqud meydanında Azərbaycan Respublikası Dövlət
simfonik orkestrinin konserti təşkil
olunub, “Xalq sənəti – el təranələri ”
Ümumrespublika Xalq Yaradıcılığı bayramı təntənə
ilə qeyd olunub.
Bir sözlə, bu gün Zaqatala sözün həqiqi mənasında
ölkəmizdə gedən hərtərəfli inkişaf
tendensiyasına öz töhfələrini verir.
Yazının sonunda Gözbarax kəndində
yaşayan, hamının ağsaqqal kimi hörmət etdiyi Bəşir
Osmanovun sözlərini xatırladım. Ağsaqqal
demişdi ki, “Görülmüş işdən gül ətri
gələr” ifadəsi bu diyarda daha çox yerinə
düşür. Doğrudan da
qızılgüllər diyarında elə bir sahə, elə
bir istiqamət yoxdur ki, oradakı uğurlar barədə
ürək açıqlığı ilə
danışmayaq. Son zamanlar Zaqatala elə gözəlləşir,
elə müasirləşir ki, onu ancaq görmək lazımdır.
Əslində bu gözəlliyi görənlər də az deyil. Elə bir ay olmur ki, bu
şəhərdə çoxsaylı qonaqların
toplaşdığı böyük tədbirlər
keçirilməsin. Turistlərin sayı isə aydan-aya deyil, gündən
-günə çoxalır...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 5 mart.- S. 6.