“Çörək
və gül” şüarı ilə başlanan hərəkat
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardıqları mübarizənin tarixi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərcə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətilə çıxmaları ilə başlanıb. Lakin polis etirazçıların aksiyasının uzun sürməsinə imkan verməyərək nümayişi amansızcasına dağıdıb.
1908-ci ildə yenə də Nyu-York şəhərində 15 min qadın daha qısa çalışma saatı, yaxşı gəlir və səsvermə hüququ uğrunda nümayiş keçirib. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək rəmzi olaraq həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
1909-cu ildə Avropadakı qadınlar da hərəkətə gəldilər. Fevral ayının son bazar gününü – yəni fevralın 28-ni onlar ilk dəfə qadın günü kimi qeyd etdilər. Bundan bir il sonra Nyu-York hadisələrinin 52-ci ildönümü münasibətilə Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının ikinci konfransında Klara Setkin adlı bir alman qadını 1857-ci il martın 8-də Amerikada yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsini əbədiləşdirmək məqsədilə hər ilin həmin gününü Dünya Qadınları Günü kimi qeyd olunmasını təklif etdi və bu, yekdilliklə bəyənildi.
Bəzi tarixçilərin fikrinə görə, martın 8-nin təqvimə qırmızı rəqəmlərlə yazılmasının səbəbini bilmək üçün Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi milliyyətindən olan Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşmüşdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibliya rəvayətlərinə görə, miladdan əvvəl, 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma “özünü tutmuş” yəhudilər bunun üçün tələsmirdilər. Belə vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks əsəbləşərək bütün yəhudiləri qırmağı əmr edir. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər.
Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü hazırlayırlar. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar da durub. İnqilabi hərəkat iştirakçılarının da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.
Kopenhagen qərarından sonra 1911-ci il martın 19-da ilk dəfə olaraq Avstriya, Danimarka, Almaniya və İsveçrədə bu bayram təntənəli şəraitdə qeyd edilmişdir.
1917-ci ildə Çar Rusiyasında qadınlar dözülməz həyat tərzinə qarşı “Çörək və sülh” şüarı altında etiraz nümayişi keçirdilər. 8 Mart gününə təsadüf edən bu tətil, sonralar digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin il, “Beynəlxalq Qadınlar İli” kimi tarixə düşdü. Bu tarixi hadisə ilə əlaqədar BMT də 1975-ci ilin 8 martını ilk dəfə olaraq Beynəlxalq Qadınlar Günü kimi qeyd etməyə qərar verdi. İki il sonra, 1977-ci ildə isə, nəhayət, Birləşmiş Millətlər Təşkilatının ümumi qurultayında 8 Mart Qadın Hüquqları və Beynəlxalq Sülh Günü kimi rəsmən qəbul edildi.
Beynəlxalq Qadınlar Günü, eyni zamanda, qadın hüquqlarının genişləndirilməsinin və müasir qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması nöqteyi-nəzərindən də xüsusi əhəmiyət kəsb edir. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 Mart, sadəcə, qadınlar günü yox, inqilabçı qadınlar günüdür.
Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkəsində müxtəlif vaxtlarda qeyd olunan Analar Günü bayramı da mövcuddur. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar Günü may ayının ikinci bazar gününə təsadüf edir. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə ongünlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Serbiyada isə Analar Günü məzəli şəkildə qeyd edilir. Miladdan iki həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında gizlətdiyi hədiyyələri balaca “quldur”lara verməli olur.
1966-cı ildə keçmiş SSRİ-nin rəhbəri olmuş Leonid İliç Brejnevin qərarı ilə 8 Mart qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu əlamətdar gün Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Ədalət naminə demək lazımdır ki, qadınların kütləvi şəkildə savadlanması, əsas insani hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, həm də BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,3 faizini və ya 4 milyon 772,4 min nəfərini qadınlar təşkil etmişdir. Qadınların 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 172,7 min körpənin 46,4 faizini qızlar təşkil etmişdir. Hazırda ölkədə 22 doğum evi, 152 qadın məsləhətxanası, 275 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 il yüksəkdir və 76,6 yaşa bərabərdir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,8 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,2 faizi, orta ixtisas təhsil müəssisələrində 77,5 faizi, ali təhsil müəssisələrində 47,2 faizi, həkimlərin isə 64,4 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,4 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Doktorantların 49,2 faizini, bütün elmi işçilərin isə 51,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,8 dəfə, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,6 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faiz, sahibkarlar arasında isə 17 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,7 faizi qadınlardır. Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, hazırda bu göstərici 16 faizə çatmışdır.
Son bələdiyyə seçkilərində qadınların sayı 5 dəfə artaraq 4194 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olmuşdur. Nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı 2005-ci ildə 2285 nəfər, 2013-cü ildə isə 11166 nəfər olmuşdur.
Bu faktlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan qadınları cəmiyyətimizin tamhüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2014.- 8 mart.- S. 3.