Adın şərəflidir sənin, ey qadın!

 

Təqvimdə elə günlər var ki, bir adamın, bir ailənin həyatında əziz, seçilən tarixdir. Hər kollektivin, obanın, rayonun, şəhərin, xalqın da xüsusi məna daşıyan, bayramlaşan günləri var. Elə günlər də var ki, onu dilindən, dinindən, irqindən, siyasi baxışından asılı olmayaraq dünyanın hər yerində eyni məna, sevgi və təntənə ilə qeyd edirlər. 8 Mart Beynəlxalq Qadınlar Günü məhz belə bir bayramdır.

Adından da göründüyü kimi, bu gün özündə dörd mühüm cəhəti birləşdirərək bəşəri səciyyə daşıyır və bu onun fövqəl dəyərini müəyyən edir. Əvvəla, bu bayramın ilin ən gözəl fəsli olan yazın başlanğıcına, martın 8-nə düşməsi xoş əhval yaradır, onun məzmunu ilə həmahənglik yaradır. İkincisi, bu gün insanlar üçün ən əziz varlıq olan qadınlara – anamıza, övladımızın anasına, bacımıza, qızımıza, xalamıza, bibimizə... aid olduğundan hər birimiz üçün ikiqat, üçqat qiymətlidir. Üçüncüsü, bu tarix bütün dünyada qəbul edilib, beynəlxalq dəyər daşıdığına görə bayramlar bayramı kimi yüksəkdə dayanır. Nəhayət, ilin ayrıca bir gününün həm rəsmi, həm də könüllü olaraq bütün dövlətlərin təqvimində, milyardlarla insanın qəlbində xüsusi yer alması nadir nümunədir.

Artıq bir əsrdən çoxdur ki, 8 Mart hər il dünyada qadınların İlahi tərəfindən müəyyənləşmiş mövqeyinin təsdiqi, şəxsi həyatdan tutmuş cəmiyyətin yuxarı sferalarına qədər onlara layiq olduqları qiymətin verilməsi, qadınla kişinin harmonik vəhdətinin həyat modeli kimi anlaşılması gerçəyinin sərgilənməsi əlamətdarlığı kəsb edir. Çağdaş dünyada qadın hüquqlarının və qadın ləyaqətinin üstün dəyərlərə çevrilməsində, şübhəsiz, 8 Mart tarixinin aşıladığı duyğu-düşüncələr ötən bir əsrdə təsirli və önəmli olmuşdur.

Bu yerdə yada düşür ki, türk xalqları tarixin dərinliklərindən üzü bəri həmişə qadına böyük ehtiram göstərmiş, onu ana, sevgili qadın, istəkli övlad kimi uca tutmuşdur. Bir çox xalqlarda zərif və zəif məxluq vəhşilik qaydalarının kütləvi qurbanları olduğu dövlərdə türk qadınları hökmdar, sərkərdə səviyyəsinə yüksəlmişdir. Azərbaycan tarixinin bütün dövrlərində qadınlar ağıllı, hünəri ilə dövlət və cəmiyyət həyatında uca mövqelər tutmuş, onlara üstün münasibət mövcud olmuşdur. Azərbaycan qadını tarixin çox mühüm mərhələlərində və ayrı-ayrı dövrlərdə cəmiyyətdə mövqeyini nəinki sübut etmiş, eyni zamanda fəal vətəndaşlıq mövqeyi ilə hərəkətverici qüvvə olduğunu təsdiqləmışdir. Təkcə bunu demək kifayətdir ki, 1918-ci ildə seçib-seçilmək hüququna malik olan Azərbaycan qadını Şərqdə ilk demokratik dövlət qurumu olan Azərbaycan Xalq Cümhuriyyəti dünyada demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarından xeyli əvvəl səsvermə hüququ qazanmışdır. XX əsrdə dünya miqyasında qadınların ictimai-siyasi, elmi-mədəni həyata qovuşması prosesində Azərbaycan öndə gedən məmləkətlərdən olmuşdur.

Mart təntənəsi yenidən hamımızı ağuşuna almış, qəlbimizi duyğulandırmışdır. Bu əziz, sevgi saçan gündə ruhumuzdakı ən xoş hissləri, beynimizdəki ən dəyərli fikirləri sözlərə çevirib qadınlarımıza ünvanlayırıq. Neyləyəsən ki, qadın gözəlliyinin ülviyyətini, zəkasının işığını, onun qəlbindəki sevgi , şəfqət, ləyaqət duyğularını sonadək ifadə etməkdə dil acizdir. Bizə, belə olan halda, qadınlarımıza layiq olduqları səadətə qovuşmağı arzu etmək və bu yolda çalışmaq qalır.

Əziz analarımız, bacılarımız, könül ortaqlarımız, qız balalarımız, sizin şərəfinizə təsis olunmuş bu bayram günündə hamınızı ürəkdən təbrik edirik. Arzu edirik ki, dünyamız sizin könül dünyanızdakı kimi işıqlı, diləklərinizdəki və dualarınızdakı kimi dincrahat olsun!

 

Cavanşir FEYZİYEV,

 

Milli Məclisin deputatı, fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2014.- 8 mart.- S. 3.