1995-ci ilin mart hadisələri Azərbaycan
dövlətçiliyinə, müstəqilliyimizə
qarşı yönəlmiş qəsd idi
1995-ci ilin mart hadisələrindən 19 il ötür. Hər il xalqımız
Novruz bayramını qarşılamağa hazırlaşanda
istər-istəməz, həmin
ilin mart hadisələri
gözlərimiz önündə
canlanır. O vaxt xalqımız özünün
müqəddəs bayramını
böyük sevinc və təmtaraqla qeyd etməyə hazırlaşdığı zaman
bir qrup vəzifə hərisi hakimiyyəti silahlı yolla ələ keçirmək üçün
ölkədə qarşıdurma
yaratmışdı.
Həmin hadisələri törədənlərin
cinayətkar əməlləri
heç zaman unudulmayacaq. Çünki hakimiyyət hərisi
olan bir qrup xəyanətkar insan öz ətrafına
topladığı qeyri-qanuni
silahlı birləşmələr
vasitəsilə dövlət
çevrilişi etməyə
cəhd göstərmişdi.
Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən
dağıdıcı qüvvələr
Azərbaycanın beynəlxalq
aləmdə getdikcə
artan nüfuzunu gözü götürməyən
xarici himayədarlarının
təhriki ilə bu işə girişmişdilər.
Əslində, bu hadisələr
1994-cü ilin oktyabrında
bəzi xarici antiazərbaycan
dairələrin diktəsi
ilə dövlət çevrilişinə edilən
cəhdin növbəti
ssenarisi idi. 1994-cü
il sentyabrın 20-də
imzalanan “Əsrin müqaviləsi”ndən sonra
Azərbaycanın beynəlxalq
əlaqələri daha
da genişlənməyə,
mövqeləri möhkəmlənməyə başladı.
Müstəqillik yolunda ilk addımlarını
atan respublikamızın
beynəlxalq aləmə
inteqrasiyası antimilli
dairələri təşvişə
salmışdı. Ona
görə də ölkədə ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr xarici havadarlarının
diqtəsi ilə hərəkətə gəldilər.
Çünki “Əsrin
müqaviləsi”nin əleyhinə
olan və respublikamıza təzyiq göstərmək istəyən antiazərbaycan
qüvvələrin hərəkətləri
ölkə daxilində
xalqa, dövlətə,
dövlətçiliyə düşmən mövqelərlə
üst-üstə düşmüşdü.
Qaragüruh xəyanətkar əməllərinə
1995-ci il martın 13-də Qazaxda başladı. Bu zaman silahlı insident baş verdi.
Bununla da mart hadisələrinin əsası qoyulmuş oldu. Martın 14-də daxili işlər
naziri XTPD-nin buraxılması və 3 gün ərzində silahlarının təhvil
verməsi barədə
əmr imzaladı.
Əmrə görə, silahı
könüllü təhvil
verənlər bağışlanacaq
və DİN sistemində
müvafiq işlə
təmin ediləcəkdilər.
Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma
ərəfəsində Prezident
Heydər Əliyev
XTPD-çilərə bağışlanmaq
imkanı yaradan xüsusi fərman verdi.
Xüsusi
Təyinatlı Polis Dəstəsinin
1990 - cı ildə hansı
məqsədlərlə yaradıldığı hamıya bəlli idi. Təsadüfi deyil ki, ulu öndər
Heydər Əliyev
XTPD - nin üzvlərinə
martın 15-də televiziya
ilə müraciət
edərkən də onların torpaqlarımızın
işğaldan azad olunmasında göstərdikləri
şücaəti xüsusilə
qeyd etmişdi. Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinə
rəhbərlik edən
Rövşən Cavadov
bundan nəticə çıxarmamış, əksinə,
hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək
üçün zorakılıq
variantına əl atmışdı. R.Cavadov qardaşı,
Xətai rayonunun o vaxtkı prokuroru, Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri
ilə dövlət başçısı qarşısında
müəyyən şərtlər
qoyurdu. Bu, bir daha göstərirdi
ki, Azərbaycanın müstəqilliyi, beynəlxalq
aləmə inteqrasiyası
nə Cavadov qardaşları, nə onların göstərişlərini
yerinə yetirənlər,
nə də radikal müxalifət üçün önəmli
deyilmiş. Belələri
şəxsi məqsədlərinə çatmaq üçün
hər cür çirkin vasitədən
istifadə etməyə
hazır idilər.
Hakimiyyəti zorla ələ
keçirmək istəyən
xəyanətkarlar qeyri
- qanuni silahlı dəstələrin köməyi
ilə dövlət çevrilişinə can atırdılar.
Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya
və radio ilə xalqa müraciətində
Surət Hüseynovun,
Rövşən və
Mahir Cavadov qardaşlarının, onlarla
həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət
çevrilişi cəhdini
pisləyərək, qeyri-qanuni
silahlı qruplaşmalara
qanunsuz əməllərindən
əl çəkmələri
barədə dəfələrlə
xəbərdarlıq etmiş,
onları əfv edəcəyini bildirmişdi.
Hətta, Cavadov qardaşlarının atası
Bəxtiyar Cavadovla da danışmışdı,
ona oğlanlarını
vətəndaş müharibəsi,
silahlı qarşıdurma
yaratmaqdan çəkindirməyi
tövsiyə etmişdi.
Ulu öndər Heydər Əliyevin çoxsaylı
müraciətlərinə baxmayaraq, Cavadov qardaşları öz çirkin niyyətlərindən
əl çəkmək
istəmirdilər. Martın
16-dan 17-nə keçən gecə paytaxtın
8-ci Kilometr yaşayış
sahəsində “OMON qərargahı”
kimi tanınan yerdə silahlı qarşıdurma baş verdi. Nə qədər ağır
olsa da, qeyd edək ki, bu qarşıdurmada
insan tələfatı
da oldu. Hərbçilər, mülki şəxslər
və polis əməkdaşları
silahlı qarşıdurmanın
qurbanı oldular.
Bu hadisə nəticəsində
yüzdən çox
insan yaralandı.
Azərbaycanda baş verən
dövlət çevrilişi cəhdinin
başında bəzi
xarici qüvvələrin
dayandığı heç
kimdə şübhə
doğurmurdu. Respublikada
qeyri - qanuni silahlı dəstələrə
rəhbərlik edən
Cavadov qardaşları
və onların himayədarları isə düşmən qüvvələrin sifarişlərini
yerinə yetirirdilər.
Xəyanətkarlara bu
qarşıdurmadan qalib
çıxdıqdan sonra
hakimiyyət kreslosu qazanacaqları vəd olunmuşdu. Lakin “Heydər - Xalq”
birliyi bu çirkin niyyətin qarşısını qətiyyətlə
aldı və Azərbaycanın müstəqilliyini
gözü götürməyən
qüvvələrin arzularını
ürəklərində qoydu.
Ümummilli lider Heydər Əliyev də Azərbaycan
xalqına müraciəti
zamanı baş verənləri xarici qüvvələrin və müxalifətin hərbi-siyasi təxribatı
kimi dəyərləndirmişdi.
Ulu öndər həmin müraciətində
demişdi: “İnanıram
ki, xalqın müdrikliyi, inamı, müstəqilliyə bağlılığı
bu gün də bizi bu
vəziyyətdən çıxaracaqdır.
Gəlin
hər şeyi bir kənara qoyaq, dövlətçiliyimizi,
müstəqilliyimizi müdafiə
etmək yolunda əl-ələ verərək
irəli gedək” - söyləyən ulu öndər Heydər Əliyevin xalqla birliyi dövlətimizi, müstəqilliyimizi daha bir bəladan xilas etmiş oldu. Məhz onun çağırışlarından
sonra bölgələrdə
minlərlə insanın
iştirakı ilə
haqqı, ədaləti
müdafiə məqsədilə
mitinqlər keçirilmişdi.
Sonrakı proseslər hər kəsə bəlli olduğundan, təfsilata varmaq istəmirik. Lakin bir məqam xüsusi vurğulanmalıdır
ki, dövlət və müstəqillik uğrunda “Xalq-Heydər” birliyi
həmin hadisələrdə
qalib gəlmiş və Azərbaycan növbəti bəladan yan keçmişdi.
Müstəqil Azərbaycan dövlətinin
banisi, ulu öndər Heydər Əliyevin düşünülmüş
məqsədyönlü siyasəti
və qətiyyəti,
xalqın gücü,
iradəsi nəticəsində
müstəqilliyimizə qəsdin qarşısı
alındı.
Birmənalı şəkildə demək olar ki, Azərbaycanın demokratik və bəşəri dəyərlərə
sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin
siyasi fəaliyyətinin
nəticəsidir. Heydər
Əliyevin dövlət
çevrilişi cəhdlərinin
qarşısını qətiyyətlə
alması Azərbaycan
xalqının sabaha,
gələcəyə ümidini
daha da artırdı.
Qüdrətli şəxsiyyət Heydər Əliyev düşmənlərimiz tərəfindən
təşkil olunmuş
dövlət çevrilişi
cəhdlərinin qarşısını
almaqla Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsini,
xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün
zəmin yaradılmasını
özünün dövlətçilik
strategiyasının prioritet
istiqaməti kimi müəyyənləşdirdi.
Artıq bu gün Azərbaycan
qüdrətli bir dövlətə çevrilib. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi nəticəsində
ölkəmizin beynəlxalq
aləmdəki mövqeyi
getdikcə artır.
Hazırda dövlətimiz Cənubi
Qafqazın iqtisadiyyatının
85, maliyyə kütləsinin
90 faizini əlində
cəmləyir. Bu gün regionda ən güclü ordu da Azərbaycana
məxsusdur. Bütün bunlar bir daha sübut edir ki, 1995-ci ilin mart ayında dövləti və müstəqilliyi müdafiə
edən xalqımız
seçimində yanılmayıb.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 16 mart.- S. 4.