İsmayıllı:
Pulsuz müayinədən razılıq
edirlər
Sağlam həyat tərzinin təmin edilməsində əhalinin tibbi müayinədən keçirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu vacib işin təşkili üçün rayon icra hakimiyyəti başçısının 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılmış, 16 yerdə keçiriləcək tibbi müayinənin təşkili üçün işçi qruplarının tərkibi təsdiq edilmişdir. Müayinə aparılacaq səhiyyə müəssisələrindən Tircan, Qalınçaq, Qubaxəlilli, Basqal, Talıstan həkim məntəqələrinə rayon mərkəzi xəstəxanasından mütəxəssislər göndərilmişdir.
Rayon icra hakimiyyətinin Mərkəzi Xəstəxana ilə birgə tərtib etdiyi qrafikə əsasən tibbi müayinə işçi qruplarının təşkilatçılığı ilə mütəşəkkil keçir.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Aftandil Rəhimov söhbət zamanı bildirdi ki, hər iş gününün sonunda 16 işçi qrupunun rəhbərlərinin, təşkilat komitəsi üzvlərinin iştirakı ilə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tibbi müayinənin yekunlarını müzakirə edir, konkret nəticələr əsasında növbəti gün üçün tapşırıqlar verir.
Rayonda yaşayan 83 min nəfər əhalinin 16 mindən çoxu artıq tibbi müayinədən keçmişdir. Yoxlamanın nəticəsi olaraq 384 nəfər ambulator, 25 nəfər isə stasionar müalicəyə qəbul olunmuşdur. 39 nəfər Bakı şəhərinə, xəstəliklərə uyğun tibb müəssisələrində müalicə olunmağa göndərilmişdir. İsmayıllının 108 yaşayış məntəqəsinin sakinləri, yuxarıda qeyd olunduğu kimi, 16 yerdə tibbi müayinədən keçirlər. Bir müayinə məntəqəsində işlər artıq başa çatdırılmışdır. Əhalinin tibbi müayinəyə gəliş-gedişində heç bir problem yaranmır. Belə ki, rayon icra hakimiyyəti ehtiyac olan yerləri nəqliyyat vasitəsi ilə təmin edir.
İdarə, müəssisə və təşkilatlarda tibbi müayinə artıq başa çatdırılmışdır. Görüşdüyümüz ayrı-ayrı şəxslər pulsuz tibbi müayinə üçün ölkə başçısına ürəkdən minnətdarlıq edirlər.
Ömrünün 99-cu baharını yaşayan İkinci Dünya müharibəsi veteranı Bilal Əliyev bildirdi ki, bu yaşa çatsam da, hələ indiyə qədər belə diqqət heç ağlıma da gəlməzdi. Hörmətli Prezidentin tapşırığı ilə pulsuz müayinədən keçmişəm. Öz əhalisinə belə diqqət, qayğı göstərən rəhbərə çox minnətdarıq.
Görüşdüyümüz şəhid ailəsi Ədibə Əliyarova, Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirmiş Əlisahib Əzizov və başqaları da bu xeyirxah işinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 6 mart.- S. 5.