Qadın
güldükcə bəşəriyyət yüksələcək
Bu məktubu “Xalq qəzeti”nin möhtərəm oxucularına uzaq Almaniyadan göndərirəm. Bugünlərdə müayinə və müalicədə olsam da, qadınlarımızın əziz günündə onları təbrik etməyi həm vətəndaşlıq, həm də ən sevimli mövzusu qadınlar, analar, gözəllər olan şairin sənət borcu sayıram.
Həvva ilə Adəmdən üzü bəri qadın həyatın çətin yükünün ağır tərəfinə çiyin vermiş cəfakeş məxluq olmuşdur. Böyük Hüseyn Cavid haqlı olaraq deyirdi ki, qadınsız bəşər yetim qalardı. Lakin tarix çox vaxt bu həqiqətin əleyhinə cərəyan etmişdir. Əsrlər boyu insanı dünyaya gətirən bu müqəddəs varlığı əzən, alçaldan utandırıcı əməllər az olmamışdır.
Nə yaxşı ki, xalqımızın tarixində, ədəbiyyatında qadına hörməti, məhəbbəti ifadə edən bir sıra parlaq səhifələr də vardır. Bununla ulu babalarımız bizə öyünclü mərifət irsi, qadına münasibətdə doğru yol qoyub getmişlər. Nə yaxşı ki, Qazan babamız Burla xatun nənəmizi “başım baxtı, evim taxtı” deyə əzizləyib, uca tutub. Füzuli babamızın qadına, gözələ verdiyi bədii tərifin dünya ədəbiyyatında misli yoxdur. Mənaların-mətləblərin ən gözəlinə sığal çəkən şairlərimiz ən təravətli , ətirli sözlərini çiçək kimi qadınların başına səpiblər, önların könül dünyasını güldürüblər.
Bunlar o vaxt da az olub, indi də yetərli
deyil. Əsas məsələ qadının həyatını
yaxşılaşdırmaq, bu zərif məxluqun
çiyninə düşən
ağırlığı azaltmaqdır.
Bu gün hardasa
əzilən, incidilən,
alçaldılan bir qadın varsa bu cəmiyyətin, ilk növbədə, kişilərin
vicdanına yazılmalıdır.
Tarixən, cəmiyyətlər, dövlətlər qadını
yüksəltməklə irəli
gedib. Babalarımızın qadına qayğıkeş
münasibət nümunələri
zaman keçdikcə miqyasca genişlənib, məzmunca kamilləşib.
Müstəqil dövlətimizin yaranması indiki nəsillərin analarımıza
ən böyük hədiyyəsidir. Anaların ən
böyük xidməti
isə varlığımızın
anası saydığımız
torpaqlarımızı qoruyan,
onun yolunda canını belə əsirgəməyən övladlar
doğub-böyütmələridir.
Düşünürəm ki, yaralı
Qarabağımızı geri
qaytarmağımızla analarımızın
bizdən ən böyük gözləntisini
onlara vermiş olarıq. İnşallah, bu, mütləq
baş verəcək və bununla analarımızın-bacılarımızın
qəlbindəki ən
ağrılı yaraya
məlhəm qoyulacaq.
8 Mart Beynəlxalq Qadınlar
Günü xalqımız
üçün öz
məna və mahiyyəti ilə çoxdan doğmalaşmışdır. Qadınlarımız bizim üçün hər gün doğma, əziz olsalar da, bu
gün biz onların varlıqlarını, dünyamızı
nurlandırmaqlarını daha
dərindən duyub-anlayırıq.
Məhz belə bir gündə
analarımızı, bacılarımızı,
sevgilimizi, bir sözlə, xalqımızın
bütün qadınlarını
ülvi bir diləklə əzizləyirik,
təbrik edirik.
Qoy qadınlarımız bu təbriklər axının gur selində bir daha paklansınlar, varlıqlarının İlahi
mənası ilə öyünsünlər. Qoy
qadınlar daim sevinməkləri ilə dünyamızı bir az da şənləndirsinlər, qayğısız
eləsinlər!
Bayramınız
mübarək, ey kişilərin yarımçıq
həyatını bütövləşdirən
ən gözəl məxluqlar! Siz güldükcə dünyamız da sevinəcək, gözəl
olacaq.
Zəlimxan YAQUB,
xalq şairi
Xalq qəzeti.- 2014.-
8 mart.- S. 3.