Lənkəranlılar baharı qurub-yaratmaq əzmi ilə qarşılayırlar

 

İndilər təbiətin elə vaxtıdır ki, rəng-rəng güllər çölü-çəməni başına götürməyə tələsir. Qədim olduğu qədər də müasirliyi ilə öyünə bilən Lənkəran da qönçəli-xonçalı günlərinə qovuşur. Burada tarixin üz “qırış”ları da var, bugünün təzə-tər cilaları da, hər tərəfi süsləyən işvəli-nazlı çiçəkləri də.

Od çərşənbəsi qeyd olunanda kaş siz də Lənkəranda olaydınız. Dəmir yolu vağzalının qarşısındakı meydanda nə çal-çağır olduğunu özünüz görəydiniz. Yerli istedadlar, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları meydanda bir mərəkə, bir oyun çıxarırdılar ki... Tədbiri izləyən rayon rəsmiləri, kollektivlər, gənclər, ağsaqqal-ağbirçəklər yetərincə könül xoşluğu duydular.

Elə bahar təravətli daha bir bayram, 8 Mart – Beynəlxalq Qadınlar Günü də Lənkəranda böyük coşqu ilə qeyd edildi. İncəsənət ustalarının, “Nənələr” folklor qrupunun ifa etdikləri şən, oynaq musiqi nömrələri, 16 saylı uşaq bağçası fidanlarının göstərdirdikləri rəqs nümunələri şənliyə rəng qatdı, şənliyi coşdurdu. Sovqatlı masalar arxasında keçən tədbirin şirinliyi ağızlar ləzzəti, dillər əzbəri oldu... Bəli, 1971-ci ildən respublika əhəmiyyətli şəhər kimi böyüyüb gözəlləşən Lənkəran vüsətli çağlarını yaşayır. İndi Qafqazın turist xəritələrini, infotur videoçarxlarını bu şəhərsiz təsəvvür etmək çətindir.

Lənkəranın ağsaqqal şairi İltifat Saleh deyir ki, hər kəsə doğulduğu yer daha şirindir. Amma Lənkəran hamı üçün cazibəli məkandır. Mavi Xəzərin dalğalı sularından tutmuş Xanbulançayın əsrarəngiz gözəlliklərinə kimi burada hər şey insanı ilhama kökləyir. Kimsə deyib ki, Lənkəranda quşlar gecələr də oxuyur. Bir balaca istedadı, yazmaq qabiliyyəti olan kəs heç vaxt gözəlliklərlə dolu olan bu məskəni qoyub başqa yerə getməz. Cənub bölgəsinin uca dağları, yaşıl ormanları, bir sözlə, bütün təbiəti başdan-ayağa poeziyadır, şeirdir, yaradıcılıq cövhəridir. Ona görə də burada yaşayıb-yaradan qələm sahiblərinin əsərlərində məkanın təbii gözəllikləri daha vüqarla boy göstərir.

Yazın bu duyğulu günlərində Lənkərandan söhbət açarkən şairlərə üz tutmağımız təbiidir. Desək, yerinə düşər: bu torpağın başqa bir şair oğlu, unudulmaz ziyalı Şəkər Aslan Lənkəranı sözün ilahi qüdrətilə elə gözəl rəsm eləyib ki, rəssamlar belə heyran qalıblar.

Şəkər Aslan deyirdi ki, əlimdə əlac olsa, nəinki tütün tarlalarını yer üzündən qaşıyar, lap onun tüstüsünü güllələrdim... Əlbəttə, bu fikirlər həm ekologiya, həm də insanların sağlamlığı baxımından dəyərli idi.

Yeri gəlmişkən, bu günlər ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığı ilə ölkə vətəndaşları hamılıqla dövlət hesabına pulsuz tibbi müayinələrə cəlb edilir. Lənkəranda da aksiya hərtərəfli keçir. Bu gün Lənkəran şəhərində dünya səviyyəli tibbi xidmət üçün hər cür şərait var. Regional Müalicə Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş binası, Perinatal Mərkəz, Narkoloji Xəstəxananın təzə binası, Uşaq Poliklinikası buna gözəl nümunədir.

Lənkəranda olarkən tibb ocaqlarının qarşısında yüzlərlə sakinin toplaşdığını gördüm. Öyrəndim ki, fevralın 17-dən səhiyyə müəssisələrinin terapevt, oftalmoloq, otolorinqoloq, ginekoloq, cərrah, nervopatoloqdermotoloqlardan ibarət həkim briqadaları hər gün şəhərdə, kənd və qəsəbələrdə əhalinin tibbi müayinələrini həyata keçirir. İdarə, müəssisə və təşkilatların kollektivləri üçün qrafikə uyğun müəyyən günlər nəzərdə tutulsa da, adi vətəndaşlar istədikləri vaxt tibb müəssisələrinə gələrək bu xidmətdən istifadə edə bilirlər. Əgər kimdəsə hər hansı qeyri-sağlam hal aşkarlansa, o, daha dərin hesab olunan instrumental müayinəyə cəlb edilir və müalicə olunur.

Aksiyanın başa çatacağı 1 may tarixinədək rayon üzrə qeydiyyatda olan 102896 vətəndaşın müayinələrdən keçirilməsi nəzərdə tutulub.

...Lənkəran Şəhər İcra Hakimiyyəti rəhbərliyinin qərarı ilə şəhər, qəsəbə və kəndlərdə fevralın 20-dən martın 20-dək “Yaşıllaşdırma aylığı” keçirilir. Kampaniya artıq kütləvi xarakter alıb. Ardıcıl ümumrayon iməcilikləri keçirilir. Ərazilərdə əhalinin iştirakı ilə səliqə-sahman yaradılır, park, bağmeydanlarda, magistral yol və küçə kənarlarında müxtəlif növ ağaclar, həmişəyaşıl, dekorativ kollar əkilir. Hər tərəfdə əsl yaz ab-havası duyulur.

İməciliklər bir qayda kimi icra aparatı işçilərinin iştirakı ilə keçirilir. İnzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr, Mənzil-İstismar və Kommunal Müəssisələr İdarəsi, Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi, Meşə Bərpası və Mühafizəsi Müəssisəsi, Hirkan Milli Parkı və digər təşkilatlar yaşıllaşdırma aylığında fəallıq göstərirlər.

Ötən il ölkə iqtisadiyyatında davam edən artım Lənkəran rayonunun da inkişafının sürətlənməsinə təsir edib. Bütün sahələr üzrə yüksək nəticələr əldə olunub. Cənab İlham Əliyevin sentyabrın 5-də Lənkərana səfəri zamanı açılışları olmuş dünya standartlarına tam cavab verən içməli su xətti, çox mühüm sosial-mədəni əhəmiyyətə malik yaraşıqlı Gənclər Mərkəzi, minlərlə insanın çoxillik arzusu olmuş Lənkəran-Vilvan-Osakücə-Türkəncil magistral avtomobil yolu, müasir tələblər səviyyəsində yenidən qurulmuş mərkəzi xəstəxana cənab Prezidentin Lənkərana davamlı diqqətinin parlaq təzahürüdür. Rayon sakinləri bu misilsiz qayğını böyük sevinc, sonsuz minnətdarlıq hissi ilə qarşılayırlar.

 Prezidentin səfərindən sonra rayon ərazisində quruculuq-abadlıq işləri daha da genişlənib və yeni infrastruktur layihələrin icrasına başlanıb.

Hələ 2012-ci ildə cənab Prezident tərəfindən ayrılmış vəsaitə uyğun işlərin davamı olaraq ötən il Heydər Əliyev Xatirə parkında və Həzi Aslanov adına parkda yenidənqurma işləri davam etdirilib. Xatirə parkında ulu öndərin abidəsinin postamenti üzərində mərmər tavaların düzülməsi, əraziyə tamet döşənməsi, yeni işıqlandırıcıların, oturacaqların və su sisteminin quraşdırılması başa çatdırılıb. Bundan başqa, daxili imkanlar hesabına parka xüsusi yaraşıq verən yüzlərlə dekorativ ağac və 25 mindən çox gül əkilib. Parka istirahətə gələn sakinlər və qonaqlar burada qurulan monitorda Lənkəran şəhərinin görməli yerlərini, rayonun sosial-iqtisadi və mədəni həyatını, dinamik inkişafının bəhrələrini əks etdirən görüntülərə maraqla baxırlar.

Şəhərdə və magistral yollar boyunca işıqlandırma sisteminin müasirləşdirilməsinə ciddi fikir verilir. Ötən il 250-dən çox yeni işıqlandırıcı quraşdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçən ilki səfərindən sonra imzaladığı sərəncamla Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat ayrılıb. Bu vəsaitə uyğun olaraq Qumbaşı, Göyşaban qala kompleksləri, Ləvəngi dairəsində saat qülləsi, Gərmətük dairəsində bulaq kompleksi müasir üslubda yenidən qurularaq laylarla üzlənib, əraziyə tamet döşənib, yaşıllıqlar salınıb, dekorativ güllər əkilib. Bundan başqa, hava limanına gedən yolda, dəmir yolu vağzalı ərazisində hasarlar təmir edilib, laylarla üzlənib və ərazidə tamet döşənməsi işi davam etdirilir.

Göyşaban kəndi ərazisində 2 kilometr uzunluğunda, 4-5 metr hündürlüyündə salınmış torpaq təpələrdə 10 min kvadratmetr hissədə yaşıllıq salınıb, ot səpilib, 1500-dən çox dekorativ və həmişəyaşıl ağac, 4 mindən çox mövsümi güllər əkilib. Yaşıl təpələr qarşısında müasir dizaynda hasarlar hörülüb, laylarla üzlənib, işıqlandırıcılar quraşdırılıb. Hazırda orada dəmir məhəccərlər quraşdırılır. Şəhərdə Əsgər Əliyev adına park, Azərbaycanlıların soyqırımı abidə-kompleksi tamamilə yenidən qurulur. Ərazidə suvarma şəbəkəsi yaradılıb, artezian quyuları qazılıb. Əsgər Əliyev parkında mənzərəli fəvvarə quraşdırılacaq. Şəhərdaxili küçə və yollar da diqqətdən kənarda qalmayıb. Fikrət Məmmədov, Paşa Təhməzov, Nəsirli, Koroğlu küçələrində və Həzi Aslanov xiyabanında da işıqlandırıcıların quraşdırılması, səkilərdə tametyan daşlarının düzülməsi işləri görülür . İl ərzində Lənkəran Şəhər İcra Hakimiyyətinin xətti ilə dövlət vəsaiti hesabına şəhər daxilində, magistral yollarda 26 min kvadratmetrlik küçə hasarları, divarlar suvanaraq rənglənib, 17 min metr uzunluqda yan daşları bərpa edilib. Şəhərdaxili və kənd yollarında, həmçinin çoxmərtəbəli yaşayış binalarının həyətlərinə gedən yollarda ümumilikdə 7,4 kilometr uzunluğunda 74,2 min kvadratmetr sahəyə isti asfalt örtüyü döşənib, digər yolların sıradan çıxmış hissələrində xeyli təmir işi aparılıb.

Şəhərin Heydər Əliyev prospekti, 46 saylı ünvanda qəzalı vəziyyətdə olan evin sakinləri üçün dövlət vəsaiti hesabına Şəhidlər Xiyabanı küçəsində üçmərtəbəli, 24 mənzilli bina tikilərək onların istifadəsinə verilib. Cənab Prezidentin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına 20 yaşayış məntəqəsini birləşdirən 40 min nəfər əhalinin istifadə etdiyi Lənkəran-

Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 22,7 kilometrlik hissəsi yenidən qurulub. Ötən il daha bir yol layihəsi – 15 yaşayış məntəqəsini birləşdirən 18 kilometrlik Vilvan-Zövlə-Boladi-Liman yolunun əsaslı təmiri də tam başa çatdırılıb.

Azərbaycan Respublikasının Prezidentinin başqa bir sərəncamı ilə 3 yaşayış məntəqəsini birləşdirən, 10 min nəfər əhalinin istifadə etdiyi 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun yenidən qurulması layihəsinin də icrasına başlanıb. Rayonun ucqar dağ kəndləri olan Diryan-Gəgiran, Bəliton və Biləsər yolunda 5 ədəd dəmir-beton konstruksiyalı körpü inşa olunub. Rayonda ümumi məhsul buraxılışının həcmi 358,5 milyon manat olub və əvvəlki illə müqayisədə 9,3 faiz artıb. Ötən il əhalinin gəlirləri 7,2 faiz, xərcləri isə 6,9 faiz çoxalıb. Orta aylıq əməkhaqqı 243 manata çatıb. İl ərzində rayonda fəaliyyətdə olan 28 sənaye müəssisəsi tərəfindən 18,7 milyon manatlıq 220 ton meyvə-tərəvəz konservi, 231 ton qablaşdırılmış çay, 40,4 ton kərə yağı, 347 ton pendir və kəsmik, 12 çeşiddə 8758 ton südsüd məsulları, 225 ton dondurma, 7,8 min kubmetr kərpic istehsal olunub.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2014-cü il “Sənaye ilielan edilib. Bu təşəbbüs sənayenin inkişafı üçün yeni perspektivlər açır. Sənayedə işi daha da canlandırmaq üçün xammal istehsalına, emal sahələrinin əlaqəli işləməsinə, rəqabət qabiliyyətli məhsul istehsalına, yeni müəssisələrin yaradılmasına diqqət artırılmalıdır.

 Ötən il Lənkəranda 125956 ton tərəvəz istehsal edilib. Taxıl istehsalı əvvəlki ilə nisbətən 12,3 faiz artıb. 5256 ton kartof, 1812 ton bostan məhsulları, 17025 ton meyvə, 135,4 ton yaşıl çay yarpağı istehsal edilib.

Meyvə bağları içərisində subtropik sitrus meyvələri xüsusi yer tutur. Rayonda 121 hektar çay sahəsi bərpa olunub. Ümumilikdə son 2 il ərzində rayon üzrə 263 hektar sahədə həm yeni çay sahələri salınıb, həm köhnə sahələr bərpa edilib. Əhalinin ilboyu kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında istixana təsərrüfatlarının böyük əhəmiyyəti var. Bu sahədə Cənub-Aqro MMC- müəyyən işlər görülüb. Müəssisədə 2 hektarlıq istixanada tərəvəz yetişdirilir. Bu təcrübənin yayılması rayonda kənd təsərrüfatı məhsulları istehsalını artıracaq, bu sahənin rentabelliyini daha da yüksəldəcək.

 Qışladostyanaayrılan Lənkəranda əhalinin elektrik enerjisi təbii qazla fasiləsiz təchizatı təmin edlib. Artıq rayonun 51 yaşayış məntəqəsi təbii qaz alır. Bu da əhalinin 80 faizi deməkdir. İlin sonunadək daha 15 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Ötən il Vilvan kəndində 640 yerlik orta məktəb şəhər 5 saylı uşaq bağçası üçün 110 yerlik bina tikilib. Hazırda daha 11 məktəbin tikintisinə başlanıb. Şəhər 2 saylı orta məktəbin əsaslı təmiri başa çatmaq üzrədir. Prezidentin tapşırığı ilə Lənkəran Olimpiya İdman Kompleksi yenidən tikilir. İstifadəyə veriləndən sonra bu kompleks beynəlxalq standartlara tam cavab verən idman mərkəzinə çevriləcək. Tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi Xan sarayı uzun illər ərzində əsaslı təmir olunmamışdı. Cənab Prezidentin tapşırığı ilə Xan sarayının əsaslı təmiri işlərinə başlanıb.

Turizm infrastrukturu xeyli yaxşılaşıb. Rayonda xüsusi razılıq lisenziyası almış 11 mehmanxana mehmanxana tipli obyekt fəaliyyət göstərir. Artıq yeni beşulduzlu mehmanxananın tikintisi gedir. Lənkərana gələn turistlərin sayı əvvəlki illərə nisbətən çoxalıb. Ötən il onların sayı 15 min nəfərdən çox olub. Şəhər icra hakimiyyəti başçısının yerlərdə əhali ilə 81 səyyar qəbul-görüşü keçirilib, görüşlərdə 27450 vətəndaş iştirak edib 766 məsələ qaldırılıb. Həmin məsələlərlə bağlı ayrı-ayrı qəsəbə kəndlərdə ara yolları təmir olunub, suötürücü kanallar, kollektorlar təmizlənib, sürət məhdudlaşdırıcı yol nişanları qoyulub. Bəzi yerlərdə köhnə elektrik transformatorları, dirəklər yenisi ilə əvəzlənib, poçt filialları, elektron ATS-lər tikilərək istifadəyə verilib. İcrası vaxt tələb edən problemlərlə bağlı müraciətlər daim nəzarətdə saxlanılıb.

 Yazın gəlişi lənkəranlıların qurub-yaratmaq eşqini daha da gücləndirib. Özünün şöhrətli dövrünü yaşayan Lənkəranda bu il uğurların artacağı gözlənilir. Yeni regional Dövlət Proqramı rayonun inkişafını daha da sürətləndirəcək.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 15 mart.- S. 5.