Səbail qadınlarının bayram şənliyi

 

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət, elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və digər sahələrdə çalışan, vətəndaş cəmiyyəti qurumlarını təmsil edən qadınların iştirakı ilə keçirilən mərasimdə bayramın tarixinə, xoş məramına nəzər salınmış, onun Azərbaycanda həmişə qadınlarımıza ümumxalq məhəbbəti ruhunda keçirilməsi vurğulanmışdır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonda yaşayan və işləyən qadınları bayram münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Başçının ümummilli lider Heydər Əliyevin söyləmiş olduğu “Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm” sözlərini xatırlatması salonda alqışlarla qarşılanmış, mərasimə xüsusi təntənə qatmışdır.

Bildirilmişdir ki, ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Bu xətti uğurla davam etdirən Prezident İlham Əliyev də qadınların həyatda layiqli mövqe tutmasını, problemlərinin həllini xüsusi nəzarətdə saxlayır. Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva genişmiqyaslı fəaliyyəti ilə bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, yurdunu yüksəldən qurucu, həm də dünyada tanınan ictimai xadimdir. Müasir dövrdə qadınlarımız sivil ölkələrin qadınlarından heçgeri qalmır, hətta bir sıra sahələrdə öndə gedirlər. Azərbaycan Avropa Şurasının qadınlarla bağlı büroda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulmuşdur.

Mərasimdə qeyd olunmuşdur ki, Bakının mərkəzi rayonu olan Səbail rayonunda əhalinin 51,2 faizini qadınlar təşkil edir. Təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrdə çalışan qadınlar öz bilik və bacarıqları, işgüzarlıqları həmçinin rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə seçilirlər. Onların xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Son illərdə 35 təhsil işçisi əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə, 24 nəfər müxtəlif ordenmedallara layiq görülmüşdur. Elm, təhsil, səhiyyə ocaqlarında yüzlərlə elmlər doktoru və namizədi çalışır.

Tədbirdə iştirak edən qadınlara Səbail Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.

Bayram şənliyi populyar incəsənət ustalarının konserti ilə başa çatmışdır.

 

R.TAHİ

 

Xalq qəzeti.- 2014.- 8 mart.- S. 3.