Yaza nə qaldı...

 

...Havadan bahar ətri gəlir. Düzdür, hərdən soyuq küləklər də əsir, yağış da yağır, dağların zirvəsində görünən qar isə, sanki, arana “göz ağardır”. Lakin təbiətin əbədi və əzəli qanunu öz hökmünü verməkdədir. Ağaclar, güllər tumurcuqlayır, qönçələr günəşə boylanır. Düzlərdə, yamaclarda otlar, çiçəklər baş qaldırır. Az qala, üfüqlərə qədər uzanıb gedən ana  torpaq, elə bil ki, bu tumurcuqların, çiçəklərin, otların dili ilə danışır, dünyanı, insanları salamlayır.

Maşınımız rahat asfalt yoldan sağa – kiçik təpələrin arası ilə uzanan torpaq yola dönür. Hər iki tərəf taxıl sahələridir. Xəfif külək hər gün, az qala, bir qarış boy atan taxıl zəmilərini dəniz kimi dalğalandırır. Bolluq, bərəkət vəd edən sahələr adamın üzünə gülür. Gözümüz də dincəlir, könlümüz də...  Uzaqda, sahənin ortasında suçular görünür. Onlar suyun axarı boyu, yola tərəf gəlirdilər. Hərdən dayanıb ətrafa diqqətlə baxır, kələ-kötür yerlərə su çıxıb-çıxmadığını yoxlayırdılar.

 

– İşiniz irəli... Bərəkətli olsun...

 

– Xoş gəldiniz,  sağ olun...

 

Öyrəndik ki, Məhəmməd Əsgərov 20 ildən çoxdur ki, burada çalışır. Təcrübəli suçu hesab olunur. Ancaq o təkcə bununla kifayətlənmir   səpin vaxtı səpinçi, suvarma vaxtı suçu, biçin vaxtı biçinçidir. Söhbət zamanı isə bildirdi ki, əkinçilikdə ən vacib məsələ suvarmadır, onun vaxtında və keyfiyyətlə aparılmasıdır.

– Çoxu buna sadə bir iş kimi baxır, – deyir. Ancaq nahaq yerə. Əslində, gələcək bol məhsulun əsası indidən qoyulur. Selləmə suvarma nə qədər zərərlidirsə, gecikmək də o qədər ziyanlıdır. Bir sözlə, məhsuldarlığın açarı düzgün və vaxtında aparılan suvarmadadır.Taxılın suyu isə bir deyil, bir neçədir, hərəsinin də öz vaxtı...  Məhəmməd uzun saplı belinə söykənib danışır. Mən isə bütün ömrünü bu çöllərin qoynunda keçirən, ana torpağın nazı ilə oynayan bu sadə, səmimi insana, onun çöl-bayırın havasından tunclaşmış çöhrəsinə, möhkəm əllərinə rəğbət hissilə baxıram.

Çox çəkmədi ki, o biri suçu – Raqub Dadaşov da gəlib çıxdı. Taxıl sahələrinin hazırkı vəziyyətilə maraqlandıq.

– Gördüyünüz bu sahələrdən, ən azı, 45 sentner məhsul götürəcəyik, – dedi. Ona görə ki, səpini vaxtında və keyfiyyətlə aparmışıq. Suvarma və becərmə tədbirləri də gecikdirilmir. Deməli, qalır biçin. Allah qoysa, onda görüşərik...

Bura – “Vüqar” kəndli fermer təsərrüfatına gəlməyimiz təsadüfi deyildi. Yevlax Rayon İcra Hakimiyyətində aqrar məsələlərlə, yaza hazırlıqla maraqlananda hamı bu təsərrüfatın adını çəkdi:  – “Vüqar”dan yazın, burada öyrənməli cəhətlər çoxdur, əsl qabaqcıl təcrübə məktəbidir,–dedilər. Doğrudan da, bu təsərrüfatda öyrəniləsi, təbliğ olunası, başqalarına da nümunə göstəriləsi cəhətlər çoxdur.

Təsərrüfatın rəhbəri Rəfiqə Mikayılova ilə söhbətdən aydın oldu ki, indi bağlı-bağatlı, abad və yaraşıqlı olan bu yerlər əvvəllər boş səhra olub. “İrəmə” adlanan boz çöllərdə əkin-biçin işləri aparmaq, ağac əkmək, yaşıllıq salmaq əlçatmaz hesab olunurdu. İndi isə bu yerlər, sözün əsl mənasında, gülüstana çevrilib.  Təsərrüfatın 500 hektar əkinə yararlı torpaq sahəsi var. Hazırda burada 136 hektarda taxıl, 98 hektarda yonca, 105 hektarda günəbaxan əkilmişdir. 85 hektarda isə heyva bağı salınmışdır. Heyvandarlığın inkişafı da diqqət mərkəzindədir.

Ötənilki göstəricilərlə maraqlandıq. Bildirdilər ki, ümumi taxıl istehsalı 650 tona çatdırılmışdır. 1200 baş qoyun-quzu saxlanılan təsərrüfatda rayon üzrə ən yüksək nəticələr əldə edilmişdir. 50 nəfərə yaxın adamın çalışdığı bu kollektivdə orta aylıq əmək haqqı 350 manat təşkil edir.

Afil Qurbanovla söhbət edirik. 80 yaşı var. Əvvəllər kolxozda işləyib, son 20 ilə yaxın müddətdə isə “Vüqar” fermer təsərrüfatında çalışır.

– Belə iri fermer təsərrüfatlarının yaradılması olduqca vacibdir, – dedi: – Nəzərə almaq lazımdır ki, tək əllə heç nəyə nail olmaq mümkün deyil. Digər tərəfdən, burada nə sədr var, nə direktor, nə fəhlə... Hamı gücü çatan işdən yapışır, əlindən gələni edir. Hər kəs də bilir ki, nə qədər yaxşı işləsə, gəliri çoxalacaq, günü-güzəranı da yaxşılaşacaq. Təsədüfü deyildir ki, ildən-ilə əmək haqqımız artır, dolanışığımız yaxşılaşır.

Yolumuz Qoyunbinəsi kəndinədir. “Zaur” fermer təsərrüfatı bu kənddə fəaliyyət göstərir. Öyrəndik ki, təsərrüfat, əsasən, heyvandarlıq üzrə ixtisaslaşıb. İndi burada 100 baş inək var ki, bunların da əksəriyyəti Fransadan gətirilmiş “Şəray” cinsindəndir. Keçən ildən xırda heyvanlar da saxlanılır. Ətlik istiqamətdə olan qoyunların diri çəkisi 50-60 kiloqramdır. Təsərrüfatın ixtiyarında 100 hektar əkinə yararlı torpaq sahəsi var. Burada yonca, silosluq qarğıdalı və başqa yem bitkiləri yetişdirilir.

Malabaxan Ələmdar Məhəmmədov yaradılan şərait və görülən işlər barədə həvəslə danışır:

– Bu təsərrüfatın bünövrəsi gözlərimiz qarşısında qoyulub. İlk gündən burada çalışırıq. Yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan çox razıyıq. Hazırda burada 40 nəfər çalışır. Aylıq əmək haqqımız 300 manatdır. Təsərrüfatımız inkişaf etdikcə, sözsüz ki, gəlirimiz də artacaq.

“Zaur” kəndli fermər təsərrüfatının rəhbəri İsrail Hüseynov ali təhsilli kənd təsərrüfatı mütəxəssisdir. Görüləcək işlər, qarşıda duran vəzifələr barədə danışarkən dedi:

– Təsərrüfatımız 1996-cı ildən fəaliyyətə başlayıb. Bu illər ərzində 60 başlıq 2 tövlə, 80 başlıq bir tövlə tikmişik, möhkəm yem bazası yaratmışıq. Bütün işlər tam mexanikləşdirilib. Hər gün 1 tondan çox süd sağılır. Yaxın illərdə iri malın sayını 200 başa, gündəlik süd sağımını isə 10 tona çatdırmağı qərara almışıq. Əlavə 80 başlıq tövlənin tikintisinə də hazırlaşırıq.

Əlbəttə, çox məhsul istehsal etmək işin birinci tərəfidir. Əsas məsələ məhsulun müvafiq qaydalar əsasında saxlanması, alıcıya keyfiyyətli şəkildə çatdırılmasıdır. Bunu nəzərə alaraq hazırda südsoyutma sexinin tikintisinə başlanılmışdır.

Biz rayonun Malbinəsi, Yəldili, Xaldan, Bucaq, Qaraməmmədli, Səmədabad və başqa kəndlərində də olduq, fermerlərlə, kənd adamları ilə görüşüb söhbət etdik. Baharın ilıq nəfəsi duyulan bu günlərdə hamı iş üstündə, əkində-becərmədədir. Onlar yaxşı bilirlər ki, bərəkətli payız günlərində götürüləcək bol məhsulun əsası bu günlərdə qoyulur. Söhbət etdiyimiz kənd əməkçiləri bir də elliklə etiraf etdilər ki, əldə edilən uğurlar Prezident İlham Əliyevin aqrar sahəyə, azad sahibkarlığa göstərdiyi gündəlik diqqət və qayğının konkret nəticəsidir.

Aparılan islahatlarla əlaqədar olaraq rayon aqrar-sənaye kombinatlarının ləğv edilməsindən sonra kənd əməkçilərinin, fermerlərin üz tutduqları və kömək aldıqları əsas qurumlardan biri, bəlkə də birincisi su və meliorasiya idarələridir. Məhsul bolluğunda, bərəkət təknəsində onların da öz layiqli payı var.

Yevlax Suvarma Sistemləri İdarəsinin rəisi Telman Əsədov bu barədə danışarkən dedi:

– İdarəmiz 39849 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Bundan 12223 hektarı mexaniki üsulla, 27626 hektarı isə özüaxımla həyata keçirilir. Balansımızda 1035,5 kilometr torpaq, 55,6 kilometr beton örtüklü kanallar, 163,1 kilometr novlar, 58,2 kilometr boru kəmərləri vardır. Kanallar üzərində 1741 ədəd müxtəlif növlü hidrotexniki qurğular vasitəsilə su istifadəçilərinə normaya uyğun suvarma suyu verilir. Cari ildə 18279 hektar taxıl, 14900 hektar yonca, 610 hektar pambıq, 2950 hektar həyətyanı, 675 hektar qarğıdalı, günəbaxan və s. sahələr bol suvarma suyu ilə təmin olunmuşlar. Bu məqsədlə 130 ədəd hidrotexniki qurğu, 6 kilometr nov kanal, 8 kilometr beton örtüklü kanal təmir olunaraq saz vəziyyətə gətirilmişdir.

Əkin sahələri 6 mənbədən götürülməklə suvarılır. Bunlar Kür, Əlicançay, Tərtərçay, Yuxarı Qarabağ Kanalı, Yuxarı Şirvan Kanalı və subartezian quyularıdır.

Bir sıra obyektlərdə əsaslı təmir işləri görülmüşdür. “Hüseynbəyli”, “Aran-2” və “Salahlı” elektrik nasos stansiyalarının binasında, nasos aqreqatlarında, elektrik və mexaniki avadanlıqlarda təmir işləri görülərək vegetasiya suvarmasına tam hazır vəziyyətə salınmışdır.

Rayonda 9 sudanistifadə birlikləri fəaliyyət göstərir. 2013-cü ildə birliklərdən yığılan 95361 manatlıq vəsait nasos stansiyaların saxlanılmasına, suvarma kanallarının lildən təmizlənməsinə və enerji xərclərinə sərf olunmuşdur.

Bol məhsul götürməyin əsas şərtlərindən biri də yüksək məhsuldarlığa malik, yerli təbii və iqlim şəraitinə uyğun toxum sortlarının yetişdirilməsidir. Bu cəhətdən rayonda yerləşən “Azər-toxum” MMC-nin toxum emalı müəssisəsinin fəaliyyəti böyük razılıq doğurur. Onu da əlavə edək ki,  Prezident İlham Əliyev 2010-cu ildə Yevlax səfəri çərçivəsində bu müəssisənin də açılışında iştirak etmişdir.

“Azər-Toxum” MMC-nin direktoru İkram Vəliyev bizimlə söhbətində bildirdi:

– Müəssisəmizin ərazisi 7 hektardır. Burada hər birinin tutumu 2500 ton olan 5 anbar, 16500 tonluq toxumqablama sexi, təmirxana və s. yerləşir. Bundan başqa, ötən il 10 min ton məhsul saxlamaq üçün anbar binası tikilmişdir. Hazırda isə heyvandarlıq üçün 15 tonluq yem istehsal edən sex inşa edilir.

2013-cü ildə ayrı-ayrı fermer və sahibkarlara 23 tondan çox yüksək kefiyyətli toxum satılmışdır. Cari ildə biz bu rəqəmi xeyli artırmağı planlaşdırmışıq. Bu məqsədlə 8900 hektar sahədə taxıl əkilmişdir. Fermerlərlə sıx əlaqə, qabaqcıl təcrübənin tətbiqi, heç şübhəsiz, gələcəkdə ümumi məhsul istehsalını daha da artırmağa imkan verəcəkdir.

İqtisadi göstəricilər, fakt və rəqəmlərin müqayisəli təhlili göstərir ki, son illər Yevlaxda başqa sahələr kimi, kənd təsərrüfatında da əsaslı irəliləyiş əldə olunmuş, dinamik inkişaf təmin edilmişdir. Yeri gəlmişkən, burada bəzi xarakterik rəqəmləri bir daha yada salaq. Son 10 ildə rayonda taxıl istehsalı 40 faiz artmışdır. Təkcə ötən il ümumi daxili məhsulun 79,2 milyon manatını kənd təsərrüfatı təşkil etmişdir.

2013-cü ildə 1766 nəfər buğda istehsalçılarına  1 milyon 598 min manat dövlət yardımı verilmişdir. Torpaq mülkiyyətçilərinə 2011,6 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılmışdır. Nəticədə, 2013-cü ildə 18279 hektar sahədə taxıl əkilmiş və 56 min ton məhsul istehsal edilmişdir. Bu da 2012-ci ilə nisbətən 4,8 min ton çoxdur. 2012-ci illə müqayisədə 32 ton ət, 696 ton süd, 24 min ədəd yumurta, 10 ton yun çox istehsal edilmişdir.  Aqrar sahədə ən böyük çətinlik ondan ibarətdir ki, mövcud kollektor-dren şəbəkəsi keçən əsrin 70-ci illərində tikilmiş, indiyə qədər əsaslı təmir-bərpa işləri aparılmadığından yararsız hala düşmüşdür. Nəticədə, torpaqlarda şorlaşma baş verir ki, bu da məhsuldarlığı aşağı salır, qoyulmuş vəsait, sərf edilmiş əmək gözlənilən nəticəni vermir.

Biz rayonda olarkən bu barədə şad bir xəbər də eşitdik. Məlum oldu ki, yaxın günlərdə Prezident İlham Əliyevin tapşırığı ilə göstərilən çətinliklərin aradan qaldırılması üçün “Kənd yerlərinin kompleks inkişafı layihəsi” çərçivəsində ərzaq təhlükəsizliyinin və gəlirlərin artırılması imkanlarının təkmilləşdirilməsi məqsədilə Yevlax, Ağdaş, Şəki və Oğuz rayonlarında kompleks tədbirlərin həyata keçirilməsinə başlanacaqdır. Layihəni Azərbaycan Hökuməti, İslam İnkişaf Bankı və İFAD təşkilatı maliyyələşdirəcəkdir.

Bölgə müxbiri kimi etiraf edirəm: indiyə kimi daha çox Yevlaxda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, sənaye müəssisələrindən, yeni infrastruktur layihələrindən materiallar hazırlamışam. Görünür, hər şeydən əvvəl, ona görə ki, Yevlaxın əsrə bərabər inkişaf yolundan, dəyişən, müasirləşən, abadlaşan simasından, daha çox elmi münasibətə əsaslanan təşkilat-idarəetmə məsələlərindən yazmamaq, sadəcə olaraq,  mümkün deyil. Digər tərəfdən, Yevlax torpağı həmişə aran yeri, əsasən, şoran torpaq hesab olunub, kənd təsərrüfatı, bir növ, arxa plana keçib.

Ancaq... bu, keçmişdəydi. Yevlaxda bu basmaqəlib düşüncəni də qırıblar. İndi vəziyyət tamamilə dəyişilib. Son illərdə Yevlaxda kənd təsərrüfatı dinamik inkişaf və yüksəliş yolundadır. Bu günlərdə rayonun kəndlərində, ayrı-ayrı təsərrüfatlarda gördüklərim, şahidi olduqlarım, fermerlərlə, sahibkarlarla, kənd sakinləri ilə görüş və söhbətlərim belə deməyə tam əsas verir. Qışın zəruri qayğılarını arxada qoyan yevlaxlılar bar-bərəkətə yönəlik daha bir yaza qucaq açıblar.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 7 mart.- S. 6.