Muğam zirvəsindən görünən
sənət yolu
Milli muğam ifaçılığımızın görkəmli nümayəndələrindən biri, xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli sənətkar, Prezidentin fərdi təqaüdçüsü Canəli Xanəli oğlu Əkbərov bugünlərdə ömrünün 75-ci baharına qədəm qoydu. Bənzərsiz səsinin təravətini və gurluğunu ahıl yaşlarında da qoruyub saxlamış ustad sənətkar şuxluğu, qıvraqlığı, səliqə-sahmanı, həyat sevgisi və sənət eşqi ilə özündən deyən gənc ifaçıdan geri qalmaz. Yaddaşı, yerli-yataqlı söhbəti, səlis, məntiqli danışığı da öz yerində...
Payızda jurnalist həmkarımız, musiqi xiridarı, Canəli müəllimin özü barədə neçə-neçə yazının müəllifi Rafiq Salmanovun qızının toyunda mahir sənətkar öz parlaq ifası ilə əksəriyyəti qələm sahibi olan məclis əhlini də, olan-qalan məharətlərini canı-dildən ortaya qoyan yetirməsi və davamçısı olan müğənniləri də heyran qoydu. Çox keçmədi ki, muğamsevər yazarlar və bir-birinin ardınca məclisi coşduran tanınmış milli musiqi ifaçıları özlərinə müəllim və sənət hamisi bildikləri Canəli Əkbərov üçün ayrılmış stolda onu əhatəyə aldılar. Dostumuzun övlad toyu təbii bir axarla həm də maraqlı masaarxası sənət söhbətlərinə meydan oldu.
Ustad ifaçı Canəli Əkbərovun həm cismən, həm ruhən, həm də ifa səviyyəsi baxımından “gəncliyini” qoruyub saxlaması həmin axşam hamının diqqətini hər şeydən artıq çəkdiyindən jurnalist maraqlarının da əsas mövzusu oldu. Bunun səbəbini soruşanda böyük sənətkarımız yarızarafat- yarıciddi dedi:
– Əvvəla, heç vaxt heç kəsə pislik edib, yamanlıq arzulamamışam. İkincisi, bütün qəlbimi müqəddəs, həmişəcavan muğam sənətinə vermişəm. Cismim də, ruhum da sanki, muğam cövhəri ilə “mumiyalanıb”. Üçüncüsü, hər sahədə–yeməkdə də, öyrənməkdə də, oxumaqda da, oturub- durmaqda da, bir növ, pəhrizkar olmuşam, artıq, lüzumsuz şeylərdən uzaq qaçmışam. Nəhayət, doğulub- böyüdüyüm uzunömürlülər diyarı Lənkəranın havasını- suyunu qoymuram ki, canımdan əskik olsun.
– Canəli Əkbərovun sənət yolunun istedadlı davamçısı, xalq artisti Mənsum İbrahimovun etirafı və müəlliminə verdiyi qiymət rəğbətlə qarşılandı:
– Canəli müəllim 20 ildən artıqdır ki, rollarını mənim kimi ifaçılara öyrədib səhnəni könüllü tərk etsə də, bugün Məcnunu da, Şah İsmayılı da, Aşıq Qəribi də, Kərəmi də əvvəlki məharətlə oxuya bilər.
Ustadın cavabı isə daha məntiqli və diqqətçəkən oldu:
– Bizim nəsil sənət estafetini özündən əvvəlki nəsildən qəbul edib yaşatdı. Müəllimlərimizin və bizi ucaldan sənətin qarşısında borcumuzu layiqli davamçılar hazırlayıb yerimizdə qoymaqla qaytara bilərik. Şükürlər olsun ki, yetirmələrimiz muğam və milli opera sənətimizə yeni nəfəs verməklə bizi də, bu ilahi sənəti xalqımıza miras qoyub getmiş babalarımızın ruhunu da sevindirirlər.
Bu yerdə söhbət həmin günlərdə Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının keçirdiyi növbəti respublika muğam müsabiqəsindən düşdü. Təbii bir maraqla soruşduq:
– Ustad, muğamsevərlər sizi müsabiqənin nüfuzlu münsifləri arasında görmədiklərinə təəssüflənirlər. Nə əcəb, siz bu müsabiqədə yoxsunuz?
Sualın belə qoyuluşu ilə razılaşmayan şöhrətli muğam xadimi düzəliş verirmiş kimi dilləndi:
– Kim deyir ki, mən bu müsabiqədə yoxam? Əvvəla, Heydər Əliyev Fondunun mötəbər himayəsi ilə keçirilən, qədim muğam sənətimizə yeni istedadlar, layiqli davamçılar aşkar edib gətirən belə bir mədəni aksiyanın təşkili və keçirilməsi mənim də arzu-istəklərimin çiçəklənməsi deməkdir. Odur ki, mən də, Mədəniyyət və İncəsənət Universitetində rəhbərlik etdiyim muğam sənəti kafedrasının müəllimləri də müsabiqənin təşkilinə və keçirilməsinə bacardığımız qədər kömək göstəririk. Hər dəfə bir neçə tələbəmiz sənət yarışmasının qalibləri və ulduzları sırasında olur.
Münsiflərin arasında kafedramızın müəllimi Səkinə İsmayılovanın olması bizim hesabımızı artırır. O ki, qaldı mənim nüfuzlu münsiflərlə bir yerdə olmamağıma, yəqin, təşkilatçılar həddindən artıq məşğulluğumu nəzərə alırlar. Lakin işlərimin çoxluğuna baxmayaraq muğamla bağlı irili-xırdalı hansı tədbirə dəvət alsam, dünyanın o başında olsa da gedərəm. Nəhayət, ustad sənət dostlarımın təmsil olunduğu münsiflər heyətinin hamını razı salan rəy və mülahizələri, verdikləri ədalətli, obyektiv qiymətlər, elə hesab eləyin ki, həm də mənim mövqeyimdir.
Beləliklə, həmin axşam qərara aldıq ki, bu söhbətləri bir az da genişləndirib, qaydaya salıb sevimli sənətkarımızın ömrünün 75-ci yazına qədəm qoyduğu və çox sevdiyi Novruz ərəfəsində oxucularımıza təqdim edək, bayramlı günlərimizə muğam ovqatı qataq. Bundan sonra Canəli müəllimlə bir neçə dəfə redaksiyamızda, müxtəlif mərasimlərdə görüşüb məxsusi söhbətləşdik. Qəsdim də bu idi ki, xalqımızın yaxşı tanıdığı, haqqında çox söhbət açılmış, dönə-dönə yazılmış, filmlər çəkilmiş, kitablar çıxmış Canəli Əkbərovun həyatının arxa planda qalan, xalqa məlum olmayan tərəflərinə daha artıq nəzər salaq.
– İlk görüşümüzdə bu fikri dilimə gətirəndə muğam ustası şaqqanaq çəkib güldü və dedi:
– Qardaş, belə olsa, onda əlin boşda qalacaq, çünki bu vaxta qədər mənim həyatım da, sənətim də xalqın gözünün qarşısında olub. Ürəyim kimi, ömür yolum da açıq, göz qabağında olub. Heç nəyi gizlin saxlamamışam. İndi özün məni bir yaxşı silkələ, gör nə töküləcək...
Bir az fikirləşib ustadın bu sınayıcı eyhamına mən də zarafatyana bir ərklə cavab verdim:
– Jurnalistlər indiyədək sizin sənət ağacınıza salbanı aşağıdan, görünən yerdən atıblar. Əl-ətəkdə olanlar tökülüb, şübhəsiz, yuxarının barı qalıb. Yəni bioqrafiyanızı o başdan vərəqləyiblər: necə oldu sənətə gəldiniz, uğurlarınız, ustadlarınız, yetirmələriniz, muğamın taleyi və s. İndi, gəlin, belə edək: keçib gəldiyiniz yola bugündən, qərarlaşdığınız sənət zirvəsindən , həm də bir az kənardan baxaq...
Cavab yenə dostyana oldu:
—Yaman fəndgir tərpəndin, qoy, sən deyən kimi olsun , özümə bu dəfə də yuxarıdan və kənardan baxım, görüm yaxın-uzaqlar necə görünür...
– Bu yerdə özünə ustad, mənəvi ata bildiyi Xan Şuşinski ilə bağlı bir gülməcəni söyləməklə,sanki, özünü söhbətə köklədi, mənimsə kefimi açmaq istədi:
– Bir gün Xan əminin şunquruq qoşduğu adamlardan biri partiya-hökumət məmurlarından uzaq gəzən bu ağayana kişiyə sataşmaq məqsədilə deyir: “Eşitdim qardaşın Allahyarı kommunist eləyiblər, gözün aydın olsun!” Xan əmini söz altda qoymaq olardımı?! Qəlyanına bir qullab vurub qayıdır ki: “Allahyarın günahı çox idi, ona bu cəza da azdı”.
Bunun ardınca ustadı Xan ilə yanaşı, onun ilk sənət müəllimi olmuş, “Cənub zonasının Xanı” kimi tanınmış atası Xanəli Əkbərovun da ruhunu şad etdi:
– Mənim 60 illiyimlə bağlı yubiley məclisini aparan xalq şairi Zəlimxan Yaqub yekunda nə desə yaxşıdır? : “Ayə Canəli, o tərəfində doğma atan Xanəli, bu tərəfində mənəvi atan Xan, özün də Canəli. Day sənin nə dərdin var.” Yəqin, Zəlimxan müəllimin də qulaqları cingildədi, müalicədədi, Allah şəfasını versin!
– Nəhayət, ciddi görkəm alan sənətkar əsas məsələyə keçdi:
– Bugünümdən dünənimə baxanda qarşıda dünya miqyasında boy verən iki zirvə görürəm: biri xalqımızın bənzərsiz, zəngin könül dünyasının bü günə çatan əks-sədası muğamdır, o biri isə bizi bu gözəl günlərə qovuşduran, gələcək yolumuza işıq salan ümummilli lider Heydər Əliyevin ucalardan uca dühasıdır. Məni də sənətin ucalığına bu iki zirvə qaldırıb. Muğam mənəvi dünyamızda necə əzəmətlidirsə, ulu öndər Heydər Əliyev də həmin əlçatmazlıqdadır. Hər iki zirvə xalqımızın bəşəri önəm daşıyan, onu dünyada tanıdıb yüksəldən misilsiz dəyəridir. Muğam məni xalqımıza sevdiribsə, Heydər Əliyev də bu qiyməti müstəqil dövlətimizin ən uca təltifləri, mükafatları ilə rəsmiləşdirib, tarixə həkk eləyib.
Taleyimdə hər şeydən artıq rol oynamış bu iki amilin qoşalığı barədə ilk dəfə bu şəkildə sizə söhbət açıram. Qoy, oxucular da bu məqama diqqət yetirsinlər. Mənim həyatımdan muğamı və millət atası Heydər Əliyevin verdiyi yüksək qiyməti götürsələr yerdə qalar adi bir insan olan Canəli Əkbərov. Yeri gəlmişkən, ulu öndərlə olmuş iki görüşüm barədə də ilk dəfə sizə danışıram.
Əhvalat 1993-cü ilin tutqun bir yaz günündə sizin redaksiyanın yanında baş verdi. O vaxt ümummilli lider ölkənin müti , nankor, başabəla rəhbərlərinin dönüklüyündən üz çevirib doğulduğu, onu dünya siyasətinin zirvələrinə pərvazlandırmış Naxçıvana pənah aparmışdı. Naxçıvanı fəlakətdən qurtaran ulu öndərin yolunu günü-gündən uçuruma yaxınlaşan Azərbaycanda o günlərdə namuslu, ağıllı insanlar səbrsizliklə gözləyirdilər. Fərasətsiz vəzifə düşkünləri isə bu zəruri qayıdışı bacardıqları qədər əngəlləməkdə idilər. Belə günlərin birində şəhərdə xəbər yayıldı ki, Heydər Əliyev Bakıya qardaşının yasına gəlib. Hamı kimi mənim də bu böyük insanı görüb harayımı ona çatdırmaq istəyim sonsuz idi. Lakin ağlıma gəlməzdi ki, bu, mümkün ola.
Səhərisi günortaüstü o vaxt çalışdığım Opera və Balet Teatrından çıxıb yolun o biri tərəfinə keçmək istəyirdim ki, bir də gördüm aşağıdan nəhəng bir izdiham coşğunluqla irəliləyir. Dəstə yaxınlaşanda gözlərimə inana bilmədim. Ulu öndər Heydər Əliyev irəlidə gedir, minlərlə insan da onun arxasınca. Kaş ki, o vaxt bunu lentə alan olaydı. Dəstəyə qoşulub sizin redaksiyanın qarşısındakı yeraltı keçidə çatanda elə bir fürsət düşdü ki, qabağa keçib pilləkanın üstünə çıxdım və qəlbimdən gələn bir səslə qışqırdım: “Atamız, yolunuzu gözləyirik, gəlin bu xalqı xilas edin!” Bir az da çoxalmış adamlar mənim bu sözlərimi alqışladılar. Elə bu vaxt onu eşidə bildim ki, kimsə məni tanıyıb dedi: “ Bu ki Canəli Əkbərovdur, muğam oxuyandır...”
Çox keçmədi ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdıb hər işi yoluna qoydu. Günlərin birində ulu öndər indi onun adını daşıyan sarayda bayram təntənəsindən sonra adəti üzrə səhnənin arxasına keçib sənətkarlarla görüşdü. Yaxınlıqda məni görəndə ata mehribanlığı ilə dilləndi: “O vaxt məni çağıran sən idin... Bu ki Canəli Əkbərovdur, muğam oxuyandır...”. İnanın, o anların sevincli həyəcanının şirinliyi, unudulmaz təəssüratı ömrümün son anınadək mənimlə yaşayacaq...
Beləcə, olduqca maraqlı müsahib olan Canəli müəllimin ömrünün bu başından o biri səmtinə üz tutub bir çox unudulmaz hadisələri, maraqlı məqamları çözələdik. Prezident İlham Əliyevin sənətə və sənət adamlarına Heydər Əliyev qayğısını daha geniş miqyasda davam etdirməsini minnətdarlıqla vurğuladı. Heydər Əliyev Fondunun milli muğam sənətini himayə etməsini, fondun rəhbəri, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sənəti dünyada layiq olduğu mərtəbəyə qaldırmasından məmnunluqla danışdı.
Daha sonra Canəli müəllim milli səhnəmizdə oynanılan muğam operalarının hamısında baş rolun ifaçısı olmasından öyünclə söz açdı. Bütün muğamları eyni sevgi ilə oxumasını xatırladı. Vaxtilə atası Xanəli Əkbərov və qardaşı Məzahir Əkbərovla birlikdə filarmoniyanın səhnəsində “Şahnaz” muğamını oxumalarının sənət aləmində nadir bir hadisə olduğunu da öyrəndik. O vaxtkı mədəniyyət naziri Zakir Bağırovdan, sənət müəllimi Seyid Şuşinskidən, Maestro Niyazidən, Əhməd Bakıxanovdan, Bəhram Mansurovdan, sənət dostları Əbülfət Əliyevdən, Rübabə Muradovadan, Arif Babayevdən, Zeynəb Xanlarovadan, Baba Mahmudoğludan və başqalarından məhəbbətlə söhbət açdı, maraqlı epizodlar söylədi. Artıq dediyim kimi , “Xan əmi” isə dilindən düşmürdü. Aralarındakı ata-bala münasibətini, onu nəvazişlə “Canışbala” adlandırmasını talenin ərmağanı kimi mənalandırdı. Muğam klassiklərimiz Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Segah İslam, Keçəçioğlu Məhəmməd kimi, yetirmələri Babək Niftəliyev, Ehtiram Hüseynov, Vəfa Orucova, Hüseyn Məlikov, Kamil Cəfərov, Anar Abbasov barədə də sayğı ilə danışdı. İndiki mədəniyyət naziri Əbülfəs Qarayevin, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevin muğam sənətinin inkişafı ilə bağlı məsələlərə həmişə önəm verdiklərini razılıqla qeyd etdi.
Sənətinin opera dövründən söz düşəndə bir şəxsi qənaətimi Canəli müəllimin diqqətinə çatdırdım. Dedim ki, o, səhnədə muğam partiyalarını vokal nəfəsi ilə səsləndirməyini xatırlayırmı? Cavabında bu müşahidəmin doğruluğunu bildirdi və vurğuladı ki, opera ifaçısı həmişə səsini ən axır cərgədə oturanlara yönəltməlidir. Buna isə vokal elementləri tələb olunur. O bu gün də böyük salonlarda muğam boğazlarını tenor səslə məharətlə birləşdirir. Bu isə Canəli Əkbərovun gur və zil səsinə dinamizm, təntənə gətirməklə daha bir özəllik yaradır.
Şərtləşdiyimiz kimi, sonda ömrünün uşaqlıq çağlarını yada saldı. Anasını vaxtsız itirməyinin, yaşlı atasının 8 nəfərlik ailənin ağırlığını fədakarlıqla çəkməsinin nisgili hələ də onu rahat buraxmır. Atasının ağır yükünə çiyin verməsini, muğamın çörəyi ilə ailənin ehtiyaclarını ödəməsini xatırlayanda isə qəribə bir rahatlıq duyurdu...
– Ustad söhbətimizi belə yekunlaşdırdı:
– Evdə məni həkim görmək istəyirdilər. Başlanğıc olaraq tibb işçisi ixtisası alıb bir neçə il işləsəm də, ilk sənət sevgim olan muğam məni ahənrüba kimi özünə çəkib bir daha buraxmadı. 10 yaşımda Lənkəranın Vilvan kəndində toyda oxuyan Xan Şuşinskinin səsinə doğru 6 kilometrlik yolu uça-uça getmişdim. Səsimi dinləyib əlini başıma çəkmişdi. Tale sonralar bu səsin ardınca məni Qorqudlaşmış ustadların qərar tutduğu məqama aparıb çıxardı. Buna görə Tanrımdan və qədirbilən xalqımdan çox razıyam.
Tahir
AYDINOĞLU,
əməkdar jurnalist
Xalq qəzeti.- 2014.-
16 mart.- S. 7.