BALAKƏN: görülmüş işlər çox, vəzifələr böyükdür

 

Bu rayondakı sosial-iqtisadi inkişaf,  geniş vüsət alan tikinti quruculuq işləri barədə fikirlərimi qələmə alarkən, təxminən üç həftə əvvəl görüşüb həmsöhbət olduğum bir ağsaqqalın dedikləri yadıma düşdü. Dövlət başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən ölkənin bütün şəhər və rayonlarında olduğu kimi, Balakəndə də sakinlərin pulsuz müayinəsi  həyata keçirilir.

Rayon Mərkəzi Xəstəxanasında demək olar ki, bütün kəndlərdən gələn sakinlər var idi. Doğrudur, bu müayinələr bütün yaşayış məntəqələrində aparılırdı. Ancaq  kəndlərdəki həkim briqadalarının məsləhət bildiyi bəzi sakinlər  məhz buraya göndərilirdi. Rayonun  ağsaqqallarından biri olan Xəlifə Mirəliyevlə də elə Mərkəzi Xəstəxanada görüşdük. Üzü gülürdü. Təkcə pulsuz müayinə olunduğuna görə deyil, həm də səhhətində ciddi bir problem olmadığına görə məmnun idi:

- Bir də ki, hansısa xəstəliyin olması da elə bir  problem deyil. Milyonlarla insanı pulsuz müayinə edən dövlət bizim hansısa xəstəliyimizi də müalicə etdirə bilər. Allah möhtərəm Prezidentimizin canını sağ eləsin. Bir tərəfdən, ölkəni başdan-başa  inkişaf etdirir. Digər bir tərəfdən də hər bir sakinin sağlamlığının qayğısına qalır.

Sonra Xəlifə dayı Balakənin inkişafı barədə, rayonda həyata keçirilən sosial-iqtisadi tədbirlər haqqında elə faktlarla danışdı ki, doğrusu, mən - il boyu Balakəndən onlarla yazı qələmə almış bir mətbuat təmsilçisi həmin faktları sanki təzəcə eşidirdim. Həmsöhbətimin fikirlərində məni məmnun edən təkcə faktlar deyildi, həm də onların yerbəyer söylənilməsi idi: “Son illər respublikanın bütün bölgələrində olduğu kimi  Balakən rayonunda da səhiyyə, idman, mədəniyyət obyektləri, inzibati binalar, yollar, körpülər istifadəyə verilib, istehsal və xidmət  sahələri yaradılıb. Dövlət Proqramlarının icrası müddətində ölkə Prezidenti  İlham Əliyev dörd dəfə Balakənə səfər edib. Dövlət başçısının rayona sonuncu - dördüncü səfəri zamanı cənab Prezident inşasına 2012-ci ildə başlanan Mədəniyyət Mərkəzinin, YAP rayon təşkilatının yeni inzibati binasının və Katex kəndində soyuducu anbar kompleksinin açılışlarını edib. İndi artıq Balakən nəinki ötən il gördüyünüz, hətta bir neçə ay əvvəlki Balakən deyil. Boş vaxtım olanda gəzirəm, baxıram. Adamın ürəyi açılır. Bir həmsöhbət axtarırsan ki, bu gözəlliklər barədə istədiyin qədər danışasan”.

- Onda məni yaxşı tapmısınız,-dedim.

- Yox, müəllim, siz mənim söhbətimə qulaq asmağa vaxt tapa bilməzsiniz. Mənim ürəyim dolu olduğuna görə sözüm-söhbətim də çoxdur. Siz iş adamısınız.

- Onda bir zaman görüşüb arxayınçılıqla söhbət edərik- deyə ağsaqqala söz verdim.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevlə söhbətimiz zamanı bu məqamı da yada saldım. İslam müəllim dedi ki, biz Balakəni məhz o qəbildən olan təəssübkeş insanların, xeyirxah ağsaqqalların köməyi ilə inkişaf etdiririk. Belə ağsaqqallar isə Balakəndə istənilən qədərdir. Sonra rayon rəhbəri Xəlifə dayının da söz açdığı bir məsələdən - dövlət başçımızın Balakənə səfərlərindən danışaraq qeyd etdi ki,  Prezident İlham Əliyevin rayona səfərindən qısa müddət sonra burada aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi və Regional İnkişaf Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrasının stimullaşdırılması məqsədilə Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında iki sərəncam imzalanıb. Birinci  sərəncama əsasən rayon icra hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan  2  milyon manat vəsait ayrılmışdı. Sərəncamın icrası məqsədi ilə görüləcək işləri özündə əks etdirən “Tədbirlər planı” təsdiq olunub və icrası planlaşdırılan məsələlər - şəhərdə işıqforların yenilənməsi, kommunal evlərin və “Soyqırım abidəsi”nin təmiri bəndləri üzrə 267 min manat dəyərində iş yerinə yetirilib.  Bu istiqamətdə işlər davam etdirilir.

Cənab Prezidentin növbəti  sərəncamı ilə isə qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.  Həmin vəsaitin təyinatı üzrə xərclənməsi üçün yolun layihələndirilməsi işləri başa çatdırılıb, tender elan olunub. Dövlət Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində  Balakənin əsas sosial - iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə artıb. Belə ki,   ümumi məhsul buraxılışı 2012-ci illə müqayisədə   21,6 faiz artıb.

Adətən biz jurnalistlər Balakənin aqrar göstəriciləri  barədə söz açarkən taxılçılığın, heyvandarlığın və quşçuluğun inkişafı barədə faktlara və rəqəmlərə daha çox üstünlük verirdik. Son zamanlar isə rayonda   meyvəçiliyin inkişaf etdirilməsinə, o cümlədən, yeni intensiv bağların salınmasına diqqətin  artırıldığı əsas mövzulardan birinə çevrilib.  Əvvəlki illərdə salınmış 123 hektar  intensiv meyvə bağlarına qulluq göstərilir  və Katex kəndində 48 hektar sahədə yeni intensiv meyvə bağları salınıb. Yeni bağlarda damcılama üsulu ilə suvarma sistemi qurulub.  Katex kəndində istifadəyə verilən soyuducu kameralar məhsulların saxlanılması sahəsində olan problemlərin aradan qaldırılması və meyvəçiliyin inkişaf etdirilməsi üçün yeni imkanlar yaradıb.

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında  hələ  2007-ci ildə imzaladığı  Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Məhsul istehsalçılarına subsidiyaların verilməsində şəffaflıq və qanunçuluğa riayət olunması təmin edilir. Söhbət aqrar sahədən düşərkən, ən tez xatırlanan məqam  fermerlər üçün zəruri olan texnikanın vaxtında alınması məsələsi olur. Balakəndə bu məsələ yüksək səviyyədə öz həllini tapır. Dövlət başçısının “Kənd təsərrüfatı  məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına dəstək haqqında” məlum  Sərəncamı böyük əhəmiyyət daşıyır və  o  sənəd ölkədə taxıl yığımında texnika çatışmazlığı ilə əlaqədar yaranan problemlərin tamamilə aradan qaldırılmasına imkan verəcəkdir.  Xatırladaq ki, son zamanlar Balakənə  əlavə olaraq 2 ədəd taxıl və qarğıdalıyığan kombayn ayrılıb. Həmin texnikaların biçin mövsümünə qədər rayona gətirilməsi gözlənilir.  Mən bu yerdə bir məsələni də xatırladım. Belə ki, Balakən fermerlərinin uğurları barədə ötən payız əhatəli bir yazı qələmə almışdım. Rayonda kənd təsərrüfatı sahəsində əldə olunan uğurları nümayiş etdirmək məqsədi ilə ötən ilin noyabrında  Heydər Əliyev parkında “Məhsul bolluğu” bayramı keçirilmişdi. Balakəndə  istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi bayram tədbiri əhali tərəfindən böyük maraqla qarşılanırdı.

İnsafən, Balakən bu gün  həm də rayonda aparılan abadlıq və quruculuq işlərinin miqyasına görə mətbuatın diqqət mərkəzindədir.  Xüsusən,  2012-ci ildə  rayonda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı nümayiş etdirilən qətiyyət və mütəşəkkillik heç kəsin nəzərindən yayınmırdı. Həmin tədbirlər ötən il   davam etdirildi və  ziyan dəymiş fərdi yaşayış evlərinin 739-u məhz ötən il  sökülərək yenidən tikildi. Rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində lazımi işlər görülür.  Ümumilikdə 1540 şagird yeri olan   6 yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilib, 280 yerlik Talalar-2 saylı orta  məktəbin tikintisi üçün vəsait ayrılıb.

Heydər Əliyev  prospektində şəhər seyrəngahının, Təhsil şöbəsinin, məcburi köçkünlər üçün  45 mənzilli yaşayış binasının, Kortala kəndində kənd həkim məntəqəsinin tikintiləri başa çatdırılaraq istifadəyə verilib. “Balakən-1” su-elektrik stansiyasının tikintisində hazırda son tamamlama və abadlıq işləri aparılır. Prezidentin ”Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən 2012-ci ildə tikintisinə başlanan  15 kilometrlik Balakən-Qazma-Darvazbinə  avtomobil yolu  istifadəyə verilib.  Təhsil, səhiyyə və mədəniyyət müəssisələrində  təmir işləri aparılıb, Salban kənd ibtidai, Poşbinə 2 saylı ümumi, Kortala kənd tam orta məktəbləri, uşaq yaradıcılq mərkəzi, mərkəzi kitabxana, şəhər kitabxanası, Qaysa kənd mədəniyyət evi, Hənifə, Qullar və Sarıbulaq kənd həkim məntəqələri,  şəhər 2 saylı körpələr evi-uşaq bağçası təmir olunub.

Onu da qeyd edək ki, tikinti-quruculuq işlərinin əhatə dairəsi, həcmi kimi keyfiyyəti məsələlərinə  ciddi fikir verilir. Aparılan işlərin Şəhərsalma və Tikinti Məcəlləsinə, milli memarlıq  üslubuna, layihə sənədlərinə uyğunluğu təmin olunur, xüsusilə, kənd yerlərində icazəsiz, özbaşına tikinti işlərinin aparılmasına yol verilmir. Şəhərdə ictimai yerlər-park və bağlar, küçə və meydanlar,  kommunal binalar müasir üslubda təmir olunur və bu işlərə kifayət qədər dövlət vəsaiti xərclənir.

Əhaliyə göstərilən xidmətlərin daim diqqət mərkəzində saxlanıldığını deyən icra başçısı qeyd etdi ki,  bu gün Balakəndə geniş qazlaşdırma işləri  həyata keçirilir. Təkcə ötən il  6880 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 18 min 250 nəfərə çatdırılıb. Beləliklə, rayonun 54 yaşayış məntəqəsinin qazlaşdırılması tam başa çatdırılıb. Qabaqçöl istiqamətində kəndlərin qaz təminatının yaxşılaşdırılması məqsədilə  8 kilometr  məsafədə 200 millimetrlik orta təzyiqli qaz xətti çəkilib, qazpaylayıcı məntəqə quraşdırılıb.

Əhalinin  keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə  magistral və şəhər su xətlərinin 224 metrlik hissəsi dəyişdirilib, su xətlərində cari təmir işləri aparılıb. Rayonun kəndlərində 10  artezian quyusu qazılıb, Sarıbulaq kəndində 700 metrlik  su xətti çəkilərək şəbəkə qurulub, Xalatala kəndində isə 2500  metr  məsafədə su xətti dəyişdirilərək plastik boru ilə əvəz edilib. Rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 98  transformator cari, 27   transformator isə əsaslı təmir edilib. 10 kilovoltluq hava xətlərinin əməliyyat yerlərində 10 ədəd xətt ayırıcıları quraşdırılmaqla 158 dayaq dəyişdirilib,  9 kilometr  məsafədə 0,4 kilovoltluq elektrik verilişi xətləri SİP kabellə əvəz edilib.

Təbii ki, istənilən inkişafın, tərəqqinin əsas mənbələrindən biri elm və təhsilin inkişaf etdirilməsidir. Ona görə də rayonda təhsil sisteminin inkişaf etdirilməsi daimi diqqət mərkəzindədir. Nəticədə rayonun ümumtəhsil məktəblərinin məzunlarıından 6 nəfər xüsusi nümunəli attestat və qızıl medala layiq görülüb.  Məzunlardan  338 nəfəri ali məktəblərə qəbul imtahanı verib və 240 nəfər tələbə adını qazanıb. 5 məzun 600-dən, 25 məzun isə 500-dən yuxarı bal toplayıb. Tələbə adını qazananların sayı əvvəlki ilə nisbətən 48 nəfər çox olub. Nizami adına şəhər 1 saylı tam orta məktəbi respublika miqyasında keçirilən müsabiqənin nəticəsinə görə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adını qazananların sırasında olub.

Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri il ərzində yaddaqalan mədəni-kütləvi tədbirlər keçiriblər, ilin əlamətdar və bayram günləri, sair və yazıçıların yubileyləri yüksək səviyyədə  qeyd olunub. Mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kartotekalar, sərgilər yaradılıb, “dəyirmi masa”lar, baxış müsabiqələri, musiqi festivalı, konsert proqramları təşkil olunub.

Heydər Əliyev Mərkəzinə bir ildə 7046 ziyarətçi gəlib, burada 846 eksponat nümayiş etdirilib. Mərkəzdə yaradılmış “Sənətkarlar evi”ndə  rəsm, foto studiya, rəqs, toxuculuq, gənc dizaynerlər, kulinariya məktəbi və başqa dərnəklər fəaliyyət göstərir, dərslər təşkil edilir. Burada  İRBİS-64 avtomatlaşdırılmış kitabxana informasiya sistemi quraşdırılaraq elektron kitabxana yaradılıb. Böyüməkdə olan gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda formalaşması, gənclərə  Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə yuxarı sinif şagirdlərinə Mərkəzdə xüsusi dərslərin keçirilməsi nəzərdə tutulur.

İslam müəllim danışdı ki, geniş vüsət alan   abadlıq işləri cari ildə də davam etdiriləcək. “Şəhidlər xiyabanı” yenidən qurulacaq, “Soyqırım bağı”nın tikintisi  başa çatdırılacaq. Hazırda şəhərin ümumi arxitekturasının daha müasir və yeni üslubda dəyişdirilməsi məsələsi gündəliyə gətirilib. Çoxmənzilli kommunal binaların fasadının və dam örtüklərinin təmiri davam etdiriləcək, şəhər küçələri asfaltlanacaqdır. Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolu, Talalar 2 saylı kənd tam orta məktəbi,   3 uşaq bağçası tikilərək istifadəyə veriləcək, bir uşaq bağçası isə əsaslı təmir ediləcək. Rafiq Səmədov, Nəriman Nərimanov, Məhəmməd Əsədov küçələrində əhalinin rahatlığını təmin edən park və bağ salınacaq, gecə işıqlandırılması qurulacaq, səkilər,  arxlar yenidən tikiləcək, Qabaqçöl qəsəbəsində abadlıq-quruculuq işləri aparılacaq.

Rayonun enerji təchizatı sahəsində yeni güc - “Balakən-1" kiçik su-elektrik stansiyası məhz bu il  istifadəyə veriləcək, içməli su və kanalizasiya sisteminin tikintisi, elektrik xətt təsərrüfatının yenidən qurulması, telefonlaşdırma, bələdiyyələrin vəsaiti hesabına kənd yollarının tikintisi sahəsində yeni layihələrin icrasına başlanılacaq. Bundan əlavə, rayon polis şöbəsinin yeni inzibati binası tikiləcək, yerli büdcə vəsaitləri və investisiya hesabına təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, uşaq bağçalarında yenidənqurma və təmir işləri aparılacaq. Yəni, Balakən cari ilin sonuna daha gözəl və abad mənzərə alacaqdır.

Bəli, əziz oxucu, düz eşitdin. İnsan əli bu ilin sonunadək Balakəndə yeni və daha gözəl bir mənzərə yaradacaq. Xəlifə dayı ilə söhbətimizi də elə o gözəl mənzərə fonunda davam etdirərik - inşallah!

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti. - 2014.- 12 mart.- S. 6.