Azərbaycan dinamik inkişafa yönəlmiş
yeni strateji vəzifələri
uğurla reallaşdırır
Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı
hesabatda bu barədə
ətraflı bəhs edilmişdir
Prezident İlham Əliyevin rəhbərliyilə son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir.
Azərbaycan iqtisadiyyatı dünyada son illərdə yaşanan qlobal iqtisadi və maliyyə böhranı şəraitində də uğurla inkişaf edir. Aparıcı ölkələr hələ də böhran problemini aradan qaldırmağa çalışdığı bir vaxtda, respublikamız dinamik inkişafa yönəlmiş yeni strateji vəzifələri uğurla reallaşdırır. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Azərbaycanda yüz minlərlə yeni iş yeri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir.
Bütün bunlar barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti barədə hesabatda ətraflı bəhs edilmişdir. Qeyd olunmuşdur ki, 2013-cü il dünya iqtisadiyyatında bir qədər səngiyən, lakin davam edən iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı xarici təhdidlərə qarşı güclü müqavimət qabiliyyətini saxlamışdır. Makroiqtisadi sabitlik qorunmuş, milli iqtisadiyyatın bütün sahələrində ciddi irəliləyiş baş vermişdir. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası davam etmişdir.
Hesabat dövründə ölkə iqtisadiyyatında qazanılmış ən uğurlu nəticələrdən biri ümumi daxili məhsul istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə bu göstərici 2,1 faizdir. Bununla yanaşı, ən mühüm göstəricilərdən biri də iqtisadiyyatın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz bəndi artaraq 56,6 faiz olmuşdur.
Ötən il Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatmışdır. Ölkədə həyata keçirilən pul- kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları 2013-cü ildə 21 faiz artaraq 14,1 milyard dollar təşkil etmiş, manatın məzənnəsinin sabitliyi qorunub saxlanılmışdır. Hazırda Azərbaycanın məcmu valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsi arasındadır.
Hesabat ilində sahibkarlığın inkişafına, qeyri-neft sektoruna, sosial infrastruktur layihələrinə investisiya qoyuluşu üçün əlverişli şərait yaradılmışdır. Prezident İlham Əliyevin göstərişinə əsasən, əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluq səviyyəsinin azaldılması hökumətin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Sözügedən dövrdə sahibkarlıq, qeyri-neft sektoru inkişaf etmiş, ölkə üzrə 28 milyard dollar sərmayə qoyulmuşdur. Sərmayələrin 62 faizindən çoxu daxili mənbələr hesabına təmin edilmişdir.
İqtisadiyyatda işçilərin orta aylıq əməkhaqqı 6,2 faiz artaraq 423 manata, yəni 540 dollara çatmışdır. İlin yekununa görə, yoxsulluğun səviyyəsi 5,3 faiz təşkil etmişdir.
Yuxarıda sadalananlarla yanaşı, ötən il sosial-iqtisadi və institusional islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə atılmış ən önəmli addımlardan biri dövlət başçısının şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in innovasiyalar əsasında qurulmuş fəaliyyətinin genişləndirilməsi olmuşdur. Nəticədə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti əsaslı surətdə yaxşılaşdırılmış və şəffaflıq prinsipləri təmin edilmişdir.
Hesabat ilində bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 22 milyard manat investisiya cəlb edilmişdir. Ümumi investisiyaların 74,3 faizi qeyri-neft sektorunun payına düşmüşdür. İllik inflyasiya 2,4 faiz səviyyəsində qeydə alınmışdır. Əhalinin gəlirləri 8 faiz artmış, onun adambaşına düşən hissəsi 4 min manatı ötmüş, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Minimum əməkhaqqı, pensiyaların baza hissəsi və dövlət təşkilatlarında çalışanların maaşları artırılmış, ümumilikdə ölkə üzrə orta aylıq məvacib 6,2 faiz artırılaraq 423 manata çatdırılmışdır.
Hesabatda bildirilir ki, qazanılmış uğurların əsas səbəblərindən biri 2013-cü ilin dövlət büdcəsinin yüksək səviyyədə icra olunması ilə bağlıdır.Belə ki, onun mədaxilinin proqnozu 101,8 faiz yerinə yetirilərək 19,5 milyard manat təşkil etmişdir. Eyni zamanda, dövlət büdcəsinin xərclərində sosial təyinatlı xərclərin xüsusi çəkisi 32,6 faiz təşkil edərək 6,2 milyard manat məbləğində olmuşdur.
Sözügedən dövrdə regionların, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası təmin edilmişdir. Proqramlar çərçivəsində yollar çəkilmiş, əhalinin qaz, elektrik enerjisi, su təchizatı və sosial infrastruktur əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Bölgələrin prioritet inkişafını nəzərə alaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin 70 faizindən çoxu regionlara istiqamətləndirilmişdir. Ümumilikdə regionların inkişafı proqramlarının icrasına 50,7 milyard manat, o cümlədən ikinci proqramın icrasına 34,7 milyard manat vəsait yönəldilmişdir.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülmüş işləri xüsusilə vurğulamaq lazımdır. Belə ki, görülmüş işlərin məntiqi nəticəsi olaraq, ölkə əhalisinin 55 faizi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunmuşdur.
Məcburi köçkünlərin
yaşayış şəraitinin və sosial
təminatının yaxşılaşdırılması istiqamətində
görülən işlər ötən ildə də davam etdirilmişdir. İl ərzində 29 min
nəfərə yaxın məcburi köçkün
hər cür şəraiti olan yeni mənzillərə
köçürülmüşdür. Bundan başqa, məcburi köçkünlərin sosial problemlərinin həllinə 637 milyon manat vəsait xərclənmişdir
ki, bu da
2003-cü illə müqayisədə 5,8 dəfə çoxdur. Ümumilikdə son on ildə
bu məqsədlərə
3,6 milyard manat maliyyə vəsaiti sərf edilmişdir.
Ötən il neft-qaz sahəsinin gələcək inkişafı
üçün önəmli
addımlar atılmışdır.
Xəzər dənizinin Azərbaycan
sektorundakı “Şahdəniz”
qaz-kondensat yatağının
işlənməsi layihəsi
üzrə yekun saziş imzalanmışdır.
Azərbaycan qazının
dünya bazarına çıxarılması məqsədi
ilə Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri
(TANAP) və Trans-Adriatik
Boru Kəməri (TAP)
layihələri ilə
bağlı müqavilələr
imzalanmış və
onların həyata keçirilməsinə başlanılmışdır.
Respublikaya böyük həcmdə
investisiyaların cəlb
edilməsinə, yeni iş yerlərinin açılmasına imkan
verəcək bu layihələr ölkənin
və xalqın gələcəyi üçün
mühüm əhəmiyyət
kəsb edir.
Ölkənin enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinin davamı olaraq, hesabat ilində elektrik stansiyalarının
ümumi gücü
12,9 faiz artırılmış və
7 min meqavatı ötmüşdür.
Ümumən, son on ildə
17 elektrik stansiyası
tikilərək istismara
verilmiş, 15 min kilometrdən
artıq elektrik xətti çəkilmiş,
1600-dən çox yarımstansiya
inşa edilmiş və yenidən qurulmuşdur.
Nazirlər Kabinetinin hesabatında qeyri-neft sektorunun aparıcı sahələrindən
biri olan aqrar-sənaye kompleksində
də nəzərəçarpacaq
dəyişikliklər müşahidə
olunduğu diqqətə
çatdırılmışdır. Bildirilmişdir
ki, sözügedən
dövrdə kənd
təsərrüfatında istehsal 4,9 faiz artmış, əsas məhsulların istehsalında
müsbət nəticələr
əldə edilmişdir.
Yaradılmış iri taxılçılıq
təsərrüfatlarında qeydə alınmış
yüksək məhsuldarlıq
ardıcıl həyata
keçirilən ərzaq
təhlükəsizliyi kursunun
düzgünlüyünü təsdiq etmişdir.
Kənd
təsərrüfatının inkişafına göstərilən
dövlət dəstəyi
tədbirlərinin davamı
olaraq mövcud vergi azadolmalarının müddəti daha 5 il uzadılmışdır.
Dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış
vəsaitlər hesabına
sahənin texniki təminatının yaxşılaşdırılması
üzrə mühüm
işlər görülmüşdür.
Ötən il Taxtakörpü kompleksinin
istifadəyə verilməsi
əkin sahələrinin
suvarılmasının yaxşılaşdırılmasına,
yeni torpaqların dövriyyəyə cəlb
edilməsinə, içməli
su ehtiyatlarının
artırılmasına və
elektrik enerjisi istehsalına imkan yaradacaqdır.
Adıçəkilən hesabatda 2013-cü ildə yol-nəqliyyat kompleksində
yük və sərnişin daşınmalarında
artıma nail olunması,
nəqliyyat parklarının
yenilənməsi ilə
bağlı konkret addımlar atılması da vurğulanmışdır. Həmçinin göstərilmişdir ki,
sözügedən dövrdə
avtomobil yollarının
tikintisi və təmiri işləri davam etdirilmiş, çoxlu sayda körpülər və keçidlər inşa olunmuşdur.
Nazirlər Kabinetinin hesabatında
yuxarıda sadalananlarla
yanaşı, “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilmiş 2013-cü ildə Azərbaycanın
ilk telekommunikasiya peykinin orbitə çıxarılması, sahənin
inkişafının keyfiyyətcə
yeni mərhələyə
yüksəlməsi, “Elektron
hökumət portalı”nın
fəaliyyətinin təkmilləşdirilməsi,
çoxsaylı sosial
infrastruktur obyektlərinin istifadəyə
verilməsi, təhsilin
müasir tələblərə
uyğun yeniləşdirilməsi,
pedaqoji kadrların hazırlığının təkmilləşdirilməsi,
yeni maliyyə mexanizmlərinin tətbiqi
ilə bağlı konkret işlər görülməsi də xüsusi xatırladılmışdır.
Hesabatda
həmçinin vurğulanmışdır
ki,
ötən il
300-ə qədər məktəb
binası inşa edilmiş və əsaslı təmir olunmuşdur. Səhiyyə sahəsində aparıcı
texnologiyalarla və müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzləri
yaradılmış, əhaliyə
göstərilən xidmətin
keyfiyyəti nəzərəçarpacaq
dərəcədə artırılmışdır.
Bir çox xəstəliklər
üzrə ölüm
hallarının göstəriciləri
kəskin aşağı
düşmüş, orta
tibb mütəxəssislərinə
olan tələbatın
ödənilməsi məqsədi
ilə yeni təhsil müəssisələri
açılmışdır.
Əvvəlki illərdə olduğu
kimi, 2013-cü ildə
də Nazirlər Kabineti ölkənin hərbi gücünün
artırılmasına, müdafiə
qabiliyyətinin möhkəmləndirilməsinə
və Silahlı Qüvvələrin ən
müasir hərbi texnika və silahlarla təmin edilməsinə prioritet istiqamət kimi xüsusi diqqət yetirmişdir. Orduda aparılan quruculuq
işlərinə uyğun
olaraq, hərbçilərin
döyüş hazırlığının
və peşəkarlığının
artırılması, sosial
müdafiəsinin gücləndirilməsi
tədbirləri davam etdirilmişdir. Ümumilikdə müdafiə xərclərinin
maliyyələşdirilməsinə 3 milyard manat vəsait
ayrılmışdır.
Proqnozlara
görə, bu il milli
iqtisadiyyatımız yüksək
sürətlə artaraq,
artım tempinə görə qlobal iqtisadiyyatın və MDB ölkələrinin orta artım tempini üstələyəcəkdir. Şaxələnmə prosesləri daxili
tələb ilə yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun artmasını sürətləndirəcəkdir. Artım və şaxələnmə
proseslərinə dəstək
olaraq Mərkəzi
Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını təmin edəcəkdir. Bunun üçün
adıçəkilən bank inflyasiyanın hökumətin
proqnozu - birrəqəmli
səviyyədə tənzimlənməsinə
dəstək verəcəkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 18 mart.- S. 4.