Binəqədililər iməcilik keçirmişlər

 

Ölkəmizdə sosial - iqtisadi həyatın bütün sahələrinə, eləcə də ətraf mühitin mühafizəsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsinə mühüm önəm vermiş, geniş yaşıllıq sahələrinin yaradılmasına nail olmuşdur. Ulu öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının tapşırığına əsasən, ölkədə, eləcə də paytaxtın Binəqədi rayonunda yaşıllaşdırma işlərinə böyük əhəmiyyət verilir. Burada   ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər uğurla davam etdirilir. Əkilən ağacların qorunub saxlanması diqqət mərkəzində saxlanılır. Çünki təbiətə qayğı ilə yanaşmaq, ekoloji tarazlığı qorumaq sağlam ətraf mühit deməkdir. Bu baxımdan hər il keçirilən yaşıllaşdırma tədbirlərinin böyük əhəmiyyəti vardır.

Rayonda iməcilik ərəfəsində böyük hazırlıq işləri görülür, iştirakçıların yerləri müəyyənləşdirilir. Bununla yanaşı,  lazımi miqdarda ləvazimat toplanılır, ağacların suvarılması üçün su maşınları cəlb olunur. Əkilmək üçün eldar şamı, zeytun və digər ağaclar alınır.

Binəqədidə yaşıllaşdırma tədbirləri mart ayının əvvəlindən daha intensiv xarakter almışdır. Çünki bu ay  rayonda “yaşıllıq ayı” elan olunmuşdur. Ekoloji mühitin yaxşılaşmasına xidmət edən bu müddətdə 5000-dən artıq ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Ayın əvvəlindən indiyədək 3000-ə yaxın ağac əkilmişdir. Rayonun 9-cu mikrorayonunda yerləşən “Zeytun bağları” adlanan sahədə əvvəllər kəsilmiş ağacların yerində yeniləri əkilmişdir. Yaşıllıqların qorunması məqsədilə ərazi hasarlanmışdır.

Yaşıllıq ayı çərçivəsində reallaşdırılan tədbirlərin davamı olaraq dünən növbəti iməcilik keçirilmişdir. Novruz bayramı ərəfəsində təşkil olunan bu tədbirdə rayonun idarə və müəssisələrinin işçiləri ilə yanaşı, 300-dən çox  ictimaiyyət nümayəndəsi də iştirak etmişdir. İməcilikdə 1000 ədəd zeytun ağacı əkilmişdir.

İməcilik iştirakçısı, Rəsulzadə qəsəbəsinin sakini Əmir Hacıyev demişdir: - Bu gün respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəliş Binəqədi rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin  imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.

Rayonda qısa müddətdə bir sıra  sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla reallaşdırılmışdır. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı xeyli görülmüşdür.

Onu da qeyd edək ki, Binəqədi rayonunda əkilən ağac və bitkilərin faydalılığı, iqlimə uyğunluğu  nəzərə alınır,  onlara vaxtında aqrotexniki qulluq göstərilir, həmçinin yaşıllıqların qorunması istiqamətində ciddi  tədbirlər həyata keçirilir.

Mövsüm ərzində Binəqədi  rayonunda yaşıllaşdırma və abadlıq işləri davam etdiriləcək.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 16 mart.- S. 6.