Sabunçu rayonunda narkomaniyaya qarşı ciddi
mübarizə aparılır
Dünən Sabunçu Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası keçirildi.
Tədbirdə çıxış edən Sabunçu RİH başçısının birinci müavini Şakir Alıyev bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev 26 avqust 1996-cı ildə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” fərman imzalamış, bununla da ölkəmiz narkomaniya kimi bəlanın kökünün kəsilməsi istiqamətində beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə zəruri qanunvericilik bazası yaratmışdır. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirmiş, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
Rayon rəsmisinin sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası tərəfindən də Dövlət Proqramının icrası ilə əlaqədar ardıcıl işlər görülmüşdür. Komissiya yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması istiqamətində təsdiq edilmiş plana uyğun olaraq rayon Polis İdarəsi, təhsil müəssisələri, RİH başçısının qəsəbələr üzrə nümayəndəlikləri, qeyri-hökumət təşkilatları, Gənclər və İdman İdarəsi ilə birgə ardıcıl tədbirlər həyata keçirir. Rayon Polis İdarəsi ilə əməkdaşlıq nəticəsində 2013-cü il ərzində 125 cinayət faktı aşkar edilmiş, cinayətkarlardan tərkibi heroin və marixuanadan ibarət olan ümumi çəkisi 17 kq 867,2 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Ondan əvvəlki ilin müvafiq dövründə 98 cinayət faktı aşkar edilmiş, müsadirə olunaraq dövriyyədən götürülmüş narkotik vasitələrin ümumi çəkisi 14 kq 938,8 qram təşkil etmişdir. Keçirilmiş reydlər nəticəsində yabanı halda bitən, yaxud kultivasiya edilən çətənə kolları aşkar olunaraq, yandırılma yolu ilə məhv edilmişdir.
Rayon ərazisindəki Maştağa, Nardaran və Bilgəh qəsəbələri ərazilərində yaşayan bəzi sakinlər tərəfindən qanunsuz narkotik xassəli bitkilərin əkilib-becərilməsi və kultivasiya olunması faktları aşkarlanaraq, həmin ərazilərin qəsəbə nümayəndəliklərinə və bələdiyyələrinə belə halların qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan narkotik istifadəçiləri polis əməkdaşları tərəfindən profilaktiki nəzarətdə saxlanılır.
Komissiya azyaşlı uşaqların mənfi təsir altına düşməsinin qarşısını almaq üçün müvafiq dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müntəzəm profilaktiki iş aparmışdır. Rayon Polis İdarəsi,Yetkinlik Yaşına Çatmayanlarla İş və Hüquqlarının Müdafiəsi üzrə Komissiya,Gənclər və İdman İdarəsi ilə birgə məktəblərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, kollec və texnikumlarda müxtəlif tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə idman yarışlarının təşkil edilməsinə daha çox üstünlük verilir. Nardaran, Kürdəxanı və Pirşağı qəsəbələrində yeni inşa olunmuş zallar yeniyetmə və gənclərin istifadəsinə verilmişdir. İdman zallarının hər birində 200-ə yaxın yeniyetmə və gənc müxtəlif idman növləri ilə məşğul olur. Gənclər və İdman İdarəsi rayon ərazisində yerləşən texnikum və kolleclərdə seminarlar, rayon məktəbliləri arasında rəsm və inşa müsabiqəsi keçirmiş, Bakı şəhər məktəbliləri arasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” adlı rəsm müsabiqəsində iştirak təmin edilmişdir. Komissiya yeniyetmələr arasında maarifləndirmə işinə Sabunçu rayonu ərazisində yerləşən orta məktəblərin IX-XI siniflərinin, peşə məktəblərinin şagirdlərini, texnikum və kolleclərin tələbələrini cəlb etmişdir. Yeniyetmələr arasında broşürlərin paylanması təşkil edilmiş, sorğular keçirilmişdir. Nəticədə Rayon Polis İdarəsindən daxil olan hesabatlardan görünür ki, məsuliyyətə cəlb olunanlar arasında uşaqlar qeydə alınmamışdır.
Gələcək nəsli sağlam böyütmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün təşkil edilmiş “Narkomaniyaya yox deyirik”, “Narkomaniya və alkoqolizmin fəsadları”, “Gəlin narkomaniyaya yox deməyi bacaraq”, “Narkomaniya əsrimizin bəlasıdır”, “Biz ağ ölümə yox deyirik” adlı tədbirlər böyük səmərə vermişdir.
Sonra Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçısı, polis mayoru Bəxtiyar Bayramov, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səriyyəxanım Səfərova, respublika QİÇS Mərkəzinin təşkilati metodiki şöbəsinin müdiri Eldəniz Muradov, Zabrat Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Araz Əliquliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul işçisi Vasif Quliyev, Bakı ŞİH başçısının müavini Fidumə Hüseynova, çıxış edərək gənc nəslin sağlamlığının qorunması ilə bağlı fikir və təkliflərini söylədilər.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 6 mart.- S. 6.