Məhkəmə
islahatları uğurla davam
etdirilir
Məhkəmə-Hüquq Şurasının ali və apellyasiya məhkəmələrinin rəhbər şəxslərinin, Bakı şəhərinin bütün məhkəmə sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, habelə QHT və KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilmişdir.
Məhkəmə-Hüquq Şurasından AzərTAc-a bildirmişlər ki, iclas müxtəlif texnoloji yeniliklərin sınaq rejimində tətbiq olunduğu Bakı şəhəri Yasamal Rayon Məhkəməsində keçirilmişdir.
Tədbirdə yeni tikilmiş və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş Gəncə şəhəri Nizami, Gədəbəy və Oğuz Rayon məhkəmələri, Şirvan, Xaçmaz və Şəki regional ədliyyə şöbələri ilə canlı bağlantı qurularaq, bütün bölgələrdən 80-dək məhkəməni təmsil edən hakimlər videokonfrans üsulu ilə iclasa qoşulmuşlar.
Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov iclasda çıxış edərək əsası dahi öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin intensiv inkişaf kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, ölkəmizin ictimai həyatın bütün sahələrində möhtəşəm nailiyyətlər qazandığını bildirmişdir.
İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən ardıcıl tədbirlər və onların mütərəqqi nəticələri qeyd olunmuş, qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Bildirilmişdir ki, ölkəmizdə mülki dövriyyənin sürətlə artması məhkəmələrə müraciətlərin sayının ilbəil çoxalmasına səbəb olmuş, təkcə 2013-cü ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərin sayı 13 faiz, iqtisadi mübahisələr üzrə isə 30 faizədək çoxalmışdır. Ümumilikdə, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə mülki xarakterli mübahisələrin sayı 8 dəfə artmışdır. Bu isə məhkəmə fəaliyyətində islahatları şərtləndirmişdir. Dövlətimizin başçısının ölkəyə rəhbərliyə başladığı ilk günlərdən verdiyi tapşırıqlara əsasən bu sahədə kompleks tədbirlər həyata keçirilmişdir.
Aparılmış köklü islahatlar nəticəsində məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanları - Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimlərin müddətsiz təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur. Korrupsiya hallarının qarşısının alınması məqsədilə hakimlərin vətəndaşlarla qeyri-prosessual ünsiyyəti qadağan edilmiş, şəffaflığın təmin edilməsi üçün yuxarı məhkəmələrin bütün qərarlarının, habelə onlarla birlikdə yerli məhkəmələrin ləğv edilmiş və ya dəyişdirilmiş qərarlarının dərci təsbit olunmuşdur. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər üçün xüsusi etik tələbləri müəyyən edən Etik Davranış Kodeksinin, məhkəmələrdə işlərin obyektiv bölgüsünün mütərəqqi qaydasının qəbulu mühüm əhəmiyyət kəsb etmişdir.
Əhalinin məhkəmələrə çatımlılığının yaxşılaşdırılması məqsədilə təkcə son illər ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamış, hakim ştatlarının sayı 2 dəfə, məhkəmə işçilərinin sayı isə 75 faiz artırılmış, beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakimə köməkçi ştatı ayrılmışdır.
Hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud pozuntulara və digər mənfi hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılmış, hakimlər barədə 161 intizam icraatı başlanılmışdır.
Ölkəmizdə hakimliyə namizədlərin seçilməsi qaydasının Avropada ən qabaqcıl təcrübələr əsasında müəyyən edilməsi, çoxmərhələli imtahanlardan uğurla keçən namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi, habelə xaricdə kurslar keçməsi hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşmasında mühüm rol oynamışdır.
Bu mütərəqqi qaydalar əsasında 4 dəfə keçirilmiş seçim prosesi onlarla yerli və beynəlxalq təşkilatın, diplomatik korpusun nümayəndələri tərəfindən müşahidə edilmiş, ölkəmizin kadr seçimi tarixində ilk dəfə olaraq imtahanlar onlayn rejimində canlı yayımlanmışdır. Bütün müşahidəçilər imtahanların şəffaflığı və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsini tövsiyə etmişlər.
Həmin prosedurlar əsasında 2600 namizəd sırasından 307 hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuş, cəmiyyətdə hakimlərin seçilməsi prosesi ilə bağlı müsbət rəy formalaşmışdır. Hazırda bütün hakim korpusunun 60 faizini məhz bu yeni nəsil hakimlər təşkil edirlər.
Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə onların əmək haqqı 33 dəfə, o cümlədən ötən il xeyli artırılmış, gənc hakimlər üçün əlavə təminatlar nəzərdə tutulmuşdur.
Ölkəmizlə birgə həyata keçirilən və Dünya Bankının ən uğurlu layihələrindən hesab olunan “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami və Gədəbəy Rayon məhkəmələri üçün müasir tələblərə cavab verən yeni inzibati binalar inşa edilmiş, Şəki məhkəmə kompleksinin inşasına başlanmışdır. Həmçinin ötən il Bakı şəhəri Sabunçu rayonunda iki məhkəmənin yerləşəcəyi məhkəmə kompleksinin, Bakı şəhəri Binəqədi, Quba, Qəbələ və İmişli Rayon məhkəmələrinin yeni binasının tikintisinə başlanılmış, 30 yeni məhkəmə binası layihələndirilmişdir.
Bütün bu binalarda beynəlxalq tələblərə uyğun iş prosesinin təşkilinə, vətəndaşların müraciət imkanlarının asanlaşmasına xüsusi diqqət yetirilir, proseslərin audio-video yazısını aparan sistemlər, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün zəruri infrastruktur yaradılır, müasir tipli təhlükəsizlik sistemləri quraşdırılır, vətəndaşlarla qeyri-prosessual münasibətlərin qarşısı alınır.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər 2013-cü ildə də uğurla davam etdirilmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur.
Məhkəmə hakimiyyətinin özünüidarə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla əhatəli təhlillər aparılmış və ötən il qanunvericiliyə mütərəqqi dəyişikliklər edilmişdir. Yeni qanunvericiliyə əsasən, Şuranın fəaliyyət mexanizmləri müasirləşdirilmiş, hakimlərin müstəqilliyinin əlavə təminatı müəyyən olunmuş, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları genişləndirilmiş, ilk dəfə hakimlərin ezam olunması institutu təsbit edilmişdir.
Ötən il səlahiyyət müddətləri başa çatmış 101 gənc hakimin fəaliyyəti yerində öyrənilərək qiymətləndirilmiş, onların 30 nəfəri apellyasiya, 2 nəfəri isə Ali Məhkəməyə irəli çəkilmiş, 6 nəfər məhkəmə sədri, 64 nəfər digər hakim vəzifələrinə təyin olunmuşlar. Fəaliyyətləri öyrənilərkən ciddi qanun pozuntuları və korrupsiyaya şərait yaradan hallara yol verdikləri aşkar edilmiş 4 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətinə xitam verilmiş, 3 məhkəmə sədri aşağı işə keçirilmişdir.
Yuxarı instansiya məhkəmələrində mövcud olan vakansiyaların komplektləşdirilməsi diqqətdə saxlanılaraq 8 təcrübəli hakim Ali Məhkəməyə, 17 nəfər apellyasiya məhkəmələrinə irəli çəkilmişlər.
Bununla yanaşı, ötən il hakimliyə namizədlərin seçimi uğurla yekunlaşmış, 72 hakimliyə namizəd bütün imtahanları, bir il müddətində davam etmiş təlim mərhələsini və məhkəmələrdə, o cümlədən xaricdə insan haqları ilə bağlı yarımaylıq stajkeçməni başa vuraraq müxtəlif hakim vəzifələrinə təyin olunmuşlar.
2013-cü ildə aparılmış bu təyinatlar nəticəsində mövcud vakansiyaların tam əksəriyyəti komplektləşmişdir ki, bu da iş yükünün xeyli azalmasına və süründürməçilik hallarının qarşısının alınmasına xidmət etmişdir.
Müqayisə üçün qeyd olunmalıdır ki, 2007-ci ildə Bakı şəhərinin rayon məhkəmələrində faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə, görülmüş ardıcıl tədbirlər, o cümlədən aparılmış son təyinatlardan sonra bu rəqəm 101 təşkil etmiş, apellyasiya məhkəmələri hakimlərinin sayı 44-dən 120-yə, Ali Məhkəmə hakimlərinin sayı isə 27-dən 41-ə çatdırılmışdır.
Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin sədrləri tərəfindən yeni təyin olunmuş hakimlərlə, habelə Bakı şəhərində, Lənkəran, Quba, Şəki, Xaçmaz və İmişli rayonlarında keçirilmiş geniş zona müşavirələrində şərəfli hakim adının daim uca tutulmasının, vətəndaşlara qayğılı münasibət göstərilməsinin hakimin ən ümdə vəzifəsi olduğu vurğulanmış, bölgə hakimlərinin iş şəraitləri ilə yerində tanış olunaraq aidiyyəti tapşırıq və tövsiyələr verilmişdir.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən məqsədyönlü tədbirlərin cəmiyyətdə məhkəmələrə inamın artmasına və ədalət mühakiməsinə çatımlılığa müsbət təsirinin nəticəsidir ki, 2013-cü ildə məhkəmələrə daxil olan mülki xarakterli işlərin sayı xeyli çoxalaraq 180 minə çatmış, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq mülki işlər üzrə 93 faizi, iqtisadi mübahisələr üzrə 95 faiz, inzibati mübahisələr üzrə isə 80,5 faiz təşkil etmişdir.
Qeyd olunmalıdır ki, bütün mülki işlər üzrə yekun qərarların 88,5 faizi, cinayət işləri üzrə hökmlərin isə 70 faizi ilə tərəflər razılaşmış, başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməmişdir. Ümumiyyətlə isə birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 96,4 faizi, hökmlərin isə 90,2 faizi dəyişdirilməyərək sabit qalmışdır.
Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq 2013-cü ildə nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və yuxarı instansiya məhkəmələrinin təcrübəli hakimlərinin iştirakı ilə 300-dək hakim və məhkəmə aparatı işçilərini əhatə edən silsilə tədris tədbirləri təşkil olunmuşdur.
İclasda, həmçinin dövlətimizin başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyaya qarşı ən amansız mübarizə tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlarını vurğulayan Şura sədri, hakimlər tərəfindən etik davranış qaydalarına dürüst əməl edilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması ilə bağlı vəzifələri diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 2013-cü ildə 13 hakim barədə intizam icraatı başlanılmış, o cümlədən 2 nəfərin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunmuşdur.
İclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmələr tərəfindən yol verilən xarakterik nöqsanlara toxunaraq onların aradan qaldırılması, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi, bu sahədə əlavə mexanizmlərin müəyyən olunması və vahid məhkəmə təcrübəsinin formalaşması üzrə işləri vurğulamışdır.
Tədbirdə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr müzakirə edilmiş, Sərəncamın bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoyduğu bildirilmişdir.
2013-cü - “İnformasiya-kommunikasiya ili” çərçivəsində məhkəmələrdə müasir texnoloji yeniliklərin, o cümlədən elektron sənəd dövriyyəsi və idarəetmə, “SMS bildiriş” proqramlarının tətbiqi, vətəndaşlar üçün xüsusi faydalı olan məhkəmə sisteminin vahid internet portalının yaradılması qeyd olunmuşdur. Yasamal Rayon Məhkəməsində sınaq rejimində tətbiq edilən texnoloji idarəetmə proqramları nümayiş olunmuş, bu proqramların tətbiqinin hakimlərin işini xeyli yüngülləşdirəcəyi, vətəndaşlara əlverişli imkan yaradaraq onların məhkəmə proseslərinin bütün mərhələləri barədə müfəssəl elektron məlumatlandırılmasını təmin edəcəyi vurğulanmışdır.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Şuranın iclasının yeni formatda, şəffaf, vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilməsinin, video-konfrans üsulu ilə ölkənin bütün regionlarının əhatə olunmasının əhəmiyyətini qeyd etmişdir. F.Ələsgərov dövlətimizin başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının, habelə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamının qarşıda mühüm vəzifələr qoyduğunu, sınaq rejimində tətbiq edilən texnoloji yeniliklərin və artıq bütün dünyada mühüm antikorrupsiya vasitəsi kimi qəbul edilən “ASAN xidmət”in iş üsulunun “elektron məhkəmə” informasiya sisteminin yaradılmasında təcrübi əhəmiyyətini bildirmişdir.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri və tədbirə video-konfrans üsulu ilə qoşulan hakimlər məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqinin mühüm rolunu vurğulamış, fəaliyyətin səmərəliliyinin artırılması üzrə konkret təkliflər irəli sürmüşlər.
Eyni zamanda, Məhkəmə-Hüquq
Şurasının iclasında hakimlər tərəfindən
yol verilən nöqsanlar
barədə Ədliyyə Nazirliyinin, Ali və apellyasiya məhkəmələrinin
müraciətlərinə baxılmış, vətəndaşların
hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla
korrupsiyaya şərait
yaratdıqlarına, süründürməçilik və
digər qanun pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam
icraatları başlanılmışdır.
Xalq qəzeti.- 2014.- 19 mart.- S. 3.