Özbəklər
və Özbəkistan
Hər hansı xalq öz dilinin, ədəbiyyatının, incəsənətinin (ümumən tarixinin!) müstəqillik dövrü, yaxud dövrləri barədə düşünərkən, danışarkən, yazarkən olduqca azad, qürurlu, hətta, tamamilə təbii olaraq, iddialı görünür. Və xüsusilə bu iddia müstəqillik dövründə bütün gücü ilə təzahür edib qeyri-müstəqillik dövrlərində yabançı siyasi- ideoloji təzyiqlərlə bu və ya digər şəkildə məhdudlaşdırılmış, yaxud yasaq olunmuş milli maraqları daha böyük ehtirasla ortaya qoymaqla vaxtilə iflic edilmiş mənəvi əzaları yenidən canlandırır.
Azərbaycan türklərində də, qazaxlarda da, türkmənlərdə də, qırğızlarda da, ümumən, müstəqilliyini iyirmi ildən çoxdur ki, əldə etmiş bütün türk xalqlarında belədir.
Və özbəklərdə
də məhz belədir...
Yazıçı-jurnalist, köhnə dostum Yunus Oğuzla birlikdə bir neçə günlük Daşkənd səfərimizdə özbəkləri, sözün həqiqi mənasında, ruhən olduqca azad, qürurlu və tamamilə təbii olaraq, iddialı gördüm. Özbəkistandakı Azərbaycan səfirliyinin, eləcə də Daşkənddəki Nizami adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi bu səfərdən o qədər zəngin təəssüratlarla qayıtdım ki, ürəyimdən keçənləri, qısaca da olsa, yazmaqdan, təəssüratımı hörmətli oxucularla bölüşməkdən özümü saxlaya bilmədim. Və bir də ona görə ki, deyirlər: sevinci nə qədər çox paylaşdırsan - çoxalır; kədəri nə qədər çox bölüşdürsən- azalır.
Kədərdən başlayıram... Çünki hər bir xalqın həyatı hər bir insanın həyatı kimi, yalnız sevincdən ibarət deyil. Və türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə təsadüfən deməmişdir ki,
İnsan insan olur öz hünərilə,
Millət millət olur
xeyir-şərilə.
Daşkənd səfərimizin bir məqsədi də Azərbaycanın
(əslində, dünyanın) Xocalı faciəsinin
ildönümünü qeyd etmək, heç bir səbəb
olmadan qətlə yetirilmiş yüzlərlə
günahsız insanın - Azərbaycan türkünün xatirəsini
qardaş məmləkətdə də anmaq idi.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə
ölkəmizin səfiri Hüseyn Quliyev qısa, mükəmməl,
təsirli bir giriş sözü söylədi. Və onun çıxışı eyni mükəmməlliklə
ingiliscəyə sinxron tərcümə edildi. Sonra Xocalı soyqırımından bəhs edən
film göstərildi.
Mən mərasimdə
iştirak edən iyirmi beşə qədər xarici ölkə səfirinin
necə mütəəssir
olduqlarını, Azərbaycan səfirinə necə
hüznlə, ehtiramla başsağlığı verdiklərini
görəndə, nə gizlədim, kədərlə
yanaşı, bir təsəlli hissi də keçirdim. Qardaş ölkədə Azərbaycan
xalqının haqlı tələbi – erməni faşizminin cəzalandırılması
ittihamı bu cür inamla səslənirsə (və bunun
üçün dövlət səviyyəsində şərait
yaradılırsa), demək, türk xalqlarının
qardaşlığı, bəzilərinin iddia etdikləri
kimi, yalnız sözdə deyil. Bu bir könül, ürək
məsələsidir... Etnosiyasi özünüdərk
faktıdır...
Təsadüfi
deyil ki, elə əvvəldən
konyuktur dövlət kimi yaradılmış, ona görə də
siyasi təbiəti etibarilə
anormal, cığal olan Ermənistanla Özbəkistanın
heç bir diplomatik əlaqəsi yoxdur. Ona görə də ermənilər
hansısa keçmiş bir türk dövlət
başçısının aldadılaraq İrəvandakı
sözdə “erməni genosidi” abidəsinə əklil
qoymasını bəhanə gətirib, özləri də
inanmadan, guya, türk birliyinin
boş bir xəyal olduğunu mətbuata
çıxaranda gərək Özbəkistanın, eləcə
də ümumən, türk dövlətlərinin bu sahədəki
artıq az olmayan təcrübəsini, strateji mövqelərini
də heç olmasa bircə anlıq göz önünə gətirəydilər. Və nə vaxtsa gətirməli,
dünyadan təcrid edildiklərini anlamalı olacaqlar ki, onda
da, təbii ki, çox gec olacaq.
Beynəlxalq
səviyyədə Özbəkistanın, demək olar ki, həmişə
Azərbaycanın haqq işini, milli
maraqlarını müdafiə etməsi yalnız Azərbaycanda
deyil, bütövlükdə,
türk dünyasında böyük məmnunluq doğurur. Azərbaycan da həmin səviyyədə Özbəkistandan
öz qardaşlıq köməyini heç zaman əsirgəmir.
Sovet
dövründə də Özbəkistan iqtisadi, həm də mədəni
baxımdan kifayət qədər inkişaf etmiş,
güclü bir respublika idi. Ona görə yox ki, bir zamanlar çox tez-tez
deyildiyi, beyinlərə yeridildiyi kimi, sosialist inqilabı
“çiçəklənən Özbəkistanın əsasını
qoymuşdu”... Daha çox (əslində, ilk növbədə!)
ona görə ki, kökünü karluq türklərindən
alan, tədricən oğuz və qıpçaq türklərini
də özündə ehtiva etməklə genotipologiyası
etibarilə türk dünyasının ortaq dəyərlərini
paylaşan özbəklər tarix səhnəsinə
çıxdıqları ilk dövrlərdən özlərini
təkcə türk dünyasının yox, ümumən,
dünyanın mədəni, böyük siyasi iradəyə
malik xalqlarından biri kimi göstərmişlər. Yalnız dahi dövlət adamı Əmir Teymurun
adını çəkmək kifayətdir ki, özbəklərin
tarixən necə böyük şəxsiyyətlər yetirdiyi
barədə aydın təsəvvür yaransın.
Orta
Asiyada bütün orta əsrlər boyu möhtəşəm
dövlətlər yaratmış, bugünə qədər təravətini itirməyən
gözəl şəhərlər salmış özbəkləri
mədəni səviyyələrinə görə “türklərin
fransızları” adlandıranlar, yəqin ki, səhv etmirlər.
Özbək alimlərinin, mütəfəkkirlərinin
qələmə aldıqları traktatlar, risalələr,
özbək sənətkarlarının dünyanı heyran edən
əsərləri yarandıqları dövrlərin klassik
intellekt- mədəniyyət abidələridir. Bu abidələr
ümumbəşəri səviyyədə olmaqla
yanaşı, həm də millidir, türk-özbək ruhunun
parlaq, daxildən gələn, səmimi təzahürüdür.
Özbək
hökmdarlarının, dövlət
başçılarının mədəniyyətə nə
qədər yüksək qiymət verib sənətkarı nə
qədər dəyərləndirdiyini Əlişir Nəvainin
müasiri olan Azərbaycan şairi Kişvəri vaxtilə belə
ifadə etmişdi:
Kişvəri
şeiri Nəvai şeirindən əskik iməz,
Düşsəydi əgər bəxtinə bir Sultan
Hüseyn Bayqara.
Azərbaycan şairi özünü dahi özbək
şairi ilə müqayisə edir, ancaq Nəvainin daha
böyük şöhrət qazanmasının bir səbəbini
də özbək hökmdarı Sultan Hüseyn Bayqaranın
himayəsində olduğunda görür.
Daşkənddə
olduğumuz günlərdə bir daha bütün
aydınlığı ilə dərk etdim ki, özbəklər
yalnız böyük mədəniyyət, möhtəşəm
tarixi şəxsiyyətlər yaradıb yetirməklə
qalmamışlar, bu mükəmməl xalq öz zəngin tarixini
qorumaqda da mahirdir. Evlərin arxitekturasında, tarixi şəxsiyyətlərin
heykəllərində, küçələrin
adlarında, insanların qiyafəsində, demək olar ki,
gözə dəyən hər şeydə bunu görmək
mümkündür.
Nizami
adına Daşkənd Dövlət Pedaqoji Universitetində
keçirilən Əmir Teymur konfransında
çıxış edən özbək tədqiqatçılarının
məruzələri də göstərdi ki, Özbəkistanda
humanitar elmlər inkişaf edir, elmə, ədəbiyyata, incəsənətə
dövlət qayğısı
istənilən səviyyədədir. Və Azərbaycan yazıçı-jurnalisti
Yunus Oğuzun “Əmir Teymur” romanının özbək dilinə
tərcümə olunub nəşr edilməsi, təqdimatının
keçirilməsi də bunun sübutu idi. Yunus Oğuz
özünəməxsus bir emosionallıqla təsdiq elətdirməyə
çalışırdı ki, Əmir Teymur özbək deyil, bütün
türk xalqlarına məxsusdur. Özbək tədqiqatçıları
isə böyük tarixi şəxsiyyəti, Yunus Oğuza
(onun romanına) nə qədər hörmətlə
yanaşsalar da, əldən vermək istəmirdilər. Bu mənzərə dramatik olduğu qədər də
səciyyəvi, hətta ibrətamiz idi. Çünki, əslində,
hər iki tərəf
düz deyirdi...
Kifayət
qədər böyük istedadla (və Əmir Teymura məhəbbətlə)
yazılmış, çox keçmədən müxtəlif
dillərə tərcümə olunmuş “Əmir Teymur”
romanının özbək dilində nəşr edilməsi
(Usman Kuskarın tərcüməsində) ona görə əlamətdar
idi ki, kitab Əmir Teymurun bilavasitə xələflərinin
dilində çıxırdı.
Xoş olan bir də o idi ki, roman özbək
oxucuları tərəfindən maraqla
qarşılanmışdı, müəllifə minnətdarlıq
münasibəti hiss olunacaq qədər kütləvi idi.
Müşahidə etdiyim (və fikrimcə, Özbəkistanda
cəmisi iki-üç gün qonaq olan hər kəsin
müşahidə edə biləcəyi) bir mühüm cəhət
də özbəklərin, ümumən, Özbəkistan vətəndaşlarının
prezident İslam Kərimova, onun yürütdüyü siyasətə
hörməti, ehtiramı idi. Hər şeydən əvvəl
ona görə ki, bu təcrübəli, müdrik dövlət
adamı hakimiyyətə gəldiyi ilk illərdən Özbəkistanın
(və dünyadakı sayı on milyonlarla ölçülən
özbəklərin) müstəqilliyi uğrunda mübarizə
aparan həqiqi liderdir. Və Daşkəndin küçələrini bəzəyən
bir şüardakı ifadə məni, etiraf edim ki, hər dəfə
rast gələndə mütəəssir edirdi. Bu,
sıravi bir vətəndaşın dilindən müstəqil
Özbəkistana müraciətən deyilən “qədir-qiymətimsən”
ifadəsi idi.
Əlbəttə, öz müstəqil (milli) dövləti
olmayan xalqın qədir- qiyməti bilinməz. Və müstəqillik
xüsusilə yenicə qazanıldığı mərhələdə
ciddi təhlükələrlə, həm xarici, həm də
daxili müdaxilələrlə, münaqişələrlə
üzləşir. Azərbaycanda da belə oldu,
Qazaxıstanda da, Özbəkistanda da... Ancaq nə
qədər təhdidlərə məruz qalsa da müstəqilliyin
alternativi, təbii ki, qeyri-müstəqillikdir, öz evinin
sahibi olmamaq deməkdir ki, bunu da nəinki özbəklər
kimi inkişaf etmiş xalqlar, heç sivilizasiyadan xeyli geri
qalmış xalqlar da arzulamır.
Azərbaycan xalqının ümummilli lideri, türk
dünyasının (və dünyanın) böyük şəxsiyyəti
Heydər Əliyev vaxtilə demişdi ki, Özbəkistan
İslam Kərimovun rəhbərliyi ilə öz müstəqilliyini
uğurla təmin edir, inkişaf etdirir. Və bu gün demokratik,
müstəqilliyini qoruyub saxlamaqla dünyaya inteqrasiya edən,
ciddi qayda-qanunlara əsaslanan Özbəkistan dövlətini
görmək, elə bilirəm ki, yalnız hər bir özbək
üçün yox, hər bir türk üçün
çox xoşdur, qürurvericidir.
Vaxtilə Moskva öz təcavüzkar siyasətini həyata
keçirmək üçün “rəşidovşina ilə
mübarizə” adı altında özbək xalqına
qarşı çirkin bir kampaniyaya başlamış,
bütöv bir xalqı aşağılamaq, özünə
tabe etmək istəmişdi. Sovetlər Birliyinin
dağılması, Özbəkistanda müstəqillik hisslərinin,
ideyalarının güclənməsi ərəfəsində
ortaya atılan bu
fitnəkarlıq zəngin tarixə malik xalqın
iradəsini qıra bilmədi. Bu gün Daşkəndi
gəzərkən geniş bir küçəyə Şərəf
Rəşidovun adının verildiyini görmək, əlbəttə,
məmnunedicidir. O deməkdir ki, xalq öz tarixi şəxsiyyətini
başqalarının, müdaxiləçilərin diqtəsi
və ya təzyiqi ilə deyil, özü müəyyən
edir.
Özbəkistan
latın əlifbasına keçir.
Daşkəndin küçələrindəki yazılar,
lövhələr, reklamlar, şüarlar, demək olar ki,
bütünlüklə latın əlifbasındadır.
Qəzetlər, jurnallar, kitablar isə hələ,
əsasən, kirildə çıxır. Yaxın
zamanlarda bütövlükdə latına keçiləcəyi
heç bir şübhə doğurmur. Lakin, ümumən,
türk dünyası səviyyəsində ünsiyyət
problemi yaradacaq bir məsələ var ki, bu da əlifbanın unifikasiya
olunmamasıdır. Digər türk xalqlarından fərqli
olaraq özbəklər ingilislər kimi “ç” səsini
“ch”, “ş” səsini “sh” şəklində yazırlar. Ona görə bütün türklər
latına keçsələr də xeyli qrafik fərqlər
olduğundan bir-birinin yazısını oxuyub-anlamaqda çətinliklər
meydana çıxır ki, bunu aradan qaldırmaq problemi yaranır.
Özbək dili dünyanın inkişaf etmiş dillərindən
biridir. Orta əsrlərdən
bəri “Alpamış” kimi mükəmməl eposla, çoxlu yazılı
abidələrlə təmsil olunan mükəmməl ədəbi
forma ilə yanaşı, zəngin dialekt təzahürlərinə
də malikdir. Və bu dildən Özbəkistandan
başqa, Əfqanıstanda, Çində, İranda,
Tacikistanda da geniş istifadə olunur.
Yeri gəlmişkən,
qeyd etmək istərdim ki, özbək dilində
başqa türk dillərində müşahidə olunmayan,
yaxud ədəbi nüfuz qazanmayan elə türk mənşəli
sözlər var ki, bütün
türklər tərəfindən qəbul edilib-işlədilə
bilər. Məsələn, Azərbaycan dilindəki
ərəb mənşəli “sülh” sözünün
qarşılığı olan tinclik (dinclik)
sözünün işləkliyi mənim çox xoşuma gəldi.
Müstəqillik dövründə özbək dili ilə yanaşı, özbək ədəbiyyatı, publisistikası zəngin ənənələr əsasında kifayət qədər sürətlə inkişaf edir. Ölkədə yayımlanan qəzetlərin tirajı on minlərlədir. Tanış olduğum bir neçə qəzetdə mövzu, üslub rəngarəngliyi, xüsusilə geniş maarifçilik, vətənpərvərlik ruhu gördüm.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Həkimcan Kərimovun Özbəkistan universitetləri üçün yazdığı “Müstəqillik dövrü ədəbiyyatı” dərsliyini vərəqlədikcə məndə belə bir inam yarandı ki, müasir özbək ədəbiyyatı nümayəndələri prezident, özbək xalqının lideri İslam Kərimovun “Bizdən azad və abad Vətən qalsın” çağırışını rəhbər tutaraq, milli məfkurənin çiçəklənməsi uğrunda həm şeirdə, həm nəsrdə, həm də dramaturgiyada kifayət qədər istedadla yazıb-yaradırlar.
Lakin təəssüf ki, müəyyən istisnaları nəzərə almasaq, müstəqillik dövrünün özbək ədəbiyyatı Azərbaycanda, demək olar ki, tanınmır. Halbuki, Daşkənddə Azərbaycandakı ədəbi prosesi yaxından izləyən, onu Özbəkistanda tanıtmağa çalışan ədəbiyyat adamları ilə tanış oldum. Onlardan biri – müxtəlif dilləri yaxşı bilən, azərbaycanca gözəl danışan gənc Rüstəm bəy məndə böyük təəssürat yaratdı. O nəinki Azərbaycanda yeni yaranan ədəbiyyatdan, hətta “ədəbi münaqişələr”dən də xəbərdardır.
Özbəklər (və Özbəkistan), bir daha əmin oldum ki, həm tarixlərini qoruyub saxlayırlar, onunla fəxr edirlər, həm də gələcək nəsillərin öyünc duyacağı bir tarix yaradırlar.
Nizami CƏFƏROV,
Milli Məclisin
Komitə sədri, AMEA-nın
müxbir üzvü, professor
Xalq qəzeti.- 2014.- 7 mart.- S. 5.