Birdəfəlik
təhsildən – fasiləsiz təhsilə
Bu, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas hədəflərindən biridir
Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzulardan biri təhsil mövzusudur. Ən müxtəlif səviyyələrdə: rəsmi dövlət strukturlarından başlamış, təhsil müəssisələrində, müəllim və tələbələr arasında, ailələrdə, rəsmi və qeyri-rəsmi məclislərdə təhsil mövzusunun bu qədər aktuallıq qazanması hansı səbəblərlə bağlıdır? Müzakirə iştirakçılarını hansı məsələlər maraqlandırır? Maraqlar müxtəlifdir: Kimini cəmiyyətin gələcək inkişafı, kimini övladının karyerası, kimini əməyinin stimullaşdırılması, kimini maliyyə məsələləri... düşündürür. Təbii ki, hər kəsi öncə təhsilin ona nə verəcəyi maraqlandırır. Əks—tərəfin mövqeyi də az maraq doğurmur: Biz təhsilə nə vermişik? Nəzərə alsaq ki, təhsil dövlətin, cəmiyyətin həyatında prioritet istiqamətlərdən biridir, burada qeyri-adi heç nə yoxdur. Bu barədə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında deyilir: “Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Gələcəyə gedən yolun düzgün seçilməsində malik olduğun dəyərlərin, toplanmış təcrübənin, mövcud infrastrukturun mütərəqqi və vaxtını keçirmiş cəhətlərinin, kadr potensialının peşəkarlıq səviyyəsinin, idarəetmə subyektlərinin əlaqə formalarının, maliyyə imkanlarının, eləcə də mütərəqqi dünya təcrübəsinin hərtərəfli öyrənilməsinin böyük əhəmiyyəti var. Azərbaycanda təhsilin mövcud vəziyyətinin istər milli, istərsə də beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsinə dair hesabatların hamısında birmənalı şəkildə vurğulanır: təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmiş, təhsilin müasir tələblərə cavab verən normativ- hüquqi bazası yaradılmışdır. Ali təhsildə kredit sisteminə keçilmiş, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir. Təhsil sahəsinə ayrılan dövlət xərcləri son beş ildə 1,3 dəfə artmışdır. Bu sahənin maliyyələşdirilməsində qeyri-dövlət sektorunun rolunun artırılmasında müsbət təcrübələr formalaşmışdır.
Biz sürətlə dəyişən və qloballaşan bir dünyada yaşayırıq. Qloballaşma prosesləri isə müxtəlif dövlətlərin təhsil sistemlərinin inteqrasiyasını şərtləndirir. Malik olduğumuz milli-mənəvi dəyərlər, qazandığımız təcrübə sərhədsiz informasiya və texnologiyalar əsrində maraq və fəaliyyətləri kəsişən, dünənə qədər əks—cəbhədə dayanan iki ideoloji sistemin rəqabət əsasında birləşən vahid bir qlobal şəbəkə ilə əvəzləndiyi, müəyyən mənada sərhədsiz bir coğrafi dünyanın tələblərinə uyğun olaraq yeniləşir. Dünyanın hansı ölkəsində, hansı sistem əsasında, hansı formada təhsil almaq, hansı ölkədə iş yeri seçmək imkanları çoxalır.
Burada mövqelər arasında qütbləşmələri vurğulamaq istərdik: Ənənəçilər və yenilikçilər. Birincilər min illər ərzində formalaşmış və bəşəriyyətə elm, texnika, mədəniyyət və incəsənət cahəsində korifeylər bəxş eləmiş bir təhsil sistemini “ Hafizə məktəbi ” adı ilə tarixə çevirməyin əleyhinə çıxır. İkincilər yeni dünyanın reallıqlarının qaçılmaz olduğunu əsas gətirərək “ İdrak məktəbi” yaradılmasına, inteqrasiyaya üstünlük verirlər. Birincilər biliyi əsas götürür, mənəvi dəyərlərin arxa plana keçməsindən çəkinir, ikincilər isə bacarıq və vərdişlərə üstünlük verir, müasir insanın yeni dəyərlərə malik olduğunu göstərirlər. Kimin haqlı olduğunu gələcək göstərsə də, hər iki tərəf passiv seyrçi kimi gözləməyin yanlış olduğunu qəbul edir. İndi təhsillə bağlı müzakirələrdə “Alman təhsil sistemi”, “Sovet təhsil sistemi”, “Avropa təhsil sistemi”, “Koreya təhsil sistemi”... kimi ifadələrlə tez-tez rastlaşırıq. Belə desək, seçim çoxdur. Biz hansını seçək? Şekspirin Hamleti demişkən: Sual budur!
Təhsil haqqında Azərbaycan
Respublikasının Qanununun 4-cü maddəsində
deyilir: “Təhsilin əsas məqsədi: - Azərbaycan dövləti
qarşısında öz məsuliyyətini dərk edən,
xalqının milli ənənələrinə və
demokratiya prinsiplərinə, insan hüquqları və
azadlıqlarına hörmət edən, vətənpərvərlik
və azərbaycançılıq ideyalarına sadiq olan,
müstəqil və yaradıcı düşünən vətəndaş
və şəxsiyyət yetişdirmək; - milli-mənəvi
və ümumbəşəri dəyərləri qoruyan və
inkişaf etdirən, geniş dünyagörüşünə
malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi
bacaran, nəzəri və praktiki biliklərə yiyələnən,
müasir təfəkkürlü və rəqabət qabiliyyətli
mütəxəssis-kadrlar hazırlamaq; - sistemləşdirilmiş
bilik, bacarıq və vərdişlərin mənimsənilməsini
və ixtisasın daim artırılmasını təmin etmək,
təhsilalanları ictimai həyata və səmərəli əmək
fəaliyyətinə hazırlamaq.”
Məqsədimiz təhsilin bütün istiqamətləri haqqında danışmaq deyil. Məlum olduğu kimi, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirlər nəzərdə tutulmuşdur. Həmin istiqamətlərdən ikincisi “ təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.”
Azərbaycan Müəllimlər İnstitutu ölkədə pedaqoji kadrların əlavə təhsilinin təşkili ilə məşğul olan təhsil müəssisələri arasında özünəməxsus yer tutur. Azərbaycanın müxtəlif bölgələrində yerləşən 11 filialında hər il 12 minə qədər pedaqoji kadr əlavə təhsilə cəlb olunur. Təhsil sahəsində 200 minə yaxın pedaqoji kadrın çalışdığını nəzərə alsaq və mövcud əlavə təhsil normativinə görə “5 ildə bir dəfə” prinsipini gözləsək, vəziyyətin nə qədər aktual olduğunu görərik. Əlavə edək ki, bu gün respublikada 18 pedaqoji profilli müəssisədə pedaqoji kadrların əlavə təhsili təşkil olunur. Əgər mərkəzi inzibati orqanların , xüsusilə Təhsil Nazirliyinin keçirdiyi tədbirləri nəzərə almasaq, bu müəssisələr arasında təcrübə mübadiləsi əksər hallarda keçirilən elmi- praktik konfranslara etika xatirinə dəvətlərlə məhdudlaşır, – desək yanılmarıq.
Hər bir təhsil müəssisəsi müstəqil şəkildə xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı işgüzar əlaqələr yaradır, mübadilələr aparır, lakin ölkə daxilində eyni missiyanı yerinə yetirən müəssisələrlə təcrübələrini paylaşmaq istəmir. Məqsədimiz kimisə tənqid etmək yox, real vəziyyətin hansı səviyyədə olduğunu göstərməkdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydaları” təsdiq edilmiş, buna uyğun olaraq məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün ixtisasartırma təhsilinin modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Təhsil Nazirliyi tərəfindən ixtisasartırma təhsili sistemində rəqabət mühitinin formalaşdırılmasını təmin etmək üçün müvafiq normativ hüquqi bazanın yaradılması məqsədilə “Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsi” və “İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə dair təlimat” hazırlanmış və Təhsil Nazirliyinin 18 aprel 2012-ci il tarixli, 597 nömrəli əmri ilə təsdiq edilmişdir. Həmin əmrə müvafiq olaraq, ixtisasartırma təhsili üzrə proqramların qiymətləndirilməsinə dair 2012-ci ilin oktyabr ayında elan verilmiş və dekabrın 29-dək proqramların qəbulu aparılmışdır. Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarından, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundan, Azərbaycan Dövlət Pedaqoji Universitetindən, Lənkəran Dövlət Pedaqoji Universitetindən və Əlavə Təhsil Mərkəzindən rəhbər və pedaqoji işçilərin ixtisasartırma təhsili üzrə ümumilikdə 178 adda proqram qiymətləndirməyə təqdim edilmişdir.
Son illərdə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin “Pedaqoji kadrlar üçün ixtisasartırma təhsilin müasirləşdirilməsi” komponentinin “İcra planı”na əsasən, 10 günlük (60 saat) təlim kurslarına 100 minə yaxın pedaqoji kadr cəlb edilməsi ( təkcə 2012-ci ilin iyun-iyul aylarında V siniflərdə dərs deyəcək 40 minə yaxın fənn müəllimi təlimlərə cəlb olunub) bu sahədə çevik proqramlar əsasında təlimlərin təşkilinin nə qədər aktual olduğunu göstərir. Qısa müddət ərzində bu qədər kontingenti əhatə edən təlimlərin keyfiyyətini təhlil etmək fikrində olmasaq da, nəzərə almaq lazımdır ki, bu gün dünya təhsilində birdəfəlik təhsil modelindən ömür boyu ( fasiləsiz ) modelinə keçilir.
Fikrimizcə, ixtisasartırma təhsilinin modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməsinə başlanılmalıdır. Artıq ibtidai sinif müəllimlərinin 10 günlük təlimlərə cəlb olunduğu vaxtdan 5 il keçir. Keçən müddət ərzində hansı nailiyyətlər qazanılıb, hansı problemlər yaranıb, müəllimlərin peşəkar keyfiyyətlərini öyrənmək, qiymətləndirmək və stimullaşdırmaq üçün mexanizmlər hazırdırmı? Bu proseslərdə əlavə təhsil müəssisələrinin vəzifə və səlahiyyətləri dəyişəcəkmi? Məlumdur ki, bu gün müxtəlif müddətli ixtisasartırma təhsilinə cəlb edilən pedaqoji kadrlara verilmiş sertifikatlar stimullaşdırıcı xarakter daşımır. Sirr deyil ki, bu cəhət ixtisasartırma təhsilinə marağı azaldır. Bir halda ki, əməyin stimullaşdırılmasında diferensiallaşma əsas vasitəyə çevrilir, o zaman pedaqoji kadrlara cəlb olunduqları ixtisasartırma təhsilinin yekununda onların əməyinin stimullaşdırılmasına səbəb olacaq sənəd verilməlidir. Təbii ki, qazandıqları nəticəyə görə! İxtisasartırma təhsilinin kütləvi şəkildə sənədləşdirilməsi yox, həmin təhsil növünün kütləviliyini təmin etmək lazımdır.
Azərbaycan müəllimlərinin XIV qurultayındakı məruzəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov xüsusi olaraq vurğulamışdır ki, strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına zəmin yaradacaqdır".
Səriştəli təhsilverənlər formalaşdırmaq üçün əlavə təhsil müəssisələri öz imkanlarını, infrastrukturunu, maddi-texniki bazasını, kadr potensialını, təşkil etdiyi əlavə təhsilin səmərəliliyini, çevikliyini, dinləyicilərin maraq və tələbatına uyğunluğunu ciddi təhlil etməli, müqavilə tərəfdaşları qarşısında öhdəliklərini hansı səviyyədə yerinə yetirdiyinə obyektiv qiymət verməlidirlər.
Xüsusilə diqqət yetirilməli məsələlərdən biri də budur ki, əlavə təhsil müəssisələri kurikulum əsasında tədris prosesinə nə dərəcədə bağlıdırlar. Başqa sözlə, ixtisasartırma təhsilinə gələn “ kurikulumçu” ( əgər belə demək mümkündürsə) müəllimə təlim keçən müəllim( təlimçi) praktik cəhətdən məktəblə bağlı peşəkardır, yoxsa yox. Ona görə də bu günün təlimçisi elmi dərəcəsindən, iş yerindən asılı olmayaraq sinifdə—şagird qarşısında dərs keçən müəllim qədər( ən azı! ) peşəkar bacarığa malik olmalıdır ki, tərəf—müqabilinin hansı problemlərlə rastlaşdığına bələd olsun, ona bu baxımdan kömək edə bilsin. Əks-halda ixtisasartırma təhsilinin effektindən danışmağa dəyməz.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsilverənlər üçün geniş hədəflər- strateji istiqamətlər müəyyənləşdirilmişdir. Bunlar: müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması; -təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılmas; - təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi; -təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması; - müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi; - pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılmasıdır.
Taleyini Azərbaycan təhsilinə bağlamış müəllim kimi inanırıq ki, Azərbaycan rəhbərliyinin dəstəyi ilə ölkənin təhsil sistemi bütün sahələrdə nəzərdə tutulmuş strateji hədəflərə nail olacaq, müstəqil Azərbaycanın işıqlı gələcəyi naminə daha böyük uğurlara çatacaqdır.
Rahim
ƏZİZOV,
Azərbaycan Müəllimlər
İnstitutunun əlavə təhsil üzrə prorektoru,
pedaqogika üzrə fəlsəfə doktoru
Nazir MƏMMƏDOV,
baş metodist
Xalq qəzeti.- 2014.- 13 mart.- S. 4.