Qax: uğurlar
işgüzarlıq ruhunu daha da artırır
Ölkəmizin bütün şəhər və rayonlarını, kəndlərini və hətta, bütün guşələrini əhatə edən sosial-iqtisadi inkişaf tendensiyası Qaxda da öz müsbət əks-sədasını verməkdədir. Nə zamansa iqtisadi imkanlar baxımından bir çox rayonlardan geridə qalan Qax indi ölkənin əsas turizm ünvanlarından birinə çevrilir, sosial-iqtisadi inkişafın yüksək tempinə nail olur, çoxsaylı mədəni tədbirlərin keçirildiyi rayon kimi ölkə xəritəsində özünəməxsus yer tutur.
İlin bütün fəsillərində zəngin təbii gözəllikləri, görməli yerləri, qonaqpərvər sakinləri, eyni zamanda qədrşünas qonaqları ilə fəxr edən Qaxa növbəti gəlişimiz bütün azərbaycanlılar üçün əziz olan bir ərəfəyə - od çərşənbəsinə təsadüf eləmişdi. Bu tərəflərdə xalqın folkloru olduqca zəngin, milli adət-ənənəyə bağlılığı isə yüksək səviyyədədir. Çünki, bu rayonun çox qədim tarixi vardır. Alimlər sübut edirlər ki, yerli “qaq” tayfaları bu ərazidə hələ 3 min il əvvəl yaşayıblar. 2700 il əvvəl isə onların adı artıq “qax”lar kimi qeyd olunurdu. Bizim eranın beşinci əsrindən üzü bəri uzun bir dövrdə mövcud olmuş Qıpçaq kəndi də Qaxın qədim yaşayış məskənlərindəndir. Yeri gəlmişkən, ötən ay həmin kənddə inşa olunmuş yeni həkim məntəqəsinin istifadəyə verilməsi mərasimində də iştirak etmişdik. Yəni tarix qədim olduqca folklor da zəngin olur.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova deyir ki, üç tərəfdən dağlarla əhatə olunmuş bu rayonun milli-mənəvi dəyərləri də elə dağlar qədər uludur. İnanmıram ki, siz Qaxda qonaqpərvər olmayan, bilərəkdən kiminsə xətrinə dəyən bir adamla rastlaşmış olasınız. Bu incə keyfiyyətlər milli bayramlar ərəfəsində daha qabarıq şəkildə özünü göstərir. Rayonun təbii zənginlikləri turist və qonaqları nə qədər cəlb edirsə, alimləri və ziyalıları da buradakı maddi mədəniyyət nümunələri, tarixi abidələr və qədim yaşayış yerlərinin qalıqları o qədər maraqlandırır. Vəfa xanım ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü, Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, kəndlərin sosial infrastrukturunun yeniləşdirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər barədə söz açdı, görülmüş işlərin sakinlər tərəfindən böyük məmnunluqla qarşılandığını qeyd etdi. Həmsöhbətim əlavə etdi ki, “Xalq qəzeti”nin Qaxda həyata keçirilən sosial-iqtisadi məzmunlu tədbirlər barədə dövri olaraq qələmə aldığı yazılar, verdiyi informasiyalar rayon sakinlərinin zəhmətinə verilən həqiqi qiymət kimi həmişə müsbət dəyərləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə söhbətimizdə isə müsahibim rəhbərlik etdiyi rayonda görülmüş işlər barədə deyil, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət barədə söz açdı: - Həm siz, həm də digər həmkarlarınız Qaxda şahidi olduğunuz sosial- iqtisadi inkişaf barədə yazırsınız. Mən həmişə demişəm, yenə də deyirəm, bizim fəaliyyətimiz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu davam etdirməkdən, cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. Adı çəkilən siyasət və xatırladılan tövsiyə və tapşırıqların isə bircə adı var - xalqa xidmət etmək. Lap bu yaxınlarda cənab Prezident bir daha, özü də tam qətiyyətlə dedi ki, bu xalqın birinci xidmətçisi mənəm. Yəni cənab Prezident bizə - onun təyin etdiyi rəhbər vəzifə sahiblərinə növbəti dəfə tapşırıq verirdi ki, insanlara xidmət edin. Mən fəxr edirəm ki, bu gün Qaxda cənab Prezidentin həmin tövsiyə və tapşırıqlarına yüksək səviyyədə əməl edilir. Bunu indi sizin yadınıza salacağım məqamların hamısında aydın şəkildə görə biləcəksiniz.
Sonra Musa müəllim danışdı ki, ötən il Qax rayonunun ictimaiyyəti üçün möhtərəm Prezidentimiz İlham Əliyevin bölgəyə səfəri ilə əlamətdar və yaddaqalan bir il oldu. Rayon sakinləri hələ də ölkə başçısının 16 avqust 2013-cü il tarixli səfərinin, səfər çərçivəsində Qax Olimpiya İdman Kompleksinin açılışı mərasimində ictimaiyyət nümayəndələri ilə görüşündə rayonda görülən işlərə verdiyi yüksək qiymətin, bölgənin inkişafı ilə bağlı söylədiyi dəyərli fikirlərin yaratdığı xoş təəssüratların təsiri altındadırlar. Ötən il bütövlükdə respublikamızda olduğu kimi, Qaxın iqtisadiyyyatında da dinamik inkişaf təmin olunub, müvafiq sahələrdə kifayət qədər işlər görülüb və məqsədyönlü tədbirlər həyata keçirilib. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2013-cü il tarixli sərəncamı əsasında rayonun sosial-iqtisadi inkisafının sürətləndirilməsi məqsədi ilə 7 min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayon İcra Hakimiyyətinə ilkin olaraq ayrılmış 3 milyon manat vəsait hesabına yolun 10 kilometrlik sahəsinin - yəni Alatəmir-Marsan-Tasmalı hissəsinin tikintisi başa çatdırılıb. Layihə üzrə Alatəmir-Fıstıqlı avtomobil yolunun üzərində uzunluğu 6 metr olan körpü tikilib. Alatəmir-Marsan avtomobil yolunun üzərində isə uzunluğu 33 metr olan körpünün tikintisi davam etdirilir.
Başqa bir fakt. Ötən il Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 2 milyon manat vəsait hesabına şəhərin Heydər Əliyev prospektində, Nizami Gəncəvi, Məhəmməd Əmin Rəsulzadə, Molla Pənah Vaqif və Molla Vəli Vidadi küçələrində abadlaşdırma və təmir-bərpa işlərinə başlanılıb. Hazırda bu sahədə işlər davam etdirilir. Rayonun avtomobil yollarının əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş 950,6 min manat vəsait hesabına Ləkit kəndinin giriş yolunun 1 kilometrlik, Əlibəyli kəndinin giriş yolunun 4,5 kilometrlik hissəsinə asfalt örtük salınıb, şəhərin Heydər Əliyev prospektində 17600 kvadratmetr, Füzuli küçəsində isə 2760 kvadratmetr yola asfalt-beton örtük çəkilib.
Şəhərin, Qaxbaş və Qaxingiloy kəndlərinin su təchizatı və kanalizasiya sisteminin qurulması işləri ötən il də davam etdirilib. Layihə üzrə su anbarı tikilib, 3 su anbarında isə son tamamlanma işləri aparılır. Fövqəladə Hallar Nazirliyi tərəfindən Dəymədağlı kəndində 120, Ləkit-Kötüklü kəndində 40, Zərnə kəndində 240, Qorağan kəndində 220, Lələpaşa kəndində 100, Lələli kəndində 100, Ləkit kəndində 420 və Güllük kəndində 300 şagird yerlik yeni məktəb binaları istifadəyə verilib. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərindən 537-nin tikintisi başa çatdırılıb, hazırda 11 evdə tikinti işləri davam etdirilir. Təkcə ötən il rayonda 115 ədəd fərdi yaşayış evi və 14 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 129 fərdi tikinti aparılıb. Aparılmış tikinti işlərinin ümumi smeta dəyəri 3 milyon 220 min manata yaxındır.
Hazırda Rayon Dövlət
Yanğından mühafizə hissəsinin yeni inzibati
binasının, “El Resort” hotel kompleksi ərazisində yeni 4 mərtəbəli
korpusun, Qaxbaş kəndi ərazisində 9 mərtəbəli
yaşayış binasının, İlisu kəndində “Səngər
qala” istirahət kompleksinin, “Aqrolizinq” ASC-nin Qax rayon Aqroservis
filialının, Ağçay kəndi ərazisində
3 mərtəbəli istirahət mərkəzinin və məişət
tullantılarının zərərsizləşdirilməsi məqsədi
ilə poliqonun tikintisi davam etdirilir. Qax şəhərinin,
İlisu, Qaxbaş, Əlibəyli, İbaxlı və Zərnə
kəndlərinin seldən mühafizəsi məqsədi ilə
5074 kubmetr mühafizə bəndləri
tikilib , 436 min kubmetr həcmində
lildən təmizləmə və 858 min kubmetr həcmində məcratəmizləmə
işləri görülüb. Güllük və
Əmbərçay kəndlərində
suvarma şəbəkəsi üçün beton kanalların tikintisi başa
çatdırılıb, hazırda isə Qaxmuğal beton
kanalının tikintisi davam etdirilir.
Musa müəllim qeyd etdi ki, cənab
İlham Əliyevin Qaxa səfəri zamanı yenidən
qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin,
həmin yolun üzərində olan 700 metr uzunluğunda körpünün,
Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin,
Qax şəhərinin su təchizatı sisteminin və “El
Resort” otelinin Konfrans Mərkəzinin
açılışında iştirak etməsi rayon ictimaiyyətinin
qurub-yaratmaq əzmini birə beş qat artırıb. Məhz dövlət başçısının
Qaxa ayırdığı qayğı və diqqətin nəticəsidir ki, “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda bu rayon üçün nəzərdə
tutulmuş 22 bənddən ibarət tədbirlərin
icrası uğurla həyata keçirilib. Proqramın
icrası nəticəsində 5
il ərzində rayonda 1730-u daimi olmaqla 2086 yeni iş yeri
açılıb. Ötən
il isə 328-i daimi olmaqla 332 yeni
iş yeri yaradılıb.
Bütün
bunları yada salan rayon rəhbəri sonra daha maraqlı bir
arqument dilə gətirdi: - İndi baxın,
sadaladığım həmin işlərin hamısı kimin
üçündür? - “Əlbəttə,
xalq üçün, camaat üçün. - dedim. Əlavə elədi: - Deməli, mənim
bayaq xatırlatdığım “görülən bütün
işlərin təməlində insan amili dayanır” məntiqi
hamı tərəfindən məhz olduğu kimi qəbul
edilir. Çünki həqiqətdir.
İcra başçısı qeyd
etdi ki, Qax bu gün əsas turizm rayonlarından biri kimi qəbul
edilsə də, onu ölkənin mədəni mərkəzlərindən
birinə çevirmək istiqamətində böyük
işlər görülsə də, rayonumuz
ənənəvi kənd təsərrüfatı
rayonlarından biridir. Ona görə də dövlət
başçısının “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamından
irəli gələn vəzifələrin icrası hər il
rayonumuzda yüksək səviyyədə təmin olunur. Nazirlər Kabineti tərəfindən
təsdiq olunmuş qaydalara ciddi əməl olunmaqla 2007-ci ildən
etibarən rayonda
kənd təsərrüfatı məhsulları
istehsalçılarına 5,3 milyon manat, o cümlədən
2013-cü il ərzində 599,9 min manat məbləğində
yardımın verilməsi təmin olunub. Ötən il rayonda kənd təsərrüfatı
məhsulları istehsalı ilə məşğul olan
sahibkarlara 2 ədəd taxılbiçən kombayn, 8 ədəd
traktor, 6 ədəd asma-qoşma kənd təsərrüfatı
texnikası və 1 ədəd qarğıdalı səpən
aqreqat lizinq yolu ilə satılıb.
Mən çox istərdim ki, Qaxın gecələrini
hamınız görəydiniz. Rayon başdan-başa
işığın içindədir. Bu
işığa baxıb özün də daxilən
saflaşırsan. Öyrənirəm ki, Rayon Elektrik
Şəbəkəsi tərəfindən 57 ədəd
transformator yarımstansiyasında əsaslı və cari təmir
işləri aparılıb, 11 ədəd yanmış və
sıradan çıxmış transformator yarımstansiyası
Şəki şəhər laboratoriyasında təmir olunaraq
yenidən istifadəyə verilib, Qax yarımstansiyasından
çıxan İlisu hava xəttində yenidənqurma işləri
aparılıb, Qıpçaq hava xəttində 17,
Qorağanda 30 və Güllükdə 10 ədəd dayaq yeni beton və dəmir-boru
dayaqlarla əvəz edilib. Qaz təminatına gəlincə isə
deyim ki, Rayon Qaz İstismar İdarəsi tərəfindən
12 yaşayış məntəqəsində və şəhərdə
olan 7371 abonentə fasiləsiz təbii qazın verilməsi təmin
olunub, 496 nəfər əhalisi olan Ağçay kəndində
159 abonentə, 1997 nəfər əhalisi olan Almalı kəndində
336 abonentə və 1590 nəfər əhalisi olan Cəlayir kəndində
305 abonentə yeni qaz xətti çəkilib. İstehlak olunan
təbii qaza görə vəsaitin toplanması 96,3 faiz olub ki, bu da respublika üzrə yüksək
göstəricidir.
Qaxın
təbii imkanları nə qədər zəngin olsa da, burada da əhalinin
içməli su ilə təminatında çətinliklər
yox deyil. Ona görə də kəndlərdə əhalinin
içməli suya olan tələbatının təmin edilməsi
məqsədi ilə Qaratala, Şotavar, Qarabaldır,
Fıstıqlı, Qaradolaq və Çudullu kəndlərində
yeni su artezian quyuları qazılıb istifadəyə verilib. Qax Su-Kanal idarəsinə Azərsu Açıq Səhmdar
Cəmiyyəti tərəfindən 5 ədəd xüsusi təyinatlı
avtomaşın və 1 ədəd ekskvator verilməsi bu
işlərin sürətləndirilməsinə səbəb
olub. Rayonda təhsil sistemi
də daim rəhbərliyin
diqqət mərkəzində olan məsələlərdəndir.
Ötən il rayonun tam orta məktəblərinin Azərbaycan
və rus bölmələrini bitirmiş məzunların 319 nəfəri
ali məktəblərə qəbul imtahanlarında iştirak
edib, onlardan 170 nəfəri, yəni 50 faizdən çoxu tələbə adını
qazanıb. Rayon üzrə 7 məzun 600-dən çox, 26 nəfər
isə 500-700 arası bal toplayıb, 6 nəfərin
topladığı bal 581-600 intervalında olub. Rayonun
abituriyentlərinin fizika və kimya fənləri üzrə
göstəriciləri respublika üzrə ən yüksək
göstəriciyə bərabər olub.
Onu da
öyrəndik ki, Qaxda tarixi dəyərlərinə
görə 2 dünya əhəmiyyətli, 18 ölkə əhəmiyyətli, 48 yerli əhəmiyyətli
-ümumilikdə 68 abidə var. İlisu kəndindəki “Sumuq
qala”da, Qum kəndindəki Alban
məbədində, “Kürmük” məbədində və
Qaxmuğal, Əmbərçay, Güllük, Süskənd,
Ağçay kənd məscidlərində bərpa işləri
aparılıb. Rayonda fəaliyyət göstərən
11 turizm obyektində hər cür şərait vardır.
Rayonda istirahət məkanlarının sayı
çoxalıb. Bunun nəticəsidir ki, 2012-ci ildə rayona 18 min 369 turist gəlmişdisə,
2013-cü ildə bu göstərici
20 min 573 nəfər olub. Xarici turistlərin
sayı isə sürətlə artır. Rayon Mədəniyyət və
turizm şöbəsi və turizm obyektləri ötən il
aprelin 4-dən 6-dək Bakı şəhərində
keçirilən Daxili Turizm sərgisində uğurla iştirak
edib, Qaxın
turizm imkanlarını sərgi
iştirakçılarına çatdırıblar. Qax
Tarix-Diyarşünaslıq muzeyində rayonun 450 min illik
tarixindən soraq verən 11.296 ədəd tarixi və elmi əhəmiyyətə
malik əşya mühafizə, tədqiq və
təbliğ olunur. Muzey
2012-ci ildən YUNESKO-nun Beynəlxalq muzeylər şurasının üzvüdür. Bu isə o
deməkdir ki, “Qax Azərbaycanın ən qədim
diyarlarından biridir”, “Qax bu gün ölkənin ən
sürətlə inkişaf edən rayonları
sırasındadır” və “Qaxın şöhrəti
bütün dünyaya yayılır” deyənlərin
hamısı haqlıdır. Bir də ki,
görünən dağa nə bələdçi? – deyiblər. Artıq Qaxın
uğurlarını tək biz yox, hamı görür...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 6 mart.- S. 6.