Azərbaycan ilə Rusiya arasındakı əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir

 

Martın 13-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyası Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşevlə görüşmüşdür.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına, o cümlədən Sverdlovska ixracı, bu məqsədlə Ticarət-Logistika Mərkəzinin yaradılması, maşınqayırma, metallurgiya, poladkimya sənayesi, İKT sahəsində əməkdaşlıq, vilayətdə fəaliyyət göstərən şirkətlərin ölkəmizdəki sənaye parklarında iştirakı, adamları arasında biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Həmçinin konkret istehsal sahələrinin yaradılması imkanları müzakirə olunmuşdur.

Nazir Şahin Mustafayev Azərbaycanın Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini, ölkələrimiz arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan və Rusiya arasında əməkdaşlıq qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuşdur. Xüsusən dövlət başçılarının səfərləri bu əlaqələrin inkişafında mühüm rol oynayır. Hazırda Azərbaycan Rusiyanın 83 federal subyektindən 78-i, o cümlədən Sverdlovsk Vilayəti ilə uğurlu əməkdaşlıq edir. Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir ki, belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafına töhfə verir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə indiyədək 13 iclası keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətli təsir göstərir.

Rusiya Federasiyası Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşev hər iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyini vurğulamışdır. Y.Kuyvaşev Azərbaycanın Rusiyanın federal subyektləri, o cümlədən Sverdlovsk Vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə etmişdir.

 

Xalq qəzeti.- 2014.- 14 mart.- S. 2.