Regional iqtisadi inkişaf elmi məktəbinin
yaradıcısı
Akademik Asəf Nadirov - 85
Görkəmli
alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, əməkdar
elm xadimi Asəf
Nadirov şərəfli və məsuliyyətli bir
ömür yolu yaşamış, zəngin elmi axtarış
və yaradıcılıq yolu keçmişdir. Müasir
iqtisad elminin əsas yaradıcılarından biri olan Asəf Nadirov 85 il bundan əvvəl, 1929-cu
il mart ayının 13-də Naxçıvan Muxtar
Respublikası Şərur rayonunun Baş Noraşen kəndində
(indiki Cəlilkənd) qulluqçu ailəsində anadan
olmuşdur. Görkəmli alim Nadirxanovlar
adlı tanınmış bir şəcərəni təmsil
edir. Atası
Abbasqulu Nadirov XX əsrin böyük bir dövrü ərzində
Naxçıvan Muxtar Respublikasında məsul vəzifələrdə
xidmət göstərmiş, el-oba arasında sanballı
ağsaqqal kimi qəbul olunmuşdur.
Asəf Nadirov 1946-cı ildə Yengicə kənd orta məktəbini
bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə
daxil olmuş və 1951-ci ildə iqtisadi coğrafiya
ixtisası üzrə universiteti bitirmişdir. Ali məktəbdə təhsil
alarkən bacarıqlı tələbə kimi diqqəti cəlb
edən Asəf
Nadirov Azərbaycan Dövlət Universitetinin
“İqtisadi coğrafiya” kafedrasına assistent vəzifəsinə
təyin olunur. Bu ərəfədə Azərbaycan SSR-in rəhbər
orqanlarının təklifi ilə o, gənc və
ümidverici mütəxəssis kimi Azərbaycan SSR Ali
Sovetinin Rəyasət Heyətinin aparatına işə
göndərilir, inzibati-ərazi bölgüsü üzrə
məsləhətçi kimi fəaliyyətini davam etdirir. Təbiidir
ki, iqtisadi coğrafiya ixtisası üzrə ali
məktəbdə əldə olunmuş elmi bilik və
informasiyaların praktiki olaraq tətbiqi və mövcud bilik və
bacarıqların inkişaf etdirilməsi və zənginləşdirilməsi
üçün yaranmış imkan gənc mütəxəssis
tərəfindən lazımınca dəyərləndirilmişdir.
Heç də təsadüfi deyildir ki, görkəmli
akademikin həyat və elmi fəaliyyəti ilə əlaqədar
müşahidələr aparan mütəxəssislər, bu təsadüfi
faktın sonradan alimin regional iqtisadiyyatın problemlərinin tədqiqi
sahəsində böyük rol oynadığını
xüsusi olaraq qeyd edirlər.
Gənc
mütəxəssisdə sözügedən sahə üzrə
elmi araşdırmalara yaranan maraq onu Azərbaycan Elmlər
Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasına
qəbul olmağa sövq edir və Asəf Nadirov 1952-ci ildə
adıçəkilən institutun aspiranturasına daxil olur. Məhz həmin vaxtdan etibarən görkəmli
alimin Elmlər Akademiyası sistemində fəaliyyəti
başlayır.
Daha sonra təhsilini davam etdirmək üçün o,
Azərbaycan EA Rəyasət Heyəti tərəfindən
Moskva şəhərinə - SSRİ EA-nın
aspiranturasına ezam olunur. 1956-cı ildə Asəf Abbasqulu
oğlu Nadirov “Naxçıvan MSSR-in iqtisadi coğrafi
xarakteristikası” mövzusunda namizədlik işini uğurla
müdafiə edərək coğrafiya elmləri namizədi
alimlik dərəcəsinə layiq görülür və
müvafiq olaraq elmi ictimaiyyət tərəfindən
tanınaraq, zəhmət və elmi bacarığı sayəsində
böyük elmi nüfuz qazanır. Heç də təsadüfi
deyildir ki, XX əsrin 50-60-cı illərində Moskvada nəşr
olunan və bütün ölkədə məhsuldar qüvvələrin
yerləşdirilməsi problemlərinə həsr edilən kollektiv
monoqrafiyanın həmmüəlliflərindən biri kimi Asəf Nadirov həmin nəşrdə Azərbaycan
Respublikasında problemin həlli məsələləri ilə
əlaqədar özünün əsas elmi fikirlərini irəli
sürmüşdür.
Namizədlik
işini uğurla müdafiə etdikdən sonra bir müddət
Azərbaycan SSR EA Coğrafiya İnstitutunda işləmiş,
daha sonra isə o, 1 yanvar 1957-ci il tarixdən
etibarən Azərbaycan EA-nın İqtisadiyyat bölməsində
(1958-ci ilin mayından İqtisadiyyat İnstitutunda) elmi fəaliyyətini
davam etdirmişdir. Asəf Nadirov İqtisadiyyat
İnstitutunda 1958-ci ildə “İctimai istehsalın yerləşdirilməsi”
şöbəsinin müdiri vəzifəsinə irəli
çəkilmiş və 1992-ci ilə kimi 34 il bu vəzifədə
çalışmışdır. Tanınmış alim
1964-cü ildə İqtisadiyyat İnstitutunun direktorunun elmi
işlər üzrə müavini kimi çalışır
və elə həmin il ona SSRİ EA Rəyasət
Heyəti tərəfindən böyük elmi işçi
adı verilir.
Asəf
Nadirov 1968-cı ildə “Azərbaycanda sənayenin səmərəli
yerləşdirilməsinin iqtisadi problemləri” mövzusunda
doktorluq işini müvəffəqiyyətlə müdafiə
edərək elmlər doktoru alimlik dərəcəsinə,
1970-ci ildən professor adına layiq
görülür. 1980-ci ildə Asəf Nadirov Azərbaycan EA-nın
müxbir üzvü, 1981-ci ildə Azərbaycan EA Rəyasət
Heyətinin baş elmi katibi vəzifəsinə seçilir və
həmçinin Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda
şöbə müdiri kimi elmi fəaliyyətini davam
etdirir. Asəf Nadirov
1981-ci ildən bir müddət Azərbaycan EA-nın Xəbərləri
(İqtisadiyyat seriyası) jurnalının baş redaktoru, “Azərbaycan
SSR EA Məruzələri” jurnalı redaksiya heyətinin
üzvü, Tarix, İqtisadiyyat, Fəlsəfə və
Hüquq bölməsinin (sonralar İctimai Elmlər Bölməsi)
büro üzvü seçilir. 1989-cu ildən
Azərbaycan EA-nın həqiqi üzvü, 1990-cı ildə
isə Akademiyanın akademik-katibi kimi səmərəli elmi fəaliyyətlə
məşğul olmuşdur. 1997-ci ildə Elmlər
Akademiyasının Rəyasət Heyətinə üzv
seçilən akademik Asəf Nadirov 2007-ci ildə Azərbaycan
Respublikası Prezidentinin təsis etdiyi müşavir vəzifəsinə
təyin edilmiş ilk alimlərdən biri kimi diqqəti cəlb
edir.
Qeyd etmək
lazımdır ki, 1956-1957-ci illərdə kiçik elmi
işçi kimi fəaliyyətə başlayan,
bütövlükdə 63 ildən çox böyük bir
dövr ərzində Elmlər Akademiyası sistemində
olduqca məqsədyönlü və elmi cəhətdən məhsuldar
fəaliyyət göstərən, bir çox yüksək və
məsul elmi adlara, titullara və vəzifələrə layiq
görülən akademik Asəf
Nadirov mənalı və şərəfli alim
ömrünü yaşamaqda davam edir. Bu
çoxillik elmi fəaliyyəti bütün
aydınlığı ilə nəzərə
çatdırmaq üçün əsas faktlara və onun tərəfindən
həll edilmiş problemlərə diqqət yetirmək kifayətdir.
İlk növbədə onu qeyd etmək lazımdır ki,
akademik Asəf
Nadirov regionların iqtisadi inkişaf problemləri
üzrə nüfuzlu elmi məktəbin
yaradıcısıdır. Görkəmli alimin
rəhbərliyi ilə 7 elmlər doktoru, 60-dan çox elmlər
namizədi dissertasiya işi müdafiə etmişdir. Asəf Nadirov
elmi fəaliyyəti dövründə 800-dən çox elmi əsərin,
o cümlədən 35 iri həcmli monoqrafiya və kitabın,
ali məktəblər üçün dərsliklərin
müəllifidir. Regionların iqtisadi inkişafının son
yüzillikdəki inkişafının bütün mərhələləri
akademik Asəf Nadirovun tədqiqatlarında özünün
mükəmməl elmi həllini tapmışdır. Buna
görədir ki, akademik Asəf Nadirov regional iqtisadiyyatın
problemlərinin araşdırılması sahəsində Azərbaycan
məktəbinin yaradıcısı və rəhbəri kimi
böyük elmi nüfuz qazanmışdır. Qeyd etmək
lazımdır ki, keçən əsrin əllinci illərinin
ikinci yarısı və altmışıncı illərin əvvəllərində
Azərbaycan Respublikasında məhsuldar qüvvələrin
yerləşdirilməsi problemi ilə əlaqədar aparılan tədqiqatlar zamanı Asəf Nadirov diqqəti respublikanın
iqtisadi cəhətdən inkişaf etdirilməsi baxımından
zəruri olan bir çox problemlərin həll edilməsinin
vacibliyinə yönəltmişdir. O, məhsuldar qüvvələrin
yerləşdirilməsi problemi ilə əlaqədar elmi
müşahidələrini yekunlaşdıraraq hələ
keçmiş sovet rejimi zamanı belə bir qənaətə
gəlmişdi ki, sosial-iqtisadi inkişafın, xüsusən də
sənaye istehsalının ümumi inkişaf səviyyəsinə
görə respublikanın iqtisadi rayonları arasında yerləşdirilməsi
məhsuldar qüvvələrinin inkişafına,
istehsalın artmasına müsbət təsir göstərə
bilər. Bunu nəzərə alaraq akademik Asəf Nadirov respublika sənayesinin,
Bakı-Sumqayıt ərazisinin əsas götürülməsi
ilə yanaşı, tədricən xammal ehtiyatlarının
mövcud olduğu regionlara doğru genişləndirilməsi
ideyasını irəli sürmüşdür. Azərbaycanda sovet dövründən başlanan həmin
proseslərin müstəqillik illərində daha da genişləndirilməsi
akademik Asəf Nadirovun elmi ideyalarının ölkənin daha
da inkişaf etdirilməsinə xidmət etdiyini əyani surətdə
nəzərə çarpdırır. Bütün
bunlar son nəticədə həm də görkəmli alimin vətənpərvərliyini
və uzaqgörənliyini nümayiş etdirir.
Sonrakı
tədqiqat işlərində akademik Asəf Nadirov respublikada məhsuldar
qüvvələrin yerləşdirilməsinin ən aktual məsələlərindən
və müasir problemlərindən bəhs etmiş,
respublikamız üçün fayda olan təkliflər və
tövsiyələr irəli sürmüşdür.
Qeyd etmək lazımdır ki, aparılan
araşdırmaların yekunları 1961-1980-ci illərdə Azərbaycanda
yüngül və yeyinti sənayesinin inkişaf etdirilməsinin
proqnozlaşdırılması zamanı əsas
götürülən müddəaların ana xəttini təşkil
etmişdir.
Akademik Asəf Nadirov respublikada
ipəkçiliyin və ipək sənayesinin inkişaf
etdirilməsi üçün təbii imkanlardan istifadə
edilməsinin vacibliyini ön plana çəkərək
sözügedən istehsal sahəsinin uzun əsrlər ərzində
respublikada ənənəvi istehsal sahələrindən biri
kimi Azərbaycan xalqına çox böyük mənfəətlər
qazandırdığını, hətta sovet hakimiyyətinin
ilk onillikləri ərzində ümumittifaq büdcəsinə
külli miqdarda vəsaitin daxil olmasına imkan
yaratdığını xüsusi olaraq qeyd etmişdir. Tədqiqatçı dövrün ən müasir
texnologiyalarından istifadə edərək ipəkçilik
sahəsinin daha da inkişaf etdirilməsinin əhəmiyyətli
olduğunu elmi şəkildə əsaslandırmışdır.
Eyni zamanda, akademik Ziyad Səmədzadənin rəhbərliyi
ilə hazırlanmış “Böyük iqtisadi ensiklopediya”da
göstərildiyi kimi, Azərbaycanda şəhər
istehsalı sahəsinin yaradılması və inkişaf
etdirilməsi ideyası da ilk dəfə Asəf Nadirov tərəfindən irəli
sürülmüşdür. Asəf
Nadirov elmi araşdırmalarında Azərbaycan
Respublikasında sənayenin iqtisadi rayonlar üzrə
inkişaf etdirilməsi üçün istehsal sahələri
üzrə ixtisaslaşdırılmanın dərinləşdirilməsi,
mövcud resurs və potensiallardan daha səmərəli istifadə
edilərək, ərazi istehsal komplekslərinin yaradılaraq
inkişaf etdirilməsi ideyasını özünün dərin
elmi araşdırmaları, təklifləri və tövsiyələri
ilə əsaslandırmışdır. Bütün
bunlar isə, müasir iqtisadi anlayışlarla ifadə etsək,
klasterlərin analoqları kimi çıxış edən
Ərazi İstehsal Komplekslərinin yaranması və
inkişaf etdirilməsi fikri kimi qiymətləndirilə bilər.
Yəni, Azərbaycan iqtisadi fikrində klasterləşdirmə
ideyasının reallaşdırılması ideyasının
sovet dövründə ən görkəmli nümayəndələrindən
biri akademik Asəf
Nadirov hesab olunmuşdur. Asəf Nadirov, eyni zamanda,
bütünlükdə XX əsr Azərbaycan
iqtisadiyyatının müxtəlif tarixi inkişaf mərhələləri
üzrə inkişafı xüsusiyyətləri ilə əlaqədar
sanballı elmi əsərlərin müəllifidir. Deyilənlərlə
yanaşı, akademik Asəf
Nadirovun keçən əsrin 80-ci illərində Azərbaycan
Respublikasının elmi-texniki tərəqqisi, 1986-2005-ci illər
üçün kompleks proqramın “Azərbaycan
Respublikasının xalq təsərrüfatının
inkişaf etdirilməsinin əsas istiqamətləri” problem
komissiyasının sədri kimi gördüyü sanballı
işlər də diqqəti cəlb edir. Onun məqsədyönlü
fəaliyyəti və elmi araşdırmalarının nəticələrindən
istifadə olunmaqla respublika iqtisadiyyatının, xüsusən
də yeni sənaye sahələrinin yaradılaraq inkişaf
etdirilməsi ideyası əsaslandırılmış, məhsuldar
qüvvələrinin inkişafı və yerləşdirilməsi
sxemi tərtib olunmuşdur.
XX əsrin
səksəninci illərinin sonlarından etibarən, hələ
Sovet İttifaqı zamanı Asəf
Nadirov respublikanın digər vətənpərvər
iqtisadçı alimləri ilə birlikdə, bütün
ittifaqda yenidənqurma və sürətləndirmə, habelə
təsərrüfat hesablı proseslərin
başlandığı zaman həyata keçirilən iqtisadi
siyasət nəticəsində respublika iqtisadiyyatına dəyəcək
zərərlərdən qaçmaq üçün bir
sıra təkliflər irəli sürmüşdür. Beləliklə
də, akademik Asəf
Nadirov Azərbaycan Respublikasının iqtisadi
müstəqilliyi ideyasının vacibliyi və
labüdlüyünü elmi şəkildə əsaslandıran
görkəmli iqtisadçı alimlərimizdən biridir. Daha
sonra keçid dövründə Asəf Nadirov bu mürəkkəb
dövrün problemləri, neqativ proseslərinin tədricən
müsbət inkişaf tendensiyaları istiqamətində davam
etməsi üçün nəzəri və praktiki
baxımdan xüsusi əhəmiyyət kəsb edən
araşdırmalar apararaq konkret təklif və tövsiyələrlə
çıxış etmişdir. Akademik Asəf Nadirov respublikada keçid
dövrü proseslərinin xüsusi mərhələlər
üzrə davam edəcəyini göstərmiş, hər
dövr üçün yarana biləcək problemləri diqqət
mərkəzinə çəkmiş və onların həlli
yolları ilə əlaqədar dəyərli elmi ideyalar
müəllifi kimi çıxış etmişdir.
Müasir
dövrdə akademik Asəf Nadirov Azərbaycan
iqtisadiyyatının davamlı və dayanıqlı, rəqabətədavamlı
inkişaf etdirilməsi və problemin regional aspektləri ilə
əlaqədar xüsusi əhəmiyyət daşıyan elmi
araşdırmalar aparmaqda davam edir.
Eyni
zamanda Asəf Nadirov
respublikamızın ictimai həyatında da çox işlər
görmüşdür və indiki dövrdə də o, həmin
istiqamətdəki səmərəli fəaliyyətini
uğurla davam etdirməkdədir. O, hələ sovet
dövründə Ümumittifaq “Bilik” cəmiyyətinin, Sovet
Sülhü Müdafiə Komitəsi İdarə heyətlərinin,
SSRİ Elmlər Akademiyası Əlaqələndirmə və
Regional elmi problemlər şurasının üzvü, Azərbaycan
Sülh Müdafiə Komitəsinin sədr müavini və sədri
olmuşdur. Hazırda akademik Asəf
Nadirov Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin
üzvü, respublika elmi-tədqiqat işlərinin Əlaqələndirmə
Şurasının sədr müavini, görkəmli dövlət
xadimi, ümummilli lider Heydər Əliyev İrsinin
Araşdırması Mərkəzinin elmi redaksiya
şurasının sədri, respublikamızda və respublikadan
kənarda nəşr edilən bir çox elmi jurnalların (məsələn,
“Ekonomika i obşestvo”) redaksiya şurasının üzvü,
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və
onun idarə heyətinin üzvüdür.
A.Nadirov
Azərbaycan elminin beynəlxalq aləmdə tanınması və
elmi nüfuzunun yüksəldilməsi istiqamətində də
xeyli iş görmüşdür. O, Macarıstan,
Bolqarıstan, Fransa, Almaniya, Hindistan, Çin, Türkiyə,
İran, Yunanıstan, Rusiya və digər ölkələrdə
keçirilmiş mötəbər elmi konfranslarda elmi məruzələrlə
çıxış etmişdir.
Akademik A.Nadirovun respublikada iqtisad elminin və
bütünlükdə respublika iqtisadiyyatının
inkişaf etdirilməsi ilə əlaqədar çoxillik və
olduqca məhsuldar elmi fəaliyyəti dövlət tərəfindən
layiqincə qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın
“Şərəf” və “Şöhrət” ordenləri, bir
çox medallarla, nüfuzlu elmi mərkəzlərin
diplomları və fəxri fərmanları ilə təltif
olunmuşdur. Akademik Asəf Nadirov Azərbaycan
Respublikasının əməkdar elm xadimi fəxri adına
layiq görülmüş, İslam Əməkdaşlıq Təşkilatının
xüsusi elmi mükafatını almışdır.
Azərbaycan
Milli Elmlər Akademiyası Nizamnamə Komissiyasının
üzvü kimi Asəf
müəllim çoxillik təcrübəsi əsasında
elm sahəsində baş verən
yeniləşmə proseslərində də yaxından
iştirak edir. Yarım əsrdən çox
böyük elmi ideala xidmət edən akademik bu gün də
yeni nəsillər üçün nümunə olacaq səviyyədə
çoxcəhətli fəaliyyətini təmkinlə və
uğurla davam etdirir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
deputatı, akademik
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad
üzrə
elmlər
doktoru
Xalq qəzeti.- 2014.- 12 mart.- S. 5.