Sumqayıt
idmançılarının bayram tədbirləri
Ölkəmizdə artıq onuncu dəfə keçirilən Bədən Tərbiyəsi və İdman Günü Sumqayıtda silsilə tədbirlərlə qeyd olunmuşdur.
Öncə şəhərin tanınmış məşqçiləri və idmançıları müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdilər. Sonra Sumqayıt Paralimpiya Kompleksində üzgüçülük üzrə açıq şəhər birinciliyinə start verildi.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov idmançıların bayramının təsis olunmasının tarixi və önəmindən danışdı, qazanılan nailiyyətlər barədə məlumat verdi. Bütün uğurların Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana qayğısının parlaq nəticəsi olduğunu qeyd edən natiq bildirdi ki, ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqətlə əhatə olunan Sumqayıt idmançıları təkcə 2013-cü il ərzində respublika və beynəlxalq səviyyəli yarışlarda 935 medal qazanmışlar. Dünya və Avropa yarışlarında Olimpiya oyunları proqramına daxil olan növlər üzrə 15-i qızıl, 6-sı gümüş, 17-si isə bürünc olmaqla ümumilikdə 38 medal əldə edilmişdir.
Daha sonra bayram tədbirləri mükafatlandırma mərasimi ilə davam etdi. Bədii-əyləncəli proqramla müşayiət olunan mərasimə Sumqayıtın ən adlı-sanlı idman nümayəndələri toplaşmışdılar. Qeyd edildi ki, əsası ulu öndər tərəfindən qoyulmuş bədən tərbiyəsi və idmanın inkişafı strategiyasını möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradılması, regionlarda olimpiya idman kompleksləri tikilməsi mötəbər beynəlxalq yarışların bir qisminin Azərbaycanda keçirilməsinə gətirib çıxarmış və müstəqil dövlətimizi dünya arenasında idman ölkəsi kimi tanıtmışdır.
Mərasimdə 2013-cü ildə əldə etdikləri yüksək nəticələrə görə idmançı və məşqçilərin böyük bir qrupuna Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları, hədiyyələri təqdim olundu. Çıxış edən dünya və Avropa çempionları, onların məşqçiləri ölkədə idmanın inkişafına göstərilən qayğıdan hədsiz razılıqlarını bildirdilər. Sumqayıt şəhər rəhbərliyinin, Gənclər və İdman Baş İdarəsinin bu sahədə zəhmətlərini yüksək dəyərləndirdilər.
Tədbir əlvan musiqi nömrələri ilə davam etdi.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 6 mart.- S. 4.