Bakı şəhəri
və onun qəsəbələrinin
sürətli inkişafı davam edir
Son illər Bakı şəhərində və onun qəsəbələrində tikinti-quruculuq işləri geniş vüsət almışdır. “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi paytaxt və ətraf qəsəbələrdə irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq - quruculuq işlərinin sürətlənməsinə şərait yaratmışdır. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, ətraf qəsəbə və kəndlər yeni inkişaf mərhələsinə qədəm qoymuş, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılmış, yeni iş yerləri açılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlaması və hər bir sahə üzrə verdiyi tapşırıq və tövsiyələr adıçəkilən proqramın uğurlu icrasını təmin etmiş, nəticədə paytaxtın inkişafı sürətlənmiş, əhalinin həyat səviyyəsi daha da yaxşılaşmışdır.
Son üç ildə Dövlət proqramı çərçivəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 kilometr qaz kəməri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. Bundan başqa, 39 elektrik yarımstansiyası və 264 transformator quraşdırılmış və ya təmir edilmiş, 4400 kilometr elektrik kabel xətti çəkilmişdir ki, nəticədə əhalinin elektrik enerjisi ilə təminatı daha da yaxşılaşmış, iqtisadiyyatın davamlı enerji təchizatı təmin olunmuşdur.
Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi-aeroport yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatmış, Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. Paytaxtın 22 qəsəbəsinin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir.
Proqramın icrası dövründə su təchizatı və kanalizasiya sahəsində əhəmiyyətli işlər görülmüş, 820 kilometr paylayıcı su xətti, 200 kilometr kanalizasiya xətti çəkilmiş, 7 su anbarı tikilmiş, uzunluğu 61 kilometr olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəməri istifadəyə verilmiş, 220 min nəfər əhali ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin olunmuş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası dövründə mühüm uğurların qazanıldığı sahələrdən biri də rabitə və informasiya texnologiyaları sektorudur. Dövlət başçısının bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, son üç ildə Bakı qəsəbələrində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilmiş, 28 ATS yenidən qurulmuş, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber optik kabel xətti çəkilmiş, “Bakinternet”in qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 qiqabit sürətə çatdırılmışdır.
Sənayenin inkişafı dövlət proqramının əsas prioritetlərindən olmuşdur. Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti paytaxtın və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermişdir. Son 3 ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmiş, bir sıra istehsal və emal müəssisələrinin tikintisi isə davam etdirilir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi, şübhəsiz ki, paytaxt və ətraf rayonların qeyri-neft sektorunun mühüm qolu olan sənayenin inkişafına da təkan verəcək, əsaslı keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaqdır.
Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilmiş, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min poqonometr boru kəmərləri çəkilmiş, 6 baytarlıq məntəqəsi tikilmişdir.
Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanın hər yerində olduğu kimi, Bakıətrafı qəsəbələrdə də sahibkarlığın inkişafına xüsusi önəm verilir. Proqram çərçivəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi”nə dair 33 tədbir keçirilmiş və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması və digər növ texniki yardım göstərilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 milyon manat güzəştli kredit verilmiş və 5300-dək yeni iş yerinin açılması imkanı yaranmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir. İstifadəyə verilmiş və illik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhalini yüksək keyfiyyətli, geniş çeşiddə çörək və çörək məhsulları ilə təmin edir. İllik istehsal gücü 5,3 min ton quş əti və 67 milyon ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1,8 min ton ət kəsimi və 10 min ton ət emalı olan emal fabriklərinin fəaliyyətə başlaması əhalinin ərzaq təminatının daha da yaxşılaşmasına öz töhfəsini verməkdədir.
Azərbaycan Prezidentinin sosial-iqtisadi siyasətinə uyğun olaraq, dövlət proqramının icrası zamanı sosial sahələrin inkişafı daim diqqət mərkəzində olmuşdur. Dövlət başçısı proqramın icrası ilə bağlı bir sıra sosial obyektlərdə, o cümlədən 60-dan çox təhsil müəssisəsində işlərin gedişi ilə şəxsən tanış olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Bu isə təhsil müəssisələrinin inşası, təmiri və yenidən qurulması ilə bağlı tədbirləri daha da sürətləndirmişdir. Ölkəmizdə təhsil sisteminə, hər bir məktəbə və uşaq bağçasına göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, təkcə sözügedən proqram çərçivəsində 174 məktəb və 121 uşaq bağçası tikilmiş və ya əsaslı təmir olunmuşdur. 45 təhsil obyekti üzrə işlər hazırda davam etdirilir.
Proqram çərçivəsində paytaxtda və ətraf qəsəbələrdə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə müasir tibb müəssisələri istifadəyə verilmiş, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilmişdir. Qeyd edək ki, proqram çərçivəsində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuşdur.
Dövlət proqramının icrası həm də əhalinin sosial müdafiəsi sahəsində mühüm işlərin görülməsini reallaşdırmışdır. Belə ki, ixtisaslaşdırılmış ruhi-əsəb internat evi əsaslı təmir olunmuş, Bilgəh qəsəbəsində əlillər üçün pansionatın yeni korpusu tikilmiş, 13 səhiyyə obyektində, əlil və yetkinlik yaşına çatmayanlar üçün 4 bərpa mərkəzində isə işlər davam etdirilir.
Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafında, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində Heydər Əliyev Fondunun mühüm fəaliyyəti xüsusilə vurğulanmalıdır. Fondun prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı önəmli işlər görülmüş və hazırda da davam etdirilir.
Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir. Belə ki, dövlət proqramı çərçivəsində 228 hektar neftlə çirklənmiş ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ədəd ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı yaradılmışdır. Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan hazırlıq işləri başa çatmaq üzrədir. Eyni zamanda, Böyükşor gölünün ekoloji bərpası üçün layihələndirmə və mühəndislik işlərinə başlanılmışdır.
Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, Bakı bərk məişət tullantılarının yandırılması və bərk məişət tullantılarının çeşidlənməsi zavodları istifadəyə verilmiş, Balaxanı Sənaye Parkının təməli qoyulmuş, ərazidə yaşıllaşdırma və abadlıq işləri genişləndirilmişdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülmüş işlərə qısaca nəzər salaq. Adıçəkilən proqramın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, qəsəbə və kəndlərində infrastruktur təminatı, o cümlədən yol-nəqliyyat infrastrukturu daha da təkmilləşdirilmiş, əhalinin su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı təmin edilmiş, yeni sosial obyektlər tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, sahibkarlığın inkişafı, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi və təhlükəsizliyi sahəsində mühüm işlər görülmüşdür.
Dövlət başçısının Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işləri davam etdirmək məqsədilə imzaladığı sərəncamla “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Həmin proqramda qarşıda duran əsas məqsədlər sırasında əhalinin su və kanalizasiya təminatı, elektrik enerjisi, qaz və istilik təchizatı, yol və nəqliyyat infrastrukturu, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində yeni iş yerlərinin və müəssisələrin açılması siyasətinin davam etdirilməsi, habelə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məsələləri mühüm yer tutur.
Dövlət Proqramında 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının əsas istiqamətləri, həyata keçiriləcək tədbirlərin maliyyələşdirmə mənbələri də öz aydın ifadəsini tapmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 16 mart.- S. 3.