Mart hadisələri Azərbaycan və
dövlətçiliyimiz üçün
çətin sınaq idi
Ulu öndər Heydər
Əliyevin müdrikliyi nəticəsində xalqımız bu
sınaqdan uğurla çıxdı
Təbii sərvətlərlə zəngin olan Azərbaycanın əhəmiyyətli geostrateji məkanda yerləşməsi həmişə yadelli qüvvələrin diqqətini cəlb etmiş və buna görə də ölkəmizi öz təsir dairəsinə salmaq, ona nəzarəti ələ keçirmək uğrunda tarix boyu qanlı döyüşlər baş vermiş, müxtəlif ssenarilər ortaya atılmışdır. Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra da imperiya dairələri taktikalarını dəyişərək, necə deyərlər, bu dəfə “qalanı içindən zəbt etməyə” çalışdılar. 1995-ci ildə baş verən mart hadisələri də bu cəhdlərdən biri idi.
Həmin günlərdəki hadisələri adi iqtidar-müxalifət qarşıdurması, hərbi müxalifətin dəstəyindən şirniklənən siyasi müxalifətin hakimiyyətə gəlmək arzusunu reallaşdırmaq cəhdi kimi qiymətləndirənlərin məqsədi də bu çirkin niyyətləri ört-basdır etmək idi. Ancaq sonralar – ulu öndər Heydər Əliyevin özünəməxsus əsaslandırılmış arqument və fikirləri dünya ictimaiyyətinə çatdıqca sular durulmağa başladı. Hamıya aydın oldu ki, həmin hadisələr zamanı söhbət kiminsə hakimiyyətə gəlmək istəyindən deyil, gənc müstəqil Azərbaycan dövlətini çökdürməkdən, bizim milli müstəqilliyimizin ikinci dəfə itirilməsinə şərait yaradılmasından gedirdi.
Həmin illərdə gedən proseslərə diqqət yetirdikdə biz bunun növbəti dəfə şahidi oluruq. Əvvəlcə qeyd etmək yerinə düşərdi ki, 1994-cü il may ayının 12-də cəbhədə atəşkəsə nail olunması bizim görünməyən düşmənlərimizə çox ağır zərbə oldu. Çünki bu atəşkəs ordunun formalaşdırılmasına, beynəlxalq ictimaiyyətə münaqişənin kökləri və səbəbləri barədə daha müfəssəl məlumatlar verilməsinə zəmin yaradırdı. Bir tərəfdən də bu, itkilərin qarşısının alınması, eyni zamanda müstəqil dövlətin, necə deyərlər, sütunlarının möhkəmləndirilməsi üçün lazım idi. Həmin günlərdəki ümumi mənzərəyə nəzər salanda bunu daha yaxşı dərk etmək olar: Düşmən öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, müharibədə 20 min soydaşımız şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlilə çevrilmişdi. Qaçqın və köçkünlərin sayı bir milyon nəfəri ötmüşdü. Belə bir zamanda Heydər Əliyev atəşkəsə nail oldu və nəticə göz qabağındadır. Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, hətta, regionun ən güclü ordusuna çevrildi. Ancaq bu da reallıqdır ki, ulu öndərin atəşkəs siyasətini xalqımız və regionda marağı olan qüvvələr dəstəkləsə də, Azərbaycanda öz çirkin maraqlarını reallaşdırmaq istəyənlər müharibənin davam etməsinə, xaos və anarxiyanın daha geniş miqyas almasına çalışırdılar.
Atəşkəsin imzalanması ölkəmiz üçün daha mühüm bir hadisənin baş verməsinə şərait yaratdı. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı dövlətlərini təmsil edən neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında Saziş (“Əsrin müqaviləsi”) imzalandı. Geosiyasətdən və dünya siyasətindəki iqtisadi maraqlar prinsipindən, azca da olsa, başı çıxan istənilən adam dərk edirdi ki, həmin saziş böhranlar girdabında çapalayan Azərbaycan üçün nicat yoludur. Ona görə də buna sevinənlər qədər gözü götürməyənlər də var idi. Azərbaycanın bir addım belə irəliləməsini istəməyənlər həmin sazişin imzalanmasının ertəsi günü, yəni sentyabrın 21-dən 22-nə keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından dövlətə qarşı cinayətdə ittiham olunan bir neçə cinayətkarın qaçırılmasına nail oldular. Məqsəd dövlətə hədə-qorxu gəlmək, insanlar arasında vahimə yaratmaq idi. Sadə vətəndaşı inandırmaq istəyirdilər ki, bu saziş Azərbaycana problemlər gətirəcək. Cəmi bir həftə sonra – sentyabrın 29-da isə mühüm dövlət xadimləri – Afiyəddin Cəlilov və Şəmsi Rəhimov qətlə yetirildilər.
Həmin illərdə ölkəmizdə törədilən müxtəlif terror aktları, təxribatlar, dövlət məmurlarının silahla hədələnməsi cəhdləri heç kəsin dövlətə və dövlətçiliyə inamını qıra bilmədi. Xalq Heydər Əliyevin siyasi dühasına inanır və onun tutduğu yolu daha qətiyyətlə dəstəkləyirdi. Ona görə də “ssenari müəllifləri” ələ aldıqları yerli “oyunçuları” daha iyrənc bir addım atmağa məcbur etdilər. Xüsusi Təyinatlı Polis Dəstəsinin cinayət yoluna düşmüş 30-a qədər “döyüşçüsü” oktyabrın 2-də Respublika Prokurorluğunun binasına soxuldu və qanunazidd əməllər törətməyə başladı. Qaragüruh dəstəsinin ideoloqları bir neçə məqamı nəzərə almışdılar – qanunsuz əməllərə və sonralar qanlı cinayətlərə sövq etdikləri adamları Vətənə və dövlətçiliyə xidmətləri olmuş “omonçular” arasından seçirdilər ki, xalqda çaşqınlıq yaransın. Beləliklə, “omonçular” cinayət yoluna sövq edildi və çevriliş cəhdlərinə məhz onların əli ilə başlanıldı. Ancaq Azərbaycan dövləti 1994-cü ilin oktyabr ayında bu sınaqdan uğurla çıxdı. Azərbaycan xalqı yumruq kimi birləşərək ölkənin müxtəlif guşələrində həm ulu öndərimizi fiziki cəhətdən yox etmək, həm də milli dövlətçiliyimizi təhlükə altına almaq istəyənlərin qarşısında keçilməz səddə çevrildi. Çünki ən sadə insan belə görürdü ki, Heydər Əliyev nə edirdisə, xalq üçün, milli dövlətçiliyimiz üçün edirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunların yeganə məqsədi var idi: Azərbaycanın müstəqillik yolunda atdığı qətiyyətli addımların qarşısını almaq. Ancaq bu istiqamətdə fəaliyyət göstərmək istəyənlər unudurdular ki, həmin günlərdə gənc müstəqil Azərbaycan dövlətinin sükanı arxasında zamanın ən ağır sınaqlarından uğurla çıxmış böyük dövlət xadimi, siyasət dahisi Heydər Əliyev dayanırdı. Bədxahlarımız dərk edə bilmirdilər ki, Heydər Əliyev özündən əvvəlki dövlət başçılarından fərqli olaraq siyasi mübarizədə kiminsə təhdidlərindən çəkinməyi, hansısa qüvvənin qabağından qaçmağı, yaxud xəlvəti şəkildə vəzifə kürsüsünü buraxaraq ölkə paytaxtını tərk etməyi qətiyyən ağlına gətirə bilməzdi. Antiazərbaycan qüvvələr elə güman edirdilər ki, növbəti təhdidlər dalğası ilə Heydər Əliyevi sıradan çıxaracaq və Azərbaycanı istənilən səmtə istiqamətləndirə biləcəklər. Ancaq onlar çox yanılırdılar.
Türk dünyasının böyük oğlu Heydər Əliyevin düşünülmüş siyasi xətti ölkə həyatının demokratikləşməsi, hüququ dövlət quruculuğu istiqamətində inamlı addımlar atılmasında müstəsna rol oynayırdı. Əhalinin güzəranının yaxşılaşdırılması və sosial müdafiəsi məsələləri ulu öndərin daim diqqət mərkəzində saxladığı vacib məsələlərdən idi. İqtisadiyyata qoyulmuş xarici investisiyalar ölkəmizin mövqelərini getdikcə möhkəmləndirirdi. Bununla yanaşı, Azərbaycanın diplomatik əlaqələri də genişlənirdi. Bütün bunlar 1994-cü ilin oktyabrında hakimiyyət çevrilişində uğursuluğa düçar olan Surət Hüseynov, Rövşən və Mahir Cavadov qardaşları və onlarla həmrəy olan radikal müxalifət nümayəndələrini yandırıb-yaxırdı. Onlar öz xəbis niyyətlərini həyata keçirmək üçün yenidən qeyri-qanuni silahlı qruplaşmalar vasitəsilə dövlət çevrilişinə cəhd göstərdilər.
Beləliklə, Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri 1995-ci il martın 13-də səhər saat 4-də Qazax rayonunda hərbi hissəyə, inzibati orqanların binalarına və poçta hücum edərək, onların normal fəaliyyətini xeyli müddət pozmuş, sonra isə Ağstafa rayonunda öz çirkin niyyətlərini davam etdirmişdilər. Dövlət mənafeyini, dövlətçiliyi müdafiə edən Ağstafa Polis Şöbəsinin bir əməkdaşı öldürülmüşdü. XTPD-nin üzvləri getdikcə daha da azğınlaşmış, çoxlu sayda silah-sursat ələ keçirərək öz təcavüzlərini daha da genişləndirmişdilər.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-mayor Ramil Usubovun 14 mart 1995-ci il tarixli əmri ilə DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv olunsa da, XTPD-nin başçısı Rövşən Cavadov bu əmrə tabe olmamış, qardaşı, Xətai rayonunun o vaxtkı prokuroru Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoymuşdular. Həmin vaxt Surət Hüseynovla Ayaz Mütəllibov “Arqumentı i faktı” qəzetində bəyanat vermişdilər ki, guya, onlar vətəndaş ittifaqı yaratmışlar. Bu, bir daha göstərirdi ki, Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmə inteqrasiyası nə onlar, nə də radikal müxalifət üçün önəmli deyilmiş. Belələri şəxsi məqsədlərinə nail olmaq üçün hər cür çirkin vasitədən istifadə etməyə hazır idilər.
Ulu öndər Heydər Əliyevin 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdinə aydınlıq gətirərkən demişdi: “Bunların bir sıra səbəbləri var. Bu səbəb də ondan ibarətdir ki, biz demokratiya şəraitində yaşayırıq. O vaxtkı dövlət quruluşu ilə indiki dövlət quruluşu arasında fərq var. Mən demokratiya yolu ilə gedirəm, Azərbaycanda demokratiya prinsiplərini bərqərar edən bir adam kimi çox şeyləri güzəştə gedirəm. Demokratiya yolu ilə getmək, insanlar arasında sülh, əmin-amanlıq, vətəndaş həmrəyliyi, birliyi yaratmaq lazımdır”.
Azərbaycan Prezidenti Cavadov qardaşlarına, onların başçılıq etdiyi qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, onları əfv edəcəyini bildirmişdi. Hətta, Cavadov qardaşlarının atası ilə danışmışdı, ona oğlanlarını vətəndaş müharibəsi, silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi. Rövşən Cavadov da o vaxt verdiyi müsahibələrinin birində bunu təsdiqləyərək demişdi: “Biz Heydər Əliyevlə neçə dəfə danışmışıq. Bunlar bizimlə bacaran deyillər, bacara da bilməzlər... Biz hakimiyyətə gələcəyik. Artıq heç özümüzdən ağıllısını görmürük... Sabah bütün qüvvələrimizi səfərbərliyə alacağıq, artıq sabah, birisi gün, bir neçə günə Heydər Əliyev istefa verməsə, onu zorla devirərik, yəni zorla, silahla”.
Göründüyü kimi, Rövşən Cavadov və onun ətrafındakılar hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirmək üçün tam israrlı idilər. Onlar ağsaqqalları, ziyalıları, hətta, yaşlı atalarını da dinləmək istəmirdilər. Rövşən Cavadovun böyük iddiası vardı: dövlət başçısı olmaq. Hətta, hakimiyyətə gələndən sonra kimlərlə, hansı partiyalarla işləyəcəyini də bəyan etmişdi. O, müsahibələrinin birində demişdi: “Siz bilirsiniz ki, mən birinci gündən Xalq Cəbhəsində olmuşam”. Onun bu etirafından sonra məlum oldu ki, Rövşən Cavadovu bu çevrilişə şirnikləndirənlərdən biri də AXC-Müsavat funksionerləri idi... Lakin müdrik siyasi xadim Heydər Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi bu dövlət çevrilişinin də qarşısını aldı.
1995-ci ilin mart hadisələrinin nəticəsində dövlətə, dövlətçiliyə qarşı antimilli qüvvələrlə birləşən radikal müxalifət növbəti dəfə məğlubiyyətə uğradı. Təbii ki, istənilən dövlətin bədxahı, gözügötürməyəni ola bilər. Amma həmin qüvvələrə ölkə daxilindəki bəzi çirkin məqsədli ünsürlərin də qoşulması qətiyyən yol veriləcək hal deyildi. Milli dövlətçiliyimizi məhv etməyə çalışanların ölkə daxilində bəziləri tərəfindən dəstəklənməsinə heç cür bəraət qazandırmaq olmaz. Məhz ona görə də Azərbaycan xalqı həmin qaragüruhçu insanların siyasət meydanında növbəti dəfə görünməsini istəmir və buna yol verməyəcək. Digər tərəfdən həm 1994-cü ilin oktyabr, həm də 1995-ci ilin mart hadisələri bir daha təsdiq etdi ki, xalq öz Prezidentinə inanır və onunla həmrəydir.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2014.-
14 mart.- S. 3.