Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real
vəziyyət və perspektivlər
Bakı son illər öz simasını əsaslı şəkildə dəyişmişdir. Təkcə şəhərin mərkəzi deyil, ətraf qəsəbələri də müasirləşmiş, yeniləşmişdir. Bu inkişafın başlıca səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və onun davamlı xarakter almasıdır. Bakının Sabunçu rayonu da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Son on ildə Sabunçu rayonunun qəsəbələri tamamilə müasirləşmiş, burada quruculuq işləri geniş vüsət almışdır.
Rayonun qazandığı uğurlardan bəhs etməzdən əvvəl, məlumat üçün bildirək ki, bu rayonun əsası 1920-ci ildə qoyulmuşdur. 1958-ci ildən Lenin rayonu adını daşıyırdı. 29 aprel 1992-ci ildə Sabunçu rayonu adlandırılmışdır. Sabunçu rayonu 10 inzibati qəsəbədən (Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran, Bilgəh) ibarətdir. Burada 4608 ailə olmaqla 20807 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır. Rayonun sosial-iqtisadi inkişafından bəhs edərkən ilk növbədə Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və sonradan həmin proqrama əlavədə Sabunçu rayonunda həyata keçirilmiş tədbirlərə diqqət çəkmək istərdik. Proqramda 16 sahəni əhatə edən 171 bəndin Sabunçu rayonunun qəsəbələrində həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan da 82 bənd, yəni 48 faizi təhsil sahəsinə aiddir. Ötən dövr ərzində bu proqram və əlavə tədbirlər planına uyğun olaraq rayonda 3000 şagird yerlik 1 məktəb və 5 tədris korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi tikilmiş, 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə müəssisəsində əsaslı təmir işləri başa çatdırılaraq müasir avadanlıqla təchiz edilmişdir. Dövlət Proqramında elektrik enerjisi, qaz, su, istilik təchizatı və rabitə sahələri üzrə nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti başa çatdırılmışdır. Nəticədə bu sahələrdə mövcud olmuş əsas problemlər aradan qaldırılmışdır.
Son illər ərzində Sabunçu rayonunun iqtisadi və sosial sahələrində dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir. Təkcə ötən il rayonda istehsal edilmiş sənaye məhsullarının, yerinə yetirilmiş işlərin ümumi həcmi 396,5 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ildəkindən 80,3 milyon manat və ya 25,4 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,1 dəfə artaraq 475,6 milyon manat təşkil etmişdir. 2013-cü ildə bir işçiyə düşən orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 6,7 faiz artaraq 432 manat, sənaye sahəsində çalışanların əmək haqqı isə 7,8 faiz artaraq 560,4 manat olmuşdur. Rayonda yeni müəssisələrin yaradılması işsizliyin müəyyən qədər aradan qaldırılmasına imkan yaratmışdır. Belə ki, təkcə ötən il rayonda 2395 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimidir. Bakıxanov qəsəbəsi son illər əsaslı şəkildə yeniləşmişdir. İcra hakimiyyəti binasının yenidən əsaslı təmir edilərək istifadəyə verilməsi əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Burada qəsəbəarası yollar təmir olunmuş, yeni inzibati və yaşayış binaları ucaldılmışdır. Bakıxanov dəmiryolu stansiyasından rayon icra hakimiyyəti binasına qədər uzunluğu 1,5 kilometrə yaxın olan xiyabanda təmir-bərpa işləri başa çatdırılmış, Heydər Əliyev adına istirahət parkında isə xüsusi layihə əsasında Heydər Əliyev Mərkəzinin tikintisi və parkın yenidənqurma işlərinə başlanılmışdır.
Maştağa qəsəbəsində Heydər Əliyev parkının yenidən qurulması qəsəbə əhalisinin istirahətinin təşkilində əhəmiyyətli rol oynamışdır. Bu gün qəsəbədə quruculuq işləri uğurla davam etdirilir. Zabrat qəsəbəsi ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ əlilləri və şəhid ailələri üçün ikinci yeni 9 mərtəbəli 81 mənzilli yaşayış binası istifadəyə verilmişdir ki, buradan da Sabunçu rayonundan həmin kateqoriyadan olan şəxslərə verilmək üçün 61 mənzil ayrılmışdır. Sabunçu qəsəbəsi Rəsulzadə küçəsindəki kəskin qəza vəziyyətində olan 3 mərtəbli yaşayış binası sökülərək yerində 5 mərtəbəli 66 mənzilli yeni bina tikilərək sakinlərin istifadəsinə verilmişdir. Bu qəsəbədə bir neçə məktəb əsaslı təmir edilərək müasir avadanlıqla təmin olunmuşdur.
Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 33 yarımstansiya, 861 KTM və TM fəaliyyət göstərir. Rayonun bütün qəsəbələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bütün bu tədbirlər nəticəsində rayon əhalisi hazırda içməli su ilə təmin olunur. Rayonun ərazisində 599,2 kilometr uzunluğunda yol şəbəkəsi vardır ki, bunun da 130,6 kilometri mərkəzi, 468,6 kilometri isə yerli daxili yollardır.
Sabunçu Telefon Qovşağı üzrə ATS-in ümumi tutumu 72503 ədəddir, əhalinin istifadəsində olan nömrələrin sayı isə 63956 ədədə çatmışdır. Bütün EATS-də ümumi tutumu 15728 port olan geniş zolaqlı internet xətti (ADSL) quraşdırılmış, nəticədə rayon üzrə ADSL istifadəçilərinin sayı 13518 nəfərə çatmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Eyni zamanda, Bilgəh müharibə və əmək əlilləri üçün pansionatın (Qocalar evi) əsaslı təmiri və yeni korpusun tikintisi başa çatdırılaraq dövlət başçısının iştirakı ilə oktyabr ayında istifadəyə verilmişdir. Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və sosial sığınacağın tikintisi, gözdən əlillər üçün tədris-bərpa mərkəzinin tikintisi isə başa çatdırılmaq üzrədir, Maştağa-Nardaran və Pirşağı-Kürdəxanı qəsəbələrinin ərazisində tikilmiş 3 mini futbol və idman meydançası 2013-cü ildə gənclərimizin istıfadəsinə verilmişdir və s. Bununla yanaşı, rayonda mərkəzi dövlət orqanları və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlərin və inzibati binaların tikintisi və təmir-bərpa işləri aparılmışdır. Belə ki, 2013-cü il dekabr ayının 24-də Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 nömrəli məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir 3 mərtəbəli məktəb binası inşa edilmişdir Məktəb martın 16-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir. Hazırda isə fond tərəfindən Pirşağı qəsəbəsində 226 saylı uşaq bağçası üçün yeni 3 mərtəbəli binanın tikintisi başa çatdırılmaq üzrədir.
Respublika Prokurorluğu tərəfindən Sabunçu Rayon Prokurorluğu üçün yeni inzibati bina, rayon icra hakimiyyəti tərəfindən RİHB-in Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi və Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi üçün iki mərtəbəli bina, 47 və 81 nömrəli mənzil-istismar sahələri üçün yeni birmərtəbəli binalar, Hacınski küçəsində sakinlər üçün 300 kvadratmetrlik olan xeyir-şər evi tikilib istifadəyə verilmişdir. “Asan Xidmət” üçün də Bakıxanov qəsəbəsində inşa edilmiş inzibati bina istismara hazırdır. Hazırda Bakıxanov qəsəbəsi ərazisində Sabunçu Rayon Məhkəməsi və 2 nömrəli Bakı İnzibati-İqtisad Məhkəməsi üçün binalar, Heydər Əliyev adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma ilə yanaşı, Heydər Əliyev Mərkəzinin inşası davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2013-cü il tarixli sərəncamına əsasən Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələri ərazisindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə 2 (iki) milyon manat vəsait ayrılmışdı. Həmin vəsait hesabına icra hakimiyyətinin sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min kvadratmetr, Nardaran qəsəbəsində 13,5 min kvadratmetr, Maştağa qəsəbəsində isə 17,5 min kvadratmetr yol tikintisi və asfalt örtüklərinin vurulması işləri yerinə yetirilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsinin bir sıra küçələrində 65 min kvadratmetrə yaxın yolda təmir işləri aparılaraq yeni asfalt örtüyü vurulmuşdur.
Balaxanı qəsəbəsi bir vaxtlar zibilliklər içərisində idi. Artıq bu qəsəbə də simasını dəyişmişdir. Balaxanıda inşa edilən yeni məişət tullantıları zavodu vaxtilə buraya şəhərdən daşınan tullantıların təkrar emal edilərək ondan enerji istehsal edilməsinə imkan yaratmışdır. Ümumiyyətlə, rayonun qəsəbələrində ekoloji problemlərin həlli sahəsində məqsədyönlü işlər aparılır. Belə ki, yollar kənarında ağaclar əkilir. Torpaqlar neftdən təmizlənir və s.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Sayca 3-cü olan bu Dövlət Proqramında da rayon rəhbərliyinin təklifi əsasında Sabunçu rayonunda bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunların da icrası nəticəsində qalan məsələlər öz həllini tapmış olacaq.
2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı Sabunçu qəsəbəsi Böyük Şor adlanan sahədə tikilməkdə olan 65 min nəfərlik Olimpiya Stadionunun ətrafında və oraya çəkiləcək yeni yol qovşaqlarının layihəsi üzrə tikinti altına düşən 700-ə yaxın fərdi yaşayış evləri və obyektlərin sahiblərinə kompensasiyalar verilməklə, əlaqədar qurumlarla birgə onların sökülməsi təmin edilmişdir. Eyni zamanda, Bilgəh-Sumqayıt, Sabunçu-Zabrat-Maştağa və Zabrat-Pirşağı avtomobil yollarının tikintisi ilə bağlı da il ərzində podratçı təşkilatlara icra hakimiyyəti tərəfindən köməklik göstərilmişdir.
Rayon ərazisində 50-dək müxtəlif binada məskunlaşmış 2100 məcburi köçkün ailəsinin məişət-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən təmir-bərpa işlərinin aparılmasına köməklik edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanılmışdır. Belə ki, proqrama uyğun olaraq gələcəkdə görüləcək işlərin əsas istiqaməti yeni Dövlət Proqramı ilə bağlıdır. Rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Rayonun bütün qəsəbələrinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidənqurulması üzrə genişmiqyaslı işlər davam etdiriləcək. Eyni zamanda, yeni məktəb və səhiyyə ocaqlarının inşası, 18 mövcud məktəbin həyətində 490 sinifdən ibarət yeni korpusların tikintisi, 13 məktəb və 9 uşaq bağçasında əsaslı təmir işlərinin aparılması, bütün mərkəzi və məhəllədaxili yolların asfaltlanması işləri davam etdiriləcək.
Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini, həyat şəraitini davamlı olaraq yaxşılaşdıracaq, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyası, əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də Sabunçu rayonunun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəkdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 20 mart.- S. 5.