“Azərsu” ASC
növbəti peşə təlimlərinə start
vermişdir
Son illər “Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bu günlərdə səhmdar cəmiyyətin Türkiyənin Gedik Universiteti və UGETAM şirkəti ilə əməkdaşlığı çərçivəsində “İnfrastrukturun yenilənməsi və keyfiyyət anlayışı” mövzusunda növbəti təlimə start verilmişdir. Bu məqsədlə Türkiyənin bir sıra təhsil və sənaye müəssisələrinin mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizə gəlmişdir.
Təlim proqramının açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov layihələrin keyfiyyətlə icra olunmasında, eləcə də infrastrukturun idarə edilməsində yeni texnologiyaların tətbiqinə ciddi diqqət yetirildiyini bildirmiş, bu sahədə qabaqcıl təcrübənin mənimsənilməsi və tətbiqi məqsədilə müxtəlif ölkələrin, o cümlədən Türkiyənin şirkətləri ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin mütəxəssisləri ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilirlər. Son iki ildə təşkil olunmuş 75 təlimə səhmdar cəmiyyətin 1600-ə yaxın işçisi cəlb olunmuşdur. Mütəxəssislərin 240 nəfəri Türkiyə Su İnstitutu, İstanbul Şəhər Su-kanal İdarəsi, 12 rəhbər işçi isə İzmit Su-kanal İdarəsində istehsalat sahələri ilə tanış olmaq imkanı əldə etmişlər. Təlimlərdə layihələndirmə, tikinti, mexanika, energetika, avtomatika, içməli su və çirkab sutəmizləyici qurğuların istismarı, abonent işləri, informasiya-kommunikasiya texnologiyaları, tikinti və digər sahələr üzrə mütəxəssislər iştirak etmiş, böyük təcrübə qazanmışlar. “Azərsu” ASC-nin sədri belə tədbirlərin təşkilinin əhəmiyyətli olduğunu və təlimlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirmişdir.
Təlim keçmək üçün dəvət olunmuş Türkiyənin Gedik Holdinq şirkətinin rəhbəri Mustafa Koçak, Türkiyə Respublikasının ölkəmizdəki səfirinin müşaviri Meral Barlas, Gedik Universitetinin müəllimi, sabiq səfir Erkan Gezer, UGETAM şirkəti idarə heyətinin rəhbəri Ümit Doğay Arınç çıxış edərək təlimlərin əhəmiyyətini vurğulamış, bu sahədə Azərbaycan şirkətlərinə kömək etməkdə maraqlı olduqlarını bildirmişlər.
Xatırladaq ki, dörd gün davam edəcək təlimlərdə “Azərsu” ASC-nin əməkdaşlarına, həmçinin su və kanalizasiya layihələrini icra edən podratçı şirkətlərin mütəxəssislərinə qaynaq texnologiyaları, içməli suyun təmizlənməsi və nəqli, tullantı sularının zərərsizləşdirilməsi, sayğaclaşma və digər məsələlərlə bağlı təlimlər veriləcəkdir.
M.YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 13 mart.- S. 6.