Yasamal rayonunda Novruz sevinci
Rayonun ərazisindəki Dövlət Bayrağı meydanı ilə yanaşı olan istirahət parkında Novruz bayramı ilə əlaqədar təmtəraqlı şənlik keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev şənlik iştirakçılarını salamlamış, onları xalqımız üçün müqəddəs olan Novruz bayramı münasibətilə təbrik etmiş, sakinlərlə birlikdə parkda təşkil olunmuş bayram tonqalının ətrafına gəlmişdir.
Sonra Ozan və Bahar qız da istirahət parkına gələrək buraya toplaşanları Bahar bayramı münasibətilə təbrik etmişlər.
Novruz şənliyinə toplaşan rayon sakinləri kəndirbazların məharətlərinə həvəslə tamaşa etmişlər. M.Əbilov adına Mədəniyət Sarayının gənc rəqqasları və digər ifaçıları da maraqlı konsert proqramları ilə çıxış etmişlər. Rayonda fəaliyyət göstərən müxtəlif idman klublarının yetirmələrinin maraqlı çıxışları və akrobatik hərəkətləri şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının, respublikamızın tanınmış incəsənət xadimlərinin ifaları şənlik iştirakçılarında xoş ovqat yaratmışdır. Novruz şənliyinin iştirakçılarına pulsuz ictimai - iaşə xidməti göstərilmiş, onlar bayram nemətləri və ləziz yeməklərə qonaq edilmişlər.
Rayonun ağsaqqallarından Fazil Hacıyev, ağbirçək ana Xanımnisə Babayeva, Sərvinaz Muradova, əmək veteranı Telli Qayıbova və digərləri Novruz şənliyinin təmtaraqla keçirilməsindən razılıqla danışmışlar. Onlar şənlik iştitakçılarına pulsuz ictimai - iaşə xidməti göstərilməsinə və maraqlı konsert proqramlarına görə minnətdarlıqlarını bildirmişlər.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 20 mart.- S. 4.