Məktəblilərin
elmin möcüzəli aləminə səyahəti
Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi regionlarda yeni nəsilin elm aləminə marağının yüksəldilməsi ilə bağlı birgə layihəyə start vermişdir.
İlk tədbir olaraq Şamaxıda məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirilmiş, şagirdlərə fizika və kimyadan maraqlı laboratoriya təcrübələri nümayiş etdirilmişdir. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunmuş görüşdə müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Eyyub Quliyev və AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov müəllimlərə və şagirdlərə layihə barədə məlumat vermişlər. Bildirilmişdir ki, AMEA regionlarda məktəblilər arasında elmin təbliği layihəsinə başlamışdır. Məqsəd bölgələrdə təhsil alan yeni nəslin elmə marağını artırmaqdır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin irəli sürdüyü bu təşəbbüs dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların hərtərəfli inkişafı ilə bağlı layihələrə ölkə elminin töhfəsini artırmağa xidmət edir. Bu gün elmə dərin maraq göstərən uşaq sabah alimlərimizin layiqli davamçısı ola bilər. Alimlərlərlə pedaqoqların birgə səyləri ölkəmizin gələcək inkişafının bu zəruri amilinə yönəldilməlidir.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov AMEA haqqında, onun strukturu və görkəmli alimləri barədə məlumat vermiş, elmin populyarlaşdırılmasının intellektual cəmiyyətin inkişafında, məkbəblilərin zəkalı böyüməsində rolundan danışmışdır.
Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev isə təhsilin inkişafına dövlət qayğısından danışaraq bildirmişdir ki, Şamaxıda 12 minə yaxın şagird ödənişsiz təhsil alır. Onlar hər il fənn olimpiadaları, inşa yazıları, bədii qiraət və digər yarışlarda bilik və bacarıqlarını nümayiş etdirirlər. İntellektual gəncliyin yetişdirilməsi təhsil müəssisələrinin əsas hədəflərindəndir. Şübhəsiz, alimlərin bu prosesə qoşulması uğurlu nəticələrə səbəb olacaqdır.
AMEA-nın Fizika və Kimya Problemləri İnstitutlarının gənc alimləri əyləncəli təcrübələr nümayiş etdirmiş, onların elmi izahını vermiş, həyatı gözəlləşdirməkdə elmin möcüzəli imkanlarını açıqlamışlar. Təcrübələrin məişət və istehsalatdakı rolu haqqında verilən məlumatlar şagirdlərin böyük marağına səbəb olmuş, onların çoxsaylı sualları cavablandırılmışdır. Alimlərin canlı dərsi məktəblilər üçün yeni bir aləm, unudulmaz hadisə olmuşdur.
R.TAHİR
Xalq qəzeti.- 2014.- 6 mart.- S. 4.