Bölgələrdə Novruz tədbirləri

 

Mingəçevir

 

Mingəçevir şəhərində “Sazlı-sözlü Novruzum” adlı bayram şənliyi  böyük coşqu, sevinc ilə qeyd edilib.Tədbir  zurnaçılar dəstəsinin əhalini şənliyə dəvət etməsi ilə başladı. Dədə QorqudBahar qız xüsusi bəzədilmiş faytonla şəhər əhalisini Novruz bayramı münasibəti ilə təbrik etdilər.Səməd Vurğun meydanında çatılan tonqalın ətrafında Kosanın, Keçəlin məzəli oyunları bayrama yeni rəng qatdı.

Bayram tədbirinə qatılan şəhər rəhbərliyini Turizm Kollecinin tələbələri şərbətlə qarşıladılar. Daha sonra Uşaq Yaradıcılıq Mərkəzinin və Tibb Kollecinin  tələbələrinin hazırladıqları kiçik səhnəciklər nümayiş etdirildi.

Bayram tədbirində əllərində xonça,səməni tutmuş rəqs qrupunun üzvləri qara zurnanın müşayəti ilə yallı getdilər.

Çaparlar meydanı dövrə vuraraq əlində səməni tutmuş anaya yaxınlaşırlar. Ana: “Al bu səmənini meydan boyu gəzdir. Hamını harayla, qoy, gələn il Novruz səmənisi Şuşada, Laçında, bütün Qarabağda göyərsin” - dedi.

Daha sonra el ağsaqqalı Dədə QorqudBahar qız alqışlarla qarşılandılar. Meydanı kəndirbazın və pəhləvanın oyunları bəzədi.

Mədəniyyət şöbəsinin musiqi kollektivinin ifasında “Ellərə bahar gəlir” musiqisinin sədaları altında bütün meydan rəqs etdi.

Mingəçevirliləri şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bayram münasibəti ilə  təbrik etdi: “Əziz mingəçevirlilər! Respublikamızın hər yerində keçirilən Novruz şənliyi bu gün doğma Mingəçevirimizdə böyük coşqu, sevinc ilə keçirilir. Şəhərimiz hər il Novruzu yeni-yeni naliyyətlərlə qarşılayır. Şəhərimiz günü-gündən böyüyür və abadlaşır. Bütün bunlar Mingəçeviri dərin məhəbbətlə sevdiyimizdən irəli gəlir”.

Onu da qeyd edək ki,bayram münasibəti ilə bütün təhsil ocaqlarının hazırladıqları əl işləri də nümayiş olundu.

Novruz şənliyi musiqi sədaları altında davam etdi.

 

Qubadlı

 

Xalqımızın ən əziz bayramı olan Novruz, xüsusilə də ilaxır çərşənbəsi qubadlılar tərəfindən hər il təntənəli surətdə qeyd edilir. Bayram ərəfəsində məcburi köçkünlərdən olan aztəminatlı və şəhid ailələrinə Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylanması artıq ənənə şəklini almışdır.

Bu il də ilaxır çərşənbə və Novruz bayramı münasibətilə  martın 18-də qubadlılar Sumqayıtın  17-ci mikrorayonda yerləşən Olimpiya İdman Kompleksində bayram şənliyi təşkil etmişdilər. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovMilli Məclisin deputatı İmamverdi İsmayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Bayramsayağı bəzədilmiş Olimpiya İdman Kompleksində bayram ab-havası hökm sürürdü. Kəndirbaz və Kosanın nümayiş etdirdiyi oyunlar iştirakçılara xoş ovqat bəxş edirdi.

Bayram tonqalı ətrafında məcburi köçkünlərlə görüşən rayon icra hakimiyyətinin başçısı  Malik İsaqov son illər  dövlət başçısı İlham Əliyevin  məcburi köçkülərə  göstərdiyi qayğıdan ətraflı bəhs etdi.  Bildirdi ki,  bu gün  qeyd olunan  Novruz bayramı  milli- mənəvi dəyərlərimizə  dövlət qayğısı nəticəsində   nüfuzlu  beynəlxalq  təşkilat olan UNESCO-nun  Qeyri -Maddi Mədəni İrs siyahısına  salınmışdır. Novruz  əsrlərdən bəri xalqımızın ən sevimli bayramlarından olub. Qubadlı rayonunun  bütün əhalisini, o cümlədən Azərbaycan xalqını bu bayram münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

 Milli Məclisin deputatı İmamverdi İsmayılov  da  tədbirə toplaşanları  bayram münasibətilə təbrik etdi, onlara tezliklə Vətənə, doğma Qubadlıya qayıtmağı arzuladı. Qeyd olundu ki, Qubadlı camaatı ümummilli lider Heydər Əliyevin siyasi xəttinə daim sadiqdironun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Belə bir inam ifadə edildi ki, möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.

Bayram tədbiri xalq oyunları ilə zinətlənirdi. Respublikanın tanınmış incəsənət xadimlərinin ifalarında hazırlanmış konsert proqramı tədbirə xüsusi rövnəq verirdi. Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edildi.  Qubadlıdan olan pəhləvanların ifasında idman oyunları maraq doğururdu. Daha sonra bayram şənliyi çay süfrəsi ilə davam etdirildi.

 

Masallı

 

Rayon icra hakimiyyəti başçısı aparatı qarşısındakı meydanda xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbirində   minlərlə rayon sakini iştirak etdi.  İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları, ağsaqallar minbir həvəslə, arzu-diləklə şənliyə qoşuldular. Əvvəlcə milli adət-ənənələrimizi əks etdirən əl işləri və milli mətbəximizin ləziz təamları ilə tanışlıq oldu. Bayram tonqalının alovlandırılması ilə  möhtəşəm bayram tədbirinə start verildi.

 N.Gəncəvi adına Masallı Şəhər Mədəniyyət evi özfəaliyyət kollektivinin, “Həcər” qrupunun və Heydər Əliyev Mərkəzi rəqs dərnəyi şagirdlərinin ifasında  konsert proqramı  təqdim olundu.

 

Astara

 

 Şəhərin Heydər Əliyev parkında ümumrayon şənliyinə toplaşanların çöhrələri bahar Günəşi ilə nurlanmışdı. Tədbirə rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri toplaşmışdı. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, təşkilat və müəssisə rəhbərləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri də sakinlərlə birlikdə  meydanda idilər.

Şəhər mədəniyyət evinin xalq çalğı alətləri ansamblı, folklor və rəqs qrupları, müğənnilər şən mahnılar, oynaq milli rəqslər  ifa etdilər. İdmançıların meydana daxil olması daha böyük coşqu yaratdı, hər bir çıxış alqışlarla qarşılandı.

Milli bayramımızın əsas siması olan Bahar qızının gəlişi ilə Novruz tonqalı yandırıldı. Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgi və Novruz personajlarının iştirakı ilə təqdim olunan xalq oyunları da böyük maraq doğurdu.

 

Lerik

 

Bayramsayağı bəzədilmiş Heydər Əliyevin meydanında Lerik rayon ictimaiyyətinin ümumrayon şənliyi maraqlı anları ilə yadda qaldı.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik etdi, ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən danışdı. Bildirdi ki, dağlar diyarı gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni yerlərinin yaradılması məqsədilə mühüm addımlar atılır.

Bayram tonqalı ətrafında rayon və kənd mədəniyyət evləri rəqs ansambllarının üzvləri, Lənkəran Dövlət Dram Teatrının aktyorları maraqlı çıxışlar etdilər. Novruz personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar ifa olundu. Pəhləvanların, xüsusilə də rayona dəvət olunmuş kəndirbazların məharətli çıxışları alqışlarla qarşılandı.

Həmin gün rayonda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası da təşkil edilmişsahibkarlar müxtəlif çeşiddə məhsulları münasib qiymətə satışa  çıxarmışdılar. Eyni zamanda, rayon adından şəhid ailələrinə, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əlillərinə, eləcə də imkansız ailələrə bayram sovqatları paylandı.

 

İlqar HƏSƏNOV,

 

Mehdi MÜKƏRRƏMOĞLU,

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 20 mart.- S. 6.