Uğurların
miqyası genişdir
Azərbaycan son on ildə bütün sahələrdə əsrə bərabər inkişaf yolu keçmişdir. Rabitə və informasiya texnologiyaları sektorunda bu inkişaf daha aydın hiss olunur. Bu sahədə dövlət siyasətini həyata keçirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yarandığı vaxtdan ötən on il ərzində bir sıra uğurlu layihələrin reallaşmasını təmin etmiş, Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxara bilmişdir. Məlumat üçün bildirək ki, respublika Prezidenti İlham Əliyevin 2004-cü il 20 fevral tarixli fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək, onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradılmışdır.
Bu, sahənin gələcək inkişafı, eləcə də hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları baxımından mühüm addım olmuşdur. Bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və müvafiq Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etmişdir.
Nazirliyin yaradılmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş kompleks və ardıcıl fəaliyyət planı sayəsində İKT qeyri-neft sektorunda ən prioritet sahələrdən biri hesab olunmuşdur. Bu sahənin gələcək inkişafına xüsusi önəm verilərək, müvafiq dövlət proqramlarında, o cümlədən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda iqtisadi və informasiya təhlükəsizliyinin əsas istiqaməti müəyyənləşdirilmişdir. Məlumdur ki, 2012-ci il fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk peykini fəzaya qaldırmışdır. Kosmik məkana çıxışı olan dövlətlərin sırasında yer tutan Azərbaycan altı ayda birinci süni peykinin fəaliyyətindən təxminən 10 milyon dollar gəlir əldə etmişdir. Artıq ikinci peykin buraxılmasına hazırlıq işləri görülməkdədir. Bu gün ölkəmiz regionda ən son texnologiyaların tətbiqi üzrə liderdir.
2004-cü il avqust ayının 1-də Bakı şəhəri telefon şəbəkəsi 6 rəqəmli nömrələnmə sistemindən 7 rəqəmli nömrələnmə sisteminə keçirilmişdir. Bu nadirliyin ilk nailiyyəti idi. 2005-ci il iyun ayının 14-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanun telekomunikasiyanın inkişafının hüquqi bazasını xeyli möhkəmləndirdi. Azərbaycan və MDB məkanında ilk dəfə olaraq Bakıda NGN-yeni nəsil şəbəkə avadanlığı tətbiq edilmişdir.
Postsovet məkanında birinci olaraq Azərbaycanda ucqar və kiçik yaşayış məntəqələrinin tam telefonlaşdırılması başa çatdırılmışdır. DİLMANC layihəsi çərçivəsində Azərbaycan dilində nitq tanınması üçün proqram təminatı yaradılmışdır. Kompyuterləşdirmə səviyyəsinin artırılması üçün “Xalq kompyuteri” layihəsinin icrasına başlanılmışdır.
2007-ci il fevralın 13-də “Regionların sosial-iqtisadi inkişafı üzrə (2004-2008-ci illər) Dövlət Proqramı”nın üç illiyi münasibətilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdir. Həmin vaxtdan bu sahənin inkişafına daha çox diqqət yetirilir, hökumət üçün həyat fəaliyyətinin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi əhəmiyyət kəsb edir, çünki İKT müasir zamanda rəqabət qabiliyyətinin və iqtisadi artımın katalizator rolunu oynayır .
İKT bazarında yaradılan ədalətli rəqabət mühiti fonunda özəl sektorun fəallığı artmaqdadır. “Delta Telekom” regionda internet xidmətlərinin verilməsində, “RİSK” proqram məhsullarının satışında, “SİNAM İNVEST” Orta Asiyada bir neçə layihənin həyata keçirilməsində, “Kür” MMC kompyuter və digər elektron məhsulların istehsalı, “ULTRA” kompyuter, “AzPad” və digər məhsulların satışında və s. şirkətlər ixrac potensialının artımına öz töhfələrini verir. Artıq Azərbaycan həm də elektron məhsullar istehsal edən yerli müəssisələrə malikdir.
İKT sektorunun inkişafında mobil rabitə operatorlarının rolu danılmazdır. “Azercell” , “Bakcell” və “Azerfon” şirkətlərinin gördüyü işlərin nəticəsi olaraq bu gün mobil rabitə seqmenti genişlənmiş, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabər olmuşdur. Dekabr ayının 30-da “Azerfon”MMC-yə GSM mobil rabitə xidmətinin təşkili üçün xüsusi razılıq (lisenziya) verilmişdir. Bununla da mobil rabitə bazarına üçüncü operator daxil olmuşdur. Dünyanın bir çox ölkələri hələ “3G” texnologiyasına tam keçmədiyi halda Azərbaycan ən son mobil texnologiyanın “4G” texnologiyasının tətbiqinə başlamışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi gələcək inkişaf üçün üç əsas prioritet istiqamət müəyyənləşdirmişdir. Onlardan birincisi infrastruktur layihələri, o cümlədən daxildə Azərbaycan üçün informasiya şəbəkə infrastrukturunun inkişaf etdirilməsidir. İkinci istiqamət elektron, innovativ yönümlü xidmət və məhsulların istehsalı, eyni zamanda daxili tələbatı ödəməklə yanaşı, onların xarici, regional bazarlara çıxarılmasıdır. Üçüncü istiqamət isə regional və daxili bazarda informasiya-texnologiyaları xidmətlərinin genişləndirilməsi, həmçinin bu xidmətlərin xarici bazarlara çıxışının təmin edilməsidir. Həyata keçirilən layihələrdən ən əsası Azərbaycanda internet infrastrukturunun tamamilə genişləndirilməsi, bu xidmətin hər kəndə, hər bir evə gətirilməsidir.
“Milli genişzolaqlı internetin inkişafı” layihəsi Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir və üç il müddətinə nəzərdə tutulan layihənin icrası artıq başlamaq üzrədir. Layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 30-100 Mbit/s həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu göstərici üzrə Azərbaycan 2017-ci ildə dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxacaqdır. İkinci istiqamət-elektron, innovativ məhsul istehsalı sahəsində bu gün ölkəmizdə nanotexnologiyalara çox böyük diqqət yetirilir, artıq bir çox yeni nəticələr əldə edilərək, yeni nanokompozitlər, nanomateriallar, elektron qurğular, işıq elementləri, elektron tabletlər, Azərbaycan dilində tam səslə idarəolunan kompyuterlər, proqram təminatı, yeni mobil tətbiqləri və yeni həllərin yaradılması geniş vüsət almaqdadır. Bu gün biz o mərhələdəyik ki, artıq bunu kütləvi istehsal sahəsinə çevirməyin vaxtı çatıb. Azərbaycan bazarında yeni tipli, rəqabətqabiliyyətli müxtəlif kompyuter hissələri, kompyuter növləri, planşetlər, digər texnikaların yığılmasına böyük ehtiyac var ki, bu məhsulların regional bazara çıxışının təmin edilməsi də nəzərdə tutulur. Həmçinin kosmik texnologiyaları da genişləndirmək, inkişaf etdirmək fikrindəyik. Bu gün artıq Azərbaycan Respublikasına məxsus yer səthinin müşahidəsi üçün peykin aşağı yer orbitinə çıxarılması, həmçinin yüksək ayırdetməli optik peykin orbitə çıxarılması istiqamətində işlər aparılır.
Bu gün ölkəmiz İKT sahəsində bir çox layihələrin birbaşa təşəbbüskarı kimi çıxış edir. Bu layihələrdən biri olan “Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM” layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənmiş və 2013-cü il sentyabr ayının əvvəllərində BMT Baş Assambleyasının 67-ci sessiyasında layihənin həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansı yaradılmış, “Bakutel-2013” sərgi-konfransı çərçivəsində layihə ilə bağlı beş Avrasiya operatorlararası Anlaşma Memorandumu da imzalanmışdır. Onu da qeyd etmək istərdim ki, Avrasiya Rabitə Alyansının koordinatorluğunu Azərbaycan və Beynəlxalq Telekommunikasiya İttifaqı öz üzərinə götürmüşdür. Ölkəmizi informasiya dəhlizinə çevirən növbəti bir layihə isə “Avropa-Yaxın Şərq İnformasiya Magistralı”dır. (EPEG - “EuropePersia Express Gateway”). Bu layihə sayəsində artıq 2-ci ildir ki, Frankfurt şəhərindən Omana qədər çox böyük tutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin edilir. Biz regional şəbəkə infrastrukturunun inkişafında çox maraqlıyıq. Azərbaycan hökuməti və özəl sektor qeyd etdiyimiz regional enerji layihələrinə investisiya qoyduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud olan böyük hədəflərimizin reallaşması, o cümlədən İKT sektorunda regional infrastrukturun genişlənməsi üçün nəzərdə tutulan layihələrə artıq investisiyalar qoymağa başlayıb.
Doğrudur, İKT bazarı ilə bağlı qeyd olunan hədəflərimiz kiçik, təxminən 10 milyonluq əhalisi olan bir ölkə üçün böyük istəkdir. Bu məqsədlərə hansı yollarla nail olmaq istəyimizin üzərində qısaca dayanmaq istəyirəm. Burada Azərbaycan hökumətinin siyasəti əsas 3 sütun üzərində qurulub. Birincisi, yüksək texnologiyalar üçün çox vacib olan bilik potensialının formalaşması və intellektual insan resurslarının yaradılmasıdır ki, bu istiqamətdə təhsildə, elmdə, ölkənin tədqiqat institutlarında böyük canlanma müşahidə edilir. İnsan kapitalının adekvat inkişafını ön plana çəkən hökumətimiz və şəxsən Prezident İlham Əliyevin nəzarəti və xüsusi diqqəti ilə bu resursların hazırlanması həm islahatlar, həm beynəlxalq əməkdaşlıq, həm də investisiyalar yolu ilə gücləndirilir. Bu sahədə dünyanın aparıcı təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verilir. Azərbaycan tələbələrinin xaricdə təhsil almasını nəzərdə tutan müvafiq Dövlət Proqramı mövcuddur, eyni zamanda dövlət tərəfindən bu sahəyə böyük həcmdə investisiyalar yönəldilir, birgə tədqiqatların aparılması üçün sərmayələr qoyulur. Siyasətimizin ikinci sütununu isə yeni, çox əlverişli biznes şəraitinin yaradılması təşkil edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Beləliklə, dövlət həm texnoparkların təşkili, həm də fiskal və monetar siyasətdə tətbiq edilən güzəştlərlə biznes mühitinin həm xarici, həm də daxili investorlar, istehsalçılar üçün cəlbedici olmasına şərait yaradır.
Üçüncü sütunu isə kapitaldır. Qeyd olunduğu kimi, Azərbaycan son zamanlar enerji layihələrindən böyük gəlirlər əldə edir və dövlətin gələcək siyasətinin əsasını bu gəlirlərin böyük bir hissəsinin iqtisadiyyatın transformasiyası məqsədilə yüksək texnoloji məhsulların istehsalına, innovativ iqtisadiyyata yönəldilməsi təşkil edir. Bu istiqamətdə banklar tərəfindən böyük layihələrə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur, eyni zamanda xarici bankların maliyyə resurslarından istifadə edilməsi üçün Azərbaycan hökuməti özü zəmanətlə çıxış edir. Həmçinin bu gün ölkədə bir sıra dövlət qurumu qismində investisiya fondları, o cümlədən, Dövlət Neft Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondu, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Bu fondların hər biri dövlət tərəfindən formalaşdırılır və dövlətimizin siyasəti həmin vəsaitləri güzəştli kredit və ya qrant şəklində yönəldərək yerli şirkətlərin fəaliyyətinin gücləndirilməsi, həmçinin lokal şirkətləri dünyanın aparıcı şirkətləri ilə birgə layihələrin həyata keçirilməsinə təşviq etməkdən ibarətdir. Bu vəsaitlərlə yanaşı, dövlət sifarişləri əsasında müəyyən vəsaitlər bir çox istiqamətlərə, o cümlədən, təhsil, səhiyyə və s. sahələrdə İKT-nin tətbiqi, qeyd olunan infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir. Dövlətimiz, Prezident İlham Əliyev “Elektron hökumət” layihəsinə də böyük diqqət verir və bu layihəyə böyük investisiyalar ayrılmışdır.
Ölkə başçısının müəyyən etdiyi siyasi strateji xətt ölkədə elektron xidmətlərin tətbiqi ilə əhalinin rahatlığını təmin etməyə, korrupsiyanın qarşısını almağa, daha az vaxtda daha çox iş görmək üçün elektron xidmətlərin tətbiqini genişləndirməyə yönəlib. Bu kontekstdə “Elektron hökumət” portalı artıq ikinci ildir ki, fəaliyyət göstərir. Məlumdur ki, cənab Prezidentin sərəncamı ilə 2013-cü il Azərbaycanda “İKT ili” elan olunmuşdur. “İKT ili”ndə də portala yeni xidmətlər əlavə olunmuş və 262 min vətəndaş elektron xidmətlərdən yararlanmışdır.
Qarşıdakı illərdə elektron xidmətlərin tətbiqi səviyyəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. 2020-ci ilə qədər bütün xidmətlərin elektronlaşdırılması və əhalinin 80 faizinin bu xidmətlərdən istifadəsi təmin edilməlidir. Bir maraqlı faktı da qeyd etmək istərdim. Belə ki, cənab Prezidentin sərəncamı ilə 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsində çalışanların peşə bayramı kimi qeyd olunur. Bunu dövlət başçısının bu sahəyə verdiyi yüksək qiymət kimi dəyərləndiririk.
Qarşıda çox mühüm vəzifələr durur. Biz artıq 2020-ci ilə kimi hədəfləri müəyyənləşdirmişik. İnanırıq ki, İKT sektorunda başlayan və davam etdirilən irimiqyaslı, əzəmətli layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da uğurla həyata keçirilərək, ölkəmizin ümumi inkişafında əhəmiyyətli rol oynayacaq.
İltimas
MƏMMƏDOV,
rabitə və informasiya
texnologiyaları nazirinin
müavini
Xalq qəzeti.- 2014.-
6 mart.- S. 5.