İthaf. Şərq və Qərb arasında”

 

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın əməkdar rəssamı Əşrəf  Heybətin “İthaf. Şərq və Qərb arasında” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin  rəsmi saytı məlumat yayıb.

Əşrəf Heybət 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, Tbilisi Rəssamlıq Akademiyasında, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir.1980-ci ildə Moskvada keçirilən yay olimpiya oyunlarının bədii tərtibatında iştirak edən rəssam Moskvada fəaliyyətini davam etdirərək qısa bir zamanda böyük uğurlar qazanır. Moskva ilə yanaşı, Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və bir sıra ölkələrdə fərdi sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır. Əşrəf  Heybət geniş yaradıcılıq diapazonuna malikdir. O, portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, iri həcmli monumental əsərlərin də müəllifidir. 1994-cü ildə Almaniyanın Koblens şəhərinə köçən rəssam şəhərə 450 kv/m panno hədiyyə etmiş, 2001-ci il 11 sentyabr Nyu-York terror faciəsinə həsr etdiyiNyu-York. 11 sentyabr” panno-rəsmi hədiyyə olaraq göndərilmişdir.

Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının, PDA beynəlxalq təşkilatının və YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, beynəlxalq “Sülh elçisi” mükafatı laureatı, Almaniyada “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunub. O, Azərbaycandan kənarda yaşayıb-yaratsa da, əsərlərində, mənsub olduğu xalqına, doğma vətəninə, onun tarixinə, adət-ənənəsinə bağlılıq daim özünü göstərir. Ekspozisiyada rəssamın “Doğma vətən”, “Dastan”, “Ozan”, “Mənim dünyam”, “Bakı gözəlləri”, “Köhnə şəhər üzərində böyük ay”, “Bakının küləkli günü”, “Şimşəkdən qabaqkimi tabloları nümayiş olunur. Sərgi mart ayının 19-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 7 mart.- S. 3.