“Şahdəniz”
layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təminatında rolunu artırır
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsi uğurla davam etdirilir. Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş “Şahdəniz” layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda “mavi yanacağa” olan tələbatının ödənilməsinə çalışan bir sıra Avropa ölkələri Şahdəniz qazına daha çox ümid bəsləyirlər. Bu da ölkəmizin regionda etibarlı tərəfdaş kimi mövqeyini getdikcə möhkəmləndirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub” qaz dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında 2014-cü il fevral ayının 25-də imzaladığı sərəncam bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, nizamnamə kapitalı 100 milyon dollar təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan qapalı səhmdar cəmiyyəti təsis edilmişdir ki, bundan da məqsəd layihənin səmərəli idarə olunmasını təmin etməkdən ibarətdir. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsinin təmin olunması isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılmışdır.
“Şahdəniz” yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 18 ilə yaxın vaxt ötür. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə isə 11 il əvvəl – 2003-cü ilin fevral ayında start verilmişdir. Xatırladaq ki, birinci mərhələdə “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz”də quraşdırılmış unikal platformadan yeddi ildən artıqdır ki, qaz hasil olunur. Sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Bu isə Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkələr sırasındakı mövqeyini getdigcə möhkəmləndirir. Göründüyü kimi, ölkəmiz bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda gündəmdə olan bir sıra nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da Azərbaycanı ən potensial qaz təchizatçısı hesab edirlər.
“Şahdəniz” layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. 2013-cü ildə layihə üzrə fəaliyyətlərə 200 milyon dollar, əməliyyat xərclərinə isə 1 milyard 700 milyon dollar əsaslı vəsait sərf olunmuşdur. 2014-cü il üçün isə bu rəqəmlərin müvafiq olaraq 200 milyon dollar və 4 milyard təşkil edəcəyi proqnozlaşdırılır. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz” layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində həyata keçiriləcək tikinti-quraşdırma tədbirlərinə, o cümlədən dənizdəki quraşdırma işlərinə və Səngəçal terminalının genişləndirilməsinə sərf olunacaq.
Ötən il “Şahdəniz” yatağının birinci mərhələsi
çərçivəsində Azərbaycan (ARDNŞ-ə),
Gürcüstan (GOGC şirkətinə) və Türkiyə
(BOTAŞ-a və BTC şirkətinə) bazarları
üçün qaz hasilatı davam etdirilmişdir. Belə ki, il ərzində
yataqdan 9,8 milyard kubmetr qaz və 2 milyon 480
min ton kondensat hasil edilmişdir. Hesabat ilində burada gündəlik
qaz və kondensat hasilatı müvafiq olaraq təxminən 26,8
milyon kubmetr və 53 min 740 barrel təşkil etmişdir.
Bütövlükdə isə 2006-cı ilin sonlarında
“Şahdəniz” yatağında hasilata başlanan gündən
2013-cü ilin sonunadək Avropa bazarlarına təqribən
47,3 milyard kubmetr qaz və təqribən
12,6 milyon ton kondensat ixrac edilmişdir.
Ötən
müddətdə mövcud qurğuların texniki
optimallaşdırılması nəticəsində “Şahdəniz”
layihəsi üzrə hasilat sisteminin gündəlik maksimum
gücü 970 milyon standart kub fut qaz və 55 min barrel kondensat
səviyyəsinə qaldırılmışdır. Yeri gəlmişkən, bu yaxınlarda “Şahdəniz”
layihəsinin tərəfdaşları ilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti arasında
2014-cü ilin sonuna qədər gündəlik hasilatın təxminən
1 milyard 40 milyon standart kub futa qədər
artırılması ilə bağlı şərtlər
razılaşdırılmışdır.
2013-cü ildə “Şahdəniz” layihəsinin birinci
işlənmə mərhələsi çərçivəsində
qazma əməliyyatları uğurla davam etdirilmişdir. Belə ki, ötən il SDA-03y yanaqazma quyusunda başlanmış
qazma əməliyyatları hazırda tamamlama mərhələsindədir.
Həmin quyunun istismara verilməsi isə cari ilin birinci rübünə
planlaşdırılır. Bununla
yanaşı, adıçəkilən layihənin ikinci mərhələsi
üzrə də bir sıra uğurlu qazma əməliyyatları
aparılmışdır. 2013-cü ilin sentyabrında
“İstiqlal” qazma qurğusu vasitəsilə SDC-02 quyusunda qazma
işləri başa çatdırıldıqdan sonra SDC-03
quyusunda analoji əməliyyatlara start verilmişdir. Həmin
quyunun isə 2014-cü il ərzində təhvil
veriləcəyi gözlənilir. Ötən ilin sentyabr
ayında Heydər Əliyev adına qazma
qurğusu SDX-07Ay quyusunda qazma əməliyyatlarını
başa çatdırdıqdan sonra qurğunun texniki
modifikasiya və sertifikatlaşması proqramı həyata
keçirilmişdir. Bu il, həmçinin layihə çərçivəsində
SDD-02 quyusunda qazma əməliyyatlarının
başlanması və quyunun təhvil verilməsi
planlaşdırılır.
“Şahdəniz” yatağının ikinci işlənmə
mərhələsi Azərbaycan qazını Avropaya və
Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə
yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına “mavi
yanacaq” təchizatını və enerji təhlükəsizliyinin
təminatına mühüm töhfələr verəcək.
Bu, eyni zamanda, hazırda dünya üzrə işlənməkdə
olan ən
böyük qaz layihələrindən
biridir. Xatırladaq ki, layihənin ümumi dəyəri
Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi də
daxil olmaqla 28 milyard dollar civarında olacaq. “Şahdəniz”
yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz
təxminən 3500 kilometr məsafəyə nəql edilərək
Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və
İtaliyadakı milyonlarla istehlakçını enerji ilə
təmin edəcək. Bu mərhələ
çərçivəsində ilk qazın Gürcüstan və
Türkiyəyə ixracına 2018-ci ilin sonlarında
başlanacaq. Avropa
bazarına isə qazın bundan təxminən bir il sonra çatdırılacağı
planlaşdırılır.
Məlumat
üçün bildiririk ki, sahildən təxminən 70
kilometr məsafədə yerləşən “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi
layihəsinin planlarına körpü ilə birləşdirilmiş
iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə
qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində
çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru
kəmərləri, həmçinin Səngəçal
terminalının genişləndirilməsi işləri
daxildir.
Artıq “Şahdəniz” layihəsi çərçivəsində
tikinti-quraşdırma işləri, hasilat və qazın
Avropa bazarlarına çatdırılması
üçün tələb olunan zəruri sənədlər
imzalanmışdır. Belə ki, 2013-cü il dekabrın
17-də Şahdəniz konsorsiumu layihənin ikinci işlənmə
mərhələsi üçün yekun investisiya qərarını
təsdiq etmişdir. Bu qərar Azərbaycan və
Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin
ixrac gücünə ildə 16 milyard kubmetr əlavə
olunması, Türkiyə ərazisindən keçən
Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan,
Albaniya ərazisindən keçərək İtaliyaya uzanan
Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə
bağlı planların gerçəkləşməsinə
təkan vermişdir. Bu layihələr birlikdə,
həmçinin qazı Bolqarıstana ötürəcək
infrastuktur, Avropaya yeni bir “Cənub” qaz dəhlizi yaradacaq.
Yeri gəlmişkən Bakıda–Heydər Əliyev Mərkəzində
keçirilən
“Şahdəniz” mərhələ-2 üzrə
yekun investisiya qərarının rəsmi imzalanması mərasimində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu
addımı əlamətdar
hadisə kimi dəyərləndirərək demişdir: “Bu gün müasir Azərbaycanın
tarixində tarixi bir gündür. “Şahdəniz”
dünyanın ən iri enerji layihələrindən biridir.
Bu, enerji təhlükəsizliyi, enerji
diversifikasiyası, cəlb olunan ölkələr və
şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıqla
bağlı tarixi bir layihədir". “Şahdəniz”
sazişini XXI əsrin müqaviləsi adlandıran dövlət
başçısı imzalanma mərasimini müstəqil Azərbaycanın
energetika tarixində
vacib bir mərhələ kimi dəyərləndirmişdir. Bu da təsadüfi deyil. Çünki “Şahdəniz”
yatağının ikinci işlənmə mərhələsi
və “Cənub” qaz
dəhlizi boru kəməri layihələri birlikdə
dünyanın neft-qaz sənayesində indiyə qədər həyata
keçirilmiş ən böyük və ən mürəkkəb
təşəbbüslərdən biridir. Yeri gəlmişkən,
mərhələ-2 layihəsi “Şahdəniz” qazının
ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində
İtaliya, Yunanıstan və Bolqarıstandakı
istehlakçılara çatdırılmasını təmin
edəcək. Bundan əlavə, bu mərhələ
çərçivəsində hasil olunacaq qazın ildə təxminən
6 milyard kubmetri Türkiyədəki istehlakçılara
çatdırılacaq. Qaz
satışı və nəqli üzrə bütün
sazişlər isə Azərbaycan Qaz Təchizatı Şirkəti
tərəfindən idarə olunacaq.
Yekun
investisiya qərarı imzalandıqdan sonra konsorsium
podratçı şirkətlərlə bir neçə
müqavilə, o cümlədən Bakı
yaxınlığındakı Səngəçal
terminalında “Şahdəniz” layihəsinin ikinci mərhələsi
üçün lazım olan qurğuların tikintisi və
istismar sınaqlarına dəstək işləri, iki platforma
üçün üst modulların inşası, yüklənməsi,
dənizdə quraşdırılması və istismar
sınaqları, eləcə də dəniz və qurudakı
qurğular üçün müfəssəl mühəndis-layihələndirmə,
layihənin idarə olunması və təchizat-tədarük
işlərinə aid dəstək xidmətlərinin göstərilməsi
üzrə müqavilələr imzalamışdır. Yerdə
qalan müqavilələr isə bu il
bağlanacaq. Həmin sənədlərə
sualtı boruların quraşdırılması, dənizə
daşınması və quraşdırma işləri
daxildir. Bu il dayaq blokları və üst modulların
inşası üçün tikinti-quraşdırma sahələrində,
həmçinin qurudakı terminal tikinti sahələrində
işlərə başlanılacaq, “İstiqlal” və Heydər
Əliyev qazma qurğuları vasitəsilə isə qazma
işləri davam etdiriləcək.
2013-cü
ildə “Şahdəniz” layihəsinin birinci mərhələsi
çərçivəsində hasil edilən qazın Cənubi Qafqaz boru kəməri
ilə ixracı da uğurla davam etdirilmişdir. Yeri gəlmişkən,
ötən il adıçəkilən
boru kəməri ilə bağlı fəaliyyətlərə
50 milyon dollar əməliyyat və 250 milyon dollar əsaslı
xərclər sərf edilmişdir. 2014-cü il
üçün isə bu işlərə 50 milyon
dollar əsaslı vəsaitin xərclənməsi nəzərdə
tutulur. Cari ildə
kəmərin
genişləndirilməsi üzrə işlərin
sürətləndirilməsi ilə əlaqədar olaraq əsaslı
xərclər bir milyard 250 milyon dollara qədər artacaq. Bu boru kəməri 2006-cı ilin sonlarında
istismara verilərək əvvəl Azərbaycana və
Gürcüstana, 2007-ci ilin iyul ayından etibarən isə həm
də Türkiyəyə “Şahdəniz” yatağının
birinci mərhələ qazını çatdırır.
Ötən il Cənubi Qafqaz boru kəmərinin gündəlik
orta ötürücülük gücü 13,4
milyon kubmetr qaz və ya gündə 81 min 600 barel neft ekvivalenti
təşkil etmişdir.
Sözügedən
boru kəmərinin obyektlərin tikintisi və istismarı
üzrə məsul texniki operatoru bp, biznes icrası üzrə
məsul kommersiya
operatoru isə Statoyl şirkətidr. Boru kəmərinin
genişləndirilməsi layihəsi üzrə yekun investisiya
qərarı 2013-cü il dekabr ayının 17-də “Şahdəniz”
layihəsinin ikinci mərhələsi üçün qərar
verilməsi ilə eyni zamanda qəbul edilmişdir. Bu il ərzində bir sıra müqavilələrin,
o cümlədən ilkin işlər və boru kəməri
qurğuları, həmçinin Azərbaycanda boru kəmərinin
tikintisi üzrə müqavilələrin bağlanması
planlaşdırılır. Cari ildə, həmçinin
ilk borular Azərbaycana gətiriləcək.
Qarşıdakı illərdə Azərbaycan dövləti
“Şahdəniz” layihəsindən 200 milyard dollar gəlir əldə
edəcək.
Bütün bu amillər isə Azərbaycanın iqtisadi
gücünü və beynəlxalq nüfuzunu bir qədər
də artıracaq, ölkəmizin etibarlı tərəfdaş
kimi mövqeyini
gücləndirəcək.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 12 mart.- S. 5.