Dövlət Miqrasiya Xidməti ölkədə miqrasiya proseslərinin tənzimlənməsi və
idarə olunmasında uğurlu nəticələr
qazanmışdır
Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 7 il ötür.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu münasibətlə martın 19-da Xidmətin rəhbərliyi və miqrasiya orqanlarının əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuşdur.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri yad edilmiş, məzarları üzərinə tər qərənfillər düzülmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Daha sonra Dövlət Miqrasiya Xidmətində (DMX) qurumun yaradılmasının ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Mərasimdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun yaranması, inkişafı və bu günü barədə geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il martın 17-də imzaladığı sərəncamla hər il martın 19-u miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilir. F.Nəbiyev diqqəti ötən illər ərzində Xidmətin qarşısında qoyulmuş vəzifələrin öhdəsindən öz səlahiyyətləri çərçivəsində müvəffəqiyyətlə gəldiyinə, göstərilmiş etimadı doğrultmaq üçün ciddi səylə əməli fəaliyyət göstərdiyinə cəlb etmişdir. O, xidmətin ölkəmizin sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin olunması, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin aradan qaldırılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması sahəsində gördüyü işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın milli təhlükəsizliyinin strateji hədəflərindən biri kimi miqrasiya probleminin aktuallığına xüsusi diqqət yetirilmiş, daxili əmək bazarının qorunması üçün əməli fəaliyyət göstərilmişdir.
Diqqətə çatdırılmışdır ki, qabaqcıl dünya təcrübəsinə əsaslanaraq, milli miqrasiya qanunvericiliyi təkmilləşdirilmiş, Miqrasiya Məcəlləsi qüvvəyə minmiş, xidmətin fəaliyyətinin genişləndirilməsi sahəsində ciddi addımlar atılmışdır. Bildirilmişdir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma, yaşama, daimi yaşama, o cümlədən haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olma üçün iş icazələrinin verilməsi və müddətlərin uzadılması sadələşdirilmişdir. Bu gün istər əməkdaşların fəaliyyət göstərməsi, istərsə də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xidmət üçün yaradılmış şərait, qurulmuş infrastruktur da dövlətin bu sahəyə xüsusi diqqətinin daha bir nümunəsidir. Xidmətin səkkiz regional miqrasiya idarəsinin hər biri üçün müasir standartlara cavab verən inzibati binalar tikilmiş, əksəriyyəti istifadəyə verilmiş, bəzilərinin isə inşası başa çatdırılmaqdadır. Bakı şəhərində və Yevlax rayonunda beynəlxalq standartlara tam cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzləri də günün tələblərinə uyğun şəkildə fəaliyyət göstərir.
Xidmətin rəisi vurğulamışdır ki, miqrasiya orqanlarının hər bir əməkdaşı milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır, ölkəyə təşrif buyuran hər bir əcnəbinin müraciəti diqqətlə araşdırılır və qanunamüvafiq qərarlar qəbul olunur. DMX Azərbaycan Respublikasının ərazisində olduğunu leqallaşdıran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatçısı, onların ümid yeridir. İftixarla demək olar ki, qurum ötən dövr ərzində qanunsuz miqrasiya ilə mübarizə sahəsində ciddi uğurlar əldə etmişdir. Göstərilən xidmətlər dövlətimizin başçısı tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış DMX-nın 13 əməkdaşının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalları ilə təltif edilməsi və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi haqqında sərəncamlar diqqətə çatdırılmışdır.
Daha sonra xidmət rəisi tərəfindən
35 əməkdaşa vaxtından əvvəl, növbəti və
növbədənkənar xüsusi rütbə,
33 əməkdaşa fəxri fərman verilmişdir.
İki əməkdaşın qulluqda yüksəlişi barədə əmr
oxunmuş və
39 nəfərə təşəkkür elan olunmuşdur. Qeyd edilmişdir ki, ölkə rəhbərinin miqrasiya
sahəsinə diqqət və qayğısı qurumun əməkdaşları tərəfindən
həmişə dərin minnətdarlıq və ruh yüksəkliyi ilə
qarşılanır. Dövlət Miqrasiya Xidmətinin yüksək peşəkarlığa,
mənəvi, eləcə də fiziki
hazırlığa malik kadr
potensialının nümunəvi xidməti ilə
qarşıya qoyulan məqsədlərə
çatmağın bundan sonra
da o qədər də
çətin olmayacağına dərin inam
ifadə edilmişdir.
Xalq qəzeti.- 2014.- 20 mart.- S. 3.