Bayram ovqatı

 

Qazax

 

Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da Novruz bayramına xüsusi hazırlıq işləri görülmüş, hər yer bayramsayağı bəzədilmişdir.

Bayram şənliyi rayon Mədəniyyət Mərkəzinin qarşısında başlamışdır. Tədbiri rayon icra hakimiyyətinin başçısı  Ayaz Əsgərov açmış və xalqımızı bayram münasibətilə təbrik etmiş, Novruzun əhəmiyyəti, son on ildə ölkəmizin keçdiyi böyük inkişaf yolu, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat vermişdir.

Sonra bayram şənliyi başlamışdır. Kosa və Keçəlin, Bahar qızının söylədikləri məzəli əhvalatlar, göstərdikləri tamaşalar, Novruzla bağlı adətlər, rəngarəng mahnılar və rəqslər rayon əhalisinin və tamaşaçıların sevincinə səbəb olmuş, onların bayram əhval-ruhiyyəsini daha da artırmışdır. Bayram şənlikləri günün sonunadək davam etmişdir. Novruz bayramı ilə əlaqədar rayonda yaşayan 300-dən çox imtiyazlı və aztəminatlı ailələrə bayram sovqatı, hərbi hissənin əsgərlərinə isə Novruz xonçası verilmişdir.

 

Samux

 

Samux rayonunda  Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumrayon  şənliyi keçirilmişdir.  Şənlik  Heydər parkında təşkil edilmişdir.

Rayon icra hakimiyyəti tərəfindən təşkil edilmiş  şənlikdə müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və  aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdi.

Rayon icra hakimiyyətinin başçısı  Alı Qocayev şənlik iştirakçılarını Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi  Novruz bayramı münasibətilə təbrik etdi. Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Sonra başçı  bayramın rəmzi  Novruz tonqalını alovlandırdı. Milli geyimli uşaqlar tonqalın ətrafında halay vurdular.   Alı Qocayev  hər bir kollektivə  yaxınlaşaraq  bayram  münasibətilə təşkil edilmiş süfrələrlə tanış oldu   onları bir daha təbrik etdi. Eyni zamanda, rayon idmançılarının  nümunəvi çıxışlarına tamaşa etdi.

Novruz bayramının əsas personajları olan Kosa, Keçəl Bahar qız atlıların müşaiətilə faytonda meydana daxil oldular.  Kosa Keçəl şənlik iştirakçılarını bayram münasibəti ilə təbrik etdilər. Dəvət olunmuş kəndirbazlar isə  xüsusi əyləncəli nömrələrlə çıxış etdilər.

 Şənlik rayon uşaq musiqi məktəblərinin  hazırladığı rəngarəng  konsert proqramı ilə davam etdirildi.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 20 mart.- S. 6.