Zaqatalada bayram şənlikləri

 

Zaqatala rayonunda Qəbizdərə kəndinin qazlaşdırılması, Kürdəmir kənd ümumi orta məktəbinin, Muxax kənd uşaq bağçası-körpələr evinin və “Tala Çay” şadlıq sarayının yeni binalarının açılışları ilə əlaqədar, o cümlədən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir.

Tədbirlərdə Zaqatala Rayon İcra Hakimiyətinin başçısı Mübariz Əhmədzadə, idarə-müəssisə rəhbərləri, kütləvi informasiya vasitələrinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. İlk öncə, tədbir iştirakçıları 7 may 2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 50 yerlik Kürdəmir kənd tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak etmişlər. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başısı Mübariz Əhmədzadə ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışmış, 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı rayonun təhsil infrastrukturuna da ciddi ziyan dəydiyini, onlarla məktəb binası, uşaq bağçasının qəzalı vəziyyətə düşdüyünü bildirmişdir. O, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən FHN-nin müvafiq komissiyalarının zəlzələdən dərhal sonra yerlərdə məktəblərə baxışlar keçirdiyini, qəzalı məktəb binalarının təcili söküldüyünü, yerində müasir standartlara uyğun, yüksək ballı zəlzələlərə davamlı yeni binaların tikintisinə başlandığını, qəzalı vəziyyətə düşmüş 23 məktəbdən artıq 19 məktəbin yenidən tikilərək istifadəyə verildiyini qeyd etmişdir. Sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Sonra tədbir iştirakçıları Muxax kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüşPrezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına əsaslı təmir olunmuş 60 yerlik uşaq bağçasının açılış mərasimində iştirak etmişlər. Mərasimdə çıxış edən uşaq bağçasının müdiri Güləbatın Əhmədova, valideynlər, yerli sakinlər zəlzələnin ciddi fəsadlar törətdiyi Zaqatala rayonunda müasir standartlara uyğun onlarla yeni məktəb binasının, uşaq bağçalarının qısa müddətdə tikilib istifadəyə verilməsini, bərpa və təmir olunmasını gələcəyimiz olan uşaqlara diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmiş, görülən bütün bu işlərə görə ölkə rəhbəri İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Tədbir iştirakçıları Qəbizdərə kəndinə mavi yanacağın verilməsi ilə əlaqədar təşkil olunmuş mərasimdə iştirak etmişlər. Tədbirdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin bölgə üzrə idarə rəisi Qurban Mehdiyev sakinləri əlamətdar gün münasibətilə təbrik etmiş, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. O demişdir ki, 244 nəfər əhalisi olan ucqar dağ kəndi olan Qəbizdərə kəndi də daxil olmaqla, rayonun 14 yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin edilmişdir. Natiq öz çıxışında Mazıx və Qəbizdərə kəndlərinin qazlaşdırılması işinə ötən ilin iyununda başlandığını, bu məqsədlə polietilenmetal borularla 66.5 kilometr uzunluğunda orta təzyiqli qaz xətləri çəkildiyini, mənzillərdə sayğacların quraşdırıldığını vurğulamışdır. Çıxış edən digər natiqlər, kənd ağsaqqalları və ziyalılar əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və evlərə təbii qazın verilməsinə başlanmışdır.

Tədbir iştirakçıları həmçinin 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində istifadəyə verilən “Tala Çay” şadlıq sarayının açılışında iştirak etmişlər. Şadlıq sarayının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları elə həmin şadlıq sarayında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil olunmuş bayram tədbirində iştirak etmişlər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin qadınlarımıza həmişə qayğı və diqqət göstərdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, məhz ulu öndər tərəfindən “Azərbaycan qadınlarının rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncam, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalanmışdır. Dahi rəhbərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi, son illərdə müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, təqaüdlərin verilməsi, onların ordenmedallarla təltif olunması qadınlarımıza göstərilən diqqət və qayğının layiqli təzahürüdür. Daha sonra natiq Azərbaycan qadınlarının tarixin bütün dövrlərində səmərəli fəaliyyət göstərdiklərini bildirmiş, başda Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olmaqla bütün respublika qadınlarını təbrik etmiş, Zaqatalanın ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadını fəxri fərmanla mükafatlandırılmış, onlara bayram arzularını bildirmişdir. Şən musiqilərlə təşkil edilmiş bayram tədbirində qadınlara həsr olunmuş şeirlər söylənilmiş və mahnılar oxunmuşdur. Tədbirdə iştirak edən bütün qadınlara tər güllər təqdim olunmuşdur.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 8 mart.- S. 4.