Azərbaycan və İsrail arasında əməkdaşlıq imkanları müzakirə olunmuşdur

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Rafael Harpaz arasında tanışlıq görüşü olmuşdur. Görüşdə S.Müslümov iki ölkənin müxtəlif sahələrdə daim genişlənən  əməkdaşlığının əmək və sosial müdafiə sahəsini də əhatə etməsinin önəmli ola biləcəyini vurğulamışdır.

Görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olduğunu qeyd edən S.Müslümov bildirmişdir ki, son 10 il ərzində ölkədə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Bu müddətdə ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. İqtisadi inkişaf şəraitində xalqın rifah halının davamlı olaraq yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti və əldə olunan nailiyyətlər barədə məlumat verən nazir eyni zamanda respublikada əmək və sosial müdafiə sistemində aparılan islahatlardan söz açmışdır.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumatda deyilir ki, nazir S.Müslümov görüşdə əmək bazarının daim nəzarətdə saxlanılmasının, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının və vətəndaşların məşğulluq imkanlarının artırılmasının, dövlət sosial yardım sistemində ünvanlılığın və şəffaflığın təmin olunmasının, həmçinin sosial xidmətlərin cəmiyyətin müvafiq ehtiyaclarına uyğun təşkilinin aparılan islahatların əsas məqsədi olduğunu bildirmişdir: “Aparılan islahatlarda isə mütərəqqi dünya praktikasından, qabaqcıl ölkələrin özünü doğrultmuş təcrübəsindən istifadə həmişə ön planda dayanır. Öna görə də inkişaf etmiş ölkələr sırasında olan İsraillə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və  inkişafı maraq dairəsində olan məsələlərdəndir”.

Nazir xüsusən əlilliyin müəyyən olunması, əlillər üçün səmərəli bərpa-müalicə və sosial reabilitasiya xidmətlərinin təşkili, əmək potensialının keyfiyyətcə yüksəldilməsi və digər sahələrdə qarşılıqlı əməkdaşlığın qurulmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

R.Harpaz ölkələrimiz arasında davamlı dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq, iki ölkənin əməkdaşlıq əlaqələrinin daim inkişaf etdirilməsinə səy göstərdiyini, qarşıdakı dövrdə Azərbaycanla İsrail arasında əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirmişdir. Görüşdə Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilmiş, bu istiqamətdə atılacaq addımlar müzakirə olunmuşdur.

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 7 mart.- S. 6.